Dünyaşöhrətli alim

 

Görkəmli alim, Dövlət mükafatı laureatı, əməkdar elm və texnika xadimi, akademik Azad Mirzəcanzadənin ölkə elminin inkişafında mühüm xidmətləri olmuşdur. Alim neft və qaz yataqlarının mexanikası, texnikası, texnologiyası və işlənməsi üzrə fundamental istiqamətlərin banisi idi.

O, ölkəmizdə tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanmışdır. Onun neft və qaz-kondensat yataqlarının mənimsənilməsi və istismarının əsaslarına həsr olunmuş tədqiqatlarında neft sənayesinin qazma, istehsal və neft maşınqayırma kimi sahələrinin aktual problemləri öz həllini tapmışdır. 400-ə yaxın əsərin, 50-dən artıq ixtira və patentin müəllifi olan A.Mirzəcanzadə özünün elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirmişdir.

A.Mirzəcanzadə 1928-ci il sentyabrın 30-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini Azərbaycan Neft Akademiyasının neft-mədən fakültəsində almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. A.Mirzəcanzadə 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1959-cu ildə professor adını almış, 1962-ci ildə AMEA-nın müxbir, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir. Pedaqoji fəaliyyətə 1944-cü ildə Bakı şəhərindəki 44 nömrəli orta məktəbdə müəllim kimi başlamışdır.

1948-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant işləmiş, kiçik elmi işçi vəzifəsindən şöbə müdirinədək yüksəlmişdir, 1958-1969-cu illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi Tədqiqat Neftçıxarma İnstitutunda laboratoriya müdiri olmuş, 1969-1973-cü illərdə keçmiş Ümumittifaq Elmi Tədqiqat İnstitutunun neft-qaz dinamikası laboratoriyasına rəhbərlik etmiş, 1962-ci ildən isə Azərbaycan Neft Akademiyası nəzdində Neft-Qaz Geoloji Problemləri və Kimya Elmi Tədqiqat İnstitutunun direktoru vəzifələrində çalışmışdır.

Alim həyatını gənc nəslin təlim-tərbiyəsinə həsr edərək 1951-1957-ci illərdə Bakı Dövlət Universitetinin nəzəri mexanika kafedrasının dosenti, 1957-1959-cu illərdə professor, 1953-cü ildən ömrünün sonunadək Dövlət Neft Akademiyasında kafedra müdiri işləmişdir. Mahir pedaqoq kimi böyük nüfuza malik olan A.Mirzəcanzadə orta məktəblərdə dəqiq elmlərin tədrisi ilə bağlı bir sıra layihələrin də müəllifi idi. 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olmuş, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik etmiş, Azərbaycan elminin dünyaya inteqrasiyası istiqamətində bilik və bacarığını əsirgəməmişdir. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarının hazırlanması və tətbiq edilməsi tanınmış alimin başlıca elmi nailiyyətləri sırasındadır. Yaradıcılığının son dövründə onun tədqiqatlarının əsas elmi istiqamətlərini neft-qaz yataqlarının sinerqetik analizi təşkil edirdi.

A.Mirzəcanzadə geniş elmi diapazona, təfəkkürə və müxtəlif elmi sahələrdə yüksək qabiliyyətə malik bir şəxsiyyət olmuşdur. Müxtəlif yaşlı oxucular arasında onun "Neft və qaz yataqlarının işlənməsi və istismarının nəzəri əsasları", "Neft fizikasının paradoksları", "İxtisasa giriş", "Biblioqrafiya", "Riyazi mozaika", "XXI əsrə yol" kitabları olduqca populyardır.

Akademik ingilis, alman, rumın və digər dillərdə nəşr olunmuş əsərləri, nüfuzlu beynəlxalq forumlardakı çıxışları ilə Azərbaycan elmini ləyaqətlə təmsil etmişdir.

Görkəmli alimin diapazonlu pedaqoji fəaliyyəti elmi yaradıcılığını ahəngdar bir şəkildə tamamlayırdı. O, yüksək ixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf etmiş, ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak etmişdir. Azad Mirzəcanzadə məktəbinin yüzlərlə yetirməsi respublikamızda, habelə xarici ölkələrdə, o cümlədən Rusiya, Qərbi Sibir, Komi, Tatarıstan, Türkmənistan, Suriya, Misir, İraq, Almaniya, Vyetnam, Çin və digər ölkələrdə neft sənayesinin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər. Neft Akademiyasının maddi-texniki bazasının yüksək ixtisaslı mütəxəssis hazırlığı imkanlarının genişləndirilməsi məqsədilə istehsalat müəssisələrində, elmi tədqiqat institutlarında filial bazaların yaradılmasında da alimin xidmətləri olmuşdur. Təsadüfi deyil ki, akademik ADNA-nın 50 illiyi ilə əlaqədar səmərəli elmi fəaliyyətinə və ixtisaslı peşəkar kadrların hazırlanması sahəsində göstərdiyi xidmətlərinə görə Azərbaycan SSR əməkdar elm və texnika xadimi fəxri adına layiq görülmüşdür. Fizika, nəzəri mexanika, qaz və qaz-kondensat yataqlarının işlənməsi və istismarı sahəsində, hidro - mühəndis qrafikası və digər kafedraların yeni səviyyəyə qalxmasında A.Mirzəcanzadənin müstəsna rolu olmuşdur. O, yeganə alimlərdən idi ki, qazmadan tutmuş neftin və qazın nəqli məsələsinədək geniş sahələri əhatə edən yüksək səviyyədə elmi-tədqiqat işləri aparmışdır. Alim bir çox dünya dillərində nəşr olunmuş əsərləri və nüfuzlu beynəlxalq forumlardakı çıxışları ilə Azərbaycan elmini ləyaqətlə təmsil etmişdir.

Akademik A.Mirzəcanzadə təkcə texniki sahələrin alimləri ilə deyil, incəsənət, ədəbiyyat, təbabət sahəsində fəaliyyət göstərən tanınmış simalarla da sıx əlaqələr saxlayardı.

Onun yaratdığı yüksək elmi potensial Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynamışdır.

Əsl mənada böyük ziyalı olan A.Mirzəcanzadənin fəal, səmərəli və məhsuldar elmi-pedaqoji fəaliyyəti müxtəlif vaxtlarda dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, o, AMEA-nın, Rusiya Təbii Elmlər Akademiyasının və Bolqarıstan Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, fəxri neftçi, fəxri qaz sənayesi işçisi, iki dəfə Azərbaycan Dövlət mükafatı laureatı, üç dəfə akademik İ.M.Qubkin adına mükafatın laureatı olmuşdur. Alimin misilsiz xidmətləri respublikamızın ən yüksək ali mükafatı - "İstiqlal" ordeni ilə qiymətləndirilmişdir.

Ölkə başçısı İlham Əliyev 2007-ci ildə Azad Mirzəcanzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalamışdır. Akademikin yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Dünya səviyyəli alim A.Mirzəcanzadə ömrünü bütünlüklə elmin inkişafına və yüksək ixtisaslı kadrların hazırlanmasına sərf etmişdir.

 

 

Adilə QOCAYEVA

 

Azərbaycan.- 2009.- 30 sentyabr.- S. 7.