Təmiz və ədalətli söz daha qiymətlidir

 

 Yola saldığımız 2008-ci ilin yekunları müstəqil respublikamız üçün təkcə sosial-iqtisadi uğurlarla deyil, həm də demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması - insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, xüsusən söz və mətbuat azadlığının daha yüksək səviyyədə təminatı sahəsində həyata keçirilən mühüm tədbirlərlə əlamətdardır. Azərbaycanda siyasi plüralizmin mövcudluğu öz təsdiqini həm də demokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün yaradılmış hüquqi təminatlarda tapır.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qəzetimizə müsahibəsində ötən il mətbuat sahəsində əldə olunmuş uğurlardan, eyni zamanda rəhbəri olduğu qurumun fəaliyyətindən söz açır.

- Əflatun müəllim, yola saldığımız 2008-ci il ölkənin media həyatında hansı hadisələrlə yadda qaldı?

- Ötən il Azərbaycan mediasının həyatında baş verən hadisələri sıralasaq böyük siyahı alınar. Ən önəmlilərindən, ictimaiyyətin, vətəndaş cəmiyyət quruculuğunun maraqları ilə kəsişənlərindən söhbət açmaq istəyirəm. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar: müstəqil mətbuatın inkişafı və formalaşdırılması üçün ölkədə başlanan proseslərin dərinləşdirilməsinə yönələn tədbirlərin məntiqi davamı olan "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı, KİV-lərə dövlət yardımları, yubileylər, Mətbuat Şurasının fəaliyyətində yeni dövr açan jurnalistlərin V qurultayı. Əgər hər birinin mahiyyətinə diqqətlə nəzər salsaq görərik ki, dövlətin bu sahənin beynəlxalq standartlara uyğun formalaşması üçün yeritdiyi siyasət, həyata keçirdiyi tədbirlər, cəmiyyətin medianın sabahı ilə bağlı qayğı və düçüncələrilə həmahənglik təşkil edib.

Sərəncamdan başlayaq. İşçi qrupunun hazırladığı müvafiq layihə Prezidentin İcra Aparatına təqdim edilənədək dəfələrlə toplantı, müzakirələr keçirmək lazım gəlib. Həmin qrupun tərkibində dövlət qurumlarının, Mətbuat Şurasının təmsilçiləri, tanınmış media mütəxəssisləri, ekspertlər aylarla iş aparmalı olublar. Dövlət başçısı iyulun 31-də sərəncamı imzalayıb. Sərəncam media sahəsində indiyədək imzalanan sənədlər içərisində fərqli fundamental çəkiyə malikdir. Qayəsində cəmiyyətdə söz azadlığını, insanların obyektiv informasiya əldə etmək hüququnu, həmçinin KİV-lərin müstəqilliyini təmin etmək və digər bu kimi mühüm, bir-birindən ayrılmaz prinsiplər dayanır.

Ötən il Prezident İlham Əliyev dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti hesabına bir sıra aparıcı qəzetlər və informasiya agentlikləri daxil olmaqla, ümumilikdə 38 KİV-ə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzaladı. Bir sıra KİV-lərin, jurnalistlərin yubileyləri qeyd olundu. Ayrılıqda qələm sahiblərimiz dövlət mükafatlarına və fəxri adlara layiq görüldülər. "Azərbaycan" qəzetinin 90 illik yubileyi ilə bağlı silsilə tədbirləri xüsusi qeyd etmək istərdim. Çünki o, milli müstəqil dövlətimizin ilk azad mətbu nümunəsidir. Mətbuat Şurasında da əlamətdar hadisə ilə əlaqədar "dəyirmi masa" keçirilib.

Apreldə Türkiyə və Azərbaycan jurnalistlərinin II beynəlxalq konfransının keçirilməsi, iyulda mətbuatımızın 133-cü ildönümünün qeyd olunması keçən ilin əlamətdar hadisələri sırasındadır.

Azərbaycan jurnalistlərinin ötən il iyunun 20-də keçirilmiş V qurultayına gəlincə, bu ali məclis ənənəvi olaraq qızğın diskussiyalarla, təkliflərlə yadda qaldı. Ali Məclis Şuranın əvvəlki qurultayından bəri görülən işləri məqbul qiymətləndirərək 15 nəfərdən ibarət İdarə Heyətini, Nəzarət-Təftiş Komissiyasının yeni tərkibini seçdi. Qurultayın qəbul etdiyi qətnamədə görüləcək işlərin konkret istiqamətləri müəyyənləşdirildi. Kəsəsi desək, qurultay rəhbər orqanları yenidən formalaşdırılan Mətbuat Şurasının fəaliyyətində yeni mərhələnin başlanğıcını qoyub.

