Azərbaycanın milli inkişaf modeli ölkənin iqtisadi təhlükəsizliyinə etibarlı təminatdır

 

Yola saldığımız 2008-ci ilin ən qlobal problemi kimi özünü göstərən dünya iqtisadi böhranı hər bir dövləti milli iqtisadi təhlükəsizlik barədə ciddi düşünməyə, tənəzzüldən qurtulmaq üçün məqsədyönlü tədbirlər həyata keçirməyə vadar edir. Azərbaycan hökumətinin son illərdə həyata keçirdiyi uğurlu sosial-iqtisadi inkişaf strategiyası respublikamızı qlobal böhranın mənfi təsirlərindən maksimum dərəcədə qorusa da, hazırkı dünya reallıqları antiböhran tədbirlərinin sistemli şəkildə davam etdirilməsini obyektiv zərurətə çevirir. Hazırkı vəziyyətdə iqtisadiyyatı idarə edən dövlət qurumları ilə yanaşı, iqtisadçı alimlərin də bu yönümdə səmərəli təkliflər irəli sürməsinə, Azərbaycanın perspektiv inkişaf hədəflərinin düzgün müəyyənləşdirilməsi prosesində iştirakına ciddi ehtiyac yaranmışdır.

 

Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının, Azərbaycan İqtisadçılar İttifaqının və "Təfəkkür" Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "Dünya maliyyə böhranının mahiyyəti, səbəbləri, törətdiyi nəticələr və aradan qaldırılması problemləri" mövzusunda "dəyirmi masa" məhz bu məqsədə xidmət etmişdir. Milli Məclis deputatlarının, tanınmış iqtisadçı alim və mütəxəssislərin iştirakı ilə baş tutan tədbirdə dünya iqtisadiyyatının inkişaf meyillərinin qiymətləndirilməsi, qlobal maliyyə böhranı, onun təzahür formaları, vəziyyətin sağlamlaşdırılması tədbirləri, şəffaflığın və hesabatlığın möhkəmləndirilməsi, dünya maliyyə bazarlarında möhtəkirliyin qarşısının alınması və digər aktual məsələlər elmi aspektdən təhlil edilmiş, Azərbaycanın həyata keçirməli olduğu antiböhran tədbirlərindən söz açılmışdır.

"Dəyirmi masa"nı giriş sözü ilə açan Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadə Azərbaycanın son illər dinamik inkişaf yolu keçərək inanılmaz uğurlara imza atdığını, cəmiyyət həyatının müxtəlif sahələrində tərəqqi və yüksəlişin qabarıq hiss olunduğunu, əhalinin sosial vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını qeyd etmişdir. Akademik bildirmişdir ki, başa çatmaqda olan 2008-ci il ölkə iqtisadiyyatı üçün bir sıra uğurlu nəticələrlə yadda qalmış, iqtisadi inkişafda əsaslı keyfiyyət dəyişiklikləri baş vermiş, respublikanın dünya iqtisadi sisteminə inteqrasiyası prosesi yeni mərhələyə qədəm qoymuşdur.

Azərbaycanın açıq iqtisadi siyasət yeritdiyini, dünya iqtisadi münasibətlər sisteminə sıx interqasiya olunduğunu, 145-dək dövlətlə siyasi və iqtisadi əlaqələr qurduğunu diqqətə çəkən Ziyad Səmədzadənin fikrincə, hazırkı mərhələdə qlobal maliyyə böhranı respublika iqtisadiyyatına da təsirsiz ötüşmür. Akademik qloballaşan dünyanın tərkib hissəsi olan respublikamızda antiböhran tədbirlərinin davam etdirilməsini, mümkün fəsadların qarşısının çevik islahatlar mexanizmi ilə alınmasını vacib sayır: "Dünya iqtisadiyyatında baş verən proseslərin bu və ya digər dərəcədə Azərbaycana təsir göstərməsi təbiidir. Xarici ticarət dövriyyəsinin həcminin ildən-ilə artdığı hazırkı şəraitdə ölkə iqtisadiyyatının inkişafına kənar təsirlər də aşkar hiss olunur. Lakin ABŞ, Rusiya, Çin, Fransa, İngiltərə kimi ölkələrlə müqayisədə dünya iqtisadi böhranının Azərbaycana təsiri olduqca cüzidir. Bu da ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticəsidir. Bununla belə, biz müəyyən reallıqları da nəzərə almalıyıq. Respublika iqtisadiyyatının böhrandan sığortalanması baxımından perspektiv inkişaf meyillərinin düzgün müəyyənləşdirilməsi iqtisadçı alimlərin qarşısında duran başlıca vəzifələrdəndir".

