Beş min il yaşı olan bayram
Dünyanın demək olar
ki, hər yerində qeyd edilən, gəlişi böyük
sevinclə qarşılanan Yeni il insanlarda ən müxtəlif
duyğular yaradır. Çünki inanclara görə, təqvim
vərəqlərinin dəyişdiyi gecə həm də
arzuların çin olduğu məqamdır.
Qədim Şumerlərdən gələn ənənə
Tarixçilərin
araşdırmalarına görə, Yeni il bayramının
kökü eramızdan XXV əsr əvvələ gedib
çıxır. Yeni ili qarşılamaq adəti ilk dəfə
olaraq qədim Mesopatomiyada meydana gəlib. Burada, həmçinin
Nil çayının aşağı vadisində eramızdan
əvvəl dördüncü minillyin sonunda yaranan ilk
sivilizasiya Yeni il bayramını müxtəlif formalarda qeyd
edib. Həmin sivilizasiyanın əsas mərkəzi sayılan
Günümüzdə
tez-tez işlənən karnaval sözünün əsası
da elə həmin vaxtlarda yaranıb və babil dilindən tərcümədə
gəmi-dəniz mənasını verir ki, bu da təsadüfi
deyil. Çünki Yeni il bayramında təşkil olunan mərasimlərdə
hazırlanan şəkillər Allah Mardukun Fərat
çayında üzməsinin əks olunduğu təsvirlərlə
bağlı idi. Digər təsvirlərdə isə Mardukun
xaos ilahəsi və əjdahanı xatırladan Tiamatla
döyüşü təsvir edilirdi.
Alimlər bildirirlər ki,
babillərin əsirliyində olan yəhudilər bu süjeti və
Yeni ilin keçirilməsi adətini mənimsəyiblər. Hətta
Mardukla Tiamat arasında döyüş süjeti məhz yəhudilər
sayəsində öz əksini İncildə də tapıb.
Yeni ilin qeyd edilməsi ənənəsi isə yəhudilərdən
yunanlara keçib və bütün Qərbi Avropa ölkələri
sonunculardan bunu mənimsəyib.
Yeni il nə vaxt başlanır?
Hazırda dünyanın bəzi
xalqları zamanı ay-günəş təqvimilə
hesablayırlar və bu səbəbdən onların bəziləri
üçün Yeni ilin başlanğıcı payıza, bəziləri
üçün qışa düşür. Ancaq qədim
xalqların böyük əksəriyyətində Yeni ilin
başlanğıcı təbiətin oyandığı
dövrə, mart ayına təsadüf edirdi.
Qədim romalılar isə
martı ilin birinci ayı hesab edirdi. Çünki məhz bu
ayda tarla işləri başlayırdı. Romalılara görə,
il doqquz aydan ibarət idi, daha sonra isə onlar ayların
sayını 12-yə qədər artırdılar.
Eramızdan əvvəl 46-cı ildə Roma imperatoru Yuli Sezar
ilin başlanğıcının yanvarın 1-dən
başlanması barədə qərar qəbul etdi və onun
şərəfinə adlanan Yuli təqvimi bütün Avropaya
yayıldı. Romalılıar Yeni ilin ilk günündə
Yanus Allahına qurbanlar verir və həmin günü bərəkətli
sayırdı. Ancaq Yuli təqviminin bütün Avropada
yayılmasına rəğmən, heç də hamı Yeni
ili yanvarın 1-dən qeyd etmirdi. Məsələn, 755-ci ilə
qədər Fransada Yeni ilin başlandığı gün kimi
dekabrın 25-i qeyd olunurdu. Daha sonra isə bu tarix martın 1-nə
keçirildi. XII əsrdən isə Pasxa bayramının ilk
günü həm də Yeni ilin başlanğıcı
sayılırdı. Yalnız 1564-cü ildə IX Karlın
göstərişi ilə Yeni il yanvarın 1-dən qeyd
olunmağa başladı. Almaniyada XVI əsrin ortalarında,
İngiltərədə XVIII əsrdə Yeni il yanvarın 1-dən
qeyd olunur. Rusiyada da Yeni il uzun müddət ərzində
martın sonlarında və ya Müqəddəs Pasxa
bayramının başladığı günlərdə qeyd
olunub. 1492-ci ildə isə knyaz III İohan Yeni ilin
sentyabrın 1-dən başlanmasına dair qərar qəbul
etdi. Bu ənənə 1698-ci ilə qədər çəkdi.
