Neft-qaz sahəsinin inkişafı Azərbaycan
üçün böyük
iqtisadi imkanlar yaradır
Qədim neft diyarı olan Azərbaycan uzun müddət - sovet dönəmində də,
elə ondan əvvəl də öz sərvətinin sahibi olmamışdı. Ulu öndər Heydər Əliyevin yeni neft strategiyası,
1994-cü ildə imzalanan
"Əsrin müqaviləsi"
və bundan sonra qazanılan nailiyyətlər ölkəmizi
həqiqətən öz
sərvətinin sahibinə
çevirdi. Son bir neçə ildə isə Azərbaycan neft diyarı kimi özünü bir daha təsdiqləməklə
yanaşı həm də qaz ixrac
edən ölkəyə
çevrildiyini sübut
etdi.
Heydər Əliyev
adına Bakı-Tbilisi-Ceyhan
kəməri artıq
dörd ilə yaxındır Azərbaycan
neftini dünya bazarlarına nəql edir. "Şahdəniz"
qazı Bakı-Tbilisi-Ərzurum
kəməri ilə Gürcüstandan və Türkiyədən keçərək
Avropaya yol açıb. Bir sözlə, enerji sahəsində qlobal layihələr həyata keçirilib və onlar öz bəhrəsini
verir.
"Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü
və Yeni il münasibətilə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikində
deyildiyi kimi: "Azərbaycan 2008-ci ildə
öz enerji siyasətini uğurla davam etdirmişdir. Biz enerji təhlükəsizliyi
məsələlərinə nail olduq və bu
gün başqa ölkələrin enerji təhlükəsizliyi üçün
fəaliyyət göstəririk.
Bu, bizə həm siyasi, həm iqtisadi dividendlər gətirir, bizim üçün yeni imkanlar açır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum
neft-qaz kəmərləri
uğurla fəaliyyət
göstərir. Azərbaycan,
demək olar ki, qarşıda duran bütün neft-qaz məsələlərini
uğurla həll edibdir. İxracın şaxələndirilməsinə nail olubdur. Bu gün Azərbaycan nefti və qazı həm ölkəyə xidmət göstərir, -
Azərbaycanda qazlaşdırma
artıq 85 faizə çatıbdır, - eyni
zamanda bu, bizə iqtisadi imkanlar yaradır, siyasi imkanlarımızı
genişləndirir".
Bütün bunlar düzgün seçilmiş
strategiyanın, onun həm dövlət, həm də xalq tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
Bu qeydlərin
müəllifi bp-nin ölkəmizdə əməliyyatçılıq
etdiyi layihələrin
həyata keçirildiyi
obyektlərdə dəfələrlə
xarici mütəxəssislərdən
eyni sözləri eşidib. Onlar Azərbaycan neftçilərinin
dərin bilik və böyük səriştəyə malik
olduqlarını söyləyiblər.
Əcnəbi mütəxəssislər
zəngin təcrübəyə
yiyələnmiş qədim
neft diyarında işlədiklərini dərhal
hiss edirlər. Dünyanın
ölkəmizdə çalışan
bir çox tanınmış neft şirkətləri Azərbaycan
Respublikası Dövlət
Neft Şirkəti ilə əməkdaşlıqdan,
tərəfdaşlıqdan məmnun olduqlarını
deyirlər.
bp, "Statoyl",
"Total", "İtoçu" və onlarla digər dünya səviyyəli şirkətlə
tərəfdaşlıq etmək
ARDNŞ-in bugünkü səviyyəsini
təsdiqləyən daha
bir amildir. İndi Azərbaycanın özü də xarici şirkətlərin
iştirakı olmadan sözügedən sahədə
müstəqil surətdə
böyük işlər
aparır.
Dövlət başçısı
İlham Əliyev bu barədə belə demişdir: "Neft-qaz sektorunda qarşıya qoyduğumuz
bütün vəzifələr
uğurla icra edilir. Bütün nəhəng beynəlxalq layihələr uğurla icra edilir. Azərbaycanın
artıq çox böyük neft-qaz potensialı yaradılıbdır.
Bu, reallıqdır. Növbəti
aylarda və illərdə biz yeni yataqların aşkar olunmasına diqqətimizi daha çox yönəltməliyik. Qazma
və kəşfiyyat
işləri aparılmalıdır,
aparılır. Azərbaycan
Dövlət Neft Şirkəti artıq özü bu işləri aparır. Elə etməliyik ki, yeni yataqları
biz kəşf edək.
Əlbəttə ki, bu, asan məsələ
deyil, həm böyük maliyyə lazımdır, həm də texniki tədbirlər görülməlidir.
