Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə
Prezident İlham Əliyevin Azərbaycan xalqına təbriki
- Hörmətli xanımlar və
cənablar!
Əziz həmvətənlər!
Mən sizin
hamınızı Yeni il bayramı münasibətilə
ürəkdən təbrik edirəm.
2008-ci il başa
çatır. Ölkəmiz üçün, Azərbaycanın
hərtərəfli inkişafı üçün 2008-ci il
çox uğurlu olmuşdur. 2008-ci ildə bizim
iqtisadiyyatımız yüksək sürətlə inkişaf
etməkdə davam etmişdir. Deyə bilərəm ki, son
dörd il ərzində Azərbaycan iqtisadi artım baxımından
dünyada birinci ölkədir. Bu, böyük nailiyyətdir və
bizə imkan verir ki, bütün iqtisadi, infrastruktur və
sosial məsələləri uğurla həll edək.
Təsadüfi deyil ki, 2008-ci
ildə Dünya Bankı Azərbaycanı bir nömrəli
islahatçı ölkə kimi tanıdı və bunu bəyan
etdi. Bu onu göstərir ki, Azərbaycanda aparılan ciddi,
düşünülmüş iqtisadi islahatlar öz bəhrəsini
verir və dünya miqyasında Azərbaycan çox
böyük nüfuza malikdir, çox böyük hörmətə
malikdir.
Azərbaycanda
iqtisadiyyatın inkişafı üçün bütün
lazımi tədbirlər görülür. Dövlət
sahibkarlığın inkişafını dəstəkləyir
və növbəti illərdə bu dəstək daha da
böyük olacaqdır. Bunun nəticəsində bu gün Azərbaycan
iqtisadiyyatının 85 faizi özəl sektorda
formalaşır. Bu, böyük nailiyyətdir və onu
göstərir ki, Azərbaycanda siyasi və iqtisadi islahatlar
ölkəmizin hərtərəfli inkişafına xidmət
edir və ölkəmizi gücləndirir. Biz bundan sonrakı
illərdə də iqtisadi inkişafa böyük diqqət
göstərəcəyik və əminəm ki, qarşıda
duran bütün vəzifələrə nail olacağıq.
Ölkəmizdə son
beş il ərzində həyata keçirilən
Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı da uğurla başa çatdı. Proqramın
bütün vəzifələri icra olundu. Proqram qəbul
olunanda 600 min yeni iş yerlərinin açılması nəzərdə
tutulurdu. Bu gün böyük qürur hissi ilə deyə bilərəm
ki, son beş il ərzində Azərbaycanda 750 min yeni iş
yerləri açılmışdır ki, bu da regionların
inkişafına çox böyük təkan vermişdir.
Bizim bölgələrimiz
abadlaşır, gözəlləşir, yeni infrastruktur layihələri
həyata keçirilir, sosial obyektlər tikilməkdədir. Bütün
bunlar Azərbaycanın hərtərəfli inkişafına
xidmət göstərir, Azərbaycanın bütün
bölgələri inkişaf edir.
Kənd təsərrüfatına
böyük diqqət göstərilir. Biz, demək olar ki, ərzaq
təhlükəsizliyinin təmin olunması üçün
bütün lazımi tədbirləri görmüşük və
ümid edirəm ki, növbəti bir-iki il ərzində
özümüzü ərzaq məhsulları ilə tamamilə
təmin edəcəyik. Kənd təsərrüfatında
aparılan islahatlar, fermerlərə verilən güzəştlər,
dövlət qayğısı, dövlət tərəfindən
verilən kreditlər - bütün bunlar bizim
uğurlarımızı şərtləndirən amillərdir.
Bununla bərabər, Azərbaycanda
sosial siyasətə böyük diqqət göstərilir. Bəli,
biz bazar iqtisadiyyatı əsasında yaşayırıq və
uğurumuzun da əsası bundan ibarətdir. Ancaq bununla bərabər,
bütün sosial proqramların icrası üçün Azərbaycan
iqtidarında iradə var və biz bunu edirik.
Azərbaycanda sosial obyektlərin
tikintisi geniş vüsət almışdır. Son beş il ərzində
Azərbaycanda 1600 yeni məktəb tikilmişdir və növbəti
illərdə bu siyasət davam etdiriləcəkdir. Yeni məktəblərin
tikintisi davam etdiriləcəkdir. Bütün bölgələrdə,
demək olar ki, hər yerdə yeni müasir tibb müəssisələri
yaradılır. Onlar ən müasir avadanlıqlarla təchiz
olunur ki, insanlara gözəl tibbi xidmət göstərilsin. Bu
da bizim sosial siyasətimizin təzahürüdür.
