Prezident İlham Əliyev 2008-ci ildə vətəndaş cəmiyyətinin inkişafında yeni mərhələnin əsasını qoydu

 

2008-ci il respublikamızda vətəndaş cəmiyyəti institutlarının inkişafında dönüş ili kimi yadda qaldı. Məhz bu ildə dövlət qayğısının nəticəsi olaraq qeyri-hökumət təşkilatlarının maddi təchizatı, inkişafı ilə əlaqədar bir sıra uğurlar əldə edildi. Dövlət başçısı İlham Əliyevin qərarı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması, 2007-ci ildə fərqlənmiş QHT-lər üçün Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi, qeyri-hökumət təşkilatlarının layihələrini həyata keçirmək üçün dövlətdən maliyyə dəstəyi almaları ilə yeni mərhələnin əsası qoyuldu. Dövlət Dəstəyi Konsepsiyasının təsdiqi ilə əlaqədar uzun müddət müzakirə olunan layihələr maliyyələşdirildi, gələcək perspektivlərlə bağlı siyasi xətt formalaşdı. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev əməkdaşımızla söhbətində vətəndaş cəmiyyəti institutlarının gələcək perspektivlərindən danışdı:

- Ötən il aprelin 16-da Prezident İlham Əliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərini təyin etdi. Bu addım dövlət başçısının, cəmiyyətin bütün sahələri kimi, qeyri-hökumət sektoruna da qayğı göstərdiyini, xüsusi diqqət ayırdığını sübut etdi. Dövlət Dəstəyi Şurası yaradıldığı gündən aktiv fəaliyyətə başladı. Bu müddət ərzində qurumun təşkilati işlərinin başa çatdırılması istiqamətində kifayət qədər iş görüldü. Şuranın tərkibinin tam formalaşdırılması, müvafiq sənədlərin qəbulu, eyni zamanda Azərbaycanda ilk dəfə olaraq qeyri-hökumət təşkilatlarının proqram və layihələrinin maliyyələşdirilməsi müsabiqəsinin elan edilməsi vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.

Proqram və layihələrin maliyyələşdirilməsi müsabiqəsində əsas götürülmüş ədalət prinsipi öz bəhrəsini verdi. Müsabiqədə iştirak edən təşkilatlar razı qaldılar. Azərbaycan Hüquqşünaslar Konfederasiyası İctimai Birliyinin "Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsi və təbliği" layihəsi üçün 12 min, Azərbaycan Demokratik Jurnalistlər Liqasının "Regionlarda seçkilər üzrə ixtisaslaşmış jurnalist qrupunun yaradılması" layihəsinin həyata keçirilməsi məqsədilə 10 min, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin "2008-ci ilin Azərbaycan Respubikasının Prezidentinin seçkilərinə hazırlıq və seçkilərin monitorinqi" layihəsi üçün 12 min, Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin "Bələdiyyələrin institusional inkişafına dəstək, şəffaflıq. Bələdiyyə idarəçiliyində strateji planlaşma və vətəndaşların iştirakı" layihəsi məqsədilə 5 min, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun "QHT-lər üçün təlim və məsləhətlərin təşkili və "MQF xəbər elektron" qəzetinin fəaliyyətinin davam etdirilməsi" layihəsi üçün 12 min manat vəsait ayrıldı. Maliyyələşdirilən layihələr müxtəlif sahələri əhatə etdi.

