Beynəlxalq İnstitut referendumla
bağlı paytaxtda və regionlarda monitorinq keçirəcəkdir
AzərTAc xəbər
verir ki, martın 18-də keçiriləcək ümumxalq
referendumu ilə bağlı MDB Parlamentlərarası
Assambleyası iştirakçı dövlətlərdə
demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların
seçki hüquqlarına riayət olunmasının
monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialı mərhələli
monitorinqlər aparacaqdır. Bununla bağlı tədbirlər
planı təsdiqlənmişdir.
Filialın direktoru Elman
İmaməliyev demişdir ki, yaxın günlərdə
paytaxtda, eləcə də Gəncə, Lənkəran və
Qubada ümumxalq referendumu ilə bağlı monitorinqlərə
başlanacaq. Monitorinqlərdə MDB Parlament
Assambleyasının ekspertləri də iştirak edəcəklər.
E.İmaməliyev
bildirmişdir ki, əsas məqsəd referendumqabağı
seçici siyahılarının formalaşması, referendumla
bağlı KİV-in, eləcə də beynəlxalq təşkilatların
münasibətini öyrənməkdir.
Görüləcək
işlərdən biri yerli müşahidəçilər
üçün seminarların təşkilidir. Həmin
seminarları aparacaq institutun və Parlament
Assambleyasının ekspertləri ölkəmizə mütəmadi
səfərlər edəcəklər.
Filialın direktoru qeyd
etmişdir ki, bundan əvvəl keçirilən prezident
seçkilərində kifayət qədər təcrübə
toplayan filialın əməkdaşları seçici fəallığını
öyrənmək üçün yerlərdə sosioloji sorğular
da təşkil edəcəklər.
Tədbirlər
planına əsasən gənclər arasında parlamentarizm və
demokratiyanın inkişafı istiqamətində maarifləndirmə
işləri də aparılacaqdır.
Sonda monitorinqin nəticələri
institutun və assambleyanın ekspertləri tərəfindən
təhlil olunacaq və hazırlanan yekun informasiyalar ictimaiyyətə
açıqlanacaqdır.
Azərbaycan.-2009.-7 yanvar.-S.6.