Türkiyə Azərbaycanın mənafelərinə
zidd olan heç bir addım atmayacaqdır
Türkiyə
Böyük Millət Məclisinin (TBMM) sədri Məhmət Əli
Şahin sentyabrın 26-da Azərbaycanın Baş naziri Artur
Rasizadə ilə görüşdə bildirmişdir ki,
Türkiyə Azərbaycanın mənafelərinə zidd olan
heç bir addım atmayacaqdır. Türkiyə parlamentinin
başçısı onu da əlavə etmişdir ki,
Dağlıq Qarabağ münaqişəsi tənzimlənməyincə
Ermənistan-Türkiyə sərhədinin açılması
mümkün deyildir.
Baş nazir Artur Rasizadə
Məhmət Əli Şahini yüksək vəzifəyə
seçilməsi münasibətilə təbrik etmiş və
əmin olduğunu bildirmişdir ki, qardaş ölkənin
parlament nümayəndə heyətinin bu səfəri iki
dövlət arasında əlaqələrin genişlənməsinə
və dərinləşməsinə xidmət edəcəkdir.
O, Türkiyə rəhbərliyinə
beynəlxalq aləmdə Azərbaycanın mövqelərini həmişə
dəstəklədiyinə görə təşəkkürünü
bildirmişdir.
Türkiyə
Böyük Millət Məclisinin sədri bildirmişdir ki,
onun səfərinin məqsədi Türkdilli Ölkələrin
Parlament Assambleyasının gələn həftə Bakıda
keçiriləcək birinci sammitində iştirak etməkdir.
O qeyd etmişdir ki, hər
dəfə Azərbaycan paytaxtına gələrkən bu
şəhərin simasında müsbət dəyişikliklərin
şahidi olur.
AzərTAc
Azərbaycan.- 2009.- 27 sentyabr.- S. 2.