1699-cu ildə ruslar Yeni ili dekabrın 15-də qeyd etdilər.
1700-cü ildə Böyük Pyotr Yeni ilin Avorpada olduğu
kimi yanvarın 1-dən qeyd olunması barədə sərəncam
verdi.
Dünyada neçə
Yeni il var?
Dünya xalqları tərəfindən
Yeni il hələ də müxtəlif vaxtlarda
qarşılanır. Hətta bəzi xalqlar Yeni ili iki dəfə,
həm dekabrın 31-dən yanvarın 1-nə keçən
gecə, həm də öz ənənələrinə
uyğun olan digər müəyyən olunmuş gündə
qarşılayır.
Yeni ili, ənənəvi
olaraq, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə
qarşılayanlara misal olaraq MDB ölkələrini,
Avstraliya, Şotlandiya, İtaliya, Avstriya, Yaponiya, Rumıniya,
Kanada, ABŞ, Finlandiya və bir çox başqa ölkələri
göstərmək olar.
Yəhudilərdə ilin
başlandığı bayram Roş Xa-Şana adlanır. Bu
bayramın qeyd edildyi günlər sentyabrın 5 ilə
oktyabrın 5-i arasında günlərdən birinə təsadüf
edir. Belə hesab olunur ki, Roş Xa-Şana insanın taleyini
bir il əvvəldən müəyyən edir. İl gecəsi
salamlaşmağa başlayan yəhudilər biri-birlərinə
aşağıdakı arzuları ifadə edirlər: "Həyat
Kitabında yaxşı ilə yazılasınız".
Bayram günü hala adlanan uzunsov burma çörəyi və
ya almanı bala batırmaq adətdir.
Çində isə Yeni ilin
qeyd edildiyi vaxt 21 yanvardan 21 fevrala qədər olan günlərdən
birinə təsadüf edir. Bu çinlilərin ay təqvimindən
istifadəsi ilə bağlıdır. Hər Yeni il
çinlilərin müəyyənləşdirdiyi 12 heyvandan
və beş elementdən birinin adı ilə
bağldıır. Yeni ilin ilk günü atəşfəşanlıqla
başlanır. Çinlilərin inancına görə, atəşfəşanlıq
zalım ruhları qovur və ailəyə sülh, xoşbəxtlik
gətirir. Bayram günü çinlilər belə hesab edir
ki, Allahlar yer üzərinə enir və burada insanlardan əməlləri
barədə hesabat alır. Günün sonunda isə Allahlar yenidən
geri qayıdır və bu vaxt çinlilər Allahların
qayıtmasını xüsusi alqışlarla
qarşılayırlar.
Ay təqviminə uyğun
Yeni ilin dəqiq nə vaxt başlandığı bilinmir,
çünki yazın ilk təzə Ayı (hilal)
çıxanda qeyd olunur ki, bu da müxtəlif günlərdə
baş verir. Ay təqvimi ilə Yeni il bayramını
Çinlə yanaşı, Malayziyada, Vyetnamda, Sinqapurda,
Koreyada, Monqolustanda və Asiyanın digər ölkələrində,
habelə buddizmə sitayiş edənlər də
keçirirlər.
Bəzi müsəlman
ölkələrində Yeni il adətən, martın 21-dən
22-nə keçən gecəyə təsadüf edir və
Novruz bayramı adlanır. Təbiətin oyanmasına həsr
edilən bu bayramın kökü qədim Şumerlərdən
gəlir. Novruz Əfqanıstan, İran və Pakistanda, Orta
Asiya respublikalarında, həmçinin ölkəmizdə
xüsusi qeyd olunur. Növbəti gün, martın 22-də
Yeni il Hindistanı haqlayır. Qeyd etmək lazımdır ki,
Hindistanda Yeni il kimi qeyd olunan səkkiz tarix var.
