İnsani kamilliyə aparan yol

 

Hər tərəfdən dağlarla əhatə olunmuş Məkkə sivri qayaların üstündə qərar tutmuşdur. İnsan əlinin möcüzəsi ilə qranit qayalı dağların ortasından keçən tunellər şəhərə xüsusi görkəm verir. Məkkədə saysız-hesabsız tunel-yol var. Köhnə və təzə evlər də düzlərdə, səhralarda deyil, məhz qayalıqların, dağların başında inşa edilmişdir.

Məkkəyə diqqət yetirəndə şəhərin qeyri-adi görünüşü adamı heyrətləndirir. Yalçın qayaların uclarında tikilmiş evlər sanki Allaha daha da yaxın olmaq üçün insan ürəyinin çağırışıdır. Bəzən də adama elə gəlir ki, qayalar indicə quş kimi qanadlanaraq harasa uçacaq. Amma yaxınlaşdıqca görürsən ki, zəlzələlər nəticəsində yaranmış bu qayalıqları adi qüvvə yerindən tərpədə bilməz. Bəlkə də buna görədir ki, Məkkənin coğrafi mövqeyinin analoqu yoxdur. Vaxtilə İbrahim peyğəmbər Məkkəni "suyu az olan yer" adlandırıb. Zəmzəm quyusu əvvəllər bu yerin yeganə su mənbəyi olsa da, sonralar onun ətrafında başqa quyular da qazılmışdır. Qayalıqlar və dağlar başında nəhəng qartal kimi qərar tutmuş Məkkənin şəhər kimi formalaşmasında, inkişafında iki əsas səbəb var: biri buranın dünya müsəlmanlarının baş şəhəri, digəri də ticarət mərkəzi olmasıdır. Burada yaşayanlar tarix boyu mirvari, mərcan, kəhrəba alveri ilə məşğul olublar.

Mədinə şəhəri kimi Məkkənin də əvvəllər müxtəlif adları olub. Onu "şəhərlər anası", "əmin-amanlıq şəhəri", "möhtərəm şəhər" və s. adlandırıblar. Amma Məkkə elə ona çox yaraşan bu adla da dünyada məşhurlaşmışdır. "Məkkə" sözünün mənası "Allah evi" deməkdir. Bu şəhərin əhalisi də hər cür hörmətə və ehtirama layiqdir. Vaxtilə İbrahim peyğəmbər burada yaşayanları "Allahın əhalisi" adlandırmışdır.

Məkkədə təkcə Kəbə evi - Məscid əl-Həram deyil, şəhərin ətrafı da müqəddəs sayılır. Xüsusilə yaxınlıqda yerləşən Hirə mağarası, Nur dağı, yəni Qurani-Kərimin ilk ayələrinin nazil olduğu zirvə, həmçinin Ərəfat dağı, Müzəllifə çölü, Mina, Səfa və Mərvə dağları.

Məkkə özü ən qədim tarixin bugünümüzə ərməğan qalmış daş yaddaşıdır. Coğrafi mövqeyindən tutmuş tikililərinə, evlərinə, küçələrinə, ticarət obyektlərinə görə əsl nağıllar şəhəridir. Məkkə hər birimizə doğmadır, müqəddəsdir. Təkcə müqəddəs məkanlara yiyə durduğu üçün yox, həm də əziz peyğəmbərimizin dünyaya gəldiyi yer olduğu üçün. Məhəmməd peyğəmbər demişdir: "Allaha and olsun, ey Məkkə. Sən mənim üçün Allahın yaratdığı yerlərin ən sevimlisi və ən yaxşısısan". Dini məxəzlərdə qeyd olunur ki, Allahın nəzərində ən yaxşı yer Məkkədir, Allah üçün heç bir torpaq Məkkə torpağından, heç bir daş, ağac, dağ və su Məkkədəkilərdən əziz deyil. Bəlkə elə buna görə peyğəmbər bir hədisdə demişdir ki, kim Məkkədə ölsə, Allah onu qiyamət günü amanda saxlayar.

Elə bil bu şəhərdə yaşayanların yalnız iki peşəsi var - ibadət etmək və ticarətlə məşğul olmaq. Küçə boyu sıralanmış dükanlarda, bazarlarda şıdırğı alver gedir. Elə ki azan səsi gəlir, hər kəs əlindəki işini dərhal yarımçıq qoyaraq namazını qılmağa tələsir. Maşınlar dayanır, mağazalar alveri saxlayır, amma qapı bağlamır, heç kəsin heç kəsə maneçiliyi olmur. Bütün şəhər əhalisi, eləcə də qonaqlar, zəvvarlar eyni vaxtda namaza başlayırlar. O anda çox qəribə və ruh oxşayan bir məqam adamın varlığına mənəvi sakitlik gətirir, rahatlıq tapırsan. Yollarda, küçələrdə, səkilərdə, dükanlarda, bazarlarda, məscidlərdə, bir sözlə, harada insan varsa, orada eyni vaxtda Allaha dualar edilir. Sanki həyatın bu anları ancaq və ancaq ibadətdən ibarət olur. Sonra həyat yenə öz adi qaydasında növbəti namaza qədər davam edir.

