Referendum üzrə təşviqat
qrupunun qeydə alınması üçün seçici
imzalarının toplanması və müvafiq sənədlərin
seçki komissiyasına təqdim edilməsi qaydaları
haqqında Təlimat
Referendum üzrə təşviqat
qrupunun qeydə alınması üçün seçici
imzalarının toplanması və müvafiq sənədlərin
seçki komissiyalarına təqdim olunması qaydaları Azərbaycan
Respublikası Seçki Məcəlləsinin (bundan sonra -
Seçki Məcəlləsi) 57-ci, 65-ci, 66-cı və 68-ci
maddələri ilə və bu Təlimatla tənzimlənir.
I. Referendum üzrə təşviqat qrupunun
yaradılması üçün seçici imzalarının
toplanması
1.1. Müvafiq seçki
komissiyası referendum üzrə təşəbbüs
qrupunun yaradılması barədə bildirişin
alınmasına dair yazılı məlumatı həmin qrupa
təqdim etdiyi gündən referendum üzrə təşviqat
qrupunun yaradılması üçün seçici
imzalarının toplanmasına başlanıla bilər.
1.2. Referendum üzrə təşviqat
qrupu yaradılmasının təşəbbüsçüləri
Azərbaycan Respublikasının bütün ərazisində
referendumqabağı təşviqatın aparılması niyyətində
olduqda, onlar referendum üzrə təşviqat qrupunun
üzvlüyünə razılığa dair azı 40 min
seçicinin imzasını azı 60 seçki dairəsinin ərazisində
toplamalıdırlar. Bu halda bir seçki dairəsindən olan
referendum üzrə təşviqat qrupunun potensial üzvlərinin
sayı 100-dən az ola bilməz.
1.3. Referendum üzrə təşviqat
qrupu yaradılmasının təşəbbüsçüləri
Azərbaycan Respublikası ərazisinin bir hissəsində
referendumqabağı təşviqatın aparılması niyyətində
olduqda, onlar referendumqabağı təşviqatın
aparılması nəzərdə tutulan hər bir seçki
dairəsinin ərazisində referendum üzrə təşviqat
qrupuna üzvlüyə dair azı 100 seçici imzası
toplamalıdırlar.
1.4. Dövlət
orqanlarının, bələdiyyə qurumlarının,
mülkiyyət formasından asılı olmayaraq hüquqi
şəxslərin imza toplanmasında iştirakına yol
verilmir. İmza toplanması prosesində
seçiciləri imzalamağa məcbur etmək, imza atmağa
imkan verməmək və ya buna görə onları hər
hansı formada mükafatlandırmaq qadağandır. Həmin
qadağaya əməl olunmaması müvafiq məhkəmə
tərəfindən təsdiqlənərsə, bu,
toplanmış imzaların etibarsız sayılması və təşviqat
qrupunun qeydə alınmasından imtina üçün əsas
ola bilər.
1.5. Seçici
imzalarını, referendum üzrə təşviqat qrupu
yaradılmasının təşəbbüsçüləri,
səlahiyyətli nümayəndələr, habelə Azərbaycan
Respublikasının 18 yaşına çatmış aktiv
seçki hüququ olan hər bir vətəndaşı
toplaya bilər. Referendum üzrə təşəbbüs
qrupunun səlahiyyətli nümayəndələri seçici
imzalarını toplayan şəxslə imza toplanması barədə
müqavilə bağlaya bilərlər. Belə
işin haqqı yalnız referendum üzrə təşəbbüs
qrupunun seçki fondu hesabına ödənilə bilər.
1.6. Seçici imzaları tədris
müəssisələrində, yaşayış yerlərində,
eləcə də qanunla referendumqabağı təşviqat
aparılmasının qadağan edilmədiyi digər yerlərdə
toplana bilər.
1.7. Seçici öz iradəsinə
uyğun olaraq referendum üzrə təşviqat qrupuna
üzvlüyə dair yalnız bir dəfə imza etmək
hüququna malikdir.
1.8. İmza vərəqəsində
seçiciyə aid bütün məlumatlar müvafiq
qrafalarda mütləq qeyd edilməlidir.
1.9. Seçici imza vərəqəsində
imza edərkən soyadını, adını, atasının
adını, doğum tarixini, yaşayış yerinin
ünvanını, şəxsiyyət vəsiqəsinin və
ya onu əvəz edən sənədin seriyasını,
nömrəsini, verilmə tarixini və imza qoyulması tarixini
göstərir. İmza vərəqəsində
seçiciyə aid məlumatları imza toplayan şəxs
seçicinin razılığı ilə onun əvəzinə
doldura bilər (imza istisna olmaqla). İmza
etmək hüququ yalnız seçiciyə məxsusdur. Göstərilən məlumatlar əllə
yazılır və onların yayılmamasına təminat
verilir.
Qeyd: referendum üzrə təşviqat
qrupuna üzvlüyə dair imza edən seçicilərin
şəxsiyyətini təsdiqləyən sənədlərin
siyahısı Mərkəzi Seçki Komissiyasının təsdiq
etdiyi müvafiq siyahıda öz əksini tapmışdır.