Akademik Ziyad Səmədzadənin fikrincə, bəzən mətbuatda dünya iqtisadi böhranı ilə bağlı səthi yazılar dərc olunur. İqtisadçı alimlər belə yanaşmalardan uzaq olub böhranın əsl səbəblərini açmağa çalışmalıdırlar: "Dünyanın aparıcı maliyyə qurumlarının böhranın aradan qaldırılması üçün irəli sürdüyü təkliflərin diqqətlə nəzərdən keçirilməsi, milli maraqlar baxımından dəyərləndirilməsi də son dərəcə vacibdir. Dünya bazarında neftin qiymətinin düşməsi ilə əlaqədar ayrı-ayrı dövlətlərin həyata keçirdikləri antiböhran tədbirləri də ciddiliklə öyrənilməlidir. Bütün bu məsələlərə rasional düşüncə ilə yanaşmalı, düzgün qərarlar qəbul etməliyik".

Akademik Ziyad Səmədzadə bildirdi ki, respublikamızın iqtisadi inkişaf modeli böhranın mənfi nəticələrinin aradan qaldırılması baxımından kifayət qədər ümidvericidir. Dünya ölkələrinin əksəriyyətinin iqtisadiyyatının iflic vəziyyətə düşdüyü hazırkı şəraitdə Azərbaycanda infrastruktur layihələrinin uğurla davam etdirildiyini, yeni-yeni müəssisələrin açıldığını yüksək uğur kimi dəyərləndirən akademik respublikanın 2009-cu ildə də sürətli inkişaf yolu keçəcəyi qənaətindədir: "2009-cu ildə Azərbaycanda ümumi daxili məhsulun 13-14 faiz artması gözlənilir və bu da inkişafın miqyası barədə nikbin düşünməyə ciddi əsaslar verir. Bütün sahələrdə həyata keçirilən kompleks inkişaf proqramları Azərbaycana dünya ölkələrini əhatə edən maliyyə böhranından uğurla çıxmağa imkan yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət ölkənin iqtisadi təhlükəsizliyinə ən etibarlı təminatdır".

Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Xanhüseyn Kazımlı dedi ki, yeni dövrün reallıqlarına uyğun həyata keçirilən sosial-iqtisadi islahatların uğurlarını gündəlik həyatlarında hiss edən ölkə vətəndaşlarının mövcud siyasi kursa inam və etimadı daha da güclənmiş, bunun nəticəsi olaraq cənab İlham Əliyev 2008-ci ilin 15 oktyabr seçkilərində möhtəşəm qələbə qazanaraq yenidən Azərbaycan Prezidenti seçilmişdir: "Ölkə vətəndaşlarının bu alternativsiz seçimi son beş ildə Azərbaycanın əldə etdiyi böyük iqtisadi nailiyyətlərə əsaslanır. Bu müddətdə ölkə iqtisadiyyatında əsaslı dəyişikliklər baş vermiş, Azərbaycan ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətləri səviyyəsinə yüksəlmiş, yoxsulluğun, işsizliyin, digər sosial problemlərin aradan qaldırılması istiqamətində mühüm addımlar atılmışdır. Ümumilikdə, respublikanın ötən müddətdə keçdiyi uğurlu yol gələcək inkişaf və tərəqqi üçün yeni imkanlar müəyyənləşdirir. Azərbaycanın uğurlu inkişaf modeli ilə irəlilədiyini, dünya maliyyə böhranına qarşı etibarlı sipər yaratdığını dünyanın aparıcı maliyyə qurumları da etiraf edirlər. Dünya Bankının ən iri maliyyə strukturlarından olan Beynəlxalq Maliyyə Korporasiyasının dünya ölkələrində biznes mühitinə dair hazırladığı "Doing Business - 2009" hesabatında Azərbaycanın "islahatçı ölkə" elan edilməsi bunu bir daha təsdiqləyir. Azərbaycan qısa zamanda iqtisadi inkişafı xarakterizə edən əsas göstəriciyə - ümumi daxili məhsulun artım tempinə görə də bir çox dövlətləri qabaqlayır. Hazırda respublikamızda adambaşına düşən ümumi daxili məhsul 6000 dollar civarındadır. Büdcə xərclərinin ümumi daxili məhsuldakı çəkisi 27-28 faizə çatır. Bu uğurlu nəticələri isə hər bir vətəndaş gündəlik həyatında qabarıq hiss edir".