Müqəddəs məkanlarla zəngin olan Məkkədə sevimli peyğəmbərimizin xanımı Xədicənin yaşadığı, vəfat etdiyi, həmçinin Həzrəti Fatimənin dünyaya gəldiyi, eləcə də Quranın ilk ayələrinin nazil olunduğu Hirə mağarası, vaxtilə peyğəmbərimizin müşriklərin təqibindən qurtulmaq üçün gizləndiyi Sur mağarası müsəlmanların ziyarətgahına çevrilib. Məkkədə mübarək qəbirlər də çoxdur. Məzarüstü nişanələr olmasa da, hər bir yerli sakin bilir ki, sevimli peyğəmbərimizin babalarının, anasının, əmisinin, xanımı Xədicənin və digər əzizlərinin haqq dünyasına qovuşduğu yer "Əbu Talib" adlı qəbiristanlıqdır. Müsəlmanlar həmişə bu məşhur insanları yad edib dualar oxuyur, öz mənəvi borclarını yerinə yetirirlər.

 

Dünyanın

ilk ibadətgahı

 

Məkkənin ən aşağı hissəsi Bətha adlanır və Kəbə burada yerləşir. Qurani-Kərimin ayələrindən və möminlərin yazdıqlarından məlum olur ki, Kəbə - Məscidül-Həram birinci ibadətgahdır. Sevimli imamımız Əli əleyhissalam belə söyləyib: "Kəbə Allahın əmri ilə bina olunub ki, camaat onun ətrafında cəm olaraq Allaha ibadət etsin". Bir çox tarixçilər Kəbədən öncə ibadətgahın olduğunu bildirsələr də, faktlar təsdiqləyir ki, həqiqətən Məscidül-Həram birinci ibadətgahdır. İbrahim peyğəmbərin oğlu İsmayılın köməyi ilə inşa edilmiş Kəbə sonralar bir neçə dəfə həm təmirə, həm də talana məruz qalmışdır. Bəzən də güclü küləklər, yağışlar, sellər nəticəsində Kəbə evi dağılmış, lakin həmişə də bərpa edilmişdir. Bütün yazılanlardan məlum olur ki, Allahın Yer kürəsində yaratdığı ən üstün və şərəfli məkan məhz Kəbədir. Hətta Kəbəni dağıtmaq istəyənlər də sonralar elə cəzaya məruz qalmışlar ki, onlar etdikləri bəd əməl üçün peşmançılıq çəkərək özləri Kəbənin yenidən bərpasına çalışmışlar. Qəribədir ki, Məkkəni viran etməyə gələnlər də Kəbənin cazibəsindən qorxaraq bəzən Allah yoluna qayıtmışlar. Çünki çox gözəl anlamışlar ki, Allah evini viran etmək onlara bəla gətirəcək.

İslam yarandıqdan sonra müsəlmanların Məkkəyə həccə getməsi fərz olmuşdur. Bu, adi ziyarət yox, həm də müsəlmanların islah olunmasına, paklaşmasına, mənən zənginləşməsinə xidmət edən bir mərasimə çevrilmişdir. Çünki Məkkəyə gələrək Allahın cəlalı və əzəməti önündə baş əyən insanlar ehrama girməklə kimsədən fərqlənmədiklərini bildirərək həcc əməllərini ləyaqətlə yerinə yetirirlər.

Yeddi dəfə Kəbə ətrafında təvaf etmək (dolanmaq) gərəkdir. Hər dəfə də üzünü Kəbəyə tutaraq dualar etməli, sonra da İbrahim əleyhissalamın məqamının arxasında iki rükət təvaf namazı qılmalısan. Bunları tamamladıqdan sonra Səfa və Mərvə dağlarının arasında yeddi dəfə səy etmək (gedib-gəlmək) lazımdır. Bunu başa çatdırdıqdan sonra təqsir mərasimi başlayır.

Dünya müsəlmanlarının Kəbə ətrafında dualar edərək təvafı uğurla başa çatdırmaq arzusu həyata keçdikdə hər kəsin üz-gözü sanki işıqlanır. Elə bil ki, hər şey dəyişir, insanlar daha mərhəmətli, imanlı, diqqətli, xoşsima olurlar. Həcc əməllərinin yerinə yetirilməsində çəkilən əziyyətdən doğan yorğunluq insanları bezdirmir. Əksinə, qürur duyaraq sevinirsən ki, uzun illərin arzusuna yetişdin, Allahın çağırışına gələ bildin. Ulu Tanrının eşqinə Kəbədə ibadətlə məşğul olmaq müsəlmanın ən müqəddəs diləyidir. Hər kəsin bu diləyə yetişməsi arzulanır.

