Ailə, qadın və uşaqlara diqqət dövlətin nəzarətindədir

 

2008-ci il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi üçün maraqlı tədbirlərlə zəngin olmuşdur. Belə ki, biz müvafiq sahələrdə dövlət siyasətini həyata keçirən bir orqan olaraq işimizi öhdəmizə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində qurmuş, Azərbaycan Respublikası qanunlarının, ölkə Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının icrasını təmin etmişik. 2008-ci ildə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında bir çox mühüm dəyişikliklər baş vermişdir.

 

Hər sahədə yüksəliş hiss olunmaqdadır. Bütün bu uğurlar ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu işlərin bəhrəsidir. Ulu öndər Azərbaycanda hakimiyyətə gəldiyi ilk gündən qadınların cəmiyyətdə rolunun yüksəldilməsinə, ailələrin rifahının yaxşılaşdırılmasına və uşaqların xoşbəxt və sağlam böyüməsinə xüsusi əhəmiyyət verir, bu sahədə əlindən gələni əsirgəmirdi. Ulu öndərin ölkəyə rəhbərliyi dövründə müvafiq sahələr üzrə mühüm dövlət sənədləri, fərman və sərəncamlar imzalanmışdır. Odur ki, milli ailə dəyərlərinin qoruyucusu, gənc nəslin tərbiyəçisi kimi dərin hörmət qazanmış qadınlarımız bu gün öz potensiallarından tam istifadə etmək hüququna malikdirlər. Bu hüquq və azadlığın zəmanəti ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevdir. Prezidentin 2006-cı il 6 fevral tarixli fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması cəmiyyətdə qadınların rolunun yüksəldilməsi, uşaq hüquqlarının təmin olunması sahəsində irəliyə doğru atılmış addımdır. Tarixən ölkəmizin həyatında fəal olmuş qadınlarımız bu gün dövlət quruculuğunda xüsusi mövqe tuturlar. Onlar milli ailə dəyərlərini qoruyub saxlamaqla bərabər, çalışdıqları sahələrdə də yüksək peşəkarlıq nümayiş etdirirlər. Bunun aydın nümunəsini biz ölkəmizin birinci xanımı Mehriban Əliyevanın timsalında görürük. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti, "Azərbaycan-İrs" jurnalının baş redaktoru kimi gərgin işlərlə məşğul olsa da, daim uşaqlara, Azərbaycan ailələrinin problemlərinin həllinə ciddi diqqət yetirir.

Həqiqətən, müasir dövrdə ailələrdə olan mövcud duruma nəzarət ön plandadır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də fəaliyyətini bu istiqamətə yönəldib, ailə institutunun möhkəmləndirilməsi, ailə hüquqlarının həyata keçirilməsi və müdafiəsi ilə bağlı mühüm tədbirlər həyata keçirir. Biz ailələrin sosial rifahının təmin edilməsi, inkişafı üçün hərtərəfli şəraitin yaradılması məqsədi ilə ailə dəyərlərinin qorunub saxlanılması, ailədaxili zorakılığın qarşısının alınması, erkən nikahların sayının azaldılması kimi məsələlərin həllinə xüsusi diqqət yetiririk. Hazırda ölkədə 1.831.100 ailə var və nikahların sayı artmaqdadır. 2008-ci ildə nikahların sayı 81.758 təşkil edib. Ötən ilin birinci yarısında 33.400 nikah və 3.900 boşanma qeydə alınmışdır. Statistik göstəricilərə görə, boşanma əsasən uşaq doğulmayan ailələrdə baş verir. Ailələrə dövlət qayğısının göstərilməsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini daha da artırmaq, ictimaiyyətin diqqət və səylərinin ailənin cəmiyyətdəki statusunun yüksəldilməsinə yönəltmək məqsədi ilə "İdeal ailənin formulu, ənənəvi dəyərlər və müasirlik mövzusunda KİV nümayəndələrinin iştirakı ilə müsabiqə keçirilmişdir. Müsabiqənin qalibləri Beynəlxalq Ailə Günündə mükafatlandırıldılar. Biz Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi ilə birgə 15 may 2008-ci il tarixdə Şamaxı rayonunda ümummilli liderin 85 illik yubileyinə həsr olunmuş "Ailə bayramı" keçirdik. Bayramda ölkəmizin şəhər və rayonlarından müxtəlif nominasiyalar (kulinariya, əl işləri, yaradıcılıq, bədii qiraət, çoxuşaqlı, uzun ömürlü ailələr) üzrə qalib gələn ailələr iştirak etdilər.