Hindistandan fərqli olaraq
Odessada və Birmada aprelin 1-də - zarafatlar və oyunlar
günündə Yeni ili qarşılayırlar. Aprelin 13-də
Yeni il Şri-Lankaya və Nepala, 14-də isə Laosa gəlir.
Cibuti və Nigerdə Yeni ili avqust ayında, Suriyada
sentyabrın 1-də, Efiopiyada sentyabrın 11-də, Qambiyada
oktyabrın 7-də, Yəməndə noyabrın 18-də,
Okeaniyada və Havay adalarında noyabrın ortalarında
qarşılayırlar.
Oktyabrın 31-dən
noyabrın 1-nə keçən gecə Hellouin adı ilə
məşhur olan kelt Yeni ilini Şotlandiya, İrlandiya və
Men adasında qarşılayırlar.
Müsəlmanların Hicri təqvimi
ilə Yeni il birinci ayın ilk günü daxil olur. Bu tarix hər
il dəyişir. Ümumiyyətlə, müsəlman ölkələrinin
əksəriyyətində - Əlcəzair, Bəhreyn,
İordaniya, Livan, Mərakeş, Oman, Sudan, Suriya, Tanzaniya və
digərlərində Məhərrəm ayının birinci
günü yeni ilin başlanğıcı kimi qeyd edilir.
Şaxta baba və
Qar qız necə
yaranıb?
Yeni ilin əsas
atributlarından olan Şaxta baba haqqında müxtəlif məlumatlara
rast gəlmək olar. Belə hesab olunur ki, uşaqların
sevimlisi olan bu obrazın əcdadları, yəni ilk Şaxta
babalar cırtdanlar olub. Digər məlumatlarda isə onun əcdadlarının
milad bayramı nəğmələri oxuyan və ya uşaq
oyuncaqları satan orta əsr jonqlyorları olduğu bildirilir.
Lakin Şaxta baba ilə bağlı real olan bir hadisə daha
çox diqqət cəlb edir və əslində onun insan
olduğu bildirilir. Həmin məlumata görə,
eramızın üçüncü əsrində Türkiyənin
Mira (bu şəhər indi Dəmrə adlanır və
Finikiya yaxınlığında yerləşir) adlı şəhərində
Nikolay adlı arxiyepiskop yaşayıb. Olduqca xeyirxah olan
Nikolayın bir dəfə kasıblıqdan əziyyət
çəkən bir ailənin üç qız
uşağını xilas etmək üçün onların
evinin pəncərəsinə qızılla dolu boxça qoyduğu
bildirilir. Nikolayın ölümündən sonra isə onu
müqəddəs elan etdilər. XI əsrdə Nikolayın
basdırıldığı kilsə İtaliya dəniz
quldurları tərəfindən qarət olunur. Quldurlar
Nikolayın cəsədinin qalıqlarını da
oğurlayaraq onu öz vətənlərinə aparırlar.
Nikolayın basdırıldığı kilsənin tərəfdarları
isə buna etiraz etdiyi üçün tədricən çox
ciddi beynəlxalq qalmaqal yaranır. Tarixdə bu məsələ
ətrafında yaranan səs-küy Nikolaya artıq beynəlxalq
miqyasda hörmət olunma və dünyanın müxtəlif
ölkələrindən xristianların ona sitayiş etməsilə
nəticələnir. Daha sonra isə orta əsrlərdə 19
dekabr tarixə Nikolay günü kimi daxil edilir. Həmin
gün həm də uşaqlara hədiyyə vermək ənənə
halı almağa başlayır. Çünki müqəddəs
Nikolay da belə edirmiş. Yeni təqvimin tətbiqindən
sonra isə Nikolay uşaqların görüşünə əvvəl
Mövludda, daha sonra isə Yeni ildə gəlməyə
başladı.
Dəmrədə
Nikolayın adı ilə adlandırılan kilsədə isə
hələ də III-IV əsrlərə məxsus arxitektura
elementləri qalmaqdadır. Türklər hazırda bu kilsəni
"Noel baba kilsəsi" adlandırırlar. Rəvayətə
görə, Müqəddəs Nikolay bəzəkli
keşiş papağı olan mitra və ağ yepiskop
mantiyası geyinir, atın üstündə gəzir. Onu həmişə
efiopiyalı qulluqçu Qara Pyotr müşayiət edir.
