Azərbaycanın hərbi qüdrəti gündən-günə artır

 

Azərbaycanın dinamik iqtisadi inkişafı ölkənin hərbi qüdrətinin daha da artmasına, bu sahədə regionun lider dövlətinə çevrilməsinə, texniki xarakterli müdafiə ehtiyaclarının öz potensialı hesabına ödəməsinə də səbəb olmuşdur. Bu baxımdan, yola saldığımız 2008-ci il Azərbaycanın müdafiə qabiliyyətinin daha da güclənməsi ilə xarakterizə edilməkdədir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Prezident İlham Əliyev Azərbaycan xalqına təbrik nitqində bununla bağlı bildirmişdir: "2008-ci ildə ordu quruculuğu üçün lazımi tədbirlər görülübdür. Bizim bütün hərbi xərclərimiz 2 milyard dollara çatıbdır və 2009-cu ildə bu rəqəm daha da artacaqdır. Biz bunu edirik, bunu etməliyik, çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyibdir. Müharibənin birinci mərhələsi başa çatıb və biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı istənilən yolla işğalçılardan azad edək. 2008-ci ildə keçirilən hərbi parad bizim hərbi gücümüzü hamıya göstərdi".

Ötən il ərzində də uğurla davam etdirilən ordu quruculuğu prosesi və ölkəninin müdafiə qabiliyyətinin yüksəldilməsi istiqamətində atılan addımlar hərbi sənaye kompleksinin inkişafında yeni mərhələnin başlanmasına səbəb olmuşdur. Bunun nəticəsidir ki, Azərbaycan ordunun maddi-texniki təminatında artıq xarici ölkələrdən idxalı azaltmaq kursunu götürmüş və zəruri hərbi texnikanın bir çoxunun daxildə istehsalına başlamışdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın müdafiə sənayesinin yaradılması üçün lazımi tədbirlər görülmüş və qısa müddətdə ölkəmizin hərbi gücünü artıran müəssisələr yaradılmışdır. 1970-80-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə tikilən hərbi zavodlar yenidən qurulmuş və işğal altında olan torpaqlarımızı erməni qəsbkarlarından azad etmək üçün lazımi şərait yaradılmışdır. Bu proses indi də davam etdirilməkdədir.

Müasir tələblərə cavab verən hərbi-sənaye kompleksinin yaradılması istiqamətində işlərin uğurla davam etdirilməsi nəticəsində artıq Azərbaycan daha çox çeşiddə hərbi texnikanın və digər ləvazimatların istehsalına hazırlaşır. Bunun üçün isə ölkədə bütün lazımi resurslar, o cümlədən kadr potensialı, istehsal müəssisələri formalaşdırılıb. Bu siyasət nəticəsində indi Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin tabeliyndə olan "Telemexanika", "Peyk", "Alov" kimi zavodlar və digər müəssisələr fəaliyyət göstərir. Onların istehsal gücü isə artan xətt üzrə inkişaf etməkdə və müasir tələblərə uyğunlaşdırılmaqdadır. Ötən il iyunun 25-də Prezident İlham Əliyevin "Alov" zavodunun açılışı mərasimində iştirakı zamanı bu istiqamətdə verdiyi tövsiyələr və konkret tapşırıqlar isə öz nəticəsini verməkdədir. Həmin vaxt "Motodor" və "Morodor" tipli müasir zirehli texnikanın Azərbaycanda istehsalına dair ölkə Prezidentinin tövsiyələrindən sonra indi həmin maşınların ölkəmizdə seriyalı şəkildə buraxılışına hazırlıq gedir. Artıq bununla bağlı Azərbaycan və Cənubi Afrika Respublikası arasında müqavilə bağlanılıb. Bu məqsədlə elektron hesablama maşınları zavodu istehsal üçün tam hazır vəziyyətə gətirilib.

