Almaniya Azərbaycanlıları
Koordinasiya Mərkəzi
Avropadakı soydaşlarımızı
birləşdirməyi qarşısına
məqsəd qoyub
Almaniyada yaşayan
soydaşlarımızın sayı və təşkilatlanmaları
digər Avropa dövlətlərindən fərqlənir. Bir
neçə il əvvəl pərakəndə halda fəaliyyət
göstərən onlarla icma və birlik vahid mərkəzdən
idarə olunmaq qərarına gəliblər. Almaniya Azərbaycanlılarının
Koordinasiya Mərkəzinin icraçı direktoru Samirə
İsmayılova əməkdaşımızla söhbətində
yeni yaradılan qurumun fəaliyyətindən, son iki ildə əldə
etdiyi nailiyyətlərdən danışdı:
- Almaniya dünya siyasətinə
həlledici təsir gücünə malik dövlət
olduğundan buradakı həmvətənlərimizin mütəşəkkil
fəaliyyət göstərməsi zəruri idi. Səyyar fəaliyyətlə
diasporun ciddi uğurlara nail olması qeyri-mümkündür.
Həmin səbəbdən də soydaşlarımızla bir
araya gələrək Almaniya Azərbaycanlılarının
Koordinasiya Mərkəzini yaratdıq. Təşkilat yeni
yaradılmış birliklərdəndir və aktiv fəaliyyət
göstərir. Federativ respublika başqa dövlətlərdən
fərqli olaraq həmvətənlərimizin son vaxtlar təsis
etdikləri birlik və icmaların sayına, eyni zamanda təşkilatlarımızın
fəaliyyət imkanlarına görə də seçilir. Hazırda
Almaniyada Azərbaycanın 40-a yaxın cəmiyyət və
icması fəaliyyət göstərir. Həmin birliklərin
fəaliyyətlərini əlaqələndirmək Koordinasiya
Mərkəzinin başlıca vəzifəsidir. Təşkilatımızın
işi Almaniya üzrə cəmiyyətlərin sədrlərindən
ibarət Koordinasiya Şurasının fəaliyyət
mexanizminə əsaslanır. Mərkəz yalnız Almaniyada
deyil, həm də Avropadakı bütün
soydaşlarımızın ünsiyyət nöqtəsinə
çevrilməyi qarşısına məqsəd qoyub. Bunun
üçün əsas vəzifə
soydaşlarımızı lazımınca məlumatlandırmaqdır.
- Siz fəaliyyətinizi
hansı istiqamətdə qurmusunuz?
- Azərbaycan elə bir
qəribə taleyə malik ölkədir ki, xalqımız əsrlərlə
işğal altında yaşadığından tariximizin bəzi
dövrlərini başqaları qələmə alıb. Biz
buna aydınlıq gətirməli, eyni zamanda diasporumuzun fəaliyyət
istiqamətlərini ona uyğun düzgün müəyyənləşdirməliyik.
Hazırda çalışırıq ki, ayrı-ayrı mərhələlərə
dair faktları dünya birliyinə çatdıraq. Beynəlxalq
aləm Azərbaycan həqiqətləri, Dağlıq
Qarabağ problemi haqda kifayət qədər dolğun məlumatlandırılmalıdır.
Bu məsələdə diaspor təşkilatları kimi bizim
üzərimizə mühüm və məsul vəzifələr
düşür. Koordinasiya Mərkəzi təsis edildikdən
sonra bir sıra istiqamətlərdə uğurlar
qazanmışıq. Almaniya ərazisinə görə
böyük dövlət olsa da, ayrı-ayrı bölgələrdəki
Azərbaycan icmalarının fəaliyyətlərini
koordinasiya edə bilmişik. Mütəmadi görüşlər,
sıx ünsiyyət, müştərək tədbirlərin
təşkili, türkdilli dövlətlərin birlik və
icmaları ilə əlaqələrin genişləndirilməsi
diasporumuzun güclənməsi üçün mühüm
töhfə oldu. Artıq bir sıra çətinliklərimizi
aradan qaldırmışıq.
- Dünya Azərbaycanlılarını
Əlaqələndirmə Şurasının Bakıda
keçirilmiş toplantısı diaspor təşkilatlarımıza
daim artan qayğının təcəssümüdür. Siz
birlik və icmaların koordinasiyalı fəaliyyətlərinin
gücləndirilməsi istiqamətində hansı təşəbbüslə
çıxış etmisiniz?