Ancaq biz bunu etməliyik. Xüsusilə
qaz yataqlarına daha böyük diqqət göstərməliyik.
Çünki bugünkü
neft hasilatımız bizi tam şəkildə qane edir. Əslində,
qaz hasilatımız da bizi tam təmin
edir. Amma nəzərə alsaq ki, dünyada qaza tələbat daha çoxdur və təbii qazın qiyməti daha da artır,
əlbəttə ki,
biz daha çox qaz yataqlarının işlənməsinə öz
diqqətimizi yönəltməliyik".
Bu baxımdan
"Ümid" qaz-kondensat
yatağının işlənməsi
böyük əhəmiyyət
kəsb edir. Mütəxəssislərin fikrincə,
bu yataq "Günəşli" ilə
rəqabətə girən
iri bir qaz-kondensat
təchizatçısına çevrilə bilər. Sevindirici haldır ki, bu yatağı
Azərbaycan neftçiləri
xarici şirkətlərin
köməyi olmadan işləyir. Hazırda burada "Ümid-1" platforması
quraşdırılır. Belə
ki, platformanın iki bloku artıq
dənizə aparılıb.
Bu nəhəng dəniz
qurğusunun sifarişçisi
N.Nərimanov adına
Neft və Qazçıxarma İdarəsi,
baş podratçısı
"Neftqaztikinti" trestidir.
Platforma Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda inşa olunub.
"Ümid-1" platformasından bu il qazma işlərinə
başlanacaq. Yataqda
6400 metr dərinliyə
malik 6 qaz quyusunun qazılması nəzərdə tutulur.
Keçən ilin əsas buraxılış
obyektlərindən olan
Bahar-Hövsan-Suraxanı qaz
kəmərini də qeyd etməmək mümkün deyil. Bu obyektin də tikintisini Azərbaycanın
öz şirkət və müəssisələri
həyata keçirib.
Baş podratçı
"Neftqaztikinti" tresti,
sualtı hissənin sifarişçisi "28 May" Neft və Qazçıxarma
İdarəsidir. Belə
ki, kəmər sualtı və quru hissədən ibarətdir. Onun sualtı hissəsi 32 kilometr təşkil edir. Xəttin Hövsandan Suraxanıyadək
uzanan quru hissəsi isə 12 kilometrdir. Hövsanda, sahilə çıxan hissədə daha bir obyektin - qaz-separasiya məntəqəsinin
tikintisi də öz inşaatçılarımızın
üzərinə düşüb.
Ötürmə qabiliyyəti
sutkada 5 milyon kubmetr olan 20 düymlük bu kəmər "Şimal"
elektrik stansiyasını,
eləcə də Bakının ətraf rayonlarının əhalisini
və sənaye müəssisələrini qazla
təmin etməlidir. Kəmər "Günəşli"
yatağından hasil edilən qazla doldurulacaq.
Neft-qaz sahəsinin
sürətli inkişafı
ölkəmizə nəinki
öz daxilində, xaricdə də bir sıra mühüm
işlər üçün
sərmayə yatırmağa
imkan verir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, "SOCAR Enerqu-Georgia"
şirkəti Gürcüstanda
keçən ilin investoru elan edilib.
Bu ölkədəki
Kulevi Qara Dəniz Terminalında da böyük yenidənqurma və modernləşdirmə işləri
aparılıb. ARDNŞ xam
neftin və neft məhsullarının
saxlanılması, gəmilərə
yüklənməsi üçün
nəzərdə tutulmuş
bu terminala 340 milyon, ümumiyyətlə,
Gürcüstan iqtisadiyyatına
isə 400 milyon dollar həcmində sərmayə
qoyub. Keçən il terminaldan 2 milyon ton neft məhsulları daşınıb.
Bu il isə idxal olunan neft
məhsullarının həcmi
8-10 milyon tona çatdırılacaq.
ARDNŞ Azərbaycanın
bölgələrində də
bir çox sosial infrastruktur layihələri həyata keçirir. Şirkət öz vəsaiti hesabına məktəblər
tikir, səhiyyə ocaqları və digər sosial obyektlər istifadəyə
verir.
Respublika Prezidenti
İlham Əliyev demişdir ki, Azərbaycanın dövlət
və özəl şirkətləri həm
ölkənin daxilində,
həm də xaricində investisiyalar qoyuluşunu davam etdirməlidirlər. Bunun üçün neft-qaz sahəsinin sürətli inkişafı sayəsində
yaranan maddi imkanlar geniş perspektivlər açır.
Flora SADIQLI
Azərbaycan.-2009.-8 yanvar.-S.4.