Əlbəttə, başa çatmaqda olan ilin problemlərsiz ötüşdüyünü demək doğru olmaz. Azərbaycanda KİV-lərin iqtisadi müstəqilliyi hələ təmin olunmayıb, media ölkə iqtisadiyyatının tərkib hissəsinə çevrilməyib. Bu da onun özünütənzimləmə imkanlarının zəifliyini, bəzən də yoxluğunu göstərən başlıca amildir. Maddi təminatın aşağı səviyyəsi bir sıra media orqanlarını ayrı-ayrı şəxslərdən, siyasi qurumlardan asılı hala salır. KİV-lər müxtəlif partiya və qrup maraqlarının təsirinə düşürlər, ideoloji rupor rolunda çıxış edirlər və sair. İqtisadi müstəqilliyin aşağı səviyyəsi sırf yaradıcılıq nöqteyi-nəzərdən aydın görünən problemlər doğurur. Mətbuatımız "reket jurnalistika" deyilən bəladan yaxa qurtarmayıb. Təəssüf ki, belə hallar qalmaqdadır və ötən ilin də media mənzərəsi bundan kənar deyil. Amma nikbinlik üçün kifayət qədər əsasların olduğu qənaətindəyəm. Fikrimcə, Konsepsiyadan irəli gələn vəzifələrin həlli mediamızın inkişafında sistemli mərhələnin başlancığı olacaqdır. Bundan təkcə KİV-lərimiz deyil, bütövlükdə cəmiyyət fayda götürəcəkdir.

- Mətbuat Şurası 6 ilə yaxın fəaliyyət göstərməsinə baxmayaraq, ümumilikdə, cəmiyyət onun missiyasını hələ adekvat qavraya bilmir. Ötən il Şuranın cəmiyyətlə, ictimaiyyət nümayəndələri ilə təmasları baxımından hansı xüsusiyyətlərlə yaddaqalan oldu?

- Mətbuat Şurası ildən-ilə cəmiyyətdəki dayaqlarını möhkəmləndirir. Quruma inamla yanaşılır, insanlar vəzifəsindən, mövqeyindən asılı olmayaraq KİV-lə bağlı problemlərin Şura müstəvisində çözülməsinə üstünlük verirlər. Bu, daxil olan müraciətlərin, keçirilən tədbirlərin sayında da özünü göstərib. Təsəvvür edin, MŞ-yə 2008-ci ildə daxil olan şikayətlərin üçdə biri ictimaiyyət nümayəndələri və ayrı-ayrı vətəndaşlardandır.

Ötən il KİV-lərin və jurnalistlərin xalqımız və dövlətimiz üçün mühüm hadisə sayılan prezident seçkisini işıqlandırmalarının prinsipləri əsasında istər cəmiyyətdə, istərsə də media orqanlarında kifayət qədər iş aparılıb. Monitorinqlərin nəticələri müzakirə edilib, onlardan Şuranın keçmiş praktikasına nəzərən faydalanılıb. Təqdirəlayiq haldır ki, prezidentliyə namizədlər haqqında KİV-lərdə gedən yazılarda ötən illərlə müqayisədə etik prinsiplərə daha çox riayət edilib. Mövcud nəticənin əldə olunmasına MŞ-nin tövsiyələrinə, həyata keçirdiyi tədbirlərdə açıqlanan norma və dəyərlərə etinalı yanaşma təsirsiz ötüşməyib. Sentyabrda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının nümayəndələri ilə görüşlərimizdə də başlıca diqqət KİV-lərin seçki prosesini işıqlandırmalarına yönəlib. Seçki günü MŞ-də fəaliyyət göstərən "qaynar xətt" rejimi jurnalistlərin proses zamanı üzləşə biləcəkləri olaylar haqqında dərhal məlumat vermək imkanı yaradıb. Daxil olan məlumatlarla əlaqədar operativ tədbirlər görülüb, problemlər aradan qaldırılıb. Bundan başqa, MŞ təmsilçiləri oktyabrın 15-də Bakıda və bölgələrdə yerli və beynəlxalq KİV-lərin peşə fəaliyyətlərini yerinə yetirmələrinin vəziyyəti ilə maraqlanıblar.

