Azərbaycanın investisiya
qüdrəti dinamik artır
Qlobal maliyyə böhranının hələ də dünya iqtisadiyyatını sarsıtmağa davam etdiyi bir vaxtda Azərbaycan nəinki bundan özünü sığortalamış, həm də xaricə sərmayələr yatırmaqla bir sıra digər ölkələrdə də bu prosesin genişlənməsinin qarşısını almaqda müəyyən rol oynamışdır. İqtisadi sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində artıq potensial investorlardan birinə çevrilən Azərbaycan üçün indi əsas prioritet istiqamətlərdən biri də elə xarici sərmayə layihələrinin genişlənməsidir. Prezident İlham Əliyev bununla əlaqədar demişdir: "Biz Azərbaycandan kənarda investisiya qoyuluşları həyata keçirməyə çalışmalıyıq. Bu istiqamətdə Dövlət Neft Şirkəti artıq Türkiyə və Gürcüstanda iri layihələrə sərmayə qoyub və bu proses davam edir. Növbəti illərdə başqa ölkələrin iqtisadiyyatına investisiyalar qoyulmalıdır. Prioritetlər müəyyən edilməlidir və əminəm ki, Azərbaycan iqtisadiyyatının möhkəmlənməsi üçün bunun çox böyük əhəmiyyəti olacaq".
Gürcüstana yatırılan Azərbaycan
investisiyasının həcmi
artır
Ötən ilin yekunları göstərir ki, xarici investisiya sahəsində Azərbaycanın diqqət yetirdiyi əsas ölkələr sırasında Gürcüstan və Türkiyə çıxış edir. Bu da təsadüfi deyil. Azərbaycanın dünya enerji bazarında mövqelərini daha da möhkəmləndirməsi üçün əsas tranzit ölkələr sırasında məhz adıçəkilən iki dövlət üstünlük təşkil edir. Bu səbəbdən enerji məhsullarının tranzitinin davamlılığını tam təmin etmək, eyni zamanda bundan da gəlir götürmək üçün Gürcüstan və Türkiyənin xarici investisiya sahəsində əsas ölkələr olaraq seçilməsi Azərbaycanın uğurlu enerji strategiyasının tərkib hissəsi sayıla bilər. Bu ölkələrə investisiya yatırımı əsas etibarilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) vasitəsilə həyata keçirilməkdədir və bu proses cari ildə də davam edəcək.
Azərbaycanın Gürcüstana böyük həcmdə investisiya yatırmasının əsası 2006-cı ilin sonlarından qoyulub. Həmin vaxt ARDNŞ Gürcüstandakı "Kulevi" terminalını alıb. Ötən il mayın 16-da ARDNŞ "Kulevi" neft terminalının rəsmi açılışını edib. Terminalın ilkin gücü 10 milyon tondur, gələcəkdə isə bu rəqəm 20 milyon tonadək artacaq.
2008-ci il aprelin 25-də isə Dövlət Neft Şirkəti tərəfindən təsis olunmuş "SOCAR Energy Georgia" şirkəti Gürcüstanda "SOCAR" brendi altında ilk yanacaqdoldurma stansiyasını açıb. Hazırda Gürcüstan ərazisində "SOCAR" brendi altında 20 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir. 2010-cu ilədək onların sayı 35-i ötməlidir. Eyni zamanda, Gürcüstanda pərakəndə neft məhsulları satışı bazarının 75 faizi Azərbaycanın nəzarətindədir.
2008-ci il noyabrın 14-də isə Azərbaycan və Gürcüstan hökuməti arasında bu ildən başlayaraq beş il ərzində Azərbaycan qazının Gürcüstana nəqli ilə bağlı memorandum imzalanıb. Memorandumun şərtlərinə görə, ARDNŞ Gürcüstanın qaz resurslarının paylanması üzərində nəzarət hüququ əldə edib. Gürcüstan Prezidentinin 2008-ci il 26 may tarixli qərarı ilə ARDNŞ bu ölkənin 22 rayonunun qazpaylaşdırıcı şəbəkəsinin distribütorluğunu heç bir vəsait ödəmədən əldə edib. Ötən il dekabrın 26-da isə bununla bağlı olaraq müvafiq müqavilə imzalanıb. Müqaviləyə əsasən, ARDNŞ üç il ərzində Gürcüstanın qazpaylama şəbəkəsinə 40 milyon dollar məbləğində sərmayə qoyacaq. Bütün bunlar şirkətin 2011-ci ilədək Gürcüstanın qaz satışı bazarında öz payını 85 faizə çatdırmasına imkan verəcək.
