Azərbaycan enerji siyasətini
uğurla davam etdirir
Cəmiyyət həyatının
müxtəlif sahələrində
sosial rifahla, iqtisadi inkişafla və hər bir vətəndaşın
taleyində müsbət
dəyişikliklərlə müşayiət olunan demokratik islahatların dərinləşdirilməsi yolu
ilə aparılan
liberal islahatlar bugünkü
inkişafımızı şərtləndirmişdir.
Son beş il ərzində ictimai-siyasi sabitliyin möhkəmlənməsi,
iqtisadi yüksəlişin
təmin edilməsi insanların yaşayış
tərzinə, sosial rifah halının daha da yaxşılaşmasına
pozitiv təsir göstərmişdir. Ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri,
Bakı-Tbilisi-Ərzurum qaz
kəməri istismara verilmiş, vaxtilə bir çoxlarına əfsanə kimi görünən bu layihələr reallığa
çevrilmişdir. Xəzərin
zəngin karbohidrogen ehtiyatlarının dünya
bazarlarına daşınması
təmin edilmişdir.
Xəzər dənizinin
Azərbaycana aid sektorunda
yerləşən "Azəri",
"Çıraq" və
"Günəşli" yataqlarının birgə
istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək
nüfuza malik dünya dövlətlərini
təmsil edən 12 iri neft şirkəti
arasında beynəlxalq
müqavilənin imzalanması
ilə yeni neft strategiyası uğurla həyata keçirilməyə başlandı.
Bağlanmış müqavilələr
Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən təsdiq
edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. Neft hasilatının ilbəil artımı yeni ixrac boru
kəmərinin çəkilişini
də zərurətə
çevirmişdi. Bu istiqamətdə
müxtəlif variantlar
nəzərdən keçirilsə
də, ulu öndər Heydər Əliyev bütün iştirakçılar üçün
səmərəli olan,
ilk növbədə isə
Azərbaycan dövlətinin
və xalqının maraqlarına uyğun bir təşəbbüs irəli sürdü və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri variantı seçildi.
Əsas ixrac neft boru kəməri
Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına imkan
verməklə yanaşı,
həm də İpək yolunun və türkdilli ölkələrin əsas
magistral kəməri statusunu qazanmışdır.
Ümummilli liderin siyasi iradəsinin təntənəsi olan Baki-Tbilisi-Ceyhan kəməri
dünya neft kəmərləri sisteminə
"arteriya" kimi daxil olmuşdur. Neft kəməri dünya dövlətləri
ilə Azərbaycanın
yeni münasibətlərinin
yaranmasına, Avropa xalqları ilə əlaqələrinin yenidən
qurulmasına təkan
verərək Azərbaycan
dövlətinin xarici
siyasətinin güclənməsinə,
beynəlxalq aləmdə
nüfuzunun artmasına,
eləcə də onun iqtisadi baxımdan
inkişaf etməsinə
səbəb olmuşdur.
Bakı-Tbilisi-Ceyhan neft
boru kəməri təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq
aləmdə enerji təhlükəsizliyi sistemi
və neft ixracı sahəsində ölkəmizlə uğurlu
tərəfdaşlıq edən
dövlətlər üçün
müstəsna əhəmiyyət
kəsb edən bir layihədir.
Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyi
sisteminin əsas təminatçısı qismində
çıxış etməsi
danılmaz faktdır.
Enerji təhlükəsizliyi
hazırda dünyanın
inkişaf etmiş ölkələrinin xüsusi
diqqət yetirdiyi və intensiv müzakirə edilən məsələdir. Bu problem bir
çox halda ölkələrin müstəqilliyini
təhdid edən, müstəqil dövlətlərin
demokratik inkişafına
maneə yaradan çox ciddi əngələ çevrilir.
Azərbaycan isə nəinki belə problemlərdən uzaqdır,
üstəlik respublikamız
Avropa regionunun enerji təhlükəsizliyinin
təminatında əsas
söz sahiblərindən
biri kimi çıxış edir.