1.10. Referendum üzrə təşviqat
qrupunun yaradılması üçün imza etmək
könüllüdür. Seçicinin hər hansı bir vasitə
ilə (aldatmaq, fiziki və ya psixi zor tətbiq etmək, yaxud
bu cür zor tətbiq etmək hədəsi ilə seçiciləri
imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək
və ya buna görə onları hər hansı formada
mükafatlandırmaq və s.) bu hüququnun realizə
olunmasına mane olmaq qadağandır və bu cür hərəkətlər
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb
olur.
1.11. İmza toplayan şəxs
tərəfindən hər bir imza vərəqəsinin
yuxarı sol tərəfində seçici imzalarının
toplandığı seçki dairəsinin (ərazisinin)
adı və nömrəsi göstərilməlidir.
1.12. İmza toplandıqdan
sonra imza vərəqəsi imza toplayan şəxs və
referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli
nümayəndəsi tərəfindən imzalanır. İmza toplayan şəxs imza vərəqəsinə
imza qoymazdan əvvəl soyadını, adını,
atasının adını, yaşayış yerinin
ünvanını, şəxsiyyət vəsiqəsinin və
ya onu əvəz edən sənədin seriyasını,
nömrəsini, verilmə tarixini və imzanın qoyulduğu
tarixi göstərir.
1.13. Referendum üzrə təşəbbüs
qrupunun səlahiyyətli nümayəndəsi referendum üzrə
təşviqat qrupunun yaradılması üçün
toplanmış seçici imzalarının sayını
hesablayır, seçici imzalarının toplanması
haqqında yekun protokolunu (Təlimata 1 saylı əlavə) tərtib
edir və imzalayır.
1.14. Müvafiq seçki
komissiyalarına təqdim edilən imza vərəqələri
ardıcıl olaraq nömrələnməli və qovluq
formasında səhifələnməlidir.
II. Referendum üzrə təşviqat qrupunun qeydə
alınması üçün müvafiq
seçki (referendum) komissiyasına seçki sənədlərinin
təqdim edilməsi
2.1. Referendum üzrə təşviqat
qrupu yaradılmasının təşəbbüsçüləri
respublika ərazisinin bir hissəsində referendumqabağı
təşviqat aparmaq niyyətində olduqda, onlar
referendumqabağı təşviqatın aparılması nəzərdə
tutulan hər bir seçki dairəsinin ərazisində qrupa
üzvlüyə dair azı 100 imza toplamalı, qrupun qeydə
alınması üçün tələb olunan sənədləri
ərazisində imzaların əksəriyyəti
toplanmış müvafiq dairə seçki komissiyasına təqdim
etməlidirlər.
2.2. Referendum üzrə təşviqat
qrupu yaradılmasının təşəbbüsçüləri
respublikanın bütün ərazisində
referendumqabağı təşviqat aparmaq niyyətində
olduqda, onlar azı 60 seçki dairəsinin ərazisində hər
bir seçki dairəsində 100 nəfərdən az olmayan
potensial üzvlərin olması şərtilə qrupa
üzvlüyə dair azı 40.000 imza toplamalı, qrupun qeydə
alınması üçün tələb olunan sənədləri
Azərbaycan Respublikasının Mərkəzi Seçki
(Referendum) Komissiyasına (bundan sonra - Mərkəzi Seçki
Komissiyası) təqdim etməlidirlər.
2.3. Referendum üzrə təşviqat
qrupunun qeydə alınması üçün onun səlahiyyətli
nümayəndəsi səsvermə gününə azı 45
gün qalmış saat 18.00-dək müvafiq seçki
komissiyasına aşağıdakı sənədləri təqdim
etməlidir:
2.3.1. toplanmış
seçici imzaları olan imza vərəqələri;
2.3.2. seçici
imzalarının toplanması haqqında yekun protokolunun 2
nüsxəsi (Təlimata 1 saylı əlavə);
2.3.3. referendum
üzrə təşviqat qrupunun yaradılması təşəbbüsçülərinin
ilkin maliyyə hesabatı (seçici imzaları
toplanmasının təşkilinə xərclənmiş vəsait
haqqında məlumatlar göstərilməklə);
2.3.4. səlahiyyətli
və maliyyə məsələləri üzrə səlahiyyətli
nümayəndələrin razılıq məktubları (Təlimata
2 və 2a saylı, "Azərbaycan Respublikasında
keçirilən seçkilərdə (referendumda) namizədin,
siyasi partiyaların, siyasi partiyalar bloklarının və
referendum üzrə təşviqat qruplarının səlahiyyətli
nümayəndələrinin statusu haqqında Təlimat"a
1 və 1a saylı əlavələr);
2.3.5. referendum
üzrə təşviqat qrupunun yaradılması təşəbbüsçülərinin
səlahiyyətli nümayəndələrinin siyahısı
(Təlimata 3 və 3a saylı, "Azərbaycan
Respublikasında keçirilən seçkilərdə
(referendumda) namizədin, siyasi partiyaların, siyasi partiyalar
bloklarının və referendum üzrə təşviqat
qruplarının səlahiyyətli nümayəndələrinin
statusu haqqındaTəlimat"a 2 və 2a saylı əlavələr).
