Referenduma hazırlıq prosesi
uğurla davam edir
Milli Məclis rəhbərinin tapşırığına əsasən,
parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri və
İnsan hüquqları
daimi komissiyaları bu təkliflərin hamısını öyrənərək
ümumiləşdirdilər və Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi
haqqında Referendum Aktının
layihəsini hazırlayaraq
parlamentin iclasına təqdim etdilər. Parlamentin dekabrın
19-da keçirilmiş plenar
iclasında Referendum Aktı
layihəsinin Azərbaycan
Respublikası Konstitusiyasının
153-cü maddəsinin tələbinə
əsasən rəy alınması üçün
Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə
göndərilməsi barədə
qərar qəbul edildi. 2008-ci il dekabrın 24-də
isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
təklif olunmuş əlavə və dəyişikliklərə mahiyyəti
üzrə baxaraq onların Azərbaycan Konstitusiyasının 155-ci maddəsinin
tələblərinə uyğun
olması haqqında rəy qəbul etdi.
Milli Məclis
insan və vətəndaş hüquqlarının
və azadlıqlarının
daha səmərəli
qorunması, Azərbaycan
vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin
edilməsi, demokratiyanın
genişləndirilməsi, yerli
özünüidarənin inkişafı
ilə bağlı müddəaların Konstitusiyada
əks etdirilməsi zərurətini əsas tutaraq, Konstitusiyanın
3-cü maddəsinin II hissəsinin
1-ci bəndinə və
95-ci maddəsinin I hissəsinin
18-ci bəndinə uyğun
olaraq Azərbaycan Respublikasının Konstitusiyasına
əlavələr və
dəyişikliklər edilməsi
haqqında Azərbaycan
Respublikasının Referendum Aktının layihəsinin
ümumxalq səsverməsinə
(referenduma) çıxarılması
barədə qərar
qəbul etdi. Ümumxalq səsverməsi
(referendum) 2009-cu il martın 18-nə təyin
edildi.
Artıq həm siyasi partiyalar, həm də aidiyyəti dövlət orqanları tərəfindən referenduma
hazırlıq işlərinə
start verilib. Referenduma hazırlıqla bağlı
həyata keçirilən
tədbirlərdən biri
referendum üzrə təşviqat
qrupunun yaradılmasıdır.
Referendum üzrə təşviqat qrupunun yaradılması seçki
qanunvericiliyində və
Mərkəzi Seçki
Komissiyasının dekabrın
30-da təsdiq etdiyi Təlimata əsasən tənzimlənir. Seçki Məcəlləsində
nəzərdə tutulmuş
sayda aktiv seçki hüququna malik olan Azərbaycan
vətəndaşları referendum üzrə təşviqat
qrupu yarada bilərlər. Referendum üzrə təşviqat
qrupunu yaratmaq üçün ilkin olaraq referendum üzrə təşəbbüs qrupunun
yaradılması zəruridir.
MSK-nın
Təlimatının 1.1-ci bəndinə
əsasən təşəbbüs
qrupunun yaradılması
seçki qanunvericiliyində
nəzərdə tutulmuş
sayda (500-dən çox,
2000-dən az və ya 2000-dən çox) seçicilərin
iclasında bilavasitə
və ya həmin saydan az olmayan seçicilərin
müəyyən etdikləri
nümayəndələrin iclasında mümkündür.
Təlimatın 1.2 - bəndinə
əsasən isə seçki hüququ olan hər bir
vətəndaş, yaxud
vətəndaşlar referendum üzrə təşəbbüs
qrupunun yaradılması
üçün öz
nümayəndələrini müəyyən etməkdən
ötrü 50 nəfərdən
az olmayan
sayda seçicilərdən
ibarət ilkin təşəbbüs qrupu
yarada bilərlər. Nümayəndələrin sayı iştirakçıların
hər 10 nəfərinə
1 nəfər olmaqla müəyyənləşdirilir. Hər bir halda
nümayəndə müəyyən
etmək üçün
yaradılmış ilkin
təşəbbüs qruplarında
olan seçicilərin
ümumi sayı təşəbbüs qrupu
yaratmaq üçün
bu Təlimatın
1.1-ci bəndində nəzərdə
tutulmuş müvafiq saylardan az
olmamalıdır. Bunun üçün
onlar öz yığıncağını keçirməlidirlər. Təlimatın 1.3-cü bəndində
isə bildirilir ki, təşəbbüs qrupu üzvlərinin müxtəlif ərazi vahidlərində yaşamaları
faktı onların təşəbbüs qrupunun
üzvü olmasına
maneə ola
bilməz. Təşəbbüs qrupu yaratmaq
istəyən seçicilər
bələdiyyə qurumunun
rəhbərliyinə, ərazi
üzrə icra hakimiyyətinin yerli nümayəndəsinə və
ya buna imkanı
olan digər subyektə yığıncaq
keçirmək üçün
yer ayrılması barədə yazılı
müraciət edə
bilərlər. Həmçinin nümayəndələrin müəyyən
olunması üçün
seçicilərin təşəbbüs
qrupunun yığıncağı
seçicilərin yaşayış
yeri üzrə, icra və bələdiyyə
qurumlarının, o cümlədən
digər hüquqi şəxslərin ərazi
və binalarında keçirilə bilər.