- Diasporumuzun mütəşəkkilliyinin
güclənməsi üçün artıq bir neçə
tədbir keçirmişik. Koordinasiya Şurası dekabrın
13-də Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü münasibətilə toplantısını
keçirdi. İclasda birlik və icmalarımızın
hazırkı fəaliyyət mexanizmləri, görüləcək
işlər mövzusunda müzakirələr apardıq. Yeni
il üçün planlar qurduq. Fəaliyyətimizi həm də
mədəniyyət, incəsənət sahələri üzrə
təbliğatın genişləndirilməsinə yönəltmişik.
Dahi bəstəkarımız Qara Qarayevin 90 illiyi münasibətilə
keçirilən tədbirlər, Münhendə Höte
İnstitutu, Bavariya radiosu ilə birlikdə "Mədəniyyətlərin
dialoqu" mövzusunda təşkil olunmuş konfrans bu qəbildəndir.
Bu ilin əvvəllərində də bir sıra tədbirlərin
təşkil edilməsini planlaşdırırıq. Diasporumuzun
püxtələşməsi dövrü yeni mərhələ
və keyfiyyət tələb etdiyindən proqramlarımız
ancaq mənsubiyyətimizi, azərbaycançılığı
qorumağa yönəldilmiş layihələrdən ibarət
deyil. Diaspor olaraq yaşadığımız ölkədə
yerli təşkilatlarla, təhsil, mədəniyyət, incəsənət
müəssisələri, habelə Almaniyanın intellektual
elmi qurumları ilə əlaqələri genişləndirmişik.
Bu da təsadüfi deyil. Diaspor tariximizin əsası
ümummilli lider Heydər Əliyevin dünya ölkələrində
yaşayan bütün soydaşlarımıza diqqət və
qayğısı ilə qoyuldu. Bu, bizim üçün
böyük xoşbəxtlik idi. Ona görə ki tarixdə
ilk dəfə olaraq Azərbaycan dövləti məhz ulu
öndərin rəhbərliyi altında həmvətənlərimizə
diqqət göstərməyə başladı.
Prezident İlham Əliyev
Dünya Azərbaycanlılarının II Qurultayında bu
müdrik siyasəti bir daha gücləndirdi və onu
inkişaf etdirdi. Biz dünyanın hər yerində ulu öndərimiz
tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin
rəhbəriyi ilə davam etdirilən müdrik siyasətin
qayğısını görürük. Dövlət
başçısı cənab İlham Əliyevin 2007-ci ildə
Konrad Adenauer Fondunda keçirilmiş böyük
konfransdakı çıxışından sonra Almaniyadakı
həmvətənlərimiz qüvvələrini səfərbər
etdilər. Hətta tərəddüd keçirən
soydaşlarımız da Prezidentimizin fikirlərindən sonra
birliyimiz naminə səylə çalışmağa
başladılar.
- "Dünya Azərbaycanlılarının
Həmrəylik Xartiyası" layihəsinin qəbul edilməsi
ilə əlaqədar növbəti mərhələdə
qarşınızda hansı vəzifələr durur?
- Xartiya diasporumuzun
qarşısında duran əsas vəzifələri
özündə əks etdirir. Eyni zamanda fəaliyyətimizdə
istina edəcəyimiz konsepsiya, tarixi vətən
qarşısında borcumuz və bundan irəli gələn vəzifələr,
soydaşlarımızın yaşadıqları dövlətlərin
cəmiyyətlərinə inteqrasiyası istiqamətlərini
müəyyənləşdirdi. Eyni zamanda Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi, bədnam
qonşularımızın xalqımıza qarşı terror və
soyqırım aktları ilə bağlı üzərimizə
düşən vətəndaşlıq borcunun nə qədər
məsuliyyətli olduğunu bir daha aydınlaşdırdı.
Sənəddə uzun illər həyata keçirilməsini
arzuladığımız bir sıra məsələləri
də önə çəkilib, azərbaycançılıq
anlayışının əhəmiyyətinə toxunulub. Yeni
mərhələdə diaspor təşkilatları olaraq
qarşımızda qoyulmuş tapşırıqlar növbəti
dövr üçün həlli vacib olan aktual vəzifələrdir.
Müsahibəni apardı:
Anar RASİMOĞLU
Azərbaycan.-2009.-1 yanvar.-S.5.