Azərbaycan Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov qlobal iqtisadi böhranı dünya ölkələrində həyata keçirilən maliyyə əməliyyatlarının əsasında real əmtəənin xüsusi çəkisinin azalması, eyni zamanda emissiyaların kəskin şəkildə artması ilə izah etdi. Onun sözlərinə görə, hər gün dünyada 2 trilyon dollar məbləğində maliyyə əməliyyatı aparıldığı halda, onun cəmi 2 faizinin əsasında real əmtəə dayanır. Qiymətli kağızların, səhmlərin və aksiyaların satışından əldə olunan gəlirlərin ildən-ilə çoxalmasına baxmayaraq, real sektora investisiya qoyuluşlarının azalması qlobal böhrana gətirib çıxarır.

Vahid Novruzov maliyyə böhranının 16 ay əvvəl ABŞ-da başlandığını qeyd edərək bütün dünya ölkələrinin bundan zərər çəkdiyini diqqətə çatdırdı. Onun fikrincə, 2007-2008-ci illərin maliyyə böhranı öz inkişafında bir neçə mərhələdən keçir. "İlk iki mərhələ nisbətən sakit, hiss olunmadan keçmişdir. Böhranın birinci dalğası 2007-ci ildə, dünyanın fond bazarlarında aparıcı bankların və maliyyə şirkətlərinin fond indeksləri azalmağa başlayanda özünü büruzə vermişdir. Belə bir şəraitdə ən yüksək gəlirliliyə malik sabit bazarlar axtaran spekulyativ kapital (portfel investisiyaları və bank kreditləri) inkişaf etmiş ölkələrin bazarlarından inkişaf etməkdə olan, yüksək artım və gəlirlilik sürəti nümayiş etdirən iqtisadiyyatlı ölkələrə keçmişdir. İkinci mərhələ 2008-ci ilin əvvəllərində - dünya fond bazarlarında davam edən azalma maliyyə axınlarını bir aktivdən digərinə, daha konkret desək, xammal və enerji resurslarına yönəltməyi şərtləndirmişdir. Bu zaman həmin aktivlər daha böyük cəlbedicilik kəsb etmiş, bunun özü də onların dünya qiymətlərinin kəskin şəkildə artmasına səbəb olmuşdur. Dünya maliyyə böhranının üçüncü dalğası isə indi müşahidə olunur. Bu mərhələnin fəsadları aparıcı maliyyə şirkətlərinin bir-birinin ardınca müflisləşməsi və maliyyə böhranının dünya təsərrüfat sisteminin real sektoruna yayılması, dünya bazarlarında tələbatın kəskin azalması və bunun nəticəsi olaraq, xammal bazarlarında qiymətlərin aşağı düşməsi, aparıcı iqtisadi sistemlərin tənəzzülə uğramasıdır" - deyən Vahid Novruzov hesab edir ki, hazırkı böhran son onilliklər ərzində dünyada təşəkkül tapmış iqtisadi və siyasi sistemə ciddi zərər vurmaq gücündədir.

Auditorlar Palatasının sədri bildirdi ki, dünya iqtisadi böhranının Azərbaycana ciddi zərər vurmaması ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsidir. Bu siyasət böhrana qarşı sipər olmaqla yanaşı, respublikanın iqtisadi təhlükəsizliyinə etibarlı təminat yaradır: "Bazar iqtisadiyyatının inkişafı, iqtisadi potensialın artırılması, daxili və xarici investorlar üçün əlverişli şəraitin yaradılması, iqtisadi sabitliyin təmin olunması, regional və dünya bazarlarının formalaşdırılmasında və fəaliyyət göstərməsində azad və bərabərhüquqlu iştirakın təmin edilməsi iqtisadi sahədə milli maraqlarımızın bazasını təşkil edir. Son 5 ildə iqtisadiyyatın dinamik inkişafı, ümumi daxili məhsulun həcminin artması, ölkəyə investisiya qoyuluşundakı dinamiklik, Azərbaycanın xarici ölkələrə investisiya qoyması ölkəmizin iqtisadi sahədəki maraqlarının hansı səviyyədə qorunmasının əyani sübutudur".

