Konstitusiya islahatı cəmiyyətin sosial sifarişidir

 

Geridə qoyduğumuz 2008-ci il iqtisadi və mədəni sferalarda olduğu kimi, ölkəmizin siyasi həyatnda da möhtəşəm nailiyyətlərlə əlamətdar oldu. Təbii ki, keçən ilin ən mühüm siyasi hadisəsi son dərəcə demokratikliyi və şəffaflığı ilə ölkəmzin seçki tarixinə yazılan prezident seçkiləri idi. Seçkilərdə yüksək fəallıq nümayiş etdirən Azərbaycan xalqı cənab İlham Əliyevi bir daha dəstəkləməklə ulu öndər Heydər Əliyevin ideyalarının davamına səs verdi. Bu seçki bir daha göstərdi ki, cəmiyyətimizdə Heydər Əliyevin ideyalarının alternativi yoxdur.

Uzun müddət idi ki, ölkə ictimaiyyətinin geniş müzakirə predmetinə çevirdiyi Konstitusiya islahatları ilə bağlı təşəbbüsə də aydınlıq gətirilməsi 2008-ci ilin mühüm siyasi hadisəsi idi. 2008-ci ilin axırlarına doğru Konstitusiya islahatları ilə bağlı müzakirələr daha da intensivləşdi və Milli Məclisin payız sessiyasının son iclaslarında "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsi müzakirəyə çıxarıldı.

Konstitusiya islahatı və bununla bağlı referendum keçirilməsi təklifi ilk dəfə Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında deputat, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov tərəfindən irəli sürüldü. Əli Əhmədovun təklifi Konstitusiyanın 101-ci maddəsinin beşinci hissəsi ilə bağlı idi. Parlamentdə müzakirə zamanı Əli Əhmədov ölkəmizdə prezidentin iki dəfədən artıq seçilməsinə qoyulan Konstitusiya məhdudiyyətinin aradan qaldırılması təşəbbüsü ilə çıxış etdi. Onun sözlərinə görə, Azərbaycanda prezidentin səlahiyyət müddəti ilə əlaqədar gedən müzakirələrin nəticəsində ortaya çıxan reallıq ondan ibarətdir ki, ölkə vətəndaşlarının mütləq əksəriyyəti bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasının tərəfdarıdır. Əslində, bir şəxsin iki müddətdən artıq prezident seçilməsinə məhdudiyyətin qoyulması bir yandan vətəndaşın, bütövlükdə xalqın seçmək hüququnu məhdudlaşdırır. Belə məhdudiyyətin tətbiqi xalqın öz iradəsini tam şəkildə ifadə etməyə imkan vermir. Əli Əhmədov bir tərəfdən ictimai müzakirələrin nəticələrinə istinad edərək, digər tərəfdən YAP üzvü olan deputat çoxluğunun fikrini bildirərək bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması üçün referendum keçirilməsi ilə bağlı məsələnin Milli Məclisin gündəliyinə salınmasını və müzakirələrdən sonra referendum keçirilməsinə dair parlamentdə qərar qəbul olunmasını təklif etdi.

Həmin iclasda çıxış edən deputatlar Azərbaycanda Prezidentin iki dəfədən artıq seçilməsi ilə bağlı məhdudiyyətin aradan qaldırılması barədə təklifi dəstəklədilər. Deputat Zahid Oruc bildirdi ki, Konstitusiyadan bu müddəanın götürülməsi demokratik prinsiplərə tam uyğundur və bu addım həm də Konstitusiyanın təkmilləşdirilməsinə xidmət edəcəkdir. Deputat Siyavuş Novruzovun fikrincə isə əgər hakimiyyətin mənbəyi xalqdırsa, onun seçim baryerini əlindən almaq olmaz. Xalqın seçim hüququna hörmətlə yanaşmaq lazımdır. Konstitusiyada prezidentin iki dəfədən artıq seçilməsi ilə bağlı məhdudiyyət isə xalqın seçiminə qarşı olan məsələdir. Deputat Mübariz Qurbanlı çıxışında dedi ki, prezidentin iki dəfədən artıq seçilməsi ilə bağlı məhdudiyyətin aradan qaldırılması cəmiyyətdən gələn təklifdir. Onun sözlərinə görə, istənilən ölkədə Konstitusiyaya zaman-zaman dəyişikliklər edilir. Azərbaycanın indiki Konstitusiyası 1995-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb. Amma 1995-ci ildən indiyədək Azərbaycan cəmiyyəti böyük inkişaf yolu keçib və Konstitusiyaya dəyişiklik etmək zərurəti yaranıb. Mübariz Qurbanlının sözlərinə görə, prezidentin iki dəfədən artıq seçilməsi ilə bağlı məhdudiyyətin aradan götürülməsi ilə bağlı təklifin əleyhinə olanlar anlamalıdırlar ki, bu, xalqın istəyidir.