Azərbaycanın hərbi qüdrətinin artırılması üçün ölkənin strateji tərəfdaşı sayılan dövlətlərlə, o cümlədən qardaş Türkiyənin hərbi-sənaye kompleksinə aid şirkətlərlə də danışıqlar aparılır. Bunun nəticəsidir ki, Türkiyənin "Roketsan" şirkəti ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin "İqlim" Elmi-İstehsalat Müəssisəsi arasında birgə məhsul istehsalına dair razılaşma əldə olunub. Türkiyə Müdafiə Sənayesi Müştəşarlığı beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Lütfi Varoğlunun məlumatına görə, razılaşmaya əsasən, bu ilin mart ayından "Roketsan" və "İqlim" birlikdə 107 millimetr və 122 millimetr çapında Çoxlüləli Raketatar Silah Sisteminin (ÇNRA) birgə istehsalını həyata keçirəcək. Lütfi Varoğlu onu da bildirib ki, artıq bu silah sistemlərinin birgə istehsalına dair icazələr alınıb və razılaşma əldə olunub. Sözügedən silah sisteminin qəlibləri, həmçinin raketburaxıcı sistemlər və bəzi detallar "İqlim"də, raketlər isə "Roketsan"ın Türkiyədəki fabriklərində istehsal ediləcək. 107 mm ÇNRA topçu və piyada birliklərində gecə və gündüz, hər cür hava şəraitində istifadə edilən silah sistemidir. TR-107 və TRB-107 adlı iki döyüş başlıqlı raketlərlə 11 kilometr məsafədəki hədəfləri məhv etmək mümkündür.

"Roketsan"la yanaşı, Türkiyənin daha bir aparıcı şirkəti sayılan "Aselsan"la da Azərbaycanın işbirliyi güclənməkdədir. Bu danışıqların yekunu olaraq atıcı silahların, elektronika sahəsində gecəgörmə cihazlarının və digər texnikanın birgə istehsalına başlanması gözlənilir.

Azərbaycanın hərbi qüdrətinin artırılmasında daha bir yenilik isə yaxın illərdə aviasiya bombalarının da ölkə daxilində istehsalına başlanması ilə bağlıdır. Bunun üçün Pakistanla müvafiq danışıqlar aparılıb və oradan ölkəmizə xüsusi texnologiya gətiriləcəyi bildirilir. Hazırda dünyanın ən güclü ordularından birinə malik Pakistan aviasiya sənayesində də böyük nailiyyətlər əldə edilib və bu sahədə qabaqcıl texnologiyaya malikdir. Ancaq hərbi hava qüvvələrinin daha da gücləndirilməsi istiqamətində görülən işlər bununla yekunlaşmır. Gələn ildən etibarən, Azərbaycan həm də pilotsuz kəşfiyyat təyyarələrinin istehsalına başlamağa hazırlaşır. Müdafiə sənayesi naziri Yavər Camalov bununla bağlı qeyd edir: "Artıq ölkənin hərbi qüdrəti pilotsuz kəşfiyyat təyyarələrini də istehsal etməyə imkan verir. 2009-cu ildə biz pilotsuz təyyarələrin istehsalını nəzərdə tutmuşuq. Sonrakı mərhələdə bu istiqamətdə işlər görəcəyik". Hazırda belə təyyarələr dünyanın ən güclü ordularında, məsələn, ABŞ, Rusiya, Çin, İsrail silahlı qüvvələrində geniş istifadə olunur. Kəşfiyyat məlumatlarının toplanmasında, canlı itkilərin sayının minimuma endirliməsində bu növ təyyarələr əvəzsizdir.

Azərbaycan Silahlı Qüvvələri üçün daha bir yenilik isə tank və artilleriya silahlarının döyüş sursatlarının istehsalına hazırlıq görülməsidir. Hazırda belə sursatların bir hissəsini xarici dövlətlərdən alan Azərbaycan indi onun istehsalına başlamaqla həm külli miqdarda vəsaitə qənaət etmiş olur, həm də bu məhsulların daha böyük ehtiyat bazasını yaratmaq imkanı əldə edir. Ən vacib yeniliklərdən biri isə orduda istifadə olunan əsgəri texnikanın, o cümlədən PDM (piyadaların döyüş maşını) və ZTR -lərin (zirehli transportyor) modernləşdirilməsinin artıq ölkə daxilində həyata keçirilməsidir. Bundan əvvəl Azərbaycan həmin texnikanın modernləşdirilməsini əsas etibarı ilə Ukrayna və Rusiya zavodlarında həyata keçirirdi və həmin ölkələrə böyük miqdarda vəsait ödəyirdi. Ancaq ölkə rəhbərliyinin bu istiqamətdə uzaqgörən siyasəti və görülən konkret işlər arıtq həmin vəsaitin Azərbaycanda qalmasına gətirib çıxarır, digər tərəfdən isə zirehli texnikanın modernləşdirilməsinin ölkə daxilində həyata keçirilməsi bu məqsədlə daha az vəsaitin ayrılmasına səbəb olur. Müdafiə sənayesi naziri Yavər Camalovun sözlərinə görə, hazırda modernləşdirilmə işləri Bakı Cihazqayırma Zavodu ilə nazirliyin Elmi Tədqiqat İnstitutunun sınaq zavodu tərəfindən həyata keçirilir. Görülən işlər nəticəsində bundan sonra digər qoşun növlərində istismar müddəti başa çatan hərbi maşınlar təhvil alınaraq modernləşdiriləcək, müasir standartlara uyğunlaşdırılacaq.