Müvafiq yer ayrıldıqdan
sonra nümayəndələr
müəyyən etməklə
təşəbbüs qrupu
yaratmaq istəyən seçicilərə yığıncağın
keçirilməsi üçün
ayrılmış yer
və vaxt barədə məlumat verilir.
Sayı 2000-dən az
olmayan seçicilərin
təşəbbüs qrupu
tərəfindən Mərkəzi
Seçki Komissiyasına
təşviqat qrupunun
yaradılmasının təşəbbüs
edilməsinə dair bildiriş, təşəbbüs
qrupunun səlahiyyətli
və maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndələrinin
siyahısı, təşəbbüs
qrupu iclasının protokolu, referendum üzrə
ilkin təşəbbüs
qrupunun yaradılması
və referendum üzrə
təşəbbüs qrupu
nümayəndələrinin müəyyən edilməsi
üçün keçirilən
yığıncaqların protokolları
təqdim olunur. Sayı 500-dən çox,
2000-dən az olan seçicilərin təşəbbüs
qrupu tərəfindən
də müvafiq dairə seçki komissiyasına təşviqat
qrupunun yaradılmasının
təşəbbüs edilməsinə
dair bildiriş, təşəbbüs qrupunun
səlahiyyətli və
maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndələrinin siyahısı, təşəbbüs
qrupu iclasının protokolu və referendum üzrə ilkin təşəbbüs qrupunun
yaradılması və
referendum üzrə təşəbbüs
qrupu nümayəndələrinin
müəyyən edilməsi
üçün keçirilən
yığıncaqların protokolları
təqdim olunmalıdır.
Referendum üzrə təşviqat
qrupu qeydə alındıqdan sonra təşəbbüs qrupunun
səlahiyyətli və
maliyyə məsələləri
üzrə səlahiyyətli
nümayəndələri referendum üzrə təşviqat
qrupunun qərarına
əsasən həmin
qrupun səlahiyyətli
və maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndələri
kimi öz səlahiyyətlərini saxlaya
bilərlər.
Artıq Yeni Azərbaycan Partiyasının fəalları
referendum üzrə təşviqat
qruplarının yaradılması
üçün təşəbbüs
qrupları yaratmağa
başlayıblar. Xatırladaq ki, hələ dekabrın 27-də YAP-ın
rayon, şəhər təşkilatlarının
sədrlərinin respublika
müşavirəsində referenduma
hazırlıqla, o cümlədən
təşviqat qruplarının
yaradılması ilə
bağlı şəhər
və rayon təşkilatlarının
qarşısında duran
vəzifələr müzakirə
olunub, geniş fikir mübadiləsi aparılıb, təşkilati
xarakterli məsələlərə
dair lazımi tapşırıqlar verilib.
Dekabrın 31-də referendum üzrə
"Yeni Azərbaycan"
təşəbbüs qrupu
yaradılıb. YAP-ın
sədr müavini Əli Əhmədov, partiyanın icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı təşəbbüs
qrupunun səlahiyyətli
nümayəndələri seçiliblər.
Ölkənin ayrı-ayrı
bölgələrində də
referendum üzrə təşviqat
üçün təşəbbüs
qruplarının yaradılmasına
start verilib.
MSK referendumun hazırlanıb
keçirilməsi üzrə
əsas hərəkət
və tədbirlərin
Təqvim Planını
da təsdiq edib. Plana əsasən referendum üzrə təşviqat
qrupunun qeydə alınması üçün
zəruri olan seçki sənədləri
referendum üzrə təşviqat
qrupunun yaradılmasının
təşəbbüsçülərinin
səlahiyyətli nümayəndəsi
tərəfindən səsvermə
gününə azı
45 gün qalana qədər, yəni fevralın 1-i saat 18:00-dək
müvafiq seçki komissiyasına təqdim olunmalıdır.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2009.-8 yanvar.-S.1.