Qulluqçunun belində sözə baxan uşaqlar
üçün hədiyyə dolu kisə, əlində isə
dəcəllər üçün çubuq olur.
Şaxta babanın geyindiyi
paltar da birdən-birə meydana gəlməyib.
Əvvəlcə onun
paltarını sadə plaş şəklində təsvir
edirdilər. XIX əsrin sonlarından isə plaşı
qırmızı kürk əvəzlədi. 1860-cı ildə
amerikalı rəssam Tomas Nayt Şaxta babanı ağ
saqqallarla bəzədi. Bundan az sonra İngiltərədən
olan digər rəssam Tenniel Şaxta babanı xeyirxah gombul
şəklində təsvir etdi və beləliklə də,
bu gün hamının sevimlisinə çevrilən müasir
Şaxta baba obrazı meydana gəldi.
Yeni ilin
qarşılandığı vaxt fərqləndiyi kimi,
Şaxta baba da hər bir ölkədə fərqli adla
çağırılır. Avstraliya və ABŞ -da bu Santa
Klausdur. Amerikalı Santa Klaus qırmızı gödəkçə
geyir, tənbəki çubuğu çəkir, marallarla hava
səyahəti edir və evə bacadan daxil olur. Avstraliyalı
Şaxta baba isə amerikalı həmkarından fərqli
olaraq evə çimərlik paltarında daxil olur.
Çünki yanvarda kenqurular ölkəsində yaydır.
Avstriyada Silvestr, Altay
diyarında Sook-Taadak, İngiltərədə Milad Ata,
Belçika və Polşada Müqəddəs Nikolay adlanan
Şaxta babanın digər maraqlı adlarına da rast gəlmək
mümkündür. Məsələn, Yunanıstan və Kiprdə
o, Müqəddəs Vasili, İtaliyada Babo Natale adlanır.
İtaliyada hesab edirlər ki, Babo Natale sözəbaxan
uşaqların yanına xeyirxah pəri Befana ilə gəlir və
onlara hədiyyələr verir. Dəcəl uşaqlar isə
zalım pəri Befana tərəfindən cəzalandırılır.
Qazaxıstanda Ayaz-ata, Kalmıkiyada Zul, Kambocada Hərarət
Baba, Çində Şo Xin və ya Şen Dan Laocen,
Monqolustanda Uvlin Uvqun adlanan Şaxta babaya Özbəkistanda
Korbobo (Qar baba) adı verilib. Yeni il gecəsi özbək
qışlaqlarına uzunqulağın belinə minmiş,
zolaqlı xalat geyinmiş "Qar baba" daxil olur. O, bayram təbrikini
çatdırır, hədiyyələrini paylayır. Fransada
Yanvar baba və ya Per Noe Şaxta baba isə əsa ilə gəzir
və başına enli şlyapa qoyur.
Əlbəttə ki,
uşaqlar üçün Şaxta babanın yolunun səbirsizliklə
gözlənməsinin başlıca səbəbi onun hədiyyə
gətirməsidir. Lakin hər xalqın Şaxta babası bunu
özünəməxsus şəkildə edir. Belə ki,
rusiyalı Şaxta baba hədiyyəni yolka ağacının
altına qoyur. Yeni il hədiyyələri Fransada bacaya,
İspaniyada isə eyvana qoyulur. İçveçdə
Şaxta baba hədiyyələri ocağın yanına,
Almaniyada isə pəncərənin altına qoyur. İngilislər
və irlandiyalılar hədiyyələri corabda,
meksikalılar isə ayaqqabının içində aşkar
edir.
Yeni ilin digər atributu olan
Qar qız isə donmuş suyun simvolu sayılır və bir
qayda olaraq ağ rəngdə paltar geyir. Maraqlıdır ki,
Qar qızın baş geyimi səkkizguşəli tac şəklindədir,
gümüş və mirvari ilə bəzədilmiş şəkildə
olur. Özü də dünyanın bir çox ölkələrində
Qar qız simvolu yoxdur. Bu, əsasən, slavyan ölkələrində
yayılıb.
