Silahlı Qüvvələrin taktiki döyüş hazırlığı yüksək səviyyədədir

 

Müasir dövrdə komandanlığın döyüş tapşırıqlarının düzgün və vaxtında yerinə yetirilməsi hər bir əsgər və zabitdən yüksək nəzəri-hərbi biliklə yanaşı, fiziki-psixoloji hazırlıq da tələb edir. Odur ki, döyüşdə uğur qazanmaq üçün müasir silahlara malik olmaq hələ tam yetərli deyil. Əsası olanı bu silahlardan istifadə qaydalarını peşəkarcasına öyrənmək, fiziki cəhətdən hazırlıqlı olmaq, qazanılan nəzəri-təcrübi biliklərdən düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv etmək üçün maksimum səmərəli istifadə etməkdir. Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissənin kəşfiyyat və artilleriya bölmələrində apardığımız müşahidələrə əsaslanaraq deyə bilərik ki, fiziki cəhətdən hazırlıqlı olan Azərbaycan hərbçiləri müasir texnika və silahlardan normativə uyğun istifadə edə bilir, bu sahədə təcrübələrini durmadan təkmilləşdirir, yeni nəticələr əldə etməyə çalışırlar.

 

Kəşfiyyatçı döyüşün

taleyini həll edir

 

Təcrübə göstərir ki, kəşfiyyat məlumatları istənilən döyüş əməliyyatlarının uğurlu təşkilində və az itki ilə başa çatdırılmasında mühüm rol oynayır. Kəşfiyyatçılıq son dərəcə çətin və məsuliyyətli olmaqla, hərbçidən yüksək vətənpərvərlik, mənəvi-psixoloji, fiziki hazırlıq tələb edir. Bu şərəfli vəzifəni yerinə yetirən əsgər xüsusi təlim keçməli, dərin hərbi biliklərə malik olmalı, komandanlığın əmri əsasında düşmənin yerləşdiyi məkan, eləcə də onun hərbi texnikası, qoşun növü, hərbi qüvvələrinin dislokasiyası, silahları barədə ən çevik, dəqiq və operativ məlumatları toplamağa çalışmalıdır. Təcrübəli kəşfiyyatçı bəzən günlərlə düşmənin bir addımlığında olur, onun hərbi planlarını, atəş mövqelərini öyrənməyə çalışır.

Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissənin kəşfiyyat taborunun təlim-məşq prosesi jurnalist kimi marağımızı xüsusi cəlb etdi. Gənc kəşfiyyatçılar günün müəyyən hissəsini təlim-məşq prosesinə - fiziki hazırlığa, idmana sərf edir, əlbəyaxa döyüş növlərini mənimsəyir, odlu silah olmadan belə düşmənə layiqli cavab vermək əzmində olduqlarını nümayiş etdirirlər. Onların göstərdikləri əlbəyaxa döyüş səhnələri isə gənc əsgərlərin mübarizə və döyüş əzminin necə böyük olduğunu bir daha təsdiqləyir.