Ötən il Mətbuat Şurasının təşəbbüsü ilə həyata keçirilən "Media və ictimaiyyət" layihəsi çərçivəsində, eyni zamanda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icra vəziyyətinin KİV-lərdə işıqlandırılması ilə tanışlıq əsnasında ölkəmizin bir sıra bölgələrinə səfərlərimiz oldu. Yerlərdə sadə insanlarla təmaslar yaratdıq, fərdi qaydada söhbətlər apardıq. Düşünürəm ki, 2009-cu il üçün iş planında bu istiqamətdəki fəaliyyətə daha geniş yer ayıracağıq.

- Mətbuat Şurası İdarə Heyətinin bir müddət əvvəl keçirilən iclasında qurumun 2008-ci ildəki fəaliyyətinə dair hesabatı müzakirə olundu. Bu hesabat barədə nə deyə bilərsiniz?

- Hesabat yanvarın ilk ongünlüyünədək ictimaiyyətə açıqlanacaq. Ona görə də bununla əlaqədar ümumi məlumatla kifayətlənmək istərdim. Öncə onu deyim ki, təkcə mənim deyil, ümumilikdə İdarə Heyəti üzvlərinin qənaətidir ki, sənəddə ən önəmli cəhət Şuranın "reket jurnalistika"ya qarşı mübarizə komissiyasının təqdimatı əsasında "reket nəşrlər"in adlarının açıqlanmasıdır. MŞ-nin əsas missiyası şikayətlərə baxmaqdır. Ötən il Şuraya 347 müraciət daxil olub. Onların böyük əksəriyyəti paytaxtdandır. 23 rayondan daxil olan şikayətlərin sayı 2-11 aralığında dəyişir, daha 21 bölgənin hərəsindən bir şikayət göndərilib. Burada xüsusi maraq doğuran tendensiya üç il əvvəllə müqayisədə Bakıdan alınan müraciətlərin sayının yarıbayarı azalması, bölgələr üzrə eyni artımın müşahidə olunmasıdır. Şübhəsiz ki, regionlarda aparılan işin əyani təsiri duyulmaqdadır.

Şikayətlərin böyük əksəriyyəti Şuranın Katibliyində həllini tapıb. Şikayətlər üzrə Komissiyada 104 müraciətə baxılıb. Komissiya il ərzində keçirdiyi 11 yığıncağında bütün məsələlərlə bağlı toplanmış materialları diqqətlə araşdırıb, tərəfləri dinləyib. Yalnız zəruri hallarda şikayətlər barədə yekun qərarın çıxarılması üçün həmin materialları və rəyləri İdarə Heyətinə təqdim edib. Şikayətlərin 54-ü Komissiyada öz həllini tapıb. 50 şikayətlə bağlı çıxarılan rəylər İH-yə təqdim edilib. Bunların əsasında MŞ-nin 38 qərarı qəbul olunub. Çıxarılan qərarlarda 8 nəşrlə bağlı məsələnin hüquq-mühafizə orqanlarında araşdırılması münasib bilinib. Daha 12 məsələ İH-nin iclasınadək həll olunduğu üçün rəylərlə kifayətlənmək məqbul sayılıb.

Hesabatda daxil olan şikayətlər üzrə "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın pozulması hallarının təsnifatına da yer ayrılıb. Məlum olub ki, il ərzində şikayət doğuran materiallarda peşə prinsiplərinə 471 dəfə etinasız yanaşılıb. Qəzetlərin yazılarında balansı gözləməmələri, tənqid obyektinin fikirlərinin dərcinə önəm verməmələri bu nəticədə əsas yer tutur. Mövcud göstəricilər materiallarda şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı prinsipinə də etinasız yanaşıldığını deməyə əsas verir ki, bu da hesabatdakı konkret rəqəmlərdə əksini tapıb. Sənədin daha bir xüsusiyyəti isə ora MŞ-nin il boyu ölkəmizin 25 aparıcı KİV-nin materialları əsasında apardığı monitorinqinin nəticələrinin daxil edilməsidir. Bu yenilikdir.

- Əflatun müəllim, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na əsasən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun yaradılacağı ilə bağlı fikirlər məsələni yenidən aktuallaşdırıb.