2008-ci ilin
noyabrında Bakıda
keçirilən IV Enerji
sammiti Azərbaycanın
beynəlxalq aləmdə
yüksək nüfuza
malik olduğunu bir daha sübuta
yetirdi. Bu sammit beynəlxalq enerji təhlükəsizliyi problemlərinə
həsr olunmuş, əsasən Xəzər dənizi hövzəsində
hasil edilən enerji daşıyıcılarının
Qara dəniz, Baltik dənizi regionlarına və Mərkəzi Avropaya çatdırılması üçün
Odessa-Brodı neft kəmərinin yaradılması
müzakirə edilmişdi.
Bu layihə Azərbaycan
neftinin Avropa və dünya bazarlarına əlavə nəqletmə imkanlarını
yaradacaq. Eyni zamanda layihə Xəzər-Qara dəniz-Baltik
dənizi regionlarında
yerləşən dövlətlər
arasında səmərəli
regional əməkdaşlığı daha da möhkəmləndirəcəkdir.
Enerji sammitində iştirak edən dövlət və hökumət başçıları
regional əməkdaşlığın mühüm əhəmiyyət
kəsb etdiyini və bu əməkdaşlığın
qurulmasında Azərbaycanın
xüsusi rol oynadığını bəyan
etmişdilər. Bu fakt
ölkəmizin enerji təhlükəsizliyi məsələlərində
müstəsna rola malik olduğunu bir daha təsdiq
edir. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü
və Yeni il münasibətilə xalqa təbirikində bildirmişdir: "Azərbaycan
2008-ci ildə öz enerji siyasətini uğurla davam etdirmişdir. Biz enerji təhlükəsizliyi məsələlərinə
nail olduq və bu gün başqa
ölkələrin enerji
təhlükəsizliyi üçün
fəaliyyət göstəririk.
Bu, bizə həm siyasi, həm iqtisadi dividentlər gətirir, bizim üçün yeni imkanlar açır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum
neft-qaz kəmərləri
uğurla fəaliyyət
göstərir. Azərbaycan,
demək olar ki, qarşıda duran bütün neft-qaz məsələlərini
uğurla həll edibdir. İxracın şaxələndirilməsinə nail olubdur. Bu gün Azərbaycan nefti və qazı həm ölkəyə xidmət göstərir, -
Azərbaycanda qazlaşdırma
artıq 85 faizə çatıbdır, - eyni
zamanda bu, bizə iqtisadi imkanlar yaradır, siyasi imkanlarımızı
genişləndirir. 2008-ci ildə
Bakıda keçirilən
Enerji sammiti bunun bariz nümunəsidir.
Bakıda qəbul edilmiş qərarlar nəinki Azərbaycanın
gələcək enerji
siyasətini möhkəmləndirir,
eyni zamanda bölgədə, Avropada,
geniş mənada dünyada yeni vəziyyətə gətirib
çıxarılmasına xidmət göstərəcəkdir.
Biz bu imkanlardan uğurla istifadə edirik və mən şübhə etmirəm ki, növbəti illərdə
Azərbaycanın uğurlu
neft strategiyası davam etdiriləcəkdir".
Azərbaycanın zəngin
karbohidrogen ehtiyatlarının
dünya bazarlarına
nəql edilməsi ölkəmizə daha böyük həcmdə dividendlər gətirəcəkdir.
Əldə olunacaq maliyyə vəsaitlərinin
ölkənin hərtərəfli
inkişafına yönəldilməsi
Azərbaycanın tərəqqisinə,
dövlətçiliyimizin möhkəmlənməsinə, xalqımızın rifah halının daha da yaxşılaşmasına
gətirib çıxaracaqdır.
Uğurla davam etdirilən yeni neft strategiyası Azərbaycanı inkişaf
etmiş ölkələrin
bərabər səviyyəli
tərəfdaşına çevirməklə
yanaşı, ölkəmizin
dünyadakı yerini və rolunu gücləndirməkdədir.
E.HACIALIYEV
Azərbaycan.-2009.-7 yanvar.-S.3.