Kəşfiyyat taborunun zabiti Araz Cəlilov deyir ki, kəşfiyyatçı son dərəcə ekstremal və təhlükəli rejimdə işlədiyindən onun fiziki cəhətdən hazırlıqlı olması vacib şərtlərdəndir. Bu baxımdan kəşfiyyat taboruna seçim zamanı əsgərlərin hərtərəfli hazırlığına xüsusi diqqət yetirilir. Onun sözlərinə görə, müasir döyüş əməliyyatlarının aparılmasında kəşfiyyat bölüyünün üzərinə mühüm vəzifələr düşür: "Kəşfiyyat bölmələrinin şəxsi heyəti ilk olaraq düşmən haqqında düzgün məlumatları toplayan bölmələrdir. Onlar düşmən bölmələrinin ehtiyatlarını, komanda məntəqələrini, komanda müşahidə məntəqələrini, onun texnikasının dislokasiyası haqqında məlumatları toplayır. Buna görə də döyüşün taleyini məhz kəşfiyyat zamanı toplanmış məlumatlar müəyyən edir. Çox hallarda onlar düşmən arxasında gizli şəkildə fəaliyyət göstərirlər. Hərbi əsirlərin ələ keçirilməsi, düşmənin hərbi obyektlərində təxribat-diversiya əməliyyatlarının, basqınların təşkili, düşmən hərbçilərinin çaşqınlıq və xof içində saxlanılması müasir dövrdə kəşfiyyatın əsas vəzifələrindəndir. Əvvəllər belə yanlış fikirlər mövcud idi ki, kəşfiyyatçılar yalnız fiziki cəhətdən güclü hərbçilərdən çıxa bilər. Müasir hərb elmi sübut edir ki, kəşfiyyatçı nəinki fiziki cəhətdən, hətta mənəvi cəhətdən də güclü olmalı, eyni zamanda yüksək intellekti, zəkası, məntiqi ilə seçilməlidir. Çünki kəşfiyyat bölüyündə xidmət edən hərbi qulluqçular çox ekstremal vəziyyətlərə düşürlər. Məhz bu səbəbdən də kəşfiyyat bölmələrinə seçilən şəxsi heyət əvvəlcədən ciddi şəkildə yoxlanılır, seçilir, onların hazırlığına xüsusi diqqət yetirilir".

Kəşfiyyat bölüyündə şəxsi heyətin hazırlığı gündəlik aparılır, müvafiq məşğələlər keçirilir, tapşırıqlar verilir. Kəşfiyyat məlumatlarından asılı olaraq döyüşün taktika və strategiyası müəyyənləşdirilir, döyüş planlaşdırılması aparılır. Gənc əsgər və zabitlərin hazırlıq səviyyəsi və hərbi bilikləri ilə də maraqlanırıq. Kəşfiyyat bölüyünün kiçik çavuşu Ruslan Ağayev həqiqi hərbi xidməti başa vurduqdan sonra müqavilə əsasında ordu sıralarında çalışmaq qərarına gəlib. Onun sözlərinə görə, müharibə şəraitində yaşayan Azərbaycanda kəşfiyyatçıların üzərinə böyük məsuliyyət düşür. O, həmçinin hərbi xidmət müddətində əsgərlərin fiziki, mənəvi və psixoloji cəhətdən möhkəmlənməsi, layiqli hərbçi kimi yetişməsinə xüsusi diqqət yetirildiyini vurğulayır: "Fəxr edirəm ki, kəşfiyyat taborunda xidmət edirəm. Könüllü olaraq Silahlı Qüvvələrdə xidmət etmək qərarına gəlmişəm. İstər müdafiə, istərsə də hücumun təşkili zamanı kəşfiyyat məlumatlarının rolu olduqca əhəmiyyətlidir. Kəşfiyyat bölmələrində xidmət edən hər bir hərbi qulluqçu həm fiziki, həm də psixoloji üstünlüklərə malik olmalıdır. Bizim əsgərlər də qısa müddətdə bu keyfiyyətlərə yiyələnə biliblər. Onların hazırlıq səviyyəsi komandanlığı tam razı salır".

Kəşfiyyat taborunda əsgərlərin mənəvi-psixoloji durumu, yaşayış şəraiti, məşğələ saatı, habelə təlim-məşq prosesi ilə yaxından tanış olmağa çalışırıq. Kəşfiyyat bölüyünün yerləşdiyi hərbi sığınacaq səliqə-sahmanı, təmizliyi ilə xoş təəssürat doğurur. Burada əsgərlərin normal hərbi xidmət keçməsi - dincəlməsi, idmanla məşğul olması, hərbi biliklərini artırması üçün hər cür şərait yaradılıb. Əsgər yataqxanası müasir yataq dəsti və inventarla təchiz olunub.

Kəşfiyyat taborun yerləşdiyi hərbi-inzibati binada divarlarda vurulmuş tablolar hərbi maarifçilik məqsədi daşıyır. Bu lövhələrdə kəşfiyyat bölüyünün vəzifələri, Azərbaycan Respublikasının Konstitusiyası, hərbi andı və s. məsələlər əksini tapıb. Təcrübəli zabitlər əsgərlərə kəşfiyyatçının vəzifə və məqsədləri barədə ətraflı məlumatlar verir, onları təlimatlandırır, lazımi informasiyalarla təmin edirlər.