Azərbaycan yaxın illərdə aviasiya bombalarının istehsalına başlamağı da düşünür. Yavər Camalovun sözlərinə görə, ən geci 2016-cı ilə qədər səmada Azərbaycan istehsalı olan hərbi helikopterləri də görmək mümkün olacaq. Hələlik iqtisadi cəhətdən səmərəli olmadığına görə bu işə başlanılmayıb. Müdafiə Sənayesi Nazirliyi qarşıdakı 2 ildə 53 obyektin yenidən qurulmasını da nəzərdə tutub. Bu işlər çərçivəsində Bakı ilə yanaşı, Gəncə, Xaçmaz, Naxçıvanda da yeni hərbi sənaye müəssisələri yaradılacaq. Müdafiə sənayesi naziri bununla əlaqədar qeyd edir: "Artıq 8 obyektin smeta sənədləri işlənilir. Aprel ayına qədər bu, tamamlanacaq və işə başlayacağıq. Bu, vəsaitin həcmindən asılı olacaq. Bu, 8 də ola bilər, 15 də ola bilər. Büdcədə tikintinin ayrılması bölməsində 548 milyon manat vəsait nəzərdə tutulub. Layihələr təqdim olunandan sonra bu həcmdə vəsait ayrılacaq".

Azərbaycanın istehsal etdiyi hərbi sənaye məhsulları dünya standartlarına tam cavab verdiyindən bundan sonra ölkəmiz hərbi sərgilərə artıq ziyarətçi statusu ilə deyil, iştirakçı kimi qatılacaq. Azərbaycan bu statusla ilk dəfə 2009-cu ildə Türkiyədə keçiriləcək hərbi sərgidə təmsil olunacaq. Qeyd edək ki, Azərbaycan hazırda 444 adda hərbi sənaye məhsulu istehsal edir.

Beləliklə, Azərbaycanın hərbi sənaye kompleksinin inkişafında indi olduqca vacib bir mərhələ başlanmaq üzrədir. Perspektivdə isə bu siyasətin davamı olaraq Azərbaycanın müasir ağır texnikanın və digər növ silahların istehsalına başlayacağı şübhə doğurmur. Bu, Azərbaycanın artıq MDB məkanında hərbi təhcizat baxımından da ən güclü orduya malik ölkə statusunun daha da möhkəmləndirilməsinə imkan verir.

Əlbəttə ki, Azərbaycanın hərbi qüdrəti region ölkələri arasında daha çox Ermənistanı narahat etməkdədir. Elə bu səbəbdən Ermənistan mediası Azərbaycanın hərbi-sənaye kompleksinin inkişafına xüsusi diqqət yetirir və bu sahədə rəqabətə tab gətirə bilməyəcəklərini etiraf edir. "Mediamaks" agentliyində yer alan məlumata görə, Ermənistanın Kollektiv Təhlükəsizlik haqda Müqavilə Təşkilatı çərçivəsində imzalanan razılaşmalar əsasında Rusiyadan aşağı qiymətlərlə aldığı silahlar da bu sahədə rəqabətdə pariteti qoruyub saxlaya bilməyəcək. Çünki daxildə müxtəlif növ silah istehsalına başlamaq daha əlverişli və iqtisadi cəhətdən səmərəli sayılır.

Bütün bunlar Azərbaycan və Ermənistan arasında hərbi güc fərqinin daha kəskin şəkildə fərqlənməsinə gətirib çıxarmaqda, sonuncunun ölkəmizin hərbi qüdrəti qarşısında qətiyyən duruş gətirmək imkanında olmadığını göstərməkdədir. Belə vəziyyət isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivini daha da yaxınlaşdırır və tələb olunacağı təqdirdə rəsmi Bakı tərəfindən nizamlama prosesinin hərbi müstəviyə keçiriləcəyini də istisna etmir.

 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Prezident İlham Əliyevin xalqa təbrikində bununla əlaqədar qeyd edilir: "Bütün dünya ictimaiyyəti Azərbaycanı dəstəkləyir və mən şübhə etmirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaqdır. Bunun başqa yolu yoxdur. Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt Dağlıq Qarabağa müstəqillik verməyəcəkdir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və biz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün bütün səyləri göstərəcəyik. Həm siyasi, həm diplomatik və lazım gələrsə, hərbi üsullardan da istifadə etmək olar. Bu haqq bizdə var. Beynəlxalq hüquq bunu təmin edir".

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.-2009.-6 yanvar.-S.1.