Daha sonda çıxış edən "Təfəkkür" Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev dedi ki, dünya iqtisadi böhranı qlobal miqyasına görə bütün dünyada insanların maraq və mənafelərini ciddi şəkildə təhdid edir. Onun sözlərinə görə, yaranmış vəziyyətdə hər bir ölkə böhranın əsl səbəblərini düzgün müəyyənləşdirərək onun mənfi fəsadlarından xilas olmağa, antiböhran tədbirlərini həyata keçirməyə çalışır: "Qlobal maliyyə böhranı bütün dünyada olduğu kimi, Azərbaycanda da müxtəlif səviyyələrdə müzakirə olunur. Böhranı doğuran səbəblər geniş təhlil edilir, ondan çıxış yolları axtarılır. Qlobal maliyyə böhranı hazırda bütün dünya ölkələrində insanların iqtisadi maraq və mənafelərinə toxunur. Hesab edirəm ki, iqtisadçı alimlərin iştirakı ilə belə "dəyirmi masa"ların keçirilməsində əsas məqsəd qlobal maliyyə böhranı şəraitində Azərbaycanın davamlı və sabit inkişaf mexanizmlərini müəyyənləşdirmək, respublikamızın üzləşə biləcəyi fəsadların qarşısını vaxtında almaqdır".

Professor Müşfiq Atakişiyevin fikrincə, hazırkı maliyyə böhranı yaranma səbəblərinə, mahiyyətinə və miqyasına görə müxtəlif dövrlərdə özünü göstərmiş maliyyə böhranlarından əsaslı şəkildə fərqlənir. Dünya iqtisadiyyatını iflic edən bu böhranın dünya siyasəti və iqtisadiyyatının sürətlə qloballaşdığı bir mərhələyə təsadüf etməsi onun mənfi təzahürlərinin qısa zamanda aradan qaldırılmasına mane olur. İqtisadçı alimin fikrincə, hazırda maliyyə böhranı ilə üzləşmiş dövlətlərin standart antiböhran tədbirlərindən istifadə etməsi də qeyri-mümkündür. Bu zaman hər bir ölkənin iqtisadi potensialı, inkişaf xüsusiyyətləri nəzərə alınmalıdır. O, həmçinin vurğulamışdır ki, Azərbaycanın etibarlı iqtisadi təhlükəsizlik modeli onu dünya iqtisadi böhranının sərt təsirlərindən qoruyur: "İqtisadi müstəqilliyin mühüm təzahürü kimi qiymətləndirilən beynəlxalq ticarətdə bərabərhüquqlu tərəfdaş kimi çıxış etmək, beynəlxalq təşkilatlarla əməkdaşlıqda yalnız Azərbaycan xalqının mənafeyini yüksək tutmaq cənab İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. İqtisadi təhlükəsizlik baxımından milli iqtisadiyyatın dözümlülüyü və sabitliyinin mahiyyəti ölkə iqtisadiyyatının bütün elementlərinin etibarlılığını və bütün mülkiyyət formalarının müdafiəsini nəzərdə tutur. İqtisadi təhlükəsizliyin inkişaf və tərəqqi yönümünün gücləndirilməsi yolları, o cümlədən istehsalın müntəzəm olaraq modernləşdirilməsi, səmərəli investisiya və innovasiya siyasətinin aparılması, intellektual mülkiyyətin inkişafı və ölkənin əmək potensialından səmərəli istifadə edilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı məsələlərdəndir".

"Azərbaycan" Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Akif Musayevin sözlərinə görə, dünya iqtisadi böhranının əsasında bir neçə ciddi səbəb dayanır. İqtisadçı alimin fikrincə, qlobal maliyyə böhranı ABŞ-ın ipoteka bazarında yaranmış gərginliyin nəticəsi olaraq meydana çıxmışdır. "ABŞ-da ümumi daxili məhsul 13 trilyon dollar təşkil edir. Müqayisə üçün bildirək ki, Rusiyada bu rəqəm 1 trilyon dollardır. ABŞ-ın ipoteka bazarında dövriyyədə olan vəsait isə 12 trilyon dollara çatmışdır. Əhalidə yığılıb qalmış bu borc geri alına bilmədiyinə görə dövlət girov saxladığı mənzilləri mənzil bazarında satışa çıxarmağa məcbur olmuş, nəticədə mənzil bazarında qiymətlər 30 faizdən çox aşağı düşmüşdür. Bu maliyyə əməliyyatları qiymətli kağızlarla - səhmlərlə aparıldığından ABŞ-da yaranmış böhran dərhal Avropanın inkişaf etmiş dövlətlərində də özünü göstərməyə başlamışdır" - deyən Akif Musayev hesab edir ki, dünya maliyyə böhranının əsas səbəblərindən biri də neftin qiymətlərinin qeyri-sabitliyi ilə bağlıdır. İqtisadçı alimin sözlərinə görə, 2008-ci ilin yay aylarında neftin bir barelinin qiymətinin heç bir əsası olmadan, spekulyativ şəkildə rekord həddə yüksəlməsi, daha sonra isə qiymətlərdə kəskin azalmanın baş verməsi böhrana gətirib çıxaran əsas səbəblər sırasındadır.

