Yeni yollar inkişaf, abadlıq, mədəniyyət deməkdir

 

Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkənin avtomobil yolları şəbəkəsinin yenidən qurulması və yol infrastrukturunun modernləşdirilməsi ilə bağlı demişdir: "Biz nəqliyyat sektoruna böyük vəsait ayırırıq və ayıracağıq. Çəkilən yolları, körpüləri, magistral yolları, şəhər yollarını - bunların hamısını gündəlik şəraitdə görürük, buna böyük vəsait qoyulur və gələcəkdə də qoyulacaqdır". Nəticə etibarı ilə insanların sosial həyat şəraitinin yaxşılaşdırılmasına hesablanan bu layihələr, mütərəqqi yeniliklər, həm də Azərbaycanı müasir dövlətə çevirmək məqsədi daşıyır. Azərbaycan Prezidenti ötən illərdə olduğu kimi, 2008-ci ildə də respublikamızın avtomobil yollarının beynəlxalq standartlara uyğun qurulmasına, nəqliyyatın normal hərəkətinin tənzimlənməsinə, habelə yol infrastrukturunun təzələnməsinə xüsusi diqqət və qayğı göstərib.

 

 

Azərbaycanın paytaxtı Bakı şəhəri və Bakıətrafı qəsəbələrdə, Naxçıvan bölgəsində, Cəlilabad-Lənkəran istiqamətində və Qərb bölgəsində olduğu kimi, ölkəmizin Quba-Qusar bölgəsində də yolların yenidən qurulmasına, təmirinə, ətrafına yaşıllıqlar salınmasına xüsusi diqqət yetirilib. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin reallaşması çərçivəsində Rusiya sərhədindən Bakıyadək 198 kilometrlik birinci texniki dərəcəli avtomobil yolunun tikintisi uğurla davam etdirilir və xeyli hissəsi istifadəyə verilib. Əsası 2000-ci ildə qoyulmuş bu yol Şimal-Cənub nəqliyyat dəhlizinin başlanğıcıdır. Onun Cənubi Asiya ölkələri, İran, Rusiya və Qərbi Avropa dövlətləri arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi baxımından çox böyük strateji əhəmiyyəti vardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin avqust ayında respublikanın Şimal bölgəsinə səfəri zamanı magistralda aparılan tikinti və yenidənqurma işləri ilə maraqlanarkən demişdir: "Mən gəlmişəm ki, özüm görüm, işlər necə gedir. Görürəm ki, yaxşı gedir... eyni zamanda Bakı-Gürcüstan sərhədi yolunda işlər gedir. Bakı-Astara yolunun, yəni bizi üç ölkə ilə birləşdirən yolların tikintisi ümid edirəm ki, vaxtında başa çatdırılacaq". Yol inşaatçıları göstərilən etimada və qayğıya, yaradılan şəraitə rəğmən üzərlərinə düşən işi vaxtında və keyfiyyətlə görürlər. Ötən il yolun 111-ci - 134-cü kilometrliyində bir neçə qovşaq və ötürücülər inşa olunub. Burada hər biri 3,75 metr enində dörd hərəkət zolağı, iki qovşaq, qovşaqlarda iki yolötürücüsü, üç körpü, beş yük qəbuledici qurğu istismara verilib. Beynəlxalq əhəmiyyətli bu yolun bəzi hissələrində işlər tam yekunlaşmaq ərəfəsindədir, bəzi ərazilərdə isə son tamamlama işləri görülür. Yeddi min nəfər işçi qüvvəsinin və üç minə yaxın texnikanın cəlb edildiyi bu layihə çərçivəsində işlərin sürətlə aparılması üçün yol hissələrə (16-44-cü, 44-89-cu və 89-134-cü kilometrlər) bölünüb. Üçnövbəli iş rejimi yaradılıb. Magistral boyu 21 körpü və yolötürücüsü, 10 qovşaq, 15 mal-qara keçidi, 5 xidmət məntəqəsi layihələndirilib.

Ötən il avqust ayının 22-də Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə ölkəmizin Şimal bölgəsinə səfər edərkən yolun 16-34-cü kilometrinin açılış mərasimində iştirak edib. Tapşırıq və tövsiyələrinin icrasını daim nəzarətdə saxlayan ölkə başçısı prezident seçkiləri ərəfəsində - 28 sentyabr 2008-ci il tarixdə Quba-Qusar və Xaçmaz rayonlarında ictimaiyyətin nümayəndələri ilə görüşlərindən və müxtəlif təyinatlı obyektlərin açılışından sonra Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun növbəti- 109-cu kilometrliyində aparılan tikinti və quruculuq işləri ilə maraqlanıb. Tikintidə görülən işlərin vəziyyəti ilə yerindəcə ətraflı tanış olan ölkə başçısı işlərin daha keyfiyyətli görülməsi üçün öz tapşırıq və tövsiyələrini vermişdir.

