Azərbaycan Kanadada Cənubi Qafqazın lider dövləti kimi qəbul edilir

 

Son illərdə Azərbaycanın iqtisadi artım tempinə görə dünyanın lider ölkəsinə çevrilməsi, iqtisadi, infrastruktur sosial məsələlərin həlli, regional layihələrin həyata keçməsi böyük dövlətlərin respublikamıza olan marağını daha da artırıb. Elə bu səbəbdəndir ki, Kanada parlamentinin deputatları ölkəmizə səfər etmək, Azərbaycan həqiqətləri ilə yerindəcə tanış olmaq, Cənubi Qafqazın lider dövlətinin uğurlarının canlı şahidi olmaq niyyətindədirlər. Kanadada Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aslan Xalidi əməkdaşımızla söhbətində Amerika qitəsində respublikamıza artan diqqətin səbəblərindən danışdı:

 

- Kanada vətəndaşlığını aldıqdan sonra həmin dövlətin ictimai-siyasi həyatında daha yaxından iştiraka nail olduq. Bir müddət sonra bu ölkənin aparıcı siyasi təşkilatlarından olan Yeni Demokrat Partiyasına üzv qəbul edildim. Təşkilatın rəhbəri Cek Lentonla təmaslarımızdan vacib məsələlərin həlli, üzərimizə düşən vəzifələrin öhdəsindən gəlmək üçün istifadə edirəm. Hazırda partiyanın siyasi təhlilçisi vəzifəsində çalışıram. Hər üç aydan bir Cənubi Qafqazda baş verən ictimai-siyasi proseslər haqqında Cek Lentona dolğun hesabatlar verirəm. Strateji Araşdırmalar Mərkəzinin rəhbəri olaraq Azərbaycanın yerləşdiyi regionun ictimai-siyasi mənzərəsini kanadalıların təsəvvürlərində canlandırmağa çalışıram. Yüksək sürətlə tərəqqi edən, Cənubi Qafqazın ən qüdrətli dövlətinə çevrilmiş Azərbaycana dair faktlar, məlumatlar hesabatlarımızda xüsusi yer tutur. Kanadanın siyasi analitikləri, iqtisadçıları yüksək tərəqqiyə malik Azərbaycanla xususi olaraq maraqlanırlar.

Bu ölkə ilə Azərbaycan arasında məkan baxımından kifayət qədər böyük məsafə olsa da artıq burada dövlətimiz haqqında aydın təsəvvür formalaşdıra bilmişik.

Həmvətənlərimizin siyasi sahədə yaxından iştirak etmələrinə səy göstəririk. Kanada dövləti bu ölkəyə gələn mühacirlərin siyahılarını parlamentə təqdim edir. Ali qanunverici orqan isə siyahını partiyaya göndərir. Biz soydaşlarımızın daha çox hansı ərazilərdə məskunlaşmalarına da diqqət yetiririk. Çünki dünyanın böyük dövlətlərindən olan Kanadanın regionlarında məskunlaşma bu ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmək faktoruna təsirsiz ötüşmür.

Təəssüf ki, Kanadada ictimai-siyasi həyatda yaxından iştirak etməyən soydaşlarımız da var. Onlar bu ölkədə fəallıq göstərməyə o qədər can atmırlar. Passiv həmvətənlərimiz arasında əlaqələr qurmağa, onların aktivliyini təmin etməyə səy göstəririk.

Ayrı-ayrı qitələrdə yaşamalarına baxmayaraq, Azərbaycanla Kanada bir sıra ümumi cəhətlərinə görə oxşarlıq təşkil edirlər. Kanadanın daxili-xarici siyasət kursuna aid əsas hədəflər ölkəmizin maraqlarına uyğundur. Ortaq məxrəclərin tapılması kimi vacib məsuliyyətli vəzifə hər bir soydaşımızın üzərinə düşür. Hazırda bütün səylərimizi Kanada ictimaiyyətini terrora qarşı mübarizə aparan Azərbaycan barəsində ətraflı məlumatlandırmağa yönəltmişik.

- Ötən il təbliğat işində hansı nailiyyətlər əldə etdiniz?

- Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin fəaliyyəti tədricən öz bəhrəsini verməkdədir. Belə ki, Kanadanın bir sıra hökumət rəsmiləri, parlament deputatları aparıcı partiyalarının üzvləri ilə əlaqələr qurduq. Britaniya Kolumbiyasının vilayətlərindən olan parlamentdə həlledici səsə malik deputatların demək olar ki, hamısı ilə sıx ünsiyyətdəyik. Ali qanunverici orqanın nümayəndələrinə daim Azərbaycan haqqında məlumatlar verir, onların Cənubi Qafqaz regionunun lider dövləti haqda təsəvvürlərinin genişləndirilməsinə çalışırıq. Apardığımız təbliğat işinin uğurlu nəticəsi olaraq deputatlarda Azərbaycana qarşı maraq oyandı, onlar respublikamıza səfər etmək təklifini irəli sürdülər. Deputatlar bura gəlmək, həqiqətlərlə yerindəcə tanış olmaq niyyətindədirlər. Kanadanın ictimai-siyasi xadimlərinin respublikamıza gəlişi iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə, Azərbaycan haqqında dolğun təsəvvürlərin formalaşdırılmasına səbəb olacaq.

- Bəs 2009-cu ildə qarşınızda duran əsas vəzifələr nədən ibarətdir?

- Yeni ildə həlli vacib məsələlər görüləsi işlər çoxdur. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının ötən ay Bakıda keçirilmiş toplantısı "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası"nın qəbulu ilə yeni fəaliyyət mərhələsi başlandı. Hər bir diaspor təşkilatı tapşırıq ya dəstək gözləmədən əsas vəzifələrin icrası ilə məşğul olmalı, təbliğat işini gücləndirməlidir. Biz Kanadada ümummilli liderimiz Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, indi fəxr edirəm, mən azərbaycanlıyam" şüarını fəaliyyətimiz üçün əsas prinsip olaraq seçmişik. Hər birimiz azərbaycançılıq məfkurəsini uca tutmalı, tarixi vətənimizin Azərbaycan olduğunu unutmamalı, daim dövlətimizin mənafeyi üçün çalışmalıyıq. Bu istiqamətdə görüləcək əsas işlərdən biri təbliğat fəaliyyətini gücləndirməkdir.

Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının sabiq sədri, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı bu gün Prezident İlham Əliyevin uğurla davam etdirməsi Azərbaycana böyük nailiyyətlər bəxş edir. Bu müvəffəqiyyətlər diaspor təşkilatlarının fəaliyyətində yenilik uğurlarla müşahidə olunur. Biz Prezident İlham Əliyevin çıxışlarını daim izləyirik. Dövlət başçısının səsləndirdiyi fikirlər, müəyyənləşdirdiyi yeni tapşırıq vəzifələr dərhal dünya azərbaycanlıları üçün prioritet məsələyə çevrilir. Prezident İlham Əliyevi 50 milyonluq soydaşımızın rəhbəri kimi dəstəkləyir, üzərimizə düşən məsuliyyət hissini aydın şəkildə dərk edirik. Dövlət başçısının Əlaqələndirmə Şurasına rəhbərlik etməsi diaspor təşkilatlarının işinə təkan verdi. Dünya Azərbaycanlılarının II Qurultayının diaspor tarixində yeni mərhələnin əsasını qoyması, eləcə Prezident İlham Əliyevin tövsiyələri diaspor quruculuğu işini müasir tələblər səviyyəsində qurmaq üçün tədbirlər görülməsi zərurətini meydana çıxarıb.

Strateji Araşdırmalar Mərkəzinin rəhbəri kimi müşahidə edirəm ki, cəmi bir neçə il müstəqillik yaşı olan Azərbaycan Kanadanın çox onilliklər əsasında formalaşan siyasi strategiyasını, dövlət quruculuğu mexanizmini özündə uğurla, qısa müddət ərzində tətbiq edib. Bu, inkişaf strategiyasının yeni Azərbaycan modelidir. Həmin model respublikamızda özünəməxsus dəyərlərlə həyata keçirilir.

 

 

Anar RASİMOĞLU

 

Azərbaycan.-2009.-7 yanvar.-S.5.