 

Ordumuzun

uzaqvuran topları

 

Hücuma hazırlıq zamanı uzaqvuran toplardan açılan sərrast atəş döyüşün taleyini həll edir. Təsadüfi deyil ki, hələ orta əsrlərdən müharibələrdə düşmənə qarşı toplardan geniş istifadə edilib. Artilleriya imkanlarına malik ordular möhtəşəmliyi və məğlubedilməzliyi ilə seçilib.

Azərbaycan Silahlı Qüvvələrinin artilleriya bölmələri bu gün tarixi təməl üzərində yeni uğurlu nəticələr əldə etməyə, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Tarixi torpaqlarımızın işğalçılardan təmizlənməsində artilleriya qüvvələrinin üzərinə böyük məsuliyyət düşür. Onlar digər qoşun növlərinin səmərəli hücum strategiyasını təmin etməli, dəqiq koordinatlar əsasında düşmənin istehkam qurğularını, artilleriya batareyalarını, sığınacaqlarını, eləcə də digər strateji hərbi obyekt və məntəqələrini, canlı qüvvəsini məhv etməlidirlər.

Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissənin artilleriya bölməsi gündəlik olaraq taktiki təlimləri davam etdirir, bu sahədə nəzəri-təcrübi hazırlığını artırır. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin yetirməsi, gənc əsgərlərə təlim keçən zabit Məcnun Namazəliyevin sözlərinə görə, müharibə zamanı artilleriyanın rolu böyükdür: "Tələblərə görə artilleriya qüvvələri - toplar cəbhə xəttindən bir neçə kilometr arxada yerləşdirilir. Bu, hərbi əməliyyatların artilleriya dəstəyi ilə uğurla başa çatdırılması məqsədinə hesablanır. Artilleriya bölməsinin əsgər-zabit heyəti həm mənəvi-psixoloji durumu, həm də döyüş təcrübəsi ilə yüksək səviyyədədir. Peşəkar zabitlər əsgərlərə toplardan necə istifadə etməyin sirlərini öyrədir, onlara lazımi təlimatlar, əmrlər verirlər. Peşəkar top heyəti düşmənin zəif təchiz olunmuş dayaq nöqtələrindən məlumatlıdır. Döyüş əmri verilən anda həmin nöqtələr birinci olaraq toplardan zərbə altına alınacaq. Ermənilərin işğal etdikləri rayonlarda yaratdıqları istehkam qurğularının dağıdılmasında topçularımız öz bacarıq və peşəkarlıqlarını göstərəcəklər".

Çoxsaylı artilleriya qurğularının yerləşdiyi ərazidə keçirilən təlimlə tanış olur, gənc topçulara yaxınlaşıb onlarla söhbət edirik. Əsgər Vüsal Həsənov ön cəbhədə xidmət etməsindən qürur hissi keçirdiyini vurğulamaqla yanaşı, topçuların döyüşə tam hazır olduqlarını bildirir: "85 millimetrlik D-44 topu diviziya topu olub, düşmənin artilleriya batareyalarını, canlı qüvvəsini, müəyyən istehkam qurğularını dağıtmaq və məhv etmək üçün istifadə edilir. Bu topla 15800 metr məsafəni vurmaq mümkündür. Bizim əsas vəzifəmiz hərbi əməliyyatların aparılması zamanı piyada qüvvələrini atəş dəstəyi ilə təmin etməkdir. Piyada qüvvələrinə yardım etmək üçün onların bizə verdiyi hədəfləri sıradan çıxarmalıyıq. Əsgər kimi bu hərbi texnika ilə necə davranmağın sirlərini yaxından öyrənir, özümüzü ən ağır artilleriya döyüşlərinə hazırlamağa çalışırıq. Komandirlər mütəmadi olaraq məşğələlər keçirir, dərslər bilavasitə atəş mövqeyində aparılır. Məlumdur ki, top genişmiqyaslı döyüş əməliyyatlarının taleyini müəyyən edən bir silahdır. Əsgərlərimiz dəqiq koordinatlar əsasında topla zərbə endirmək qabiliyyətinə malikdirlər".