Cari məsələlər üçün ayrılmış vaxtın sonunda spiker Oqtay Əsədov Konstitusiyaya dəyişikliklərlə bağlı bütün təkliflərin daimi komissiyalarda baxılmasını təklif etdi. Təklif deputatlar tərəfindən dəstəkləndi.

Milli Məclisin Sədri Oqtay Əsədovun tapşırığı əsasında bu məsələ ilə bağlı yaradılan işçi qrup qısa zaman kəsiyində "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsini hazırladı. Layihə dekabrın 18-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri və İnsan hüquqları daimi komissiyalarının birgə iclasında müzakirə edildi. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov bildirdi ki, 1995-ci ildə ümumxalq referendumu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunub, 2002-ci ildə isə ona çox əhəmiyyətli əlavələr və dəyişikliklər edilib. Amma Azərbaycanın siyasi, iqtisadi inkişafı, sürətlə həyata keçirilən islahatlar, bu islahatların iqtisadi islahatlarla paralel keçirilməsi, demokratik inkişaf sahəsində əldə edilən uğurlar bu gün Konstitusiyaya bir daha nəzər salmağı, Əsas Qanunu daha da təkmilləşdirməyi zərurətə çevirib. Amma qarşımızda duran ən vacib vəzifə Azərbaycan dövlətinin Konstitusiya əsaslarını möhkəmləndirməkdən ibarətdir. Bugünkü ictimai-siyasi vəziyyət, mövcud şərait konstitusion əsasları daha da möhkəmləndirməyi zəruri edir.

Referendum Aktı layihəsi barədə ətraflı məlumat verən Əli Hüseynovun sözlərinə görə, əlavə və dəyişikliklər Konstitusiyanın insan hüquqları və azadlıqları hissəsində hüquqların təminatını daha da genişləndirir. Bunun bariz nümunəsini 17-ci maddəyə edilən əlavələrdə görmək olar. Dövlət rəmzlərinə hörmət məsələsi hər zaman aktual olub. Layihədə 75-ci maddəyə II hissə kimi əlavə edilən "Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur" müddəasının Konstitusiyada əksini tapması mühüm məsələdir. Layihənin qanunvericilik hakimiyyəti bölməsindəki düzəliş də maraq doğururdu. Konstitusiyanın 84-cü maddəsinin I hissəsinə bu məzmunda əlavə edilirdi: "Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir".

Milli Məclisin Nizamnaməsində iclasların qapalı və açıq keçirilməsi məsələsi öz əksini tapıb. Amma bu məsələnin Konstitusiyada öz əksini tapması mühüm əhəmiyyət kəsb edir. Ona görə 88-ci maddəyə aşağıdakı məzmunda IV hissə əlavə olunması təklif olunurdu: "Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının iclasları açıq keçirilir. Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə Azərbaycan Respublikası Milli Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər".

92-ci maddədə nəzərdə tutulan dəyişiklik isə uzun müddətdir deputatlar tərəfindən səsləndirilən bir məsələnin həlli idi. Məlumdur ki, parlamentdə daimi komissiyalar fəaliyyət göstərir. Ötən çağırışlarda deputatlar Konstitusiyaya "komitə" sözünün də əlavə edilməsini təklif ediblər. Əli Hüseynovun sözlərinə görə, bu, çox əhəmiyyətli və bir çox ölkələrin parlament ənənələrinə uyğun olan bir məsələdir.

Layihəyə əsasən 95-ci maddəyə bir neçə mühüm dəyişiklik tətbiq edilirdi. Bunlardan biri "bələdiyyələrin hesabatlarının dinlənilməsi" məzmununda 20-ci bənd idi. Bu, Milli Məclisin səlahiyyətlərinin artırılması ilə bağlı əhəmiyyətli bir məsələdir. Əlbəttə, bələdiyyələr müstəqildir, amma onların məhz parlamentdə hesabat verməsi məsələsi həm hesabatlıq baxımından, həm də bütövlükdə demokratik islahatlar baxımından əhəmiyyətli bir addımdır.

Layihə əsasən 96-cı maddədə I hissəyə "Ali Məhkəməsinə" sözlərindən sonra "Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına" sözləri, II və IV hissələrinə "Ali Məhkəməsinin" sözlərindən sonra "Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının" sözləri əlavə edilmişdi. İclas zamanı Əli Hüseynov bu maddə ilə bağlı bildirmişdi ki, Azərbaycanda demokratiyanın inkişafının indiki mərhələsində bu, bizim demokratik inkişafa verdiyimiz çox mühüm töhfə ola bilər. Bu, siyasi islahatlar baxımından da əhəmiyyətli bir dəyişiklik kimi qiymətləndirilə bilər.