Ünvanlı sosial yardım proqramı icra olunur və bunun da
çox böyük əhəmiyyəti var. Baxmayaraq ki, Azərbaycanda
yoxsulluq şəraitində yaşayanların sayı son
beş il ərzində 49 faizdən 16 faizə
düşmüşdür və əminəm ki, 2008-ci ilin
yekunlarına görə bu rəqəm daha da aşağı
düşəcəkdir, hələ ki, yoxsulluq şəraitində
yaşayan vətəndaşlar var və dövlət onlara
kömək üçün hər şeyi etməlidir. Ona
görə ünvanlı sosial yardım proqramı bundan sonra
da davam etdiriləcək və əminəm ki, Azərbaycanda
yoxsulluq kimi ictimai bəla aradan qaldırılacaqdır.
2008-ci ildə minimum əməkhaqqı
və minimum pensiyanın həcmi 50 faiz
artırılmışdır və bundan sonrakı illərdə
bu siyasət davam etdiriləcəkdir. Biz elə etməliyik ki,
insanlarımız yaxşı yaşasınlar. Bizneslə məşğul
olanlar üçün şərait yaradırıq, ancaq
büdcə təşkilatlarında işləyənlər,
vətəndaşlarımız dövlət tərəfindən
lazımi maddi təminat almalıdırlar və biz bu istiqamətdə
bundan sonra da işləyəcəyik.
2008-ci ildə məcburi
köçkünlərin, qaçqınların sosial problemlərinin
həlli və məşğulluğunun artırılması
üçün bütün lazımi tədbirlər
görülübdür. 2003-cü ildə mən söz
vermişdim ki, Azərbaycanda bir dənə də
çadır şəhərciyi qalmayacaqdır. Biz buna nail
olduq. Bu gün Azərbaycanda bir dənə də
çadır şəhərciyi yoxdur. Əvvəllər
dözülməz şəraitdə yaşayan
soydaşlarımız bu gün gözəl evlərlə təmin
olunublar. Onlar üçün qəsəbələr
salınıb, məktəblər, tibb ocaqları tikilib, yollar
salınıb, işıq xətləri çəkilibdir. Beləliklə,
biz bu böyük, ağır sosial bəlanın aradan
qaldırılması üçün mühüm addım
atdıq. Bundan sonrakı illərdə biz bu siyasəti davam
etdirəcəyik.
Amma bununla bərabər, bu məsələnin
həlli üçün, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli və
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həlli üçün biz öz səylərimizi göstəririk.
2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının
Baş Məclisində Azərbaycanın işğal
altında qalan torpaqlarında vəziyyətlə bağlı
çox önəmli qətnamə qəbul edilmişdir. Baxmayaraq
ki, BMT Təhlükəsizlik Şurasının beş daimi
üzvündən üçü -
Bütün dünya ictimaiyyəti
Azərbaycanı dəstəkləyir və mən
şübhə etmirəm ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi yalnız və
yalnız Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll olunacaqdır. Bunun
başqa yolu yoxdur. Azərbaycan dövləti və Azərbaycan
xalqı heç vaxt Dağlıq Qarabağa müstəqillik
verməyəcəkdir. Dağlıq Qarabağ əzəli Azərbaycan
torpağıdır və biz Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunması
üçün bütün səyləri göstərəcəyik.
Həm siyasi, həm diplomatik və lazım gələrsə,
hərbi üsullardan da istifadə etmək olar. Bu haqq bizdə
var. Beynəlxalq hüquq bunu təmin edir.
Bildiyiniz kimi, bu istiqamətdə
böyük işlər görülübdür. 2008-ci ildə
ordu quruculuğu üçün lazımi tədbirlər
görülübdür. Bizim bütün hərbi xərclərimiz
2 milyard dollara çatıbdır və 2009-cu ildə bu rəqəm
daha da artacaqdır. Biz bunu edirik, bunu etməliyik,
çünki biz müharibə şəraitində
yaşayırıq, müharibə hələ bitməyibdir. Müharibənin
birinci mərhələsi başa çatıb və biz hər
an hazır olmalıyıq ki, öz doğma
torpaqlarımızı istənilən yolla
işğalçılardan azad edək. 2008-ci ildə
keçirilən hərbi parad bizim hərbi
gücümüzü hamıya göstərdi.
Azərbaycan 2008-ci ildə
öz enerji siyasətini uğurla davam etdirmişdir. Biz enerji təhlükəsizliyi
məsələlərinə nail olduq və bu gün başqa
ölkələrin enerji təhlükəsizliyi
üçün fəaliyyət göstəririk. Bu bizə həm
siyasi, həm iqtisadi dividendlər gətirir, bizim
üçün yeni imkanlar açır. Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri uğurla fəaliyyət
göstərir. Azərbaycan, demək olar ki, qarşıda
duran bütün neft-qaz məsələlərini uğurla həll
edibdir. İxracın şaxələndirilməsinə nail
olubdur. Bu gün Azərbaycan nefti və qazı həm ölkəyə
xidmət göstərir, - Azərbaycanda qazlaşdırma
artıq 85 faizə çatıbdır, - eyni zamanda bu, bizə
iqtisadi imkanlar yaradır, siyasi imkanlarımızı genişləndirir.