- Konsepsiya kifayət qədər mükəmməl sənəddir. Bunu təkcə mən demirəm, media ekspertlərinin, KİV rəhbərlərinin də qənaətləri belədir. KİV-lərin İnkişafına Dəstək Fondunun əsasnaməsi ilə bağlı layihə hazırlayıb ölkə rəhbərliyinə təqdim etmişik. Qurum tezliklə formalaşacaq. Öncə onu deyim ki, dövlətin informasiya siyasəti Konstitusiyamızda ifadəsini tapan fikir, söz və məlumat azadlıqlarının təminatına, vətəndaşların sərbəst və maneəsiz informasiya almalarına yönəlib. Məsələ burasındadır ki, zəngin hüquqi baza medianın fəaliyyəti üçün geniş imkanlar yaratsa da, kütləvi informasiya vasitələri cəmiyyətin ondan gözlədiyi dördüncü hakimiyyət rolunda dişsiz və imkansız görünürlər. Ölkənin iqtisadi qüdrətinin güclənməsindən əksər sahələr tərəqqilərinin təminatına yönələn sanballı paylarını götürürlər. KİV-lər, xüsusilə yazılı mətbuat barədə isə bunu söyləmək olmaz. Sahənin infrastrukturu yeniləşməli, jurnalistlərin peşəkarlığı təkmilləşdirilməlidir ki, medianın cəmiyyətin sosial-siyasi və mədəni həyatına təsir gücü artsın. Konsepsiya istək və maraqları kəsişdirən sənəd kimi ortaya çıxdığından, tərəflər onun spesifik cəhətlərindən də danışır, görmək istədiklərini də təklif edirlər. Fəal münasibət anlaşılan və təqdirolunandır.

Digər bir məqam: Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu gedir. Belə şəraitdə media prosesin arxasınca sürünməməlidir. Aktiv fəaliyyət gücündə olmalıdır. Konsepsiya bu niyyəti dəstəkləyir. KİV-lərin fəaliyyətini stimullaşdırır. Redaksiyalara müxtəlif formalarda yardımlar göstərilib. Konsepsiya təkcə yardım deyil, uzun müddətə hesablanmış strategiyadır. Sənəd yardım mexanizmini təkmilləşdirməyi, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmağı, cəmiyyətlə KİV arasındakı əməkdaşlığı gücləndirməyi, cəmiyyət və dövlət üçün prioritet məsələlərin həllində medianın potensialından səmərəli istifadəni üzərinə götürür.

Konsepsiyadakı dövlət dəstəyi formalarının hər biri müstəsna əhəmiyyətə malikdir. Prinsiplər proseslərin qanunçuluğa, şəffaflığa söykənəcəyini bildirir. Əməkdaşlığa, qarşılıqlı məsuliyyətə çağırır, KİV-lərin müstəqilliyinin qorunmasını öhdəyə götürür, fəaliyyətlərinə hər hansı müdaxilənin yolverilməzliyini vurğulayır. Yayılması qadağan olunan informasiyadan cəmiyyətin qorunması, KİV-lərin inhisarlaşmasının qarşısının alınması, ictimai maraqları əks etdirən layihələrə üstünlük verilməsi də onun dəyərini artırır. Vaxtilə ölkə mediasının aparıcı tərkib hissəsi olan regional mətbuatın acınacaqlı durumdan xilası Konsepsiyanın ayrıca bəndlərindən biridir. Bu nəşrlər uzun müddət idi ki, az qala unudulmuşdu. Onlara müsabiqəsiz maliyyə yardımı ayrılacaq.

Ölkə jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurası təsis ediləndə qurumun taleyinə münasibətlər çoxşaxəliydi. Yaşadı, çətinlikləri ictimai təşkilat kimi yola verdi. Mediadan da, ictimaiyyətdən də, dövlətdən də dəstək gördü. İndi söhbət KİV-lərlə münasibətlərin elmi, planlı, dayaqlı şəkildə təqdim olunan mükəmməl dövlət sənədləri əsasında qurulmasından gedir. Yardım müsabiqəli və müsabiqəsiz şəkildə həyata keçiriləcək. Bu isə onu deyir ki, media ilə bağlı bir sıra prioritet məsələlərin həlli sürətlənəcək. Sosial məsələnin ilk bəndə daxil edilməsi isə xüsusilə sevindiricidir. Bütün bunların fonunda deyə bilərik ki, 2009-cu il jurnalistikamızın inkişafında yeni bir mərhələ olacaqdır.

 

 

Söhbəti yazdı:

S.ELMANOĞLU,

 

Azərbaycan.-2009.-7 yanvar.-S.5.