Komissiya sədri daha sonra Konstitusiyanın icra hakimiyyəti ilə bağlı hissəsinə təklif olunan əlavə və dəyişikliklər barədə məlumat verərək demişdi ki, Azərbaycan dövlətinin indiki inkişaf, iqtisadi-siyasi, demokratik islahatlar mərhələsində xalqımızın yüksək təfəkkürü və formalaşmış müasir siyasi mədəniyyəti istənilən formal bir məhdudiyyəti istisna edir. Bütün tarixi sınaqlardan və çaxnaşmalardan uğurla çıxmış Azərbaycan xalqının buna həm haqqı var, həm də siyasi mədəniyyəti kifayət qədərdir.

Milli Məclisin Sədri Oqtay Əsədov tərəfindən Konstitusiyanın 101-ci maddəsinin V hissəsinin başqa bir formada verilməsi ilə bağlı işçi qrupuna təklif daxil olmuşdur. 101-ci maddənin V hissəsinin bu redaksiyada ifadə edilməsi təklif olunur: "V. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir".

108-ci maddənin mövcud mətninin I hissə hesab edilməsi və maddəyə aşağıdakı məzmunda II hissənin əlavə edilməsi təklif olunurdu: "II.Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminat qaydaları Konstitusiya qanunu ilə müəyyən edilir". Bu, eks-prezident institutunun Konstitusiya qanunu ilə müəyyənləşdirilməsini ehtiva edir.

Bundan başqa, layihədə Milli Bankla əlaqədar olaraq "Milli" sözünün "Mərkəzi" sözü ilə, Prezidentin İcra Aparatı ilə əlaqədar olaraq "İcra Aparatı" sözlərinin "Administrasiyasının" sözü ilə əvəz olunması təklif edilirdi.

Dəyişikliklərin bir qismi məhkəmə hakimiyyəti ilə bağlı idi. Konstitusiyada məhkəmə qərarlarının icrasının vacibliyi xüsusi olaraq qeyd olunur. Amma Konstitusiyanın 129-cu maddəsinin icrası ilə bağlı problemlər meydana çıxır. 129-cu maddəyə təklif edilən əlavələrlə məhkəmə qərarlarının icrasının konstitusion təminatını gücləndirir. 130 və 131-ci maddələrə təklif edilən əlavələrlə Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin qərarlarının dərc edilməsi Konstitusiyada əksini tapır.

Həmin iclasda Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri Konstitusiya islahatı kimi dəyərləndirən Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanovanın sözlərinə görə, ölkəmizdə ictimai siyasi, iqtisadi, sosial gerçəklikdə baş verən keyfiyyət dəyişiklikləri, siyasi modernləşmənin vüsəti bu gün məhz hüquqi gerçəklikdə də əhəmiyyətli dəyişikliklərin edilməsi zərurətini yaradır. Ona görə Konstitusiyada bir sıra müddəaların daha da təkmilləşdirilməsi bir tarixi zərurətə çevrilmişdir. Konstitusiya islahatı, əslində, yeni Konstitusiyanın qəbulu və ya Konstitusiya qanunlarının təftişi demək deyildir. Bu, Konstitusiyada öz əksini tapmış müddəaların daha da genişləndirilməsinə, insan hüquq və azadlıqlarının təminatına geniş şərait yaradılmasına əsas verən bir amildir. Konstitusiya təkcə bir hüquqi akt deyil, həm də ideoloji sənəddir, milli qanunvericiliyimizin mənbəyidir. Ona görə də bu sənədə edilən hər hansı bir dəyişiklik çox ciddi yoxlanılmalı və münasibət bildirməlidir.

Rəbiyyət Aslanovanın sözlərinə görə, 1995-ci ildən bugünə kimi Azərbaycanın ictimai-siyasi, sosial, mədəni həyatında baş verən dəyişikliklərə uyğun olaraq Konstitusiyada dəyişikliklərin edilməsi zərurətə çevrilib. Dövrün öz çağırışı var və bu, Konstitusiya islahatını zəruri edir. Biz bu islahata getməliyik, cəmiyyətimiz həmin dəyişikliklərə hazırdır. Yeni bir mərhələyə qədəm qoymuşuq. Bu gün Azərbaycan Konstitusiyasının təftişə ehtiyacı yoxdur, biz Əsas Qanunumuzu dəyişdirmirik. Biz sadəcə, Konstitusiyamızda olan müddəaları dövrün, zamanın tələbinə, milli və beynəlxalq qanunvericiliyin müddəalarına uyğun olaraq mükəmməlləşdirməyə çalışırıq. İnsan hüquq və azadlıqlarına gəldikdə isə, ilk növbədə, hər bir Azərbaycan vətəndaşının hüquqları ilə yanaşı, həm də Azərbaycan Prezidentinin hüquqlarının təmin olunması məsələsi təklif olunan dəyişikliklərdə öz əksini tapır. Azərbaycan vətəndaşı bu gün çox sabit bir cəmiyyətdə yaşayır. O, rəqabətə davamlı bir ölkənin vətəndaşıdır və böyük proqramları gerçəkləşdirən dövlət başçısının fəaliyyətinin davam etdirilməsi arzusundadır. Konstitusiya islahatı gələcəkdə Azərbaycan qanunvericiliyinin daha da təkmilləşdirilməsinə təkan verəcəkdir.

