Kəhrizlər həm tarixi
abidə, həm də müasir dövrün təkmil su mənbəyidir
Naxçıvan Dövlət
Universitetində "Kəhriz sistemləri memarlıq abidəsi,
dayanıqlı su sistemi, ictimai və iqtisadi inkişafın əsası
kimi" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Türkiyə
Cümhuriyyətinin və İran İslam
Respublikasının Naxçıvandakı konsullarının
və digər rəsmilərin də iştirak etdiyi konfrans
İsveçrə İnkişaf və Əməkdaşlıq
Təşkilatı, ABŞ Dövlət Departamentinin Əhali,
Qaçqınlar və Miqrasiya bürosunun dəstəyi ilə
Beynəlxalq Miqrasiya Təşkilatı, Azərbaycan Milli Elmlər
Akademiyası, Dövlət Meliorasiya və Su Təsərrüfatı
Agentliyi ilə birgə təşkil olunmuşdur.
Konfransı açan
NDU-nun rektoru, akademik İsa Həbibbəyli bu mövzuda
keçirilən ilk beynəlxalq konfransın Avropadan
Böyük İpək Yolu boyunca Çinə qədər, Ərəbistan
yarımadasından Şimali Afrikaya qədər müxtəlif
ölkələrdə mövcud olan kəhriz sisteminin
quruluşunun, tarixinin, sosial-iqtisadi inkişafdakı rolunun
öyrənilməsi baxımından əhəmiyyətli
olduğunu bildirdi. Akademik kəhrizlərin abidəsi, xeyriyyəçilik
ənənələrinin yaşadıcısı kimi də
böyük dəyər daşıdığını
vurğulamışdır.
Naxçıvan MR Ali Məclisinin
sədrinin müavini Mirhəşim Seyidov bölgədə kəhrizlərin
bərpası və yeni kəhrizlərin istifadəyə
verilməsi sahəsində muxtar respublika
başçısının dəstəyi ilə AMEA-nın
Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət
Universitetinin, BMqT-nin Naxçıvan ofisinin birgə səmərəli
fəaliyyətindən danışmışdır. O, bu məqsədlə
2003-cü ildə Kəhriz Resurs Mərkəzinin
yaradılmasını, təkcə 2008-2009-cu illərdə 27
kəhrizin bərpa olunub əhalinin istifadəsinə
verildiyini xatırlatmış, bütün bunların region
iqtisadiyyatının inkişafına, əhalinin içməli
və təsərrüfat suyuna olan tələbatının
ödənilməsinə təsirindən
danışmışdır.
BMqT-nin Azərbaycandakı
missiya rəhbəri Vasili Yujanin konfransın Azərbaycanda kəhrizlərin
bərpası, idarə olunması layihələrinin həyata
keçirilməsində dünya təcrübəsini öyrənmək
və tətbiq etmək, kəhriz sistemlərinin tarixi, təmiri
və yenilənməsi barədə beynəlxalq elmi tədqiqatlara
kömək etmək, susuz regionlarda su
qıtlığının aradan qaldırılması
üçün kəhrizlərin imkanlarını öyrənmək
məqsədi daşıdığını
vurğulamışdır.
İİƏT-in Cənubi
Qafqaz üzrə regional direktor müavini Flip Keller təmsil
etdiyi təşkilatın su layihələrindən bəhs edərək
Azərbaycanda, o cümlədən Naxçıvanda kəhriz
sistemlərinin inkişafı üçün konkret təkliflər
vermişdir.
AMEA-nın
Naxçıvan Bölməsinin Tarix və Etnoqrafiya
İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Fəxrəddin
Səfərli "Kəhrizlər Azərbaycanda: onların
tarixi və inkişafı" mövzusunda məruzə edərək
Azərbaycanda kəhrizlərin b.e.ə. I minillikdə, təxminən
2200 il bundan əvvəl yarandığını, son elmi tədqiqatların
isə bu tarixin daha qabağa, orta tunc dövrünə -
eramızdan əvvəl II minilliyə - 3000 il əvvələ
gedib çıxdığını təsdiq etdiyini söyləmişdir.
Tarixçi alim Naxçıvanda mövcud olan Cananbər, Kəblə
Musa, Hacıniyyət kimi kəhrizlərin ənənəvi
kankanlıq sənətinin formalaşmasından, milli
mentalitetimizdəki xeyriyyəçilik dəyərlərindən
soraq verdiyini vurğulamış, bu gün məhv olmaqda olan kəhrizlərin
yararlı hala salınmasından, yeni yeraltı su mənbələrinin
aşkara çıxarılıb istifadəyə verilməsindən
danışmışdır.
Sonra BMqT-nin
Naxçıvandakı layihə rəhbəri Lüsi Dupertuis
"Kəhriz sistemləri, iqtisadi və ictimai inkişafın
amili: praktik nöqteyi nəzərdən" mövzusunda məruzə
edərək muxtar respublika rəhbərliyinin dəstəyi ilə
təşkilatın on illik fəaliyyəti barədə məlumat
vermiş, son üç il ərzində 100-ə yaxın kəhrizin
istifadəyə verildiyini, bununla bağlı yeni iş yerlərinin
açıldığını bildirmişdir.
Beynəlxalq Qanat və
Tarixi Hidravlik Sistemlər Mərkəzinin idarə heyətinin
sədri, doktor R.Zərgərin "Kəhriz sistemləri XXI əsrin
su ehtiyatı kimi" adlı məruzəsi dinlənildikdən
sonra "Kəhriz" filmi nümayiş olunmuşdur. Konfransın
yekununda Naxçıvanın bərpa olunmuş və yeni
tikilən kəhrizlərinə səfər edilmişdir.
Növbəti gün
konfrans "Kəhriz tarixi və mədəni irs kimi",
"Sosial və iqtisadi inkişafda kəhrizlərin rolu",
"XXI əsrdə kəhrizlər" mövzularında
paralel sessiyalarla işini davam etdirmişdir. Sessiyalarda "dəyirmi
masa" ətrafında maraqlı diskussiyalar
keçirilmiş, elmi fikir mübadiləsi
aparılmışdır.
Konfransın yekun
iclasında sessiyaların sədrləri AMEA-nın müxbir
üzvü, NDU-nun elmi işlər üzrə prorektoru Vəli
Hüseynovun, Londondakı Kral Kollecinin əməkdaşı,
doktor Daniş Mustafanın, Nazim Bababəylinin hesabat məruzələri
dinlənilmiş, suallar cavablandırılmışdır.
Beynəlxalq
konfransın yekununda NDU-nun rektoru, akademik İsa Həbibbəyli,
İİƏT-in Cənubi Qafqaz üzrə regional direktor
müavini Flip Keller, BMqT-nin Azərbaycandakı missiya rəhbəri
Vasili Yujanin çıxış edərək konfransın
işini yüksək qiymətləndirmiş, perspektiv əməkdaşlıqdan
danışmışlar. Yekun sessiyada qlobal sintez
keçirilmiş, mövcud problemlər və qarşıda
duran vəzifələr müzakirə olunmuşdur.
Qonaqlar
Naxçıvanın tarixi və memarlıq abidələrinə
səfər etməmişdən öncə universitet ərazisini
gəzmiş, beynəlxalq münasibətlər və xarici
dillər fakültəsinin yenicə istifadəyə
verilmiş müasir tipli korpusunda olmuş, ən yeni
informasiya-kommunikasiya texnologiyalarının unikal tətbiqi ilə
maraqlanmışlar.
Mehriban SULTAN
Azərbaycan.- 2009.- 30 sentyabr.- S. 7.