Neftin qiymətinin aşağı düşməsini siyasi amillərlə əlaqələndirən İqtisad Universitetinin professoru Məmmədhəsən Qeybullayevin fikrincə, bu proses əsasən Qərblə münasibətləri gərgin olan üç dövlətin - Rusiya, İran və Venesuelanın iqtisadi cəhətdən zəiflədilməsinə yönəlmişdir. Onun fikrincə, bazara edilən süni müdaxiləyə rəğmən, neftin bir barelinin real dəyərindən uzun müddət aşağı qiymətə satılması qeyri-mümkündür. O hesab edir ki, 2009-cu ilin ortalarından başlayaraq neftin qiymətlərində yenidən artım müşahidə olunacaq.

İqtisadçı alimin fikrincə, Azərbaycanın qlobal böhrandan sığortalanmasının əsas səbəblərindən biri də ölkənin maliyyə və sığorta sektorunun dünya iqtisadi sisteminə zəif inteqrasiya olunmasının nəticəsidir. Məmmədhəsən Qeybullayevin sözlərinə görə, bu, respublikanın iqtisadi təhlükəsizliyinə hesablanmış addım kimi özünü doğruldur: "Azərbaycan banklarının xarici maliyyə təşkilatlarından götürdüyü 2 milyard dollarlıq qısamüddətli kreditin geri qaytarılması ilə bağlı yaranmış likvidlik kəsiri Milli Bankın valyuta ehtiyatları hesabına aradan qaldırılır. Milli Bank uçot dərəcəsini aşağı salmaqla yerli banklara kredit verir, nəticədə onların likvidlik kəsiri aradan qalxır. Bu baxımdan Azərbaycanın qlobal maliyyə böhranının ciddi təsirləri ilə üzləşməsi istisnadır".

"Xəzər" Səhmdar Cəmiyyətinin sədri, iqtisad elmləri doktoru Qüdrət Kərimov çıxışında dedi ki, bütün dünyada özünü qabarıq göstərən qlobal iqtisadi böhranın Azərbaycandan tamamilə yan keçdiyini iddia etmək real situasiyanın obyektiv dəyərləndirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi baxımından rasional yanaşma deyildir. Real sektorda çalışan iş adamının fikrincə, respublikada iqtisadiyyatı idarə edən dövlət qurumlarının, ümumilikdə hökumətin qloballaşan dünyanın yeni reallıqlarına uyğun çevik qərarlar qəbul etməsi - neft gəlirlərindən istifadə üzrə uzunmüddətli strategiyanın işlənib hazırlanması, milli iqtisadiyyatın neft gəlirlərindən asılılığının azaldılması, qeyri-neft sektorunun, istehsal sahibkarlığının inkişaf etdirilməsi, iqtisadi təhlükəsizliyin təmini istiqamətində həyata keçirilən kompleks tədbirlər qlobal böhranın respublika iqtisadiyyatına ciddi təsir göstərməsinin qarşısını almışdır.

Qüdrət Kərimovun fikrincə, Azərbaycanın qlobal böhrandan etibarlı şəkildə sığortalanmasının əsas səbəblərindən biri də respublikada daxili investisiya qoyuluşlarının həcminin əhəmiyyətli dərəcədə artması, xaricdən maliyyə asılılığının minimuma endirilməsidir: "Real sektorda çalışan iş adamı kimi deyə bilərəm ki, Azərbaycan bu gün nəinki öz iqtisadiyyatını daxili imkanlar hesabına inkişaf etdirir, hətta davamlı inkişaf baxımından bir çox dövlətlərin iqtisadiyyatına investisiyalar yatırır. Respublikamız eyni zamanda öz iqtisadi inkişaf strategiyasını, tərəqqiyə xidmət edən layihələri hansısa beynəlxalq maliyyə qurumlarının təsiri, yaxud müdaxiləsi əsasında müəyyənləşdirmir, tamamilə müstəqil iqtisadi siyasət yeridir. Azərbaycan hökuməti hər hansı addımı atarkən ölkənin iqtisadi təhlükəsizlik maraqlarını ciddiliklə nəzərə alır. Nəticədə dünya miqyasında cərəyan edən neqativ proseslər ölkə iqtisadiyyatının inkişafına mənfi təsir göstərmir".