Müzakirələrdə hər iki komissiyanın üzvləri, həmçinin parlamentin digər komissiyalarının nümayəndələri Referendum Aktının layihəsinə dair rəylərini, təkliflərini bildirdilər. Layihədəki hər bir müddəa ətrafında geniş fikir mübadiləsi aparıldı. Vurğulandı ki, bu müddəaların hər biri Azərbaycan xalqının mənafeyinə xidmət edir. Deputatların qənaəti belə oldu ki, bir şəxsin iki dəfədən artıq Azərbaycan Prezidenti seçilməsinin qanunla tənzimlənməsi ölkəmizdə vətəndaşların seçmək və seçilmək hüququnun məhdudlaşdırılmasını aradan qaldırar.

Parlamentin komissiyalarının birgə iclasında müzakirələr zamanı dəyərli fikirlərin söylənildiyini qeyd edən Milli Məclis Aparatının rəhbəri, işçi qrupun üzvü Səfa Mirzəyev dedi ki, məqsəd gələcəkdə Azərbaycan cəmiyyətində hüquqi baxımdan heç bir əyintiyə yol verməmək, xalqın hüquq və azadlıqlarını qorumaqdır.

İclasın sonunda layihəyə müsbət münasibət bildirən deputatların yekun qərarında "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında Referendum Aktı layihəsi" Konstitusiya Məhkəməsinə təqdim olunmaq üçün Milli Məclisin müzakirəsinə tövsiyə edildi.

Milli Məclisin dekabrın 19-da keçirilən iclasının gündəliyində "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi də var idi. Layihə ilə bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov ətraflı məlumat verdikdən sonra spiker Oqtay Əsədov Əsas Qanuna təklif edilən əlavə və dəyişikliklərin rəyi alınmaq üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsini təklif etdi. Deputatlar təklifi dəstəklədilər.

Konstitusiya Məhkəməsinin dekabrın 24-də keçirilən iclasında Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında təkliflərinə bu məzmunda rəy verildi: "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2008-ci il tarixli 745-IIIQR saylı qərarı ilə təqdim olunmuş Referendum Aktı layihəsində göstərilən təkliflər xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Respublikasının Konstitusiyasının ümumi müddəaları ilə ziddiyyət yaratmadığından və 155-ci maddəsinin tələblərinə uyğun olduğundan ümumxalq səsverməsinə - referenduma çıxarıla bilər". Konstitusiya Məhkəməsinin qərarı elan olunduğu andan qüvvəyə minmişdir.

Milli Məclisin dekabrın 26-da keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin (referendumun) keçirilməsi haqqında" Milli Məclisin qərarı qəbul edildi. Qərara əsasən Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarıldı. Referendumun keçirilməsi isə 2009-cu il martın 18-ə təyin edildi.

Artıq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası referendumun hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planını tərtib etmişdir. MSK-nın ötən il dekabrın 30-da keçirilən iclasında təqvim planı təsdiq edilmişdir. Plana əsasən Azərbaycan Respublikasının bütün ərazilərində müşahidə aparılmasına dair ərizələr referendumun elan edildiyi gündən başlayaraq səsvermənin keçirilməsi gününə 10 gün qalanadək, yəni, martın 8-dək MSK-ya, seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələr referendumun elan edildiyi gündən başlayaraq səsvermənin keçirilməsi gününə 5 gün qalanadək, yəni, martın 13-dək müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməlidir. Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan seçki sənədləri isə səsvermə gününə azı 45 gün qalana qədər, yəni, fevralın 1-i saat 18:00-dək müvafiq seçki komissiyasına təqdim olunmalıdır.

 

Təqvim planına əsasən məntəqə seçki komissiyaları seçicilərin tanış olması və dəqiqləşdirmələr aparması üçün seçici siyahılarını fevralın 11-dək təqdim edəcəklər. Referendumqabağı təşviqat işi fevralın 18-də başlayacaq, martın 17-si saat 8:00-da dayandırılacaqdır. Referendum üzrə səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatlar gün ərzində 5 dəfə veriləcəkdir.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2009.-6 yanvar.-S.3.