Gədəbəy Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış əsgər Saday Məmmədov qısa müddətdə yetkin topçu kimi formalaşıb. Üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələn Saday Məmmədov artilleriya sahəsində geniş bilgilərə də malikdir: "Topçu kimi mənim əsas vəzifəm batareyanın baş zabitindən aldığım tapşırıqları top heyətinə çatdırmaqdır. Eyni zamanda topu vaxtında döyüşə hazırlamaq, top heyətini döyüşə hazır vəziyyətə gətirmək, lazımi istiqamətlərə atəş açaraq verilmiş tapşırıqları yerinə yetirmək əzmindəyik".

Əsgər Rasim Muradov isə deyir ki, topçu olmaq böyük məsuliyyət tələb edir: "Artilleriya döyüşün gedişinə əsas təsir göstərən hərbi vasitədir. Burada olduğum müddətdə müxtəlif artilleriya qurğularının taktiki-texniki xüsusiyyətlərinə yiyələnmişəm. Müharibə başlayarsa, sözsüz ki, əsas yük bizim üzərimizə düşəcək. Sərrast atəşlərimizlə düşməni məhv edəcəyimizə əminik".

Artilleriya bölməsinin Kiçik Artilleriya Poliqonunda aparılan məşqlər xüsusilə maraq doğurur. Kiçik döyüş meydanını xatırladan bu şərti "poliqon"da əsgərlər döyüş tapşırıqlarını və "simulyativ hərəkətləri" yerinə yetirirlər. Daha dəqiqi, komandirlərin verdiyi hədəflərin koordinatları hesablanır, sonra lazer "silah" vasitəsilə şərti "atəş açılır". Bu prosesdə əsgərlərin artilleriyadan düzgün istifadə etmək, düşmən hədəflərinin koordinatlarını dəqiq müəyyənləşdirmək təcrübəsi artır.

 

Motoatıcı hərbi hissə

döyüşə hər an hazırdır

 

Beyləqanda yerləşən "N" saylı motoatıcı hərbi hissə ilə tanışlıq da xoş təəssürat doğurur. Müasir üslubda təmir olunmuş hərbi-inzibati binalar - əsgər kazarmaları, yeməkxana, camaşırxana və s. obyektlər zövq oxşayır. Hərbi hissə ərazisində quraşdırılan xüsusi dəmir lövhələrdə Azərbaycan Ordusunun tarixi, keçmişi, bugünü ilə bağlı informasiyalar, məlumatlar yerləşdirilib. Buradakı təmizlik, səliqə-sahman və yaşıllıq hərbi hissənin nümunəvi fəaliyyətindən, komandanlığın tələbkarlığından və məsuliyyətindən xəbər verir.

İnzibati binanın divarlardakı əyani təbliğat və təşviqat materialları, hərbi xarakterli təlimatlar, fotoillüstrasiyalar diqqəti cəlb edir. Fotostendlərdə isə ulu öndər Heydər Əliyev və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müxtəlif hərbi hissələrdə, düşmənlə təmas xəttində əsgər və zabitlərlə keçirdiyi görüşlər əksini tapıb. Həmçinin "Ümummilli lider", "Azərbaycan Respublikasının Konstitusiyası", "Azərbaycan Respublikasının dövlət himni", "Silahlı Qüvvələrin hərbi andı", "Erməni təcavüzü", "Dövlət bayrağı və gerbi" və s. başlıqlı lövhələr məzmunu ilə maraq doğurur.