 

Nurdan

süzülən işıq

 

Məkkənin hər qarışı müqəddəsdir. Hər dağın, daşın sinəsində bir tarix yaşayır. Düşünəndə ki bu yerlərdə peyğəmbərimizin nəfəsi dolaşıb, ayaq izi var, keçirdiyin duyğuları ifadə etməyə söz tapmırsan.

Ucu şiş qayalıqlardan, daşlardan ibarət olan Nur dağı. Kəbə təvafından sonra zəvvarların ziyarət etdiyi bu zirvə əvvəllər Məkkənin kənarında imiş. Sonralar Məkkə böyüdükcə dağ şəhərin içində qalıb. Bu dağın öz fəziləti var. Məlumdur ki, ilk dəfə vəhyin gəldiyi Hirə mağarası Nurun ən yüksək zirvəsində yerləşir. Deyilənə görə, Həzrəti Məhəmməd peyğəmbər seçilməmişdən əvvəl tez-tez bura gələr, düşüncələrə dalarmış. Qəribədir ki, mağaranın üzü Kəbəyə tərəfdir. İçi həmişə işıqlıdır. Ən qızmar istidə də havası sərin olur. Dini ədəbiyyatda yazılır ki, peyğəmbərimizin vəfalı həyat yoldaşı Xədicə həmişə bu dağa qalxar, onun üçün yemək gətirərmiş.

Dağ bütövlükdə qayalıqlardan ibarətdir. Onun zirvəsinə qalxmaq həqiqətən çox çətindir. Amma xanım Xədicə yolun uzunluğuna, əziyyətinə baxmayaraq, fədakarlığından qalmazmış. Bu səbəbdən də hər bir zəvvarın Nuru ziyarət etməsi müstəhəbdir. Nəinki yaşıllığı, heç kol-kosu belə olmayan Nurun qəribə təsir gücü var. Bir saatdan artıq yol gəldikdən sonra zirvəyə çatanda bütün yorğunluq adamın canından çıxır. Fədakar insanlar nə vaxtsa bu zirvəyə qucaqlarında dəvə balaları gətirərək saxlamışlar. İndi dağın bir hissəsində dəvələr düzülüb. Yol-rizin qorxulu olmasına baxmayaraq, dəvələr burada rahatca hərlənir, insanların maraq dünyasına çevrilirlər. Nurdan süzülən işıq insanın bütün daxili aləminə şəfəq saçır.

Zəvvarların getdiyi yerlərdən biri də Ərəfatdır. Deyilənə görə, bu yer Adəmlə Həvvanın görüşüb bir-birlərini tanıdığı məkandır. Ərəfat həm də duaların qəbul olunduğu müqəddəs yer sayılır. Ərəfatda vüquf etmək həccin vacib əməllərindəndir. Gecənin müəyyən hissəsini burada qalmaq həcc ziyarətinin şərtlərindən sayılır. Gecəyarısı buradan Müzdəlifəyə yola düşdük. Ərəfat tərəfdən Minaya uzanan yolun üstündə yerləşən Müzdəlifə düzündə gecə dua etməyin öz şərafəti var. Şeytana daş atmaq üçün kiçik daşlar da buradan yığılır. Müzdəlifədən sonra Minaya üz tutduq. Minada həm şeytana daş atılır, həm də qurbanlar kəsilir. Çox böyük ərazidir, bütün zəvvarlar üç gecə burada çadırda qalırlar. Sonra üç gün dalbadal kiçik, orta və böyük şeytana daş atılır, Qurban bayramı günü hər kəs öz imkanı daxilində qurban kəsir. Həmin gün hamı əsl bayram ovqatında olur. Qadınlar xına qoyurlar. Minada əməllər başa çatdıqdan sonra Məkkəyə üz tuturur. Yenidən Kəbə ətrafında, təvaf və Səfa ilə Mərvə arasında səy edirik, ən sonda isə Kəbənin başına bir də dolanırıq (təbii ki, bütün bunların hamısı yeddi dəfə təkrar edilir).

Edilən duaların Allah tərəfindən qəbulu, bəlkə də səslənən fikirlərin mənasından çox asılıdır. Azərbaycan hacılarının səmaya uzanan əllərindən, dillərindən qopan pıçıltılarda bir nəqərat var idi: "Tanrı, sən mənim millətimi qoru! Vətənimin, dövlətimin bəlalardan uzaq durması üçün köməyini əsirgəmə. Torpaqlarımızın yarası sağalsın, şəhidlərimizin ruhu dinclik tapsın. Didərginlər, qaçqınlar, köçkünlər doğma yurdlarına qayıtsınlar. İlahi, dostlarımıza kömək dur. İlahi, millətimizin arzularını göyərt..."

 

(ardı var)

 

Flora XƏLİLZADƏ

 

Bakı-Mədinə-Məkkə-Ciddə-Bakı

 

Azərbaycan.-2009.-7 yanvar.-S.6.