İnsanı kamilliyə aparan yol

 

Peyğəmbərimiz Məhəmməd salavatullah hədislərinin birində söyləyib: "Dünyan üçün elə çalış ki, sanki həmişə yaşayacaqsan, axirətin üçün elə çalış ki, sanki sabah öləcəksən". Bu müdrik kəlamın bütün çalarlarında insan ömrünün mənası gizlənir. Yaxşılığı, xeyirxahlığı, hər şeyi ürəkdən etmək, hər bir işə sidq-ürəklə yanaşmaq gərəkliyi nəticənin uğurlu olmasına zəmanət verir. Bütün bunların mayasında isə mərhəmət və səmimiyyət dayanır. Nikbinliklə həqiqətin qovuşması - ağla qaranın vacibliyini, toyla vayın mütləqliyini anlamaq, xeyirlə şərin sərhədinin düzgün təyini, ölümlə ölümsüzlüyün fərqini bilmək, əslində, böyük həyat eşqi doğurur. Ürəyində Allahına inanıb Onun nəzarətindən kənara çıxmağın mümkünsüzlüyünü anlayanlar həmişə əsil insan meyarlarının zirvəsində dayanırlar.

 

Həzrəti Əli əleyhissalam buyurur ki, izzət istəyirsənsə, onu Allaha itaətdə axtar. Ürəkdən gələn duaların içində mütləq bu kəlmələrin olması vacibdir: "Allahım, mənim səhvlərimi əfv et, məni gələcək günahlardan qoru". İnsan özünə tənqidi yanaşanda, qeybətdən, qarğışdan uzaq olanda, bağışlamağı bacaranda böyük olur. Bu təmizlənmə sənə yeni məziyyətlər bəxş edir. Xeyirxah, səxavətli, nəcib olmağın yolu da məhz Allaha itaətdən keçir.

Yadımdadır, 1994-cü ildə ilk dəfə oruc tutdum. Həmin ərəfədə Türkiyə Diyanət Vəqfi türkdilli xalqlar arasında Məhəmməd peyğəmbərin (s.ə.s.) tərifi ilə bağlı nət yarışması keçirirdi. Təsadüfən, mən də həmin müsabiqəyə yüz misralıq şeir göndərdim. Xoşbəxtlikdən, 300 iştirakçının arasından seçilərək mükafat qazananlardan biri də mən oldum. Həmin nətdə arzulamışdım:

 

O Məkkəyə, Mədinəyə çataydım,

Qarış-qarış torpağını öpəydim.

Həsrətini ürəyimdən ataydım,

Bu müqəddəs istəyimə yetəydim.

 

Görünür, intizarından üzüldüyüm zəvvarlığa uzanan yol 14 il çəkməli imiş. Allahın köməyi, xeyirxah insanların dəstəyi ilə, nəhayət, arzuma yetişdim. Noyabrın 25-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanından səmaya qanadlanan təyyarə bizi xəyallarımızda əbədi qərar tutmuş müqəddəs Mədinəyə qovuşdurdu.

 

Şəhərlər

anası Mədinə

 

Noyabrın sonu olmasına baxmayaraq, burada havalar çox isti idi. Mədinə şəhəri Ərəbistan yarımadasının şimal-qərbində yerləşir. Məkkə ilə arası 450 kilometrə yaxındır. Şəhər hər iki tərəfdən qayalarla əhatə edilmişdir. Məhəmməd peyğəmbər (s.ə.s.) Mədinəyə hicrət etməmişdən öncə onun adı Yəsrib olub. Məhz hicrətdən sonra şəhərə "Mədinə ən-Nəbi", yəni, "peyğəmbər şəhəri" deyilib. Zaman keçdikcə şəhərin adı yaddaşlarda Mədinə kimi formalaşaraq qalıb.

İstər Qurani-Kərimdə, istərsə də dini kitablarda, tarixi mənbələrdə Mədinənin fəzilətləri barədə çoxlu məlumat var. Bu şəhərin özünəməxsus gözəlliyi və izzəti barədə Həzrəti Əli belə demişdir: "İman Mədinədə toplanmış və ilan öz yuvasında yığılan kimi, iman da bu şəhərə yığılmışdır". İnanclardan gələn fikirdir ki, Mədinənin yollarında, qayalıqlarında mələklər qərar tutub. Deyirlər ki, kim Mədinəni ziyarətə gəlsə, Tanrı qiyamət günü ona şəfaət verəcək. Kimsə Mədinə ilə Məkkə arasında vəfat etsə, yeri cənnət olar.