"Bölgələrin inkişafı Azərbaycan dövlətinin inkişafıdır" - deyən cənab İlham Əliyev ölkəmizin ən ucqar rayonlarından tutmuş, ən uzaq kənd və qəsəbələrində aparılan quruculuq işlərinin keyfiyyətlə, bərabər səviyyədə görülməsini diqqətdə saxlayır. Cənab Prezident ötən il sentyabr ayının 26-da Gəncə şəhərinə və Kürdəmir rayonuna səfəri zamanı bir sıra sosialyönlü binaların tikintisi, səhiyyə və idman sahəsində görülən işlərlə yanaşı, magistral yolların yenidən qurulması ilə də maraqlanmışdır. Həmin gün Kürdəmir dairəvi avtomobil yolunun açılışında iştirak edən dövlət başçısı rəmzi qırmızı lenti kəsdikdən sonra yolun texniki-iqtisadi göstəriciləri ilə tanış olmuşdur. Ümumi uzunluğu 10 kilometr, eni isə 15 metr olan bu ikizolaqlı yol boyunca 44 ədəd yolötürücü, iki mal-qara keçidi tikilib. Ölkə başçısı görülən işlərdən razı qaldığını və yolun müasir tələblər səviyyəsində qurulduğunu bildirmişdir.

Cənub bölgəsinə növbəti səfərləri zamanı Cəlilabad şəhərinin mərkəzindəki Heydər Əliyev prospektində piyadaların rahat gediş-gəlişinin, eləcə də 2600-dən çox şagirdi olan 1 və 8 nömrəli şəhər orta məktəbləri şagirdlərinin təhlükəsizliyinin təmin edilməsi üçün prospektdə yeraltı keçidin olmaması Azərbaycan Prezidentinin diqqətindən yayınmamışdı.

İndi burada hamının ürəyincə olan yeraltı keçid fəaliyyət göstərir. Ölkə Prezidentinin tövsiyəsinə əsasən prospektdə müasir üslubda tikilmiş və milli ornamentlərlə bəzədilmiş bu yeraltı keçid ötən il dərs ili ərəfəsində - sentyabrın 7-də cənab Prezident Cəlilabad şəhərində səfərdə olarkən təntənəli şəkildə istifadəyə verilmişdir. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirmişdir ki, bu cür keçidlər insanların, xüsusilə qocaların və uşaqların təhlükəsizliyinin təmin edilməsi baxımından çox əhəmiyyətlidir.

2008-ci ildə ölkəmizin cəbhə bölgələrində, qaçqın və məcburi köçkünlər üçün yeni salınmış qəsəbələrdə, habelə mənfur erməni işğalçılarına yaxın ərazilərimizdə yolların çəkilişinə, nəqliyyatın normal hərəkətinə də xüsusi diqqət göstərilib. Xatırladaq ki, ölkə Prezidenti ötən il aprelin 18-də Horadiz-Füzuli magistralının Zolucuq ərazisində yeni salınmış qəsəbələrlə birləşdirən 15 kilometrlik avtomobil yolunun və Quruçay üzərində tikilmiş körpünün açılışında iştirak etmişdir. Dövlət Neft Fondunun vəsaiti hesabına tikilmiş yeni körpünün uzunluğu 24,1 metr, eni isə 9 metrdir. Yeni yolda 27 ədəd dəmir-beton suötürücü bəndlər quraşdırılıb. Açılış mərasimində çıxış edən ağsaqqallar və rayon ziyalıları bu qayğı və diqqətə görə ölkə Prezidentinə sonsuz təşəkkürlərini bildirmişlər.

İndi hamının gözləri qarşısında ölkəmizin bütün bölgələrində - istər Qusar olsun, istər Astara, istər Horadiz, istər Gədəbəy, istər Şəki, istərsə də Şamaxı... hər bir rayonda geniş abadlıq, tikinti-quruculuq işləri aparılır. "Yaxşı yol mədəniyyətdir, rahat yol sağlamlıqdır" deyiminə rəğmən uzun illər baxımsız və təmirsiz qalmış yolların insanların firavan yaşaması və bölgələrimizin inkişafı naminə yenidən qurulması, əsaslı təmiri və asfaltlanması rayonlararası magistral yollardan kəndarası yollara keçib.

Ölkə başçısının diqqət və qayğısı sayəsində 2008-ci ildə Şəmkir rayonunda daxili yollar tamamilə yenidən qurulub. Rayondakı asfalt zavodunun səmərəli iş rejimi nəticəsində ən ucqar kəndləri rayon mərkəzi ilə birləşdirən yollar asfaltlanıb, əsaslı təmir olunub. Yeni salınmış kənd və yaşayış massivlərinə müasir tələblərə cavab verən yollar çəkilib, ətrafına yaşıllıqlar salınıb, işıqlandırma sistemi qurulub.

