"Heydər Əliyev. Müstəqilliyimiz
əbədidir" çoxcildliyinin
28-ci cildi çapdan çıxmışdır
"Mənəviyyat ən
yüksək insani keyfiyyətdir. İnsanlar mənəviyyatı
əsrlər boyu qoruyub saxlayıblar. Bu heç də o demək
deyil ki, keçmiş zamanlarda hamı yüksək mənəviyyata
malik olub, amma mənəviyyatsızlar olmayıbdır. Yox.
İnsan cəmiyyəti belədir ki, mənəviyyatlı ilə
mənəviyyatsız arasında daim mübarizə gedir. Çünki
mənəviyyatsızlıq cəmiyyətə zərbələr
vurur, insanları pozur. Amma mənəviyyat insanları yüksəldir.
Mənəviyyatlı çalışır ki, mənəviyyatsızlıq
olmasın. Ancaq bu çətindir, ağırdır. Eyni
zamanda, hər bir şəxs düşünməli, dərk
etməlidir ki, onun üçün bu dünya daimi deyil. Bu
dünya heç kim üçün daimi deyildir. Hamı bu
dünyaya gəlir, hamı bu dünyadan gedir. Biri çox
yeyir, biri az yeyir. Birinin var - dövləti çox olur, o
birininki az olur. Amma hamının yeri oradadır və orada da
hamı bərabərdir. O dünyada hamı bərabərdir.
Ona görə də bu
dünyada yaşayan insanlar birinci növbədə yüksək
mənəviyyata malik olmalıdırlar və bunu
qorumalıdırlar. Çünki həyatda belə amillər
var ki, bəzən insanları özlərinin xəbəri
olmadan da düz yoldan çəkirlər. Ona görə də onlar özlərini
qorumalıdırlar".
Bu sətirlər "Heydər
Əliyev. Müstəqilliyimiz əbədidir"
çoxcildliyinin "Azərnəşr" tərəfindən
yenicə çapdan buraxılmış 28-ci cildindən -
Prezident Heydər Əliyevin 2000-ci il iyunun 19-da Azərbaycan
Tibb Universitetinin 70 illiyinə həsr olunmuş təntənəli
yubiley mərasimindəki nitqindən
götürülmüşdür.
Nəşrin
buraxılışına məsul Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir.
Müasir Azərbaycan
dövlətinin qurucusu, xalqımızın ümummilli lideri
Heydər Əliyevin 2000-ci il iyunun 3-də Xətai rayonunda
"Azərneftyağ" İstehsalat Birliyinin işçiləri
üçün tikilmiş yeni yaşayış
binalarının istifadəyə verilməsi münasibətilə
keçirilən mərasimdəki nitqi ilə başlayan cilddə
2000-ci ilin 3 iyunundan 2 iyulunadək dövrdəki nitqləri,
çıxışları, bəyanatları, müsahibələri,
məktubları, müraciətləri, təbrik
teleqramları və s. daxil edilmişdir.
Kitabda ulu öndərin
"Xəzərneftqaz-2000" Beynəlxalq sərgi-konfransda dərin
məzmunlu nitqi, Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının
üzvü olan ölkələrin dövlət və
hökumət başçılarının VI zirvə
görüşündə, həmçinin Moskvada MDB ölkələrinin
dövlət başçılarının növbəti zirvə
görüşündə dövlət və hökumət
nümayəndələri ilə apardığı
danışıqlar, nüfuzlu informasiya vasitələrinə
verdiyi bəyanat və müsahibələr, ikitərəfli
münasibətlərin daha da möhkəmləndirilməsi və
genişləndirilməsindən bəhs edən materiallar
toplanmışdır.
Bütün cildlərdə
olduğu kimi, bu cilddəki materiallarda da ümummilli liderin
Dağlıq Qarabağ probleminin həlli və münaqişənin
nizama salınması ilə əlaqədar ölkəmizin
prinsipial mövqeyi öz əksini tapmışdır. Görkəmli
dövlət xadimi 2000-ci il iyunun 10-da İqtisadi Əməkdaşlıq
Təşkilatının üzvü olan ölkələrin
dövlət və hökumət
başçılarının VI zirvə
görüşündəki nitqində dediyi sözlər buna
bariz nümunədir: "Azərbaycan Ermənistanla sülhə
nail olmaq və əməkdaşlıq etmək niyyətindədir.
Lakin bu əməkdaşlıq Azərbaycanın ərazi
bütövlüyü bərpa edildikdən, qaçqınlar
öz daimi yaşayış yerlərinə qayıtdıqdan
sonra ola bilər. Azərbaycan Dağlıq Qarabağa Azərbaycan
Respublikası tərkibində ən yüksək
özünüidarəetmə statusu verməyə
hazırdır. Bizim bu mövqeyimiz Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatına üzv olan
ölkələrin başçılarının 1996-cı
ildə Lissabonda keçirilmiş sammitində münaqişənin
sülh yolu ilə həlli üçün əsas olan
üç məlum prinsipdə öz əksini
tapmışdır. Dünya ölkələrinin birgə səyləri
Ermənistana sübut etməlidir ki, münaqişənin Ermənistan
və Azərbaycanın ərazi bütövlüyünü
qarşılıqlı surətdə tanımaq əsasında
sülh yolu ilə həll edilməsinə alternativ yoxdur".
AzərTAc-ın
materialları əsasında hazırlanmış
çoxcildliyin bu kitabına da "Qeydlər", "Şəxsi
adlar göstəricisi", "Coğrafi adlar göstəricisi"
daxil edilmişdir.
Azərbaycan.- 2009.-30
sentyabr.- S. 2.