Ümumiyyətlə, müəmmalı
sayılan Qar qız obrazı ilk dəfə olaraq Rusiyada
meydana gəlib. Rusiya folklorunda bildirilir ki, o, qar dənələrindən
yaranan qızdır. 1873-cü ildə A.N.Ostrovskinin "Qar
qız" pyesi, daha sonra Sovet İttifaqında Qar
qızın Yeni ilin əsas qəhrəmanlarından biri
sırasına aid edilməsi bu obrazın digər dünya
ölkələrinə yayılmasına də səbəb
olub.
Yolka (küknar)
bəzədilməsi ənənəsi qədim Misirdən
gəlir
Yeni ildə mühüm məqamlardan
biri də yolka ağacının bəzədilməsidir.
Yolkanın və ya onun müxtəlif materiallardan hazırlanan
əvəzedicisinin bəzədilməsi tarixi də olduqca
maraqlıdır. Ümumiyyətlə, bayram günlərində
ağacların bəzədilməsi adəti qədim Misirdən
gəlir. Hələ fironların dövründə qeyd edilən
bayramlar zamanı burada palma ağaclarının bəzədilməsi
ənənəyə çevrilmişdi. Avropada isə belə
ənənənin əsası XVI əsrdə qoyulub.
Almaniyada, Reyn
çayının yuxarı sahillərində, Elzasda ilk dəfə
olaraq gildiyalar və sex təşkilatları Yeni il
ağacı quraşdırmağa başlayıblar. Daha sonra
burada yaşayan ailələr eyni qaydada hərəkət edib
və beləliklə, bütün Avropada ağac bəzəmək
ənənəsi yaranıb. Ancaq ilk dəfə olaraq yolka
ağacları yox, fıstıq ağacı bəzədilirdi.
Daha sonra həmişəyaşıl olduğu
üçün yolkaya üstünlük verilib. Yolkanın bəzədilməsi
tarixi də olduqca maraqlıdır. Əvvəllər bu bəzək
sadəcə ağacın başına "vifleyem ulduzu"
və ya müsəlmanlarda deyildiyi kimi, Beyt Ləhm ulduzunun
qoyulması ilə məhdudlaşırdı. Rəvayətə
görə, həmin ulduz İsa Məsihinin doğuluşundan
xəbər verir. Bunun ardınca küknara şarlar da
asmağa başladılar. Bu şarlar Adəm və Həvvaya
yeməyə qadağan olmuş almaların simvolu
sayılır. Bundan sonra ağaclardan müxtəlif fiqurlar
asılmağa başlandı. İlk bəzək
şarları isə 1848-ci ildə Saksoniyada hazırlanıb.
Dünya xalqlarının
qəribə Yeni il
adətləri
Yeni ili planet sakinləri
arasında ilk olaraq Fici arxipelaqında yerləşən 160
adanın sakinləri qarşılayırlar. Ancaq
dünyanın heç bir yerində Yeni il İndoneziyanın
Bali adasında olduğu kimi tez-tez qarşılanmır. Məsələ
burasındadır ki, Balidə il cəmi 210 gün çəkir.
Bayramın əsas atributu isə müxtəlif rəngli
düyülərdən uzun lentlərin
hazırlanmasıdır.
Niderland və
Belçikanın demək olar ki, hər bir bölgəsində
Yeni il münasibətilə özünəməxsus şəkildə
peçenye və vafli hazırlanır. Niderlandda "slem"
adlanan xüsusi yeni il içkisi də var. Bu qaynar süddən
hazırlanır və onun tərkibinə çay, şəkər,
darçın, limon, zəfəran, mixək və qoz əlavə
olunur.
İtaliyada belə hesab
olunur ki, Yeni il qarşılanarkən bütün pis olan hər
şeyi, acını köhnə ildə qoymaq, təzə ili
xoş əhval-ruhiyyə ilə qarşılamaq
lazımdır. Bu səbəbdən italiyalıların bir
çoxu dekabrın 31-də, gecəyarı köhnə əşyaları
pəncərədən bayıra atır. Belə əşyalar
sırasına isə mebeldən tutmuş qab-qacağa qədər
hər şey daxildir. Roma ənənəsinə görə
bunu etməsən, Yeni ildə yeni avadanlıqlar ala bilməzsən.