2.4. Müvafiq seçki
komissiyası imza vərəqələrini bu Təlimatın
2.1-ci bəndində qeyd olunan müddətdə saat 9.00-dan
18.00-dək qəbul edir. Həmin müddətdən
sonra təqdim olunan imza vərəqələri və onlara əlavə
edilməli olan sənədlər qanunla müəyyən
edilmiş müddətdə verilmiş müvafiq sənədlərin
doğurduğu hüquqi nəticəni yaratmır. Müvafiq seçki komissiyası bu halı öz qərarı
ilə rəsmiləşdirməlidir.
2.5. Müvafiq seçki komissiyası
seçki sənədlərini qəbul edərkən imza vərəqələri
olan hər bir qovluğu möhürlə təsdiqləyir, təqdim
olunmuş imza vərəqələri sayının
seçici imzaları toplanmasının yekunu haqqında
protokolla uyğunluğunu yoxlayır, sonra isə qəbul
edilmiş seçki sənədlərinin, eləcə də
imza vərəqələrinin və imza vərəqələrindəki
imzaların sayını göstərməklə, sənədlərin
qəbulu barədə yazılı arayış verir (Təlimata
4 və 4a saylı əlavələr). Arayış
müvafiq seçki komissiyası katibliyinin nümayəndəsi,
imza vərəqələrini və digər seçki sənədlərini
həmin seçki komissiyasına təqdim edən şəxs
tərəfindən imzalanır, komissiyanın
möhürü ilə təsdiqlənir və bir nüsxəsi
seçki sənədlərini təqdim edən şəxsə
verilir.
III. Referendum üzrə təşviqat qrupunun müvafiq
seçki komissiyaları tərəfindən qeydə
alınması
3.1. Müvafiq seçki
komissiyası imza vərəqələrini və referendum
üzrə təşviqat qrupunun qeydə alınması
üçün lazım olan digər sənədləri qəbul
etdikdən sonra 10 gün müddətində referendum üzrə
təşviqat qrupunun qeydə alınması və ya onun qeydə
alınmasından imtina edilməsi barədə əsaslandırılmış
qərar qəbul etməli, qərarın qəbul edildiyi
gündən etibarən bir gün müddətində
referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli
nümayəndələrinə məlumat verməlidir.
3.2. Qeydə
alınmış referendum üzrə təşviqat qrupunun hər
bir səlahiyyətli nümayəndəsinə qeydiyyat vəsiqəsi
verilir.
3.3. Mərkəzi
Seçki Komissiyası qeydə alınmış referendum
üzrə təşviqat qrupları barədə məlumatları
qeydiyyatdan sonra 48 saat müddətində kütləvi
informasiya vasitələrinə təqdim edir. Dairə
seçki komissiyaları referendum üzrə təşviqat
qrupları barədə məlumatları səsvermə
gününə azı 15 gün qalmış seçki
komissiyasının otaqlarında məlumat lövhələrində
yerləşdirirlər.
Təlimata 1 saylı əlavə
____________________________________________
(referendum
üzrə təşviqat qrupunun adı)
referendum üzrə təşviqat
qrupunun qeydə alınması ücün
seçici imzalarının
toplanması haqqında
Y E K U N P R O T O K O L U
Mən, referendum üzrə
təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi,
bu protokolu tərtib etdim ondan ötrü ki, Azərbaycan
Respublikası Seçki Məcəlləsinin tələblərinə
uyğun olaraq _____________________________
_______________________________________________________seçki
(seçki
dairələrinin sayı rəqəmlə və sözlə
yazılmalıdır)
dairəsinin ərazisində* _____________
____________________________
(rəqəmlə)
(sözlə)
ədəd imza toplanmışdır.
İmza vərəqələrinin
sayı ____________ ____________________________
(rəqəmlə)
(sözlə)
İmza vərəqələrindəki
seçici imzalarının sayı ______________________
(rəqəmlə)
__________________________________________
(sözlə)
İmzalar toplanarkən Azərbaycan
Respublikası Seçki Məcəlləsinin tələblərinə
əməl ________________________ .
əməl edilib-edilməməsi
barədə məlumat
İmza vərəqələri
nömrələnmişdir/nömrələnməmişdir**
və qovluq formasında səhifələnmişdir/səhifələnməmişdir**.
_______________________________referendum
(referendum
üzrə təşəbbüs qrupunun adı)
üzrə təşəbbüs
qrupunun səlahiyyətli
nümayəndəsi ____________
_________________________________
(imza) (soyadı, adı, atasının adı)
"____" ____________ 20____
il
____________________________
* Ərazilərində
imza toplanmış müvafiq seçki dairələrinin
siyahısı əlavə edilməlidir.
** Müvafiq sözün
altından xətt çəkilməlidir.
Azərbaycan.-2009.-6 yanvar.-S.4-5.