İndiyə qədər isə təkcə ARDNŞ tərəfindən Gürcüstan iqtisadiyyatına yatırılan investisiyanın həcmi 400 milyon dolları ötüb. Ancaq Azərbaycan Gürcüstanın təkcə enerji infrastrukturuna investisiya yatırmır. Rəsmi Bakı həm də qonşu ölkənin nəqliyyat sektoruna investisiya qoyuluşunu davam etdirməkdədir. Bu məqsədlə Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsində Gürcüstanın payının maliyyələşdirilməsi məqsədilə bu ölkəyə məxsus "Marabda-Kartsaxi Dəmir Yolları" MMC-yə güzəştli şərtlərlə (illik 1 faizlə 25 illiyə) 200 milyon dollar məbləğində kredit ayırıb. Həmin vəsait hesabına Gürcüstan ərazisində 29 kilometr uzunluğunda yeni yol, Türkiyə ilə sərhədə qədər dəyişmə məntəqəsi tikilməkdə, həmçinin köhnə dəmiryolunun rekonstruksiyası həyata keçirilməkdədir. Layihənin ümumi dəyəri 600 milyon dollardan çoxdur. Sözügedən dəmiryolu istifadəyə verildikdən sonra isə bu, Azərbaycanın dünya bazarlarına daha çox məhsul çıxarmasına imkan verəcək. Həmçinin dəmiryolu ilə daşınma xərcləri nisbətən az olduğundan Bakı-Tbilisi-Qarsla Azərbaycana idxal olunan məhsulların qiyməti də ucuz olacaq. Bakı-Tbilisi-Qars marşrutuna Çin, Qazaxıstan və bir sıra başqa xarici dövlətlər də xüsusi maraq göstərdiyindən onun tranzit əhəmiyyəti daha da artır və perspektivdə bu, Azərbaycanın təkcə tranzit haqlarından milyonlarla dollar vəsait qazanması deməkdir. Bu mənada Bakı-Tbilisi-Qarsa Azərbaycanın investisiya yönəltməsi və sözügedən dəmiryolunun Gürcüstan ərazisində inşa olunan hissəsinin Azərbaycan şirkəti tərəfindən həyata keçirilməsi xüsusi əhəmiyyətə malik məqam kimi qiymətləndirilir.
Bundan əlavə, elektrik enerjisilə əlaqədar Gürcüstana qoyulan yatırımların daha da çoxalacağı, burada digər strateji obyektlərin alınması və ya tikilməsi gözlənilir.
Türkiyə üçün
potensial
sərmayədarlardan
biri Azərbaycandır
Keçən il Azərbaycanın investisiyalar qoyduğu ölkələr arasında Türkiyə xüsusilə fərqlənir. Türkiyədə də Azərbaycanın diqqət yetirdiyi sahələr sırasında enerji infrastrukturu əsas yer tutur və bu istiqamətdə vacib əhəmiyyətə malik işlər görülüb. Belə ki, 2008-ci ilin birinci yarısında "SOCAR TurcasInjaz" şirkətlər alyansı Türkiyənin nəhəng "Petkim" neft-kimya kompleksinin nəzarət səhm paketinin alınmasına dair sövdələşməni başa çatdırıb. 2008-ci il iyunun 30-da "SOCAR TurcasInjaz" alyansı "Petkim"də 51 faiz səhmin alınmasına görə vəsait ödənilməsilə bağlı Türkiyə hökumətilə saziş imzalayıb. Sazişin şərtlərinə görə, "Petkim" kompleksinin 51 faiz səhminə görə ödənilməsi nəzərdə tutulan 2,04 milyard dollardan 1, 66 milyard dolları ilkin ödəniş kimi köçürülüb. 380 milyon dollar məbləğində qalan vəsait isə üç il ərzində ödəniləcək. Hazırda bu müəssisənin inkişafı üçün alyansın sərmayələrinin həcmi 2 milyard dolları ötüb.
2014-cü ilə qədər "Petkim" və təsislərinə 10 milyard dollar yatırılacaq, ayrıca "Ceyhan" limanında ümumi tutumu 15 milyon ton olan çənlər quraşdırılacaq. "Petkim"ə lazımi maliyyə yatırıldıqdan sonra bu şirkət Türkiyənin neft-kimya məhsullarına olan tələbatının təxminən 60 faizini ödəyəcək.
Bundan əlavə, kompleksin xammal ilə təchizatı üçün ARDNŞ "Petkim"in yanında neft emalı zavodunun inşasına dair layihənin reallaşdırılmasına başlayıb. Bu məqsədlə 2008-ci ilin ikinci yarısında xüsusi "SOCAR-Turcaz" şirkəti təsis edilib. Neft emalı zavodunun ilkin gücü ildə 8-10 milyon ton həcmində dəyərləndirilir, layihənin dəyəri isə 4 milyard dollar civarındadır.