Həmçinin İtaliyada Yeni ilin ilk günündə təzə
paltar geyinmək də adətlər sırasına aiddir.
İtaliya xalqının
inamına görə, Yeni ildə müxtəlif möcüzələr
baş verə bilər. Onların bir çoxu isə su ilə
bağlıdır. Həmin inamlardan birinə görə,
yerli çayların biri Yeni ildə gecəyarı bir
anlığa dayanır və çayın suları
qızıla çevrilir. Elə bu inam əsasında,
italiyalılarda hər Yeni ildə salxımlarda qalaraq quruyan və
qızıl pulları xatırladan qızılı rəngli
üzüm yemək adətdir. Xalq inamına görə,
üzüm həm də sağlamlığın,
uzunömürlülüyün, xoşbəxtliyin simvoludur.
İtaliyada bayram günü
hazırlanan yeməklərdə də pulla bağlılıq
var. Yeni il gecəsi yumurta və mərci hazırlanr.
Çünki onlar qızıl sikkələri
xatırladır.
Məlumatlara görə, qədim
romalılar isə Yeni il gələrkən bütün gecəni
rəqs edir və sifətlərində maska küçələrdə
qaçırlarmış. Patrisilər isə həmin gün
qulları azad edirlərmiş.
İtalyanlar
üçün Yeni ildə ilk dəfə
qarşılaşdıqları şəxs böyük rol
oynayır. Yeni ilin ilk günündə kilsə xadimi və
yaxud da uşaqla qarşılaşmaq yaxşı əlamət
sayılmasa da, qozbel qocaya rast gəlmək xoşbəxtlik əlamətidir.
Üzüm isə təkcə
İtaliyada yox, dünyanın bir sıra ölkələrində,
o cümlədən İspaniya və Portuqaliyada da sağlamlığın,
möhkəm ailənin, bolluğun simvoludur. Bu səbəbdən
həmin ölkələrdə quru və ya təzə
olmasından asılı olmayaraq, saatın hər vuruşunda
bir üzüm dənəsi yeyirlər və arzu tuturlar.
Saatın 12 zərbəsi olduğu üçün
arzuların sayı bundan artıq olmur.
Britaniya adalarında isə
Yeni ilin qarşılanması simvolik xarakterlidir və köhnə
həyatdan yeni həyata qədəm qoymağı
özündə əks etdirir. Adətə görə, saatlar
gecə 12-ni vuranda evdə olan arxa qapılar
açılır və bununla köhnə il yola
salınır. Daha sonra evin ön qapıları
açılır və yeni ilə xoş gəldin edilir.
Britaniyada Yeni ildə ənənəvi
olaraq punş içilir. Hind dilində tərcümədə
"pənc" - beş adlanan bu içkinin tərkibində
beş komponent var. Onlardan ikisi alkoqollu, üçü isə
alkoqolsuz olmalıdır. Bundan əlavə, Yeni il gecəsi
süfrədə yemək bol olmalıdır ki,
qarşıdan gələn il bərəkətli olsun.
Uelsdə fermerlər Yeni il
günü məhsul yığımında onlara kömək
edən hər kəsi qonaq etməlidir. Bunun üçün
pudinq, qoğal, kebben pendiri, qaz, bifşteks və piroq
hazırlanır. Qoğal bişirilərkən
sınmamalıdır. Çünki bu, pis adət
sayılır.
Şotlandiyada yeni il Hoqmani
adlanır. Adətə uyğun olaraq, qatranla dolu olan çəlləkləri
yandırır və onları küçələrdə
diyirləməyə başlayırlar. Bununla da şotlandlar
belə hesab edirlər ki, onlar köhnə ili yandırır və
Yeni ili dəvət edirlər. Onların fikrincə, Yeni ildə
evlərinə daxil olan birinci şəxsdən bütün il
ərzində ailələrinin uğur və ya
uğursuzluqları asılıdır. Belə hesab olunur ki, ən
böyük uğuru evə hədiyyə gətirən qara
saçlı kişidir. Bu ənənə "ferst futinq"
adlanır. Həmçinin Yeni il gecəsində ocaq
qalanır və saatların 12-ni vurması gözlənir.