İqtisadçı alim həmçinin bildirdi ki, dünyanı sarsıdan maliyyə böhranı eyni zamanda konyunktur maraqları naminə qlobal maliyyə sisteminə süni müdaxilələr edən bəzi beynəlxalq maliyyə qurumlarının möhtəkirliyinin nəticəsidir. Qüdrət Kərimov konkret olaraq neftin qiymətlərinin kəskin şəkildə artıb-azalmasında bu neqativ amilin təsirini önə çəkdi: "Neftin qiymətlərinin aşağı düşməsinin əsas səbəbi məgər istehlakçıların azalmasıdır? Yoxsa neft hasilatında kəskin artım baş verib? Əslində heç nə dəyişməyib. Sadəcə olaraq qloballaşma prosesləri ilə bağlı dünya iqtisadiyyatında beynəlxalq oyun qaydalarına zidd olan xoşagəlməz möhtəkirlik meyilləri artıb. Bəzi beynəlxalq maliyyə qurumları öz maraqlarını önə çəkərək möhtəkirliklə məşğul olur qiymətlərin artıb-azalmasına təsir göstərirlər. Onların bu möhtəkirliyi dünya bazarında elə bir acınacaqlı vəziyyət formalaşdırıb ki, artıq əmtəə istehsalçıları gəlirlə işləyə bilmirlər. Onların istehsal etdiyi məhsulları dünya bazarlarına çıxaran qurumlar isə böyük miqdarda gəlir götürürlər".

İqtisadçı alim hesab edir ki, Azərbaycanın qlobal maliyyə böhranından itkisiz çıxması üçün real sektora investisiya qoyuluşlarının həcmi artırılmalı, istehsalla məşğul olan müəssisələrə dövlət səviyyəsində yardım göstərilməli, ölkənin idxaldan asılılığını zəiflədən layihələrin reallaşdırılmasına xüsusi diqqət yetirilməlidir. "Nəzərə almaq lazımdır ki, dünya iqtisadi böhranının baş verməsində əsas səbəblərdən biri məhz istehsal bazarının zəifləməsidir. Azərbaycanda analoji prosesin qarşısının alınması üçün qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər davam etdirilməlidir. Neftdən əldə olunan gəlirlər daha çox real sektorda səmərə verəcək layihələrin reallaşdırılmasına yönəldilməlidir. Bunun üçün respublikamızın həm maliyyə, həm də digər resursları mövcuddur".

Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini Rəsul Balayevin sözlərinə görə, dünya maliyyə böhranının ABŞ-dan başlaması bu ölkədə əhalinin real alıcılıq qabiliyyəti ilə virtual alıcılıq qabiliyyəti arasında nisbətin nəzarətdən çıxması ilə bağlıdır. Onun sözlərinə görə, ABŞ-da əhalinin konkret zamanda əldə edə biləcəyi əmtəə məhsullarının həcmini proqnozlaşdırmaq mümkün deyildir: "Əhalinin alıcılıq qabiliyyətini müəyyənləşdirmək mümkün olmadığından, dövlətin iqtisadi proseslərə müdaxilə imkanları da itir. Hesablamalar göstərir ki, ABŞ əhalisinin dövlətə olan borcu ümumi daxili məhsulun həcmindən 1,5 dəfə çoxdur. İnkişaf etmiş digər dövlətlərdə də analoji problemlər mövcuddur".

