Azərbaycan daxili sərmayələrin həcmini sürətlə artırır

 

Azərbaycanın daha dinamik sosial-iqtisadi inkişafı, burada yaradılan əlverişli investisiya mühiti daim xarici sərmayədarların ölkəmizə xüsusi maraq göstərməsinə səbəb olmuşdur. Bunun nəticəsidir ki, xarici investisiya qoyuluşlarının miqdarının faizlə nisbətinə görə, Azərbaycan daim lider ölkələr siyahısında yer almışdır. Digər tərəfdən ölkənin özünün iqtisadi qüdrətinin artması daxildə yatırılan investisiyaların əsas hissəsinin də məhz Azərbaycanın payına düşməsi ilə nəticələnmişdir.

 

Daxildə yatırılan sərmayələrdə əsas investor Azərbaycan özüdür

 

2007-ci ildə ilk dəfə olaraq Azərbaycan iqtisadiyyatına yatırılan daxili investisiyalar xarici investisiyaları üstələmişdir. Bu məqama xüsusi diqqət yetirən Prezident İlham Əliyev bildirmişdir ki, ölkənin iqtisadi imkanları artdığından bu göstərici daha da çoxalacaq. Ancaq əvvəlki kimi Azərbaycan xarici investisiyaların ölkəyə cəlb olunmasına xüsusi maraq göstərir.

Ümumiyyətlə, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ölkəyə 57 milyard dollardan artıq investisiya qoyuluşu həyata keçirilib. Onun 44 milyarddan artığı, yəni təxminən 77 faizi son beş il ərzində təmin edilibdir.

Ölkənin valyuta ehtiyatlarının çoxalması isə daxili investisiyaların həcminin artırılması üçün əlverişli şərait yaradır. Prezident İlham Əliyev bununla bağlı qeyd etmişdir: "Bizim valyuta ehtiyatlarımız dünya miqyasında artıq ən ciddi rəqəmlərlə ölçülür və növbəti illərdə bu məbləğ daha da artacaqdır. Çünki bizim enerji layihələrindən əldə edilmiş və gələcəkdə gözlənilən gəlirlər daha da çox olacaq və Azərbaycan valyuta ehtiyatları baxımından dünya miqyasında ən qabaqcıl ölkələrdən birinə çevriləcəkdir. Adambaşına düşən məbləğ isə, hesab edirəm ki, dünya miqyasında ən birinci yerdədir. Çünki dünyada ən böyük valyuta ehtiyatlarına malik olan ölkələrin əhalisi də ən böyükdür".

 

Ölkədə cəlbedici investisiya mühiti formalaşıb

 

Hazırda Azərbaycan investisiya mühitinin cəlbediciliyi baxımından da xarici sərmayədarlar üçün əsas məkanlardan biri olaraq qalmaqdadır. Azərbaycanda investisiya üçün əlverişli mühitin yaradılması mötəbər beynəlxalq qurumlar tərəfindən də etiraf olunur. Məsələn, ötən ilin mayında Amerikanın Xaricdə Fərdi İnvestisiyalar Korporasiyasının (OPİK) ABŞ-Azərbaycan Ticarət Palatası ilə birgə ölkənin iş adamları üçün Azərbaycanda investisiya imkanları mövzusunda təşkil etdiyi brifinqdə bildirilmişdir ki, Azərbaycanda biznes mühiti üçün tələb olunan bütün lazımi şərait var. Korporasiyanın Vaşinqtondakı baş qərargahında təşkil edilən və "Azərbaycanda ABŞ sərmayələrinin dəstəklənməsi" mövzusunda keçirilən brifinqdə OPİK rəsmiləri ölkəmizin dinamik surətdə artan iqtisadi göstəriciləri və həyata keçirilən bazar iqtisadiyyatı siyasəti barədə məlumat vermişlər. Qeyd olunmuşdur ki, son illər Azərbaycan hökuməti ölkədə şəffaflığın yaradılması, korrupsiya ilə mübarizə, həmçinin iş adamlarının ölkədəki fəaliyyətinə maneə yaradan digər inzibati çətinliklərin aradan qaldırılması üçün əhəmiyyətli addımlar atmışdır. Bunun nəticəsində, Azərbaycanda xarici sərmayə qoyuluşu üçün cəlbedici şərait yaradılmışdır. OPİK rəsmiləri biznes dairələrinin nümayəndələrinə Azərbaycana sərmayə qoymağı tövsiyə etmiş, bu sahədə öz dəstəklərini təklif etmişlər.