Layihələrin seçilməsində mühüm meyarlar, o cümlədən vətəndaş cəmiyyəti quruculuğunun inkişafı naminə zəruri olan proqram və təkliflər nəzərə alındı. Azərbaycan Gənclərinin Avroatlantika Təşkilatı İctimai Birliyinin "Gənc atlantistlər ümumrespublika qruplar şəbəkəsi" layihəsi məqsədilə 5 min, İşgəncələrə qarşı Azərbaycan Komitəsi İctimai Birliyinin "Azərbaycanda polis-vətəndaş münasibətlərinin tədqiqi və birgə əməkdaşlığın inkişaf etdirilməsinə dair ictimai müzakirənin təşkili" məqsədilə 6 min, Tərəfsiz Jurnalistlər İctimai Birliyinin "QHT-lərin ictimai əlaqələrinin gücləndirilməsində medianın rolu" layihəsinin maliyyələşdirilməsi üçün 6 min, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin "Xocalı soyqırımını dünyaya tanıdaq" layihəsi üçün 6 min, eyni zamanda Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi tərəfindən hazırlanmış "Kor və zəif görən insanların peşə bacarıqlarının inkişaf etdirilməsində maddi-texniki və proqram dəstəyinin verilməsi" layihəsi məqsədilə 4 min manat vəsait ayrıldı.

Şura bütün sektorlar üzrə irəli sürülən təklif və tələbləri, layihələri diqqət mərkəzində saxlayır. Çalışırıq ki, cəmiyyətin heç bir təbəqəsi, eyni zamanda əmək fəaliyyətini itirmiş vətəndaşlar diqqətdən kənarda qalmasınlar. Əlillərin Mənəvi Təkamül Mərkəzinin "Peşə hazırlığı mərkəzi" layihəsi məqsədilə 4 min, Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının "Məcburi köçkünlərin seçki aktivliyinin yüksəldilməsi" layihəsi üçün 12 min, Qarabağ Qaziləri İctimai Birliyinin "Əlil, veteran, şəhid ailələrinin sosial problemlərinin həllinə kömək" layihəsi üçün 6 min, Demokratik Seçki Mərkəzinin "2008-ci ildə prezident seçkilərinin müşahidəsinin təşkili, gənclərin seçkilərdə fəal iştirakının təmin edilməsi" layihəsi üçün 12 min və digər qeyri-hökumət təşkilatlarının layihələri də daxil olmaqla ümumilikdə 190 layihənin maliyyələşdirilməsi üçün 1 milyon 200 min manat vəsait ayrıldı.

Hazırda Şura maliyyələşdirdiyi təşkilatların fəaliyyətlərinin monitorinqini həyata keçirir, quruma daxil olan hesabatları araşdırır. Yaxın günlərdə bu prosesi yekunlaşdıracağıq. Əsas məqsədimiz növbəti ildə Şuranın prioritet fəaliyyət istiqamətləri çərçivəsində geniş tərkibli müsabiqə təşkil etməkdir. Bununla bağlı geniş toplantı keçirildi. Müzakirənin təşkil olunmasında məqsəd 2009-cu il üçün qeyri-hökumət təşkilatlarının təkliflərini almaq, onların vacib saydıqları fəaliyyət istiqamətlərini öyrənmək, layihə, maliyyə qaydalarını müzakirə etməkdir. Mövcud nöqsanları aradan qaldırmaq olduqca vacibdir.

Ümumiyyətlə, Şuranın sədri olaraq 2008-ci ili qeyri-hökumət təşkilatlarının inkişafı və fəaliyyəti baxımından məhsuldar hesab edirəm. Dövlətimiz vətəndaş cəmiyyətinin inkişafı ilə əlaqədar indiyə qədər həyata keçirdiyi çoxsaylı layihələrə yeni impuls verdi. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasını yaratmaqla dövlət başçısı İlham Əliyev vətəndaş cəmiyyətinin inkişafında yeni mərhələnin əsasını qoydu. Bu səbəbdən qarşıdakı mərhələdə görəcəyimiz işlər hələ çoxdur. Maliyyə yardımı Şuranın fəaliyyətinin beşdə birini təşkil edir. Qurum qeyri-hökumət təşkilatlarına digər istiqamətlərdə də dövlət dəstəyini davam etdirəcəkdir. QHT-lərə əsas dəstək isə həmin qurumların təcrübə və bacarıqlarının artırılmasından, onlara ümummilli problemlərin həllində yaxından iştirak üçün maksimum şəraitin yaradılmasından, hökumət və qeyri-hökumət təşkilatları arasında münasibətlərin inkişafı və bunun yeni mərhələyə qaldırılmasından ibarət olacaqdır.

