Şəmkir SES silsiləsi qış aylarında istehlakçıların fasiləsiz enerji təminatına çalışır

 

"Azərenerji" ASC-nin mətbuat xidmətindən daxil olan məlumatda Şəmkir SES silsiləsində görülmüş təmir-bərpa işləri barədə xəbər verilir.

Mənbənin bildirdiyinə görə, Şəmkir SES-də gücü 190 MVt olan 2 saylı hidroaqreqat sel sularının qəbulu və ötürülməsi mövsümündə normal işləyir. Gücü 190 MVt 1 saylı hidroaqreqatda isə təmir-bərpa işləri artıq başa çatmış və blok işə qoşulmuşdur. Kran təsərrüfatında olan 5 ədəd kətilli və 2 ədəd körpülü kranlar saz vəziyyətdədir. Ümumilikdə, 13 transformator, 330-110 kV-luq 12 ədəd hava açarları, 12 ədəd kompressor qurğuları təmirdən və profilaktik yoxlamalardan keçirilmişlər.

Təmir-bərpa işləri təsdiq olunmuş plan-qrafik üzrə davam etdirilir. Bu tədbirlər, yəni yarımstansiyaların vaxtında keyfiyyətli təmirinin yerinə yetirilməsi onların maksimal enerji ötürmək imkanlarının artırılması və qış mövsümündə istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə həyata keçirilir.

Mənbəyə istinadən qeyd edək ki, yanğın təhlükəsi olan bütün iş yerləri və obyektlər diqqət mərkəzində saxlanılır və onlar təminata uyğun olaraq yanğına qarşı ləvazimatlarla tamamilə təmin olunmuşlar.

Xatırladaq ki, silsiləyə "Şəmkir" və "Yenikənd" SES-lər daxildir.

 

 

Azərbaycan.-2009.-7 yanvar.-S.7.