2008-ci il İsmayıllı üçün
uğurlu oldu
2008-ci ili
İsmayıllı rayonu üçün uğurlu saymaq olar. Ötən
müddət ərzində İsmayıllıda da
başlıca diqqət Prezidentin imzaladığı "Azərbaycan
Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi
tədbirləri haqqında" 24 noyabr 2003-cü il, "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq
edilməsi haqqında" 11 fevral 2004-cü il, "Azərbaycan
Respublikası regionlarının, o cümlədən Qəbələ,
İsmayıllı, Oğuz və Şamaxı
rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirdər haqqında" 25 avqust 2005-ci
il tarixli sərəncamlarından irəli gələn vəzifələrin
yerinə yetirilməsinə yönəldilmişdir.
İsmayıllıda
görülən yenidənqurma, abadlıq-quruculuq işləri
rayona gələn hər kəsin ilk baxışdanca diqqətini
cəlb edir. İsmayıllı Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini Rəfael Əhmədovla
bu mövzuda bir neçə dəfə söhbət
etmişik. R. Əhmədov bir məqamı xüsusi
vurğulayır ki, indi ismayıllılılar qonşu
rayonlardakı dost-tanışlarını öz rayonlarına
heç bir sıxıntı çəkmədən qonaq dəvət
edə bilirlər. Çünki təbiətin
İsmayıllıya verdiyi gözəlliyə insan əlinin zəhməti
də əlavə olunub - yeni tikililər, abadlıq-quruculuq
işləri, rahat yollar, istirahət parkları, mədəniyyət
ocaqları. Bir sözlə, gələn qonağa göstərmək
üçün İsmayıllıda çox işlər
görülüb.
Əslində, söhbət
təkcə qonaqdan getmir, görülən işlər
ismayıllılıların özlərinin həyat tərzini
xeyli yaxşılaşdırıb. İsmayıllı şəhərinin
mərkəzində Heydər Əliyev Muzeyi, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsi,
maliyyə idarəsi üçün inzibati binalar, əlillər
və şəhid ailələri üçün 36 mənzilli
yaşayış binası tikilib istifadəyə
verilmişdir. Əhalinin mənzil tələbatını
ödəmək üçün yerli iş adamları da
çoxmərtəbəli yaşayış binası tikməyə
başlayıblar. İllərdən bəri
yığılıb qalan, rayon əhalisini narahat edən
problemlərin həlli istiqamətində görülən
işlər rayonun simasını tamamilə dəyişib. Bu,
insanlara həm də mənəvi rahatlıq gətirir. Rayonda
hər kəsin diqqətini çəkən çox
müasir mədəniyyət və istirahət kompleksi
yaradılmışdır. Kompleksi əhatə edən Heydər
Əliyev adına mədəniyyət evinin, mərkəzi
kitabxananın, uşaq kitabxanasının dam örtüyü
dəyişdirilmiş, fasadları təmir olunmuş, eləcə
də rayon icra hakimiyyətinin inzibati binasında yenidənqurma
işləri aparılmışdır.
İsmayıllıda
2008-ci ildə kənd təsərrüfatı məhsullarının
istehsalında yüksək artım müşahidə
olunmuşdur. Əvvəlki illə müqayisədə 11865
ton çox dənli və dənli-paxlalı bitkilər
istehsal olunmuşdur. Ümumilikdə isə son 5 ildə rayonda
kənd təsərrüfatı məhsulları istehsalı
62,4 faiz artmışdır.
İsmayıllının
qışı sərt keçir. Bu baxımdan ötən illərdən
qalan müəyyən problemlər həll edilmiş,
İsmayıllı şəhərinin bir sıra küçələrində
və Mican kəndində qaz kəmərləri təzələnmiş,
rayon mərkəzinin digər ərazilərinə polietilen
borularla qaz xətti çəkilməsi üçün layihə-smeta
sənədləri hazırlanmışdır. Artıq həmin
küçələrdə təmir işləri başa
çatmışdır. Eyni zamanda rayon mərkəzinin qazla
zəif təmin olunan hissəsinin və İsmayıllı-Başqal
istiqamətində kəndlərin qaz təminatını
yaxşılaşdırmaq üçün
İsmayıllı şəhərində avtomat
qazpaylayıcı stansiya tikilib istismara verilmiş,
Kürdmaşı kəndində yerləşən
qazpaylayıcı stansiya işlək vəziyyətə gətirilmiş,
Kürdmaş - Uştalqışlaq - Mollaisaqlı
daşıyıcı qaz kəməri təmir edilmiş,
Uştalqışlaq, Hacıhətəmli və Mollaisaqlı
kəndlərinə təbii qazın verilməsi bərpa
olunmuşdur. Bunlarla yanaşı, qeyd etmək lazımdır
ki, qaz təminatı ilə əlaqədar bir çox kəndlərdə
təmir - bərpa işləri görülsə də, əksər
yerlərdə qazın təzyiqi aşağıdır.
İsmayıllı Rayon
Paylayıcı Elektrik Şəbəkəsinin xidməti ərazisində
olan hava xətlərində və yarımstansiyalarda da bir
sıra əsaslı və cari təmir işləri
aparılmışdır. Hava xətlərində 106 dəmir-beton
dirək basdırılmış, 7,5 kilometr uzunluğunda xətt,
eləcə də zədələnmiş 16 transformator əsaslı
təmir olunmuş, Talıstan, Əhən, Cülyan kəndlərində
və İsmayıllı şəhərində yeni
transformator yarımstansiyalar
quraşdırılmışdır. Rayonun dağ kəndlərini
elektrik enerjisi ilə təmin etmək üçün hava xətlərinin
çəkilməsi davam etdirilir. Artıq Lahıc qəsəbəsinə
çəkilmiş 8,5 kilometr uzunluğunda yeni 10 hava xətti
istismara verilmişdir.
İsmayıllının
yerləşdiyi coğrafi şərait rayonda turizmin
inkişafına geniş perspektivlər açır. Qədim
mədəniyyət mərkəzi olan Lahıc qəsəbəsindəki
tarixi abidələr xarici turistləri daha çox cəlb
edir. Elə bu məqsədlə son illər Lahıc qəsəbəsinin
tarixi görkəminin bərpa olunması ilə əlaqədar
müvafiq işlər görülmüşdür. Ümumilikdə
tarix və mədəniyyət abidələrinin qorunub saxlanılması,
bərpası ilə əlaqədar görüləsi işlər,
eləcə də xarici və yerli turistlərin
marağına səbəb olan marşrutların - Lahıc və
Başqal qəsəbə qoruqları ərazisində olan
tarix və mədəniyyət abidələrinin, Qız
qalası, Cavanşir qalası, rayon mərkəzində yeni tikilmiş
Heydər Əliyev Muzeyi, tarix-diyarşunaslıq muzeyi, XIX əsrə
aid olan məscidin və digər tarix və mədəniyyət
abidələrinin siyahısı müəyyənləşdirilərək
Mədəniyyət Nazirliyinə təqdim olunmuşdur.
Telman NƏZƏRLİ
Azərbaycan.-2009.-1 yanvar.-S.5.