Azərbaycanın pravoslav xristian icmasına
Hörmətli həmvətənlər!
Sizi - Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə ürəkdən təbrik edir, bu əziz gündə hamınıza ən xoş arzularımı yetirirəm.
Bu gün dünyada tolerantlıq örnəyi kimi səciyyələndirilən çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində bütün xalqlar, etnik-dini icmalar qarşılıqlı hörmət və etimad şəraitində, əmin-amanlıq mühitində yaşayıb fəaliyyət göstərirlər. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, ölkəmizin tam hüquqlu vətəndaşları olan pravoslav xristian icması öz dil və mədəniyyətini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaqla, milli-dini bayram və mərasimlərini azad və sərbəst şəkildə icra edir, Azərbaycanda gedən böyük quruculuq işlərində, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində vətəndaşlıq borcunu layiqincə yerinə yetirir.
İsa peyğəmbərin mövludu ilə əlamətdar olan və bəşər sivilizasiyasında yeni bir tarixi mərhələnin əsasını qoyan Milad günü bütün dünyada olduğu kimi, Azərbaycanda da hər il pravoslav xristian icması tərəfindən təntənə ilə bayram edilir. Yeniliyin, əmin-amanlığın, şəfqət və mərhəmət duyğularının rəmzi olan bu nurlu bayram münasibətilə bir daha hər birinizə xoşbəxtlik, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
5 yanvar 2009-cu il
Azərbaycan.-2009.-6 yanvar.-S.1.