Mədinə elə ilk görüşdən bizə qəribə təsir bağışladı. Ruhumuzun can atdığı bu müqəddəs ünvan ağ dünyadır, lap bəyaz göyərçin kimi mülayim və gözəldir. Şəhərin sakinləri də yumşaq və sakit təbiətlidirlər. Müsahibləri ilə çox mehriban, lətafətli söhbət edirlər. Küçədə, yolda tez-tez Allah yolunda ehsan deyib xurma, banan, portağal, su, şirə və başqa nemətlər paylayanlar sanki zəvvarlara yardımçı olduqları üçün rahatlıq tapırlar. Burada yalnız bir müraciət forması var: hacı. Kəlmənin ahəngindəki istilik, mehribanlıq adamın varlığına heç vaxt duymadığı qəribə hisslər bəxş edir. Bəzən də özünü gerçəkliyin içində yox, şirin bir röyada sanırsan. İnanmağın gəlmir ki, Rəbbimizin seçdiyi gözəl peyğəmbərin şəhərində - "Şəhərlər anası" adını almış cazibədar Mədinədəsən. Şəhərin işıqlandırılması o qədər mükəmməldir ki, gecə ilə gündüzü qarışıq salan bizlər bu fərqi ayın və günəşin görüntüsü ilə tapırdıq.

Mədinədə bütün binalar qədim Şərq memarlıq üslubunda tikilib. İstər köhnə torpaq, istərsə də yeni ucaldılmış hündürmərtəbəli evlər - hamısı bir-birinə bənzəyir.

 

Peyğəmbər məscidi

 

Mədinədə müqəddəs ünvanlar, ibadətgahlar çoxdur. Xoşbəxtlikdən qaldığımız otel Peyğəmbər məscidinin (əl-Məscid ən-Nəbəvi) yaxınlığında yerləşirdi. Pəncərəmizdən bu qeyri-adi məscidin mübarək hüsnü görünürdü. Ərəbistanda Məcid əl-Həramdan (Kəbə) sonra ən fəzilətli məkan məhz bu müqəddəs yer sayılır. Bura peybəmbərimizin mübarək qəbri olan yerdir. Bu məsciddə qılınan iki rikət namaz digər məscidlərdə (Məscid əl-Həramdan başqa) qılınan min namazdan üstündür. Məscidin qapıları çoxdur. Hər qapısını da bir Osmanlı sultanı qızıldan düzəltdirib. Məscidin sahəsi 16327 kv.metrdir. Çoxlu minbəri var. Yenə də türk sultanının əmri ilə düzəldilmiş minbərin 12 pilləsi var. Bütün minbərlər incə, qiymətli daş-qaşlarla bəzədilmişdir. Namaz qılanlar üçün burada hər cür şərait yaradılıb. Rəflərə Qurani-Kərim nüsxələri düzülüb. Zəm-zəm suyu xüsusi qablarda hər vaxt namaz qılanların dadına yetir. Məscid binasının güclü mühafizəsi var. İçəri telefon, fotoaparat aparmaq yasaqdır. Ziyarət vaxtı zəvvar çox olduğundan məscidin çölündə də namaz qılan insan selindən tərpənmək olmur. Azan vaxtı insanların bir istiqaməti var: Peyğəmbər məscidinə yetişmək, ibadətlə məşğul olmaq və dua etmək. Seyr etdikcə gözlərinin önündə qəribə mənzərələr yaranır. Ağ və qara libaslı insanlar rəngli pərvanələr kimi yalnız bir gülün - Peyğəmbər məscidinin ətrafına yığılırlar. Müsəlmanlar gecəni səhərəcən həm məscidin içində, həm də çölündə ibadətlə məşğul olmaqdan doymurlar. Xüsusilə də, zəvvarlar ələ düşmüş bu fürsəti heç fövtə verməyib bütün vaxtlarını şərafətli məkanda keçirməklə ruhən qidalanırlar.

Həqiqətən də, bu Allah evinin qəribə təsir gücü var. Bəlkə də peyğəmbərimizin ruhu yardımçı olur, yaxud da insanın içindəki inam onu Allaha yaxınlaşdırır - bilmirəm, hər nədirsə, insan sidq-ürəklə özünü ulu Tanrının ixtiyarına verib qarşısında əyilməkdən, itaət etməkdən qüdrət və qüvvət alır. Buradakı ovqat o qədər qeyri-adidir ki, cazibəsindən heç ayrılmaq istəmirsən. Bəzən də diqqət yetirəndə müxtəlif irqli, dilli, rəngli, lakin eyni dinli minlərlə insanın eyni vaxtda dua etməsi qəlbimizdə yeni duyğular yaradırdı. Bu təəccüb və heyrətin içində bir arzu alqışımızı göylərə çəkirdi: İlahi, nə ola, dünya müsəlmanları xeyirxah əməllər yolunda, saflıq və paklıq istəyi, sülh diləyi ilə həmişə beləcə bir araya gələ, həmrəy ola, bir-birinin əlindən tuta, bir-birinin qədrini bilə. Təkcə ibadətdə deyil, başqa işlərdə də birlikdə ola! Görün, nə möcüzələr baş verər! Dünyamız nura boyanar, qan-qada əksilər, heç bir qara qüvvə müsəlmanlara bata bilməz. Özümüz özümüzü sevəndən və qoruyandan sonra yad nə karədir ki...

