Azərbaycan Respublikası
Tarif (Qiymət) Şurasının iclası
keçirilmişdir
AzərTAc xəbər
verir ki, Azərbaycan Respublikası Tarif (Qiymət)
Şurasının 2008-ci il dekabrın 30-da keçirilmiş
növbəti iclasında Azərbaycan Respublikası
Prezidentinin rəhbərliyi ilə həyata keçirilən
genişmiqyaslı islahatların tərkib hissəsi kimi
ölkədə müasir informasiya-kommunikasiya
texnologiyalarının tətbiqinin sürətləndirilməsi
və vətəndaşların informasiya resurslarından
istifadə imkanlarının genişləndirilməsi məqsədi
ilə əhəmiyyətli qərarlar qəbul edilmişdir.
Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin təklifləri əsasında
iki məsələyə baxılmışdır. Şuranın
qərarı ilə fiziki xətlə
telefonlaşdırılması mümkün olmayan ərazilərdə
yerləşən təhsil müəssisələri
üçün "Teleradio" İstehsalat Birliyinə məxsus
bina, sahə və qüllələrdə kənar təşkilatların
avadanlığının yerləşdirilməsi və xidmət
göstərilməsinə görə aylıq tariflərə
80 faiz güzəşt tətbiq olunacaqdır. Avadanlığa
görə tətbiq olunan tariflər 0,54 manatdan 53,6 manatadək
(ƏDV-siz), anten sistemlərinə görə tətbiq edilən
tariflər isə 2 manatdan 105 manatadək (ƏDV-siz) səviyyəsində
təsdiq olunmuşdur. Bu tariflər əvvəllər,
müvafiq olaraq, 2,68 manatdan 268 manatadək (ƏDV-siz) və 10
manatdan 525 manatadək (ƏDV-siz) təşkil edirdi. Yeni tariflərin
qəbul edilməsi təhsil sektorunda həmin xərclərə
qənaət olunmasına imkan yaradacaqdır.
Şuranın
iclasında internet xidmətinin göstərilməsi
üçün tələb olunan rəqəmli kanalların
tarifləri də müzakirə olunmuş və müvafiq qərar
qəbul edilmişdir. Qərara əsasən, 2 Mbit/san şəhərdaxili
rəqəmli kanalların (portların) istifadəyə verilməsi
tarifləri digər abonentlər (büdcə təşkilatları
istisna olmaqla) üçün 1200 manatdan 600 manata, onlardan
aylıq istifadə tarifləri isə 320 manatdan 300 manata, rəqəmli
rabitə kanallarının qoşulma və aylıq istifadə
(Bakı şəhəri istisna olmaqla) tarifləri 240 manatdan
200 manata, hər tam və natamam 50 km məsafəyə görə
2 Mbit/san tutumundan istifadə tarifləri isə 180 manatdan 150
manata endirilmişdir.
Bu qərar internet
provayderləri xidmətlərinin maya dəyərinin
azalmasına, nəticə etibarilə son istifadəçilər
üçün internet xidməti tariflərinin ən azı
15-20 faiz aşağı salınmasına imkan verəcəkdir.
Tarif (Qiymət)
Şurasının qəbul etdiyi yeni qərarlar Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 10 iyun tarixli sərəncamı
ilə təsdiq olunmuş "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı"na uyğun olaraq, fiziki xətlə
telefonlaşdırılması mümkün olmayan ərazilərdə
yerləşən məktəblərin internetə
qoşulmasını təmin edəcək, vətəndaşların
informasiya texnologiyalarına çıxışına daha əlverişli
şərait yaradacaqdır.
Təsdiq olunmuş yeni
tariflər 2009-cu il yanvarın 15-dən qüvvəyə minəcəkdir.
Azərbaycan.-2009.-6 yanvar.-S.7.