 

Qeyri-neft sektorunun inkişafına da xüsusi önəm verilir

 

Daxili investisiyaların struktur təhlili göstərir ki, Azərbaycan enerji sahəsilə yanaşı, qeyri-neft sektorunun inkişafına da xüsusi önəm verir. Bunu son iki ildə investisiyaların tərkibinə nəzər yetirməklə də aydın müşahidə etmək mümkündür. Belə ki, 2007-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 6,8 milyard manat investisiya yönəldilmişdir. Məhz elə həmin vaxtdan etibarən, ölkənin maliyyə imkanlarının artması nəticəsində istifadə edilmiş investisiyaların strukturunda əhəmiyyətli dəyişikliklər baş vermiş və ilk dəfə olaraq daxili investisiyaların həcmi xarici investisiyaları üstələmişdir. Belə ki, əsas kapitala yönəldilmiş vəsaitin 59,6 faizini və ya 4 milyard manatını daxili investisiyalar təşkil etmişdir. Daxili sərmayələrin 78,3 faizi istehsal təyinatlı obyektlərin inşasının davam etdirilməsi üçün istifadə olunmuşdur. Qeyri-neft sektorunda inşaat işlərinə yönəldilmiş sərmayənin həcmi də əvvəlki ildən 28,8 faiz artıq olmuşdur.

Bu dövrdə əsas kapitala yönəldilmiş sərmayənin 61,6 faizini müəssisə və təşkilatların, 25,3 faizini büdcə, 3,3 faizini əhalinin xüsusi vəsaitləri, 3,7 faizini bank kreditləri və 6,1 faizini digər vəsaitlər təşkil etmişdir.

Analoji hal daha böyük rəqəmlərlə ötən il də müşayiət olunmuşdur. Belə ki, ötən ilin ilk 11 ayı ərzində Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyard 957,5 milyon manat məbləğində və ya əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 38,8 faiz çox investisiya yönəldilmişdir. Bu zaman dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 4 milyard 823,6 milyon manat və ya ümumi investisiyanın 60,6 faizi, qeyri-dövlət müəssisələri 3 milyard 133,9 milyon manat və ya 39,4 faizi qədər sərmayə qoyub.

Hesabat dövründə tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 56,2 faiz artaraq 4 milyard 879,2 milyon manata çatıb. İstehsal təyinatlı obyektlərin inşasında 5 milyard 912,9 milyon manat, qeyri-istehsal təyinatlı obyektlərin tikintisində 2 milyard 44,6 milyon manatlıq investisiyadan istifadə edilib.

Bundan başqa, ötən ilin ilk 11 ayında əsas kapitala yönəldilmiş vəsaitin 74,3 faizini daxili investisiyalar, 25,7 faizini isə xarici investisiyalar təşkil edib. Daxili investisiyaların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 74,6 faiz artıb. Əsas kapitala yönəldilmiş daxili investisiyanın 79 faizi dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 21 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşür.

 

Daxili investisiyaların xarici sərmayələrdən çox olması qanunauyğunluqdur

 

Son illər ərzində daxili investisiyaların xarici sərmayələri qabaqlamasını isə ekspertlər qanunauyğun hal kimi qiymətləndirir. Bütövlükdə xarici investisiyaların həcmi 2000-ci ildən başlayaraq 2005-ci ilə qədər artıb. Ancaq neft sektorunda hasilatın pay bölgüsünə əsasən, xarici şirkətlərin üzərlərinə götürdükləri öhdəlikləri 2005-ci ilə qədər artıq investisiya şəklində həyata keçirməsi investisiya strukturunda onların payının azalması ilə nəticələnib. Lakin bunun əvəzində xarici sərmayədarlar qeyri-neft sektoruna daha çox investisiya yatırmağa başlayıb. Təsadüfi deyil ki, son beş il ərzində qeyri-neft sektorunda xarici investisiyanın çəkisi artan xətt üzrə inkişaf edib. Əlbəttə ki, qeyri-neft sektorunda üstünlük yenə də daxili investisiyalara məxsusdur.