- Prezident İlham Əliyevin qeyri-hökumət təşkilatlarına daim artan diqqət və qayğısı həmin qurumların fəaliyyətində hansısa keyfiyyət dəyişiklikləri ilə müşahidə edilirmi?

- Öncə qeyd edim ki, dövlət başçısının QHT-lərə qayğı və diqqəti geniş müşahidə olunmaqdadır. Bu himayə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə təkan verib. Əvvəllər bir sıra hökumət rəsmiləri qeyri-hökumət təşkilatlarını hər hansı formada tərəfdaş kimi qəbul etmir, bəzən QHT-ləri zərərli qurumlar kimi səciyyələndirirdilər. Məhz Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanların nəticəsi olaraq həmin məsələyə birdəfəlik aydınlıq gətirildi.

Dövlət başçısı açıq şəkildə qeyri-hökumət təşkilatlarını vətəndaş cəmiyyətinin aparıcı institutları kimi təsbit etdi. QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunmasının əhəmiyyəti ondan ibarətdir ki, bu sahədə indiyə qədər göstərilən fəaliyyət, görülmüş işlər təhlil edilir, ümumiləşdirilir və əldə edilmiş təcrübə nəzərə alınır. QHT sektorunu narahat edən, maraqlandıran bütün məsələlər burada öz əksini tapıb. Konsepsiya vətəndaş cəmiyyəti institutlarının inkişaf modeli bu sektorun inkişafı üzrə dövlət proqramıdır. Ən müxtəlif inkişaf istiqamətlərinin nəzərə alındığı sənəd QHT qanunvericiliyinin təkmilləşdirilməsi, həmin təşkilatların dövlət qurumları ilə əlaqələrinin yeni mərhələyə qaldırılması, vətəndaş və dövlət münasibətlərinin tənzimlənməsi, qeyri-hökumət təşkilatları ilə hökumət arasında inam və etimadın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət Dəstəyi Konsepsiyasında bizim növbəti illərdə qarşımızdakı əsas hədəflər müəyyənləşdirilib. Bunlar qüdrətli Azərbaycan, güclü vətəndaş cəmiyyəti, QHT sektoru və güclü vətəndaş fəlsəfəsindən qaynaqlanır. Sənəd bütün təşkilatlar üçün geniş imkanlar yaradır və dövlətimizin gələcək inkişafının təməl prinsiplərini təşkil edir.

- Bu il Şuranın qarşısında duran əsas vəzifələr nədən ibarətdir?

- Biz Dövlət Dəstəyi Şurasının xarici əlaqələrini genişləndirməli, beynəlxalq təcrübənin Azərbaycanda hərtərəfli tətbiq edilməsi işini davam etdirməliyik. Qeyri-hökumət təşkilatları sektorunun institusional inkişafına kömək edəcək qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlamalı, hüquqi normativ aktların mükəmməlləşdirilməsi üçün təşəbbüslərlə çıxış etməliyik. Regionlarda qeyri-hökumət təşkilatları hərəkatını genişləndirmək və xüsusilə yerli təşəbbüsləri dəstəkləmək də qarşımızda dayanan əsas vəzifələrdəndir. Ən böyük məsuliyyət isə 2009-cu il üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin doğru-dürüst xərclənməsindən, daha effektiv sərfiyyatından ibarətdir. Növbəti maliyyə müsabiqəsində bunlara daha geniş diqqət ayıracağıq. Bu vəsait keyfiyyətli və dövlətin vacib hesab etdiyi sahələrə xərclənməlidir.

Ümummilli problemlərin həllində QHT-lərin böyük potensialı mövcuddur. Bu səbəbdən də intellektual potensialı hərəkətə gətirməli, imkanlardan maksimum faydalanmalıyıq.

 

 

Anar RASİMOĞLU

 

Azərbaycan.-2009.-7 yanvar.-S.6.