Rəsul Balayevin fikrincə, hazırda dünya əmtəə bazarında ədalətsizlik və möhtəkirlik meyilləri o həddə çatıb ki, satışla məşğul olan dövlətlər istehsalçı dövlətlərdən daha çox gəlir götürürlər. Neft ixracatçısı olan dövlətlərin neftin satışından əldə etdiyi gəlirlər isə neft emalçısı olan dövlətlərin gəlirlərindən aşağıdır: "Neftin bir barelinin qiyməti dünya bazarında 20 dollar olanda, Fransa dövləti 1 barel neftdən istehsal etdiyi neft məhsullarını təxminən 100 ABŞ dollarına satırdı. Yəni Fransa dövləti neft ixracatçısı olan dövlətlərdən təxminən 5 dəfə çox gəlir əldə edirdi. Təbii ki, bu vəziyyət uzun müddət davam edə bilməzdi. Əvvəl-axır dünya iqtisadiyyatında bu problem özünü göstərməliydi. Dünya iqtisadi böhranının əsas səbəblərindən biri də dünyanın iqtisadi nüvə mərkəzləri arasında koordinasiyanın zəifləməsidir. Eyni zamanda, bir qrup dövlətin digərinin iqtisadiyyatını zəiflətmək üçün həyata keçirdiyi destruktiv tədbirlər də bu prosesdə mühüm rol oynayır. Neftin qiymətinin süni şəkildə aşağı salınması bəzi dövlətlərin iqtisadiyyatını sarsıtmaq məqsədi güdür. İnkişaf etmiş dövlətlər hazırkı böhrandan o qədər də narahat deyillər. Çünki onlar öz banklarına, əhalisinə, investisiya şirkətlərinə lazımi miqdarda maliyyə vəsaiti ayırmaq imkanındadırlar. İnkişaf etməkdə olan neft ixracatçılarının isə belə imkanı yoxdur. Ona görə də inkişaf etməkdə olan dövlətlərin iqtisadiyyatı bu böhrandan daha çox ziyan çəkir".

Rəsul Balayev həmçinin bildirdi ki, ölkənin iqtisadi resursları və antiböhran tədbirləri aparıcı maliyyə qurumları tərəfindən yüksək dəyərləndirilir. Ölkə iqtidarı tərəfindən həyata keçirilən tədbirlər beynəlxalq iqtisadi sistemə inteqrasiyanın doğurduğu neqativ təsirləri zərərsizləşdirməyə, qlobal böhranın mənfi təsirlərini azaltmağa imkan verir.

İqtisad Universitetinin professoru Məiş Əhmədov çıxışında xüsusi vurğuladı ki, dünya iqtisadi böhranının əsas səbəblərindən biri aparıcı dünya dövlətlərinin iqtisadiyyatının xidmət və infrastruktur layihələri üzərində qurulması, eləcə də real sektora qoyulan investisiyaların həcminin azalmasıdır: "ABŞ-da belə bir fikir formalaşıb ki, bu ölkədə real sektorun inkişafı ikinci plana keçmişdir. Yəni bu ölkədə hər 10 nəfər məşğul əhalinin 8-i məhz xidmət sektorunda çalışır. Son 15 ildə ABŞ-da real sektora investisiya qoyuluşlarının həcminin kəskin şəkildə azalması, xidmət və infrastruktur sahələrinə qoyulan kapitalın isə əhəmiyyətli şəkildə artması maliyyə böhranının dərinləşməsinə gətirib çıxardı. İkinci amil budur ki, dünyada qloballaşma prosesi dərinləşdikcə milli iqtisadiyyatların dünya iqtisadiyyatından asılılığı güclənir. Belə ki, hər bir ölkə qlobal iqtisadi sistemin kiçik ünsürünə çevrilir. Nəticədə tamamilə başqa problem meydana çıxır: müxtəlif rəqabət qabiliyyətinə malik dövlətlərin vahid mexanizmdə fəaliyyət göstərməsi birinin hədsiz dərəcədə varlanmasına, digərinin isə zəifləməsinə, müflisləşməsinə, öz resurslarına uyğun gəlir əldə etməməsinə gətirib çıxarır. Təsadüfi deyildir ki, bu gün 20 faiz əhali dünya üzrə gəlirlərin 85 faizinə nəzarət edir".

İqtisadçı alim hesab edir ki, qlobal maliyyə böhranını doğuran əsas səbəblərdən biri də fiktiv kapitalın real kapitalı üstələməsidir. Bir çox dünya ölkələrində real əmtəəyə söykənməyən, müxtəlif maliyyə maxinasiyalarına - səhmlərin, digər qiymətli kağızların satışına əsaslanan gəlirlərin artması fiktiv kapitalın dominant mövqeyə çıxmasına səbəb olmuşdur: "Böhrana aparan səbəblərdən biri də iqtisadiyyatın həddən artıq liberallaşdırılması, habelə iqtisadi proseslərə "bazar hər şeyi həll edər" mövqeyindən yanaşılmasıdır. Bu yanlış iqtisadi strategiya nəticəsində dövlətin iqtisadi proseslərin tənzimlənməsi prosesindən tamamilə kənarda qalması özünü doğrultmadı. Nəticədə bu gün ABŞ, İngiltərə, Fransa və digər Qərb dövlətləri iqtisadiyyatı böhrandan qurtarmaq üçün daxili bazara müdaxiləni gücləndirməyə çalışırlar".