Saatlar 12-yə yaxınlaşanda evin sahibi səssizcə
ayağa qalxır və qapını açır. Saatın əqrəbi
son zərbəni vurana qədər qapı açıq
qalır. Beləliklə, Yeni il evə daxil olur.
Avropada Yeni
ildə yeməklərə
xüsusi önəm verilir
Avstriyada hesab edirlər ki,
xoşbəxt olmaq üçün Yeni il gecəsi donuzun
başının bir hissəsini və ya donuz burnunu yemək
lazımdır. Quş əti yemək isə pis əlamət
sayılır və belə hesab olunur ki, bu xoşbəxtliyin
uçub getməsidir.
Fransada isə əksinə,
Yeni il qızardılmış hind toyuğu olmadan təsəvvür
edilmir.
Yeni ildə Fransada ən
yaxşı bayram hədiyyəsi təkər hesab olunur.
Rumıniyada subay qadınlar
su quyusunun başında dayanaraq şam yandırır və
quyuya baxırlar. Alovun əksi suyun qaranlıq dərinliyində
onların gələcək həyat yoldaşının sifətini
göstərir.
Yunanıstanda Yeni ildə
qonaq gedərkən özləri ilə daş aparıb ev yiyəsinin
qapısında yerə atırlar və arzu edirlər ki, ev yiyəsinin
var-dövləti daş qədər ağır olsun. Uşaqlar
isə sobanın yanında başmaq qoyub ora atılacaq hədiyyəni
gözləyirlər.
Amsterdamda Yeni il yerli Şaxta
baba və müqəddəs Nikolayın şəhər
limanında qarşılanması ilə başlayır.
Qonaqlar dənizlə Minnikedam adlı kiçik
balıqçı kəndinə gəlir və onları sadə
insanlarla yanaşı, şəhər meri və icra hakimiyyətinin
nümayəndələri qarşılayırlar. Qonaqlar
özləri ilə çoxlu hədiyyələr gətirir.
Bu ölkədə Yeni il bayramında ən maraqlı məqam
xizəkdə sürüşməkdir. Amsterdamda bayram
üçün xüsusi buz meydançası tikilmişdir.
Kolumbiyada Yeni il
karnavalının əsas qəhrəmanı köhnə il
olur. Köhnə il taxta başmaqlarda ölkənin
küçələrində gəzərək uşaqlara
qorxulu nağıllar danışır. Bayram günü
ölkədə oyuncaq paradı keçirilir. Minlərlə
oyuncaq, nağıl qəhrəmanları avtomobillərin
üstünə bərkidilərək Kolumbiyanın ən qədim
rayonunun küçələrini fırlanır və köhnə
illə xüdahafizləşirlər.
Nepalda Yeni ili günəşin
çıxması ilə qarşılayırlar. Nepallılar
axşam ay işığında ocaq qalayır və
lazımsız əşyaları oraya atırlar. Növbəti
gün boya bayramı keçirilir. Ölkə əhalisi əl
və üzlərini qeyri-adi formada boyayaraq küçələrdə
mahnı oxuyub rəqs edirlər.
Şərq ölkələrində maraqlı Yeni il ənənələri
yaşanır
Vyetnamda Yeni il "tet"
adlanır. Bayram Vyetnamda 21 yanvar və 19 fevral tarixləri
arasında qeyd edilir. Burada Yeni ilin keçirilmə tarixi ilbəil
dəyişir.