 

Quba məscidi

 

Mədinənin cənubunda yerləşən bu ibadətgahın, deyilənə görə, fəzilətləri çoxdur. Əslində, burada vaxtilə Quba adlanan bir su quyusu olub. Peyğəmbər Məkkədən Mədinəyə hicrət edəndə camaatla bir yerdə namaz qılıb. O zamandan bəri bu yer Quba məscidi adlanıb. Sonra orada insanlar gözəl bir məscid yaradıblar. Deyilənə görə, peyğəmbər bu məsciddə namaz qılarmış. Hazırda Quba məscidində təqribən 20 min nəfər eyni vaxtda namaz qıla bilər.

Məhəmməd peyğəmbərin (s.ə.s.) adı ilə bağlı məscidlər çoxdur: Ummu-İbrahim, Fəzi, Fəth, Cümə, Mübahilə, Fatimeyi-Zəhra, Şəcərə və s.

Mədinənin 9 kilometrliyində yerləşən Şəcərə məscidinin həyətində vaxtilə geniş kölgə salan ağaclar olub. Peyğəmbər isti günlərdə həmin ağacların kölgəsində namaz qılarmış. Mədinədən Məkkəyə gedən zəvvarlar məhz bu məsciddə niyyət edərək ehrama girirlər.

 

Şəhərin tarixi yerləri

 

Bu sırada ilk ziyarət etdiymiz yer Mədinənin şimalında yerləşən Uhud dağı oldu. Məlumdur ki, kafirlər Mədinəyə tərəf hərəkət edərkən peyğəmbər onların qarşısını almaq üçün qoşunu ilə Uhud dağının arxasında qalmağa qərar verib. Bu müharibədə islam qoşununa məxsus 80 nəfər həlak olub. Onların biri də peyğəmbərin əmisi Həzrəti Həmzə olub. Şəhidlər dağın ətəyində dəfn olunublar. Həmin yer dəmir çəpərlə əhatə olunaraq qorunur.

Dini ədəbiyyatdan məlumdur ki, hicrətin ikinci ilində müsəlmanların kafir və müşriklərlə böyük müharibəsi olub. Bu müharibədə müsəlmanlar düşmənə qalib gəliblər. Bədr adlanan böyük bir yerdə aparılan savaşa tarixdə Bədr döyüşü deyilir. Həmin yerdə də həlak olmuş şəhidlərin qəbirləri var.

Mədinə şəhərinin ən qədim qəbiristanlıqlarından sayılan Bəqi məzarıstanında əhli-beytdən bir neçə nəfər uyuyur. Eləcə də imamlarımızın silahdaşlarının bir neçəsinin qəbri buradadır.

Yaxşı olar ki, zəvvarlar imkan daxilində Mədinə ətrafında yerləşən Rəbəzəyə getsinlər. Orada peyğəmbərin əshabələrindən olan Abuzəri yad edərək Quran oxusunlar. Məlumdur ki, Abuzər Müaviyə tərəfindən əvvəlcə Şamdan Mədinəyə, sonra da Rəbəzəyə sürgün edilmişdi. Abuzər elə bu yerdə də dünyasını dəyişmişdi.

Hər qarışı müqəddəs olan Mədinədə müxtəlif yerlər var ki, onlar da bizə peyğəmbərin ismini bir daha yada salır. Məsələn, Əqiq vadisi. Üç hissəyə bölünən bu vadidə çoxlu su quyusu qazılıbmış. Ona görə də peyğəmbər həyat mənbəyi olan bu yeri "mübarək vadi" adlandırmışdır. Bu vadidə namaz qılmağın özü də savab sayılır. Peyğəmbərin dəyərləndirdiyi Püthan vadisi behişt hovuzlarından sayılırmış.

Əlbəttə, təkcə vadilər deyil, səhrada müəyyən düşərgələr də olub ki, onlar da peyğəmbərin adı ilə bağlandığından müqəddəs sayılır. Düşünəndə ki, bu torpağın hər qarışında peyğəmbərin ayaq izi olub, özünü bəxtəvər sanırsan ki, sən də "Allahu əkbər" deyib həmin yerə baş qoyursan, Yaradana səcdə edirsən.

 

(ardı var)

 

 

Flora XƏLİLZADƏ

 Bakı-Mədinə-Məkkə-Ciddə-Bakı

 

Azərbaycan.-2009.-6 yanvar.-S.7.