Bununla yanaşı, ARDNŞ 2008-ci ilin yazında Türkiyənin "Tekfen Inshaat" şirkətinin 50% səhminin alınmasına dair danışıqlara başlayıb. 50% səhmi əhatə edən əqdin dəyəri isə 520 milyon dollar məbləğində dəyərləndirilir. ARDNŞ bu sövdələşməni "Palmali" gəmiçilik şirkəti ilə birgə həyata keçirəcək. Bundan ötrü "SOCAR-Palmali" birgə müəssisəsi yaradılıb. Layihədə 51% ARDNŞ-ə, 49% "Palmali"yə məxsusdr.
Perspektivdə
ARDNŞ Ceyhanda neft emalı və neft-kimya kompleksinin
inşasını planlaşdırır. Layihəni 2006-cı
ilin dekabrında ARDNŞ və Turcaz tərəfindən təsis
edilmiş "SOCAR&Turcas Enerji A.S." həyata keçirəcək.
NEZ iki mərhələdə yaradılacaq. Birinci mərhələdə
neft emalı kompleksinin, ikinci mərhələdə isə
neft-kimya kompleksinin yaradılması nəzərdə tutulur.
Layihənin gücü ildə 10-15 milyon ton neft təşkil
edəcək və onun dəyəri 4 milyard dollardır.
Postsovet ölkələri Azərbaycan
investisiyasına
ehtiyac duyur
Əlbəttə
ki, xaricə yatırılan investisiyalar təkcə Türkiyə
və Gürcüstanla məhdudlaşmır. Postsovet
ölkələrindən Ukrayna və Moldova da Azərbaycan
investisiyalarının potensial hədəfləri
sırasında yer alır. Artıq
Moldovada Azərbaycan investisiyası hesabına yanacaq
terminallarının tikintisi həyata keçirilib. Lakin rəsmi Kişinyov bu sahədə Azərbaycanla
əməkdaşlığı bir qədər də
genişləndirmək niyyətində olduğunu bildirir.
İlkin hesablamalara görə,
Ukrayna isə
Azərbaycanı öz ərazisində neft emalı zavodu tikməyə
dəvət edir və bu məsələ rəsmi
Bakının xüsusi diqqət mərkəzindədir. Rumıniya da ərazisində
Azərbaycanın böyük neft-yanacaq kompleksi inşa etməsini
istəyir. Azərbaycan tərəfi isə Şərqi
Avropanın enerji infrastrukturunda daha mühüm rol oynamaq, həmçinin
bu sahədən böyük miqdarda gəlir əldə etmək
üçün Ukrayna və Rumıniyada belə enerji
komplekslərinin tikintisi məqsədilə layihələndirmə
işlərini nəzərdən keçirib və yaxın
perspektivdə həmin ölkələrə Azərbaycanın
investisiya axınının başlanacağı gözlənilir.
Tacikistanda isə
Azərbaycanın yenə öz investisiyası hesabına
alüminium zavodu tikməsi gözlənilir. Bununla əlaqədar
olaraq iki ölkə arasında artıq bir sıra
razılaşmalar əldə edilib.
Beləliklə,
bütün bunlar onu göstərir ki, xarici investorların
daim diqqət mərkəzində olan və müxtəlif
layihələrə xaricdən milyardlarla dollar vəsait cəlb
edə bilən Azərbaycan özü potensial investor statusunu əldə
edərək onu möhkəmləndirə bilib. Özü də
Azərbaycanın investisiya layihələri elə ölkələrdə
həyata keçirilir ki, buradan həm iqtisadi, həm də
siyasi divident götürmək mümkündür. Xüsusilə, qonşu ölkələrlə bu
cür münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın
regional mövqelərini daha da möhkəmləndirir.
Ekspertlərin də fikri bir
məsələdə yekdildir ki, xaricə investisiya
yatırmaqla ilk növbədə ölkəmiz digər
dövlətlərdə aparıcı söz sahiblərindən
birinə çevrilir və bu, bir çox məsələlərin
həllində, o cümlədən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında
əlavə üstünlüklər qazandırır. Bunu Ermənistanın timsalında aydın görmək
mümkündür. Bilindiyi kimi, Ermənistanın
bütün iqtisadi sahələrini Rusiya şirkətləri
özəlləşdirib və indi Ermənistan həmin
şirkətlərin iradəsindən və diktə etdiyi
şərtlərdən asılıdır.
Rasim BAYRAMOV
Azərbaycan.-2009.-7
yanvar.-S.1.