2008-ci ildə Bakıda keçirilən Enerji sammiti bunun bariz
nümunəsidir. Bakıda qəbul edilmiş qərarlar nəinki
Azərbaycanın gələcək enerji siyasətini möhkəmləndirir,
eyni zamanda bölgədə, Avropada, geniş mənada
dünyada yeni vəziyyətə gətirib
çıxarılmasına xidmət göstərəcəkdir.
Biz bu imkanlardan uğurla istifadə edirik və mən
şübhə etmirəm ki, növbəti illərdə Azərbaycanın
uğurlu neft strategiyası davam etdiriləcəkdir.
Bununla bərabər,
energetika sektoruna biz böyük vəsait qoyuruq. Son beş il ərzində
Azərbaycanda 6 elektrik stansiyasının tikintisinə nail
olduq. Bir neçə elektrik stansiyası bərpa edildi, təmir
olundu və bizim enerji gücümüzü artırdı. Bu
da böyük nailiyyətdir. Yəni, bir sözlə, bu sahədə
vəziyyət çox qənaətbəxşdir. Əminəm
ki, növbəti illərdə bu uğurlu siyasət davam
etdiriləcəkdir.
2008-ci ildə biz
böyük tarixi əhəmiyyət kəsb edən
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başladıq. Uzun
illərdən, uzun müzakirələrdən sonra biz bu dəmir
yolunun tikintisinə nail olduq və bu gün Azərbaycan
şirkətləri bu işlərdə fəal iştirak
edirlər.
Dəmir yolunun tikintisi nəticəsində,
Avropa ilə Asiyanın birləşməsi nəticəsində,
təbii ki, Azərbaycanın həm iqtisadi, həm də
geosiyasi mövqeləri daha da möhkəmlənəcəkdir.
Azərbaycan nəqliyyat üçün əvəzolunmaz
ölkəyə çevriləcəkdir. Bu, bizim uzunmüddətli
milli maraqlarımızın təmin olunmasına xidmət
göstərir.
Nəqliyyat sektorunda digər
vacib hadisələr baş vermişdir. 2008-ci ildə Lənkəranda
və Zaqatalada iki gözəl aeroport istifadəyə
verilmişdir. Yeni tankerlər alınır, avtomobil yolları
tikilir. Bütün bunlar böyük vəsait tələb
edir. Azərbaycan dövləti bu gün bu imkanlara malikdir.
Uğurlu iqtisadi siyasətimiz, iqtisadi islahatlarımız
bütün bu şəraiti bizim üçün yaratdı.
Əziz dostlar, bu gün, eyni
zamanda, Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günüdür. Bu günü bütün azərbaycanlılar
bütün dünyada qeyd edirlər. Azərbaycan dövləti
dünya azərbaycanlılarının təşkilatlanması
üçün, həmrəyliyinin güclənməsi
üçün öz səylərini göstərir və
göstərməkdədir. Mən çox şadam ki, demək
olar, bütün ölkələrdə, azərbaycanlıların
yaşadıqları bütün ölkələrdə bizim
soydaşlarımız müvafiq təşkilatlarda fəaliyyət
göstərirlər. Azərbaycan diaspor təşkilatları
möhkəmlənir, güclənir və ölkəmizin
maraqlarını təmin etmək üçün çox
müsbət fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan
dövləti xaricdə yaşayan azərbaycanlıların məsələlərinin
həlli üçün öz səylərini göstərir.
Biz həmişə onları dəstəkləyəcəyik
və bütün başqa ölkələrdə yaşayan
azərbaycanlılar doğma Vətənə həmişə
arxalana bilərlər.
2008-ci ildə prezident
seçkiləri keçirilmişdir. Azərbaycan xalqı demokratik,
azad şəkildə öz iradəsini ortaya qoymuşdur,
öz iradəsini ifadə etmişdir. Bu fürsətdən
istifadə edərək, mənə göstərdiyi
böyük etimada görə bir daha bütün Azərbaycan
xalqına öz dərin minnətdarlığımı
bildirmək istəyirəm. Bu böyük etimad və xoş
münasibət məni daha da ruhlandırır. Mən beş
il bundan əvvəl Azərbaycan xalqına söz vermişəm
ki, ölkənin hərtərəfli inkişafı
üçün əlimdən gələni edəcəyəm.
Mən Azərbaycan xalqının rifahı naminə
çalışacağam. Azərbaycanın inkişafı
naminə, dövlətçiliyimizin möhkəmlənməsi
naminə çalışacağam. Bir daha demək istəyirəm
ki, mənə göstərilən böyük etimad və
inam məni həm çox ruhlandırır, həm də
sevindirir. Mən bir daha Azərbaycan xalqına söz vermək
istəyirəm ki, bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm
ki, doğma xalqıma ləyaqətlə xidmət edim.
Əziz dostlar!
Əziz xanımlar və cənablar!
Əziz bacılar və
qardaşlar!
Mən bir daha sizin
hamınızı Yeni il bayramı və Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü münasibətilə ürəkdən
təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik,
yeni-yeni uğurlar arzulayıram.
Bayramınız mübarək
olsun!
Azərbaycan.-2009.-1 yanvar.-S.1.