Dağlar diyarı Gədəbəydə sərhəd bölgəsində yerləşən Nova-İvanovka, Saratovka, Mutudərə və Şınıx yolları əməlli-başlı sahmana salınıb, bəzi keçidlər, körpülər təmir olunub. Ölkə Prezidentinin tapşırığına əsasən Şəmkir-Gədəbəy yolu yenidən qurulub. Gədəbəylə eyni relyefdə yerləşən, Murovun, Qoşqarın zirvəsinə boy verən Daşkəsən rayonunda da 50-60 ilin bərbad yolları yenidən qurulur. Ömrünü-gününü bu yerlərə bağlayan insanların rahatlığı naminə 2008-ci ildə rayonun əksər kəndarası yolları, xüsusilə ucqar dağ kəndlərini rayon mərkəzi ilə birləşdirən yollar, eləcə də Quşçu-Zəylik-Kəmərqaya, Mollahəsənli-Əhmədli və digər kənd yollarında əsaslı və cari təmir işləri aparılıb. Xoşbulaq - Qabaqtəpə, Dəstəfur -Qiyxulu, Qarallar - Şahkərəm, Mollahəsənli - Dəstəfur kənd yolları, habelə bir neçə körpü keyfiyyətlə təmir edilib əhalinin istifadəsinə verilib.

Ötən il Novruz bayramı ərəfəsində Daşkəsən rayonunda səfərdə olan ölkə Prezidenti Gəncə - Daşkəsən - Xoşbulaq yolunun açılış mərasimində iştirak etmişdir.

2008-ci ildə nəqliyyat strukturunun yeniləşməsindəki xoş olaylardan biri də sentyabrın 20-də Zaqatala rayonunda yeni aeroportun istifadəyə verilməsi olmuşdur. Bu hava limanının tikintisinə dövlət başçısının 2006-cı ildə bölgəyə səfərindən sonra başlanılmışdır. Zaqatala şəhərindən 5 kilometr cənubda yerləşən hava limanının ümumi sahəsi 70 hektardan çoxdur. Müasir üslubda inşa edilən və ümumi sahəsi 3600 kvadratmetr olan dördmərtəbəli aerovağzal binasının birinci mərtəbəsində gözləmə zalı, sərnişinləri qəbul otağı, ana və uşaq otağı, konfrans salonu, ikinci mərtəbədə isə inzibati otaqlar yerləşir. İndi bu bölgənin adamlarının nə magistral yol sarıdan, nə də hava nəqliyyatından heç bir çətinlikləri yoxdur. Aerovağzal binası birinci dərəcəlidir və saatda 100-120 nəfər sərnişinə xidmət göstərə bilir.

Bu gün Azərbaycanın müstəqil dövlət olaraq Qafqazda liderlik missiyasının xoş əks-sədası xarici ölkələrdən də eşidilməkdədir. 2008-ci il iyulun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin qoyulmasına həsr edilmiş mərasimdə iştirakından Azərbaycan vətəndaşları kimi, xarici ölkələrdə yaşayan soydaşlarımız da qürur hissi keçirmişlər. Bunu redaksiyamıza gələn çoxsaylı teleqramlardan, elektron poçtumuza daxil olan məktublardan da aydın görmək olur. Rusiya Federasiyasının, Uzaq Şərq, Ussursk şəhərindəki Azərbaycan cəmiyyətinin təmsilçisi Mehman Həsənovun teleqramında deyilir: "Hörmətli redaksiya! Biz bu mərasimi Ussurskdə yüzlərlə azərbaycanlının iştirakı ilə peyk antennası vasitəsilə televiziyada izlədik. "Dəmir-İpək yolu" adlandırılan, Avropadan Çinə qədər birbaşa əlaqəni təmin etməyə imkan verəcək Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi ilə həm də ermənilərin Azərbaycana hərbi təcavüzü nəticəsində 1993-cü ildə Türkiyə ilə Orta Asiya arasında kəsilmiş dəmir yolu əlaqəsi yenidən bərpa olunacaqE

Biz buna ürəkdən sevinirik, Azərbaycan Prezidentinin mövqeyini bəyənir və dəstəkləyirik!"

Bu gün müstəqil Azərbaycanın sürətli inkişafının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyevin əməyi sayəsində ölkəmizdə geniş tikinti-quruculuq işlərinin, infrastrukturun yeniləşdirilməsinin, mədəni-maarif, idman, təhsil, səhiyyə obyektlərinin əsaslı təmiri və tikintisinin, eləcə də respublikamızın yol-nəqliyyat sisteminin müasirləşməsi ildən-ilə genişlənir, yeni mərhələyə qədəm qoyur.

Qoy Yeni ildə abad yolların coğrafiyası daha da böyüsün!

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.-2009.-1 yanvar.-S.3.