Vyetnamlıların fikrincə,
hər bir evdə Allah yaşayır və o, Yeni il
axşamı səmaya qalxaraq ailə üzvlərinin ili necə
başa vurması barədə məlumat verir. Belə hesab
edilir ki, Yeni ildə evə birinci kimin girməsinin
böyük əhəmiyyəti var. Bu səbəbdən
bayram yalnız sınaqdan çıxmış adamlarla
qarşılanır. Adətə görə, bayram gecəsi
suya karp balığı buraxmaq lazımdır. Çünki
göyə qalxan Allah məhz bu balığın belində
yaşayır. Yeni il axşamını vyetnamlı xanımlar
qırmızı və sarı, kişilər isə qara rəngli
libasla qarşılayırlar. Axşam isə əjdahanın rəqsi
nümayiş etdirilir. Əsasən Yeni il gecə
qarşılanır. Vyetnamlılar küçələrdə
ocaq qalayaraq düyüdən müxtəlif xörəklər
hazırlayırlar.
Yaponiyada Yeni il yanvarın 1-də
qeyd edilir. Bayram qonaqlıq və mehriban görüşlərlə
başlanır. Kilsə xadimləri gecə yarı tavandan
asılmış şalbanı yavaş-yavaş yellədərək
nəhəng zəngə zərbə endirirlər. Belə
hesab olunur ki, insanın altı qüsuru ola bilər: hərislik,
zülmkarlıq, axmaqlıq, yüngülxasiyyətlilik, qərarsızlıq
və acgözlük. Onların hər birinin isə 18
xüsusiyyəti var. Hər dəfə dəyən zərbə
isə bu qüsurlardan birini aparır. Bu səbəbdən zərbələrin
sayı 108-ə çatır. Sonuncu zərbə vurularkən
küçəyə çıxmaq və Yeni ili Günəşin
ilk şüaları ilə qarşılamaq lazımdır. Yeni
il daxil olan zaman yaponlar gülümsəməyə
başlayırlar. Onların fikrinə görə, növbəti
ili gülümsəyərək qarşılamaq ilin daha
müvəffəqiyyətli olmasına işarədir. Yeni ilin
ilk günündə kilsədə (ibadətgah, məbəd)
rəqs mərasimi keçirilir.
Monqolustanda Yeni il maldarlıq
bayramı ilə üst-üstə düşür. Burada
qüvvə və mərdlik nümayiş etdirilməsi
üçün yarışlar keçirilir. Avropa ölkələrində
olduğu kimi, burada da Yeni il yolka ağacının ətrafında
keçirilir, Şaxta baba maldar libasında mənzillərə
qonaq gəlir.
Hindistanda
yaşadığı yerdən asılı olaraq əhali Yeni
ili müxtəlif formada keçirir. Şimali Hindistanda əhali
özünü müxtəlif al rəngli güllərlə
bəzəyir. Cənubi Hindistanda analar məcməyini
şirniyyat, gül və bir sıra hədiyyələrlə
bəzəyərək onları uşaqlara təqdim edir. Mərkəzi
Hindistanda isə binalar narıncı bayraqlarla bəzədilir.
Qərbi Hindistanda Yeni il oktyabrın sonunda qeyd edilir. Evlərin
üstündə kiçik ocaqlar qalanır və Lakşmi
ilahəyə dualar edilir.
ABŞ-da isə Yeni ilin ilk
günü futbol yarışları (Amerika futbolu)
keçirilir.
Argentinada iş yerlərində
köhnə sənədləri pəncərədən
çölə atırlar.
Braziliyada bayram günü
çimərliklərdə minlərlə şam
yandırılır. Uzun paltar geyinən qadınlar suya gül
ləçəkləri səpir.
Kubada Yeni il günü evdə
olan bütün qab-qacaq su ilə doldurulur və gecəyarı
pəncərədən çölə atlır ki, Yeni il su
kimi aydın və təmiz olsun. Maraqlıdır ki, Kubada gecə
yarısı saatlar 11 dəfə vurur. Çünki 12-ci zəng
artıq Yeni ilə düşür. Bu səbəbdən
saatlara "istirahət verilir".
Malayziyada Yeni il
dünyasını dəyişmiş yaxınlara duaların
oxunması ilə başlayır. Sonra isə bayram qeyd edilir.
Bu bayramda uşaqlar valideynlərinə, nənə və
babalarına maraqlı ifadələr deyərək
qırmızı rəngli zərfdə pul alırlar.
Rasim BAYRAMOV
Azərbaycan.-2009.-1 yanvar.-S.4.