Azərbaycan Prezidentinin "İnvestisiya fəaliyyətinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2006-cı il 30 mart tarixli sərəncamına əsasən yaradılan "Azərbaycanın İnvestisiya Şirkəti" ASC həm dövlətin, həm də özəl müəssisələrin payçısı kimi çıxış edərək ölkənin investisiya fəaliyyətinin genişlənməsində mühüm rol oynayır. Bu mənada "Azərbaycanın İnvestisiya Şirkəti" ASC-nin "Qaradağ Sement" ASC-nin 10 faizlik səhmlərini alması onun ən uğurlu fəaliyyət göstəricilərindən biri sayıla bilər.

 

Dünya maliyyə qurumları ilə uğurlu əməkdaşlıq

 

Ölkənin strateji valyuta ehtiyatlarının artması isə perspektivdə daxili investisiyaların həcmini xeyli artıracaq. Beynəlxalq maliyyə institutlarının hesablamalarına görə, Azərbaycanın valyuta sərvətləri qarşıdakı illər ərzində 200 milyard dolları ötəcək. Beynəlxalq Valyuta Fondunun ötən il açıqladığı proqnozlarına görə, 2013-2014-cü illərdə Azərbaycanda milli məhsul istehsalı bir neçə dəfə artaraq adambaşına düşən valyuta gəlirlərinə görə xüsusi əhəmiyyət daşıyacaq. Bu mərhələdə adambaşına düşən gəlirlər 250 faizdən də çox artacaq, nəticədə Azərbaycan regionun ən inkişaf etmiş dövləti statusunu daha da möhkəmləndirəcəkdir.

İnvestisyalar sahəsində Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq edir və onlardan kredit, eləcə də digər formalarda vəsaitlər cəlb olunur. Bu sahədə Dünya Bankı ilə əməkdaşlıq daha çox diqqəti cəlb edir. Ümumiyyətlə, 2008-ci ildə Azərbaycanla Dünya Bankı arasında intensiv əməkdaşlıq müşahidə olunub. Bunun nəticəsi kimi, ilin ilk yarısında bankın Direktorlar Şurası 12 layihənin həyata keçirilməsi üçün 1,3 milyard dollar məbləğində kreditin verilməsini təsdiqləyib. O da diqqətçəkən faktdır ki, Dünya Bankının maliyyələşdirdiyi layihələr spektri çox genişdir. Bu, sosial müdafiə sisteminin, qaçqın və məcburi köçkünlərin rifahının yaxşılaşması, eləcə də iri infrastruktur layihələridir. Dünya Bankı ölkəmizin avtomobil yollarının yaxşılaşmasına 300 milyon dollar, dəmiryol infrastrukturunun modernləşdirilməsinə 450 milyon dollar, su təchizatının yaxşılaşmasına 260 milyon dollar, ekoloji layihələrin həllinə 164 milyon dollar məbləğində vəsait ayırıb.

Yaxın 1,5 il ərzində Dünya Bankının Azərbaycana əsasən infrastruktur layihələr və ekoloji problemlərin həlli üçün daha 1,2 milyard dollar məbləğində kreditlər verəcəyi gözlənilir.

Onu da bildirək ki, Azərbaycanda əlverişli investisiya mühitinin olması elə Dünya Bankı tərəfindən də etiraf edilir. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanı 2007-2008-ci illərdə biznes mühitin yaxşılaşdırılmasına dair islahatların aparılması üzrə dünya lideri kimi tanıyıb. Bu maliyyə qurumlarının ötən il açıqladığı "Doing Business-2009" hesabatına görə, Azərbaycan reytinq cədvəlində 97-ci yerdən 33-cü yerə qalxıb və reytinq tərtib olunarkən istinad edilən 10 indikatordan 7-si üzrə vəziyyətin yaxşılaşmasına nail olub. Bunların sırasında torpaq sahələri üzrə əqdlərin bağlanma müddətinin azaldılması ilə bağlı vəziyyətin yaxşılaşdırılmasını, əmək münasibətlərinin tənzimlənməsini təmin edərək əmək qanunvericiliyinə dəyişiklik edilməsini, məhkəmə sistemində hakimlərin sayının artırılması hesabına kommersiya mübahisələrinə baxılması məsələlərinin təmin olunmasını göstərmək olar. Bundan əlavə, Azərbaycan minoritar səhmdarların hüquqlarının qorunmasını, kommersiya müəssisələrinin qeydiyyatı zamanı "vahid pəncərə" sisteminin, elektron vergi bəyannamələrinin tətbiqini təmin edib ki, bu da belə vergi bəyannamələrinin doldurulması zamanı sahibkarların 500 saatdan çox vaxta qənaət etməsinə imkan yaradıb.

