Konstitusiyaya əlavələr dəyişikliklər edilməsi zamanın tələbidir

 

12 noyabr 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanıb qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğu sahəsində ölkəmizin gələcək inkişafına demokratik imkanlar yaradan, mühüm hüquqi və siyasi əhəmiyyətə, bəşəri dəyərlərə malik bir sənəd olduğunu ötən illər ərzində sübut etmişdir.

Ölkəmizdə demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, sosial-iqtisadi, mədəni nailiyyətlərin təmin edilməsi, insanlara azad, sərbəst seçim imkanlarının yaradılması, dövlət və cəmiyyət həyatında qanunların aliliyinin təminatı Konstitusiyamızda şərh olunan müddəaların tələblərindən irəli gəlir və müəyyən zaman çərçivəsində bu müddəalara əməl olunması dövlətimizə daxildə olduğu kimi, beynəlxalq aləmdə də böyük nüfuz qazandırmışdır.

Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və xalqımızın birgə səyləri ulu öndərin ideyalarının yenilməzliyini, bəşəri mahiyyətini bütün dünyaya nümayiş etdirməklə bərabər, həm də ölkəmizə böyük fayda vermişdir.

Sosial-iqtisadi, mədəni sahələrdə qazanılan nailiyyətlər, regionların sürətli inkişafı, insanların rifah halının gündən-günə yaxşılaşdırılması, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, ölkəmizin dünyaya inteqrasiyası istiqamətində atılan addımlar uğurlarımızın tərkib hissəsidir.

Azərbaycan gündən-günə şöhrətlənir, yeniləşir və yüksəlir. Sürətli inkişaf həyatımızın bütün sahələrində əsaslı islahatların həyata keçirilməsini zərurətə çevirir.

Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi də bu inkişafın, yeniləşmənin, zamanın tələbidir. Dünyada baş verən hadisələr, ölkəmizin sosial-iqtisadi, siyasi inkişaf kursunun daha mükəmməl həyata keçirilməsi, vahid və davamlı siyasətin yeridilməsi, milli maraqlarımızın və mənafelərimizin tam təmin olunması, demokratik təsisatların genişləndirilməsi indi bu tələbləri reallaşdırmışdır.

Konstitusiyaya əlavə və dəyişikliklər edilməsinin mahiyyəti aydındır. İrəli sürülən mühüm müddəalar xalqın və dövlətin mənafeyinə, insanların hüquq və azadlıqlarının daha etibarlı təminatına, gələcək sürətli inkişafımıza xidmət edir. Konstitusiyanın 25, 32, 48, 50, 67, 71-ci maddələrinə edilmiş əlavə və dəyişikliklər bu baxımdan xarakterik və əhəmiyyətlidir.

Dövlət rəmzlərinə hörmət hər bir vətəndaşın borcudur. 75-ci maddəyə ikinci bir bəndin "Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur" sözlərinin əlavə edilməsi qanunauyğundur, vacibdir və mənəvi-əxlaqi dəyərlərə əsaslanır.

Konstitusiyanın 101-ci maddəsinin beşinci bəndində ifadəsini tapan "Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz" müddəası fikrimcə, həqiqətən, demokratik prinsiplərə uyğun deyildi, xalqın iradəsinin ifadəsini məhdudlaşdırır, insanların seçim istəyinə qarşı qoyulurdu. Belə bir müddəanın Konstitusiyadan çıxarılması xalqın, əksər seçicilərin fikridir. Sözsüz ki, referendum keçirilməsi zamanı bu fikirlər, təkliflər həqiqətə çevriləcəkdir. Öz vəzifəsini şərəflə yerinə yetirən, xalqın etimadını qazanan, seçicilərin dəstəyini alan prezidentin yalnız iki dəfə deyil, uzun müddətə prezident seçilməsi xalq, ölkə və cəmiyyət üçün faydalıdır. Bu, ölkəyə, eyni zamanda, vətəndaşlara ancaq xeyir gətirər. Bu baxımdan, 101-ci maddə yeni redaksiya da uğurlu alınmışdır və bu günün, müharibə şəraitində yaşayan bir ölkənin reallıqlarını özündə əks etdirir.

Konstitusiyanın 146-cı maddəsində edilmiş əlavələri də əhəmiyyətli hesab edirəm. Bu, bələdiyyələrin müstəqilliyinin təminatı ilə əlaqədar mühüm əlavələrdir.

Bələdiyyələrin keçdiyi yol, əldə olunan nəticələr, yerli özünüidarəetmə orqanlarının fəaliyyətində özünü göstərən müəyyən meyillər bu zərurəti doğurmuşdur. Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi əlbəttə ki, Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz.

Bələdiyyələrin fəaliyyətinə dövlətin nəzarəti də vacibdir. Həm də müəyyən edilmiş hallarda və qaydada bələdiyyələrin öz fəaliyyəti barədə Milli Məclisə hesabat verməsini müsbət qiymətləndirirəm. Bu əlavələr yerli özünüidarəetmə orqanlarının öz seçiciləri, insanlar qarşısında məsuliyyətinin artırılmasına, onların fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir.

Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi haqqında Referendum Aktı ölkəmizin və xalqımızın inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızın təmin olunması baxımından əhəmiyyətli bir sənəddir. Bu sənədin qəbulu və xalqın müzakirəsinə verilməsi vacibdir.

 

 

Tahir RZAYEV,

Milli Məclisin deputatı

 

Azərbaycan.-2009.-6 yanvar.-S.3.