Professor Məiş Əhmədov çıxışında həmçinin vurğuladı ki, Azərbaycanın maliyyə imkanları və mövcud iqtisadi potensialı ona bu böhrandan az itki ilə çıxmağa imkan verir. Onun sözlərinə görə, respublikanın qlobal maliyyə qurumlarının diktəsilə hərəkət etməməsi, müstəqil iqtisadi siyasət yeritməsi antiböhran tədbirləri sırasında mühüm yer tutur: "Azərbaycanın hazırkı uğurlarının əsasında 5 mühüm amil dayanır. Bunlardan birincisi dünya qurumlarına inteqrasiyanın əlverişli institusional bazasının yaradılmasıdır. Belə ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı hazırda ciddi tədbirlər həyata keçirilir. İkinci amil respublikada güclü investisiya və biznes mühitinin formalaşmasıdır. Yəni real sektora yönəldilən investisiyaların həcmi respublikanın qlobal maliyyə böhranından itkisiz çıxmasına yaxşı imkanlar yaradır. Üçüncü amil qlobal investisiya və biznes layihələrinin həyata keçirilməsi baxımından zəruri olan infrastruktur islahatlarının həyata keçirilməsidir. Dördüncüsü - informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı mahiyyət etibarilə neftdən asılılığı minimum səviyyədə azaltmağa xidmət edir. Nəhayət, intellektual potensialın artırılmasına, güclü insan kapitalının formalaşdırılmasına yönələn məqsədyönlü addımlar respublikanın gələcək iqtisadi təhlükəsizliyində öz sözünü deyəcəkdir".

Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, iqtisad elmləri namizədi Elşad Səmədzadənin fikrincə, dünya iqtisadi böhranı bir sıra geosiyasi problemlərlə bağlıdır. Əsasən də dünyanın aparıcı güc mərkəzləri arasında yaranmış siyasi gərginlik nəticə etibarilə maliyyə böhranının yaranmasına, neftin qiymətlərinin aşağı düşməsinə gətirib çıxarmışdır. Onun sözlərinə görə, maliyyə iqtisadiyyatının real iqtisadiyyatdan bir neçə dəfə böyük olması da maliyyə böhranının əsas səbəblərindən biridir. Elşad Səmədzadə hesab edir ki, neftin qiymətlərinin hazırkı səviyyədə qalması iqtisadi baxımdan mümkün deyil. "Xatırladaq ki, SSRİ-nin dağıldığı ərəfədə neftin qiyməti cəmi 15 dollar idi. Qorbaçovun spirtli içkilərə qarşı başladığı kampaniya nəticəsində ittifaqın iqtisadiyyatı pis vəziyyətə düşmüşdü. O vaxt ABŞ və İngiltərə danışıqlara başlayıb neftin qiymətlərini 15 dollardan 8 dollaradək endirməyə nail oldular. Beləliklə də SSRİ-nin dağılması labüd prosesə çevrildi. Bu baxımdan hazırkı mərhələdə də neftin qiymətlərinin 30 dollar civarında olması real deyil. Çünki Rusiya və digər dövlətlərdə bir barel neftin maya dəyəri 30-35 dollardır" - deyən Elşad Səmədzadənin sözlərinə görə, Azərbaycan iqtidarının yeritdiyi uğurlu siyasət ölkənin dayanıqlılığını və davamlı iqtisadi inkişafını təmin etməklə yanaşı, onun iqtisadi təhlükəsizliyinə də etibarlı zəmin formalaşdırır.

"Dəyirmi masa"da çıxış edən digər iqtisadçı alimlər də qlobal iqtisadi böhranın doğurduğu fəsadlardan danışmış, eyni zamanda Azərbaycanın iqtisadi təhlükəsizliyi üçün hansısa ciddi problemin olmadığını vurğulamışlar. Yekun fikir bundan ibarət olmuşdur ki, Azərbaycanın özünəməxsus inkişaf modelinin formalaşması respublikanın bundan sonrakı mərhələdə də davamlı və sabit inkişafını təmin edəcəkdir.

 

 

Azərbaycan.-2009.-8 yanvar.-S.3.