Sahibkarların qeydiyyatı zamanı tətbiq olunan "vahid pəncərə" sisteminə gəlincə, qeydiyyata alınan müəssisələrin, xüsusilə hüquqi şəxslərin sayı xeyli artıb. 2008-ci ilin ilk 11 ayında sahibkarlıq fəaliyyəti ilə məşğul olan 5.999 hüquqi və 35.008 fiziki şəxs bu sistem üzrə qeydiyyatdan keçib. Ötən ilin analoji dövrü ilə müqayisədə qeydiyyata alınan şəxslərin sayı 33 faiz artıb.

Bu sistemin effektivliyi ona gətirib çıxarıb ki, Azərbaycan "vahid pəncərə" sisteminin tətbiqi sahəsini genişləndirmək qərarına gəlib. Artıq 2009-cu il yanvarın 1-dən bu, gömrük-buraxılış sistemində də tətbiq edilir. Bundan əlavə, inşaata icazə verilməsində bu sistemin tətbiqinə keçid "vahid pəncərə" prinsipi üzrə inşaatdan ötrü icazə üçün tələb olunan prosedurun sayının 31-dən 12-dək, onlara keçid müddətinin isə 207-dən 124 günədək azaldılmasına imkan verəcək.

Bütün bunlar isə son nəticədə həm xarici, həm də yerli sərmayədarlar üçün investisiya mühitini daha da yaxşılaşdırıb.

 

Qlobal maliyyə böhranı investisiya imkanlarına

təsir etmir

 

Əlbəttə ki, qlobal maliyyə böhranının Azərbaycanın istər daxili, istərsə də xarici investisiya imkanlarına təsiri də gündəmin əsas mövzuları sırasında yer almaqdadır. Faktdır ki, böhran burulğanına düşən ölkələrin sayı artır və günü-gündən ondan qaçmaq, iqtisadiyyatı qorumaq daha da çətinləşir. Ancaq bu məsələdə digər ölkələrə nisbətən Azərbaycan daha ehtiyatlı mövqe tuta bilib. Əvvəla, böhranın başlanmasına əsas səbəb olan ipoteka kreditləşməsi və qiymətli kağızlar bazarı sahəsində yeridilən siyasət bu problemin ölkəmizdən yan keçməsinə münbit şərait yaradıb. İkincisi, Azərbaycanın bank sektoru da Rusiya və Qazaxıstanda olduğu kimi dünyanın maliyyə qurumlarından asılı deyil. Odur ki, qlobal böhranın təsiri ölkəmizə minimal təsirə malikdir.

Digər tərəfdən Azərbaycanın bank sistemini böhranın təsirlərindən qorumaq üçün bankların kredit siyasətlərinə yenidən baxılıb. Milli Bankın gördüyü tədbirlər nəticəsində bankların operativ və mərhələli şəkildə təkrar maliyyələşdirmə uçotu 15 faizdən 8 faizədək azaldılıb, məcburi ehtiyat normalarına yenidən baxılıb. Nəticədə bank sektoru 350 milyon manat məbləğində likvid vəsaiti alıb ki, bu da böhranın nəticələrinin yumşaldılmasına imkan yaradıb. Hökumət də öz tərəfindən şirkətlərə kömək edib.

Maliyyə Nazirliyi Milli Bankla birgə qanun layihəsi hazırlayıb. Bu qanun layihəsi banklara, sığorta və təkrar sığorta şirkətlərinə 2009-2011-ci ildə əldə olunacaq və kapitallaşmaya yönəldiləcək mənfəətin bir hissəsinin mənfəət vergisindən azad olunmasına imkan verəcək. Mənfəət vergisi üzrə belə güzəştin verilməsi maliyyə sektorunun inkişafına, bank və sığorta xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına, bankların, sığorta və təkrar sığorta şirkətlərinin ödəniş qabiliyyətinin möhkəmləndirilməsinə, həmin qurumların kapitallaşmasının artırılmasına yönəlib.

Bundan əlavə, çox güman ki, 2010-ci ildən yerli şirkətlər digər vergi güzəştlərindən də istifadə edə biləcəklər. Belə ki, əlavə dəyər vergisi üzrə dərəcələrin 18 faizdən 17 faizədək, mənfəət vergisinin 22 faizdən 20 faizədək azaldılması nəzərdə tutulur. Bütün bunlar isə dövlətlə yanaşı, özəl sektorun investisiya imkanlarını artırır.