Daha sonra hərbi hissənin kazarmalarına - müasir tələblərə cavab verən yataqxanalara baş çəkirik. Müasir üslubda təmir edilmiş kazarmalarda əsgərlərin istirahəti üçün hər cür şərait yaradılıb. Əsgərlər asudə vaxtlarında qəzet və jurnalları nəzərdən keçirir, ölkədəki ictimai-siyasi proseslərlə bağlı dolğun informasiyalar alırlar. Hərbi bilik jurnalı ilə yanaşı, əsgərlərin onları obyektiv informasiya ilə təmin edən ciddi qəzetləri də oxumaq imkanı var.

"N" saylı hərbi hissədə əsgər və zabitlərin qidalanması və ərzaq təminatı da yüksək səviyyədədir. Nahar zamanı əsgərlərə tərəvəz salatı, kompot, makaronlu, ətli şorba və üzərində qiymə olan qarabaşaq verilir. Süfrəyə verilmiş yeməklərin tamına baxaraq onların lazımi səviyyədə hazırlandığına bir daha əmin oluruq. Ümumiyyətlə, əsgər və zabit heyətinin gündəlik rasionunda ət, yumurta, balıq məhsullarından tutmuş meyvə-tərəvəzə, kompot və təbii şirələrə qədər, ümumilikdə 26-27 adda qida məhsulu var.

Ağstafa Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Aqil Hacıyevin sözlərinə görə, bu gün Azərbaycan Ordusunda xidmət etmək hər bir gəncin layiqli borcudur. Onun fikrincə, hərbi xidmət keçmədən həyatda böyük uğurlar qazanmaq, dövlət strukturlarında təmsil olunmaq mümkün deyil: "Son illər xidmətdən yayınan gənclərin sayının azaldığını eşidirik. Bu da təbiidir - biz artıq başqa dövrdə yaşayırıq. Kim hərbi xidmətdən yayınırsa, artıq özünün normal gələcəyi üçün problemlər yaradır. Bir də ki, bu gün Azərbaycan Ordusunun bütün hərbi hissələrində normal şərait yaradılıb. Əsgərlərin geyimlə, qida ilə təminatında heç bir problem yoxdur".

Xocalı şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Nurlan Həsənov isə Azərbaycan Ordusunun hər zaman düşmənə layiqli cavab vermək əzmində olduğunu deyir. Onun sözlərinə görə, keçilən nəzəri dərslər əsgərlərə layiqli hərbçi kimi yetişmək imkanı yaradır: "Bəzilərinə elə gəlir ki, ön cəbhədə xidmət keçmək çətindir. 1 ildən artıq müddətdə burada xidmət keçən şəxs kimi əminliklə deyə bilərəm ki, belə fikirlərin əsası yoxdur. Əsgər kimi zabitlərimizin verdiyi tapşırıqları vaxtında icra etməyə, onların etimadını qazanmağa çalışırıq. Burada olduğum müddətdə bir daha əmin oldum ki, Azərbaycan Ordusu son illərdə çox güclənib. Ali Baş Komandan tərəfindən əmr olacağı təqdirdə, Silahlı Qüvvələrimiz işğal olunmuş torpaqlarımızı düşməndən azad etməyə tam qadirdir".

Ümumiyyətlə, 2 gün ərzində Füzuli və Beyləqan rayonlarında müxtəlif hərbi hissələrdə keçirdiyimiz görüşlər zamanı bir daha şahidi olduq ki, Azərbaycanın hərbi büdcəsinin artması ilə əlaqədar Silahlı Qüvvələrin silah-sursat və hərbi texnika ilə təchizatında, qida təminatında əsaslı dəyişikliklər hiss edilir. Düşmənlə üz-üzə dayanan əsgərlərimiz ən müasir atıcı silahlarla, hərbi texnika və istehkam qurğuları ilə, eyni zamanda mövsümi hərbi geyimlərlə təmin olunurlar. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğının nəticəsi olaraq çətin bir bölgədə yaradılmış bu şərait şəxsi heyətin yüksək mənəvi-psixoloji ovqatda köklənməsinə, döyüş və mübarizə əzminə də müsbət təsirini göstərir.

 

 

İxtiyar HÜSEYNLİ,

 

Samir ELMANOĞLU

 

Azərbaycan.-2009.-7 yanvar.-S.4.