 

Neftin qiymətinin dəyişməsi valyuta ehtiyatlarına

təhlükə yaratmır

 

Aydındır ki, qlobal böhran fonunda Azərbaycanın əsas ixrac məhsulları sırasında neftin qiymətinin tez-tez dəyişməsinə də xüsusi diqqət yetirmək lazım gəlir. Araşdırmalar göstərir ki, dünya bazarlarında neftin qiymətinin tez-tez dəyişməsi Azərbaycanın investisiya imkanlarına təsir etmir. Çünki qlobal böhran nəticəsində neftin qiymətinin dəyişməsinə baxmayaraq, bu istiqamətdə də ölkəmizdə uğurlu siyasət həyata keçirilib. Dövlət Neft Fondundan bildirilib ki, ötən il dünyada baş verən maliyyə böhranına, eləcə də əmtəə birjalarında neftin qiymətində qeydə alınan gözlənilməz dəyişikliklərə baxmayaraq, 2008-ci il onlar üçün uğurlu olub və fondun gəlirlər üzrə proqnozu özünü tam doğruldub. Belə ki, indiyə qədər fonda daxil olmuş 20 milyard dollar vəsaitin 14 milyard dolları 2008-ci ildə daxil olub. Amma həmin vəsaitlərin bir hissəsi dövlət büdcəsinə transfer edildiyindən və müxtəlif layihələrin maliyyələşdirilməsinə xərcləndiyindən indi fondda təxminən 11 milyard dollar pul var. Bunun 500 milyon dolları vəsaitlərin idarə edilməsi hesabına əldə edilib.

Digər tərəfdən neftdən daha çox gəlir götürmək üçün regional əhəmiyyətli vacib addımlar atılıb. Belə ki, 2008-ci ildə Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan xəttilə ixracının təşkili planında konkret nəticələr əldə olunub. Ötən ilin oktyabrın 30-dan başlayaraq, "Tengiz" yatağında hasil olunan neftin Bakı-Tbilisi-Ceyhanla nəqlinə başlanılıb. Bundan başqa, noyabrın 14-də ARDNŞ və Qazaxıstanın "KazMunayQaz" Milli Şirkəti Bakıda "Transxəzər" layihəsinin reallaşdırılmasının əsas prinsipləri haqda saziş imzalayıb. Layihənin ilkin dəyəri təqribən 3 milyard dollar təşkil edir. Bu layihənin reallaşdırılması nəticəsində ilkin mərhələdə sutkada 500 min barel (ildə 23 milyon ton) həcmində neft nəql etməyə imkan verəcək. Sonralar bu həcm sutkada 0,75-1,2 milyon barel (ildə 35-36 milyon ton) artırılacaq. Bununla yanaşı, ötən ilin noyabrın 14-də Qazaxıstanın energetika naziri Bakıda bəyan edib ki, Qazaxıstan öz neftinin Bakı-Supsa boru kəməri ilə də nəqlində maraqlıdır və artıq bu məsələ ilə bağlı danışıq aparılır.

Bütün bunlar Azərbaycanın investisiya imkanlarını daha da möhkəmləndirir və ölkəmiz artıq əsas potensial investorlar siyahısında yerini daha da möhkəmləndirir. Elə bunun nəticəsidir ki, son beş ildə yatırılan investisiyalar və məqsədyönlü sosial-iqtisadi tədbirlər nəticəsində ölkədə 730 mindən artıq iş yeri yaradılıb, yoxsulluğun səviyyəsi 16 faizə enib. Regionların inkişafına dair həyata keçirilən proqramlar sayəsində bütün bölgələrdə vəziyyət yaxşılaşıb, istehsal sahələrinin sıx şəbəkəsi təmin edilib, əhalinin gəlirləri dəfələrlə artıb. Azərbaycan iqtisadi artım tempinə görə dünyada lider ölkəyə çevrilib. Ölkədə istər əmək haqqları, istər pensiyalar, istərsə də digər sosial göstəricilər əhəmiyyətli dərəcədə çoxalıb. Perspektivdə isə bu göstəricilər üzrə Azərbaycanın ən qabaqcıl ölkələr sırasında yer alacağı şübhə doğurmur.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.-2009.-8 yanvar.-S.1-5.