31 may 2007-ci il tarixdə qəbul edilmiş "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi ilə birgə 4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınlarla sorğu keçirilmiş, dil və kompüter kursları açılmışdır. İlin sonunda məcburi köçkün qadınların məşğulluğunun artırılması məqsədi ilə "Tikiş sexinin açılması" layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ağdam rayonunun Baharlı qəsəbəsində məskunlaşmış qadınlar işlə təmin olunmuşlar.

Komitə erkən nikahların yaratdığı fəsadlar mövzusunda əhali arasında maarifləndirmə tədbirləri keçirmiş, erkən nikaha daxil olmuş qadınların problemləri öyrənilmişdir. Məhkum qadınlar arasında da maarifləndirmə işi aparılmışdır. Biz qadınların hüquqlarının və gender bərabərliyinin təmin edilməsi, dövlət siyasətinin bütün istiqamətlərində gender amilinin nəzərə alınması, həyatın bütün sahələrində qadınların fəallığının dəstəklənməsi, onlara qarşı ayrı-seçkiliyin və zorakılığın bütün formalarının aradan qaldırılması və qarşısının alınması, həmçinin sosial müdafiələrinin gücləndirilməsi məqsədi ilə müxtəlif tədbirlər həyata keçirmişik.

2008-ci ilin ən yaddaqalan hadisəsi müstəqil Azərbaycan qadınlarının III qurultayı oldu. Bu ali məclisdə iştirak edən 2000 nəfərə yaxın nümayəndə ötən qurultaydan keçən beş il müddətində gördükləri işlər haqqında məlumat verdilər, mövcud problemləri və gələcək planları müzakirə etdilər. Bu qurultay qadınlarımızın həyatında yeni, mühüm bir mərhələnin başlanğıcı oldu.

Bu gün Azərbaycanda qadınlar dövlətin yaratdığı bütün imkanlardan istifadə edir, sərbəst təhsil alır, peşə səviyyəsini artırır, ictimai-siyasi proseslərdə fəal iştirak edir, sahibkarlıqda geniş təmsil olunur, təhsildə, idmanda, orduda, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında çalışırlar. Respublikamızda Milli Məclis deputatlarının 11, dövlət qulluğunda çalışanların 39, hakimlərin 14, orta məktəb müəllimlərinin 71, ali məktəb müəllimlərinin 47, həkimlərin 61, sahibkarların 15, idmançılarlın 20 faizi, AMEA-nın vitse-prezidenti, akademiklərdən 3-ü, müxbir üzvlərdən 12-si qadınlardır. Hazırda ölkədə 3.062 qadın elmlər namizədi, 226 qadın elmlər doktorudur. Bundan əlavə, 31 qadın rayon icra hakimiyyəti başçısının müavini, 45 nəfər isə şöbə müdiri vəzifələrində çalışır.

Bütün bunlara baxmayaraq, cəmiyyətdə məişət zorakılığı, qadın alveri, qadın hüquqlarının pozulması kimi problemlər hələ də mövcuddur. Bizim əsas vəzifəmiz insanlara belə vəziyyətlərdən adekvat çıxış yolu tapmaqda kömək göstərməkdir.

Bizim beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə birgə həyata keçirdiyimiz ən mühüm layihə Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondu arasında 2008-ci ilin yanvarında imzalanmış "XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə" layihəni qeyd etmək lazımdır. Həmin layihə zorakılıq, ailə-məişət problemlərinin öyrənilib təhlil edilməsi və çıxış yollarının tapılması baxımından da zəruri əhəmiyyət daşıyır. Layihə üzrə Abşeron, Bakının Nizami və Əzizbəyov, həmçinin Sabirabad və Tovuz rayonlarında mühazirələr təşkil olunmuşdur.

Azərbaycan qadınlarının cəmiyyətdəki hazırkı mövqeyi xanımlarımızın bir çox nəsillərinin ardıcıl zəhmətinin nəticəsidir. Biz bu prosesi davam etdirməli, daha da irəli aparmalıyıq. Azərbaycan qadınının peşəkarlıq səviyyəsi, fəallıq dərəcəsi müasir dövrün irəli sürdüyü tələblərə cavab verməlidir. Heç bir qadın bu prosesdən kənarda qalmamalıdır. Başlıca məqsədimiz ailəsinə bağlı, dövlətinə sadiq, stereotiplərdən asılı olmayan, fəal, təşəbbüskar Azərbaycan qadınının cəmiyyətin həyatında yaxından iştirakına nail olmaqdır. Uşaq hüquqlarının təmin edilməsi, uşaqların sağlam mühitdə tərbiyə edilməsi üçün lazımi şəraitin yaradılması, valideyn himayəsindən məhrum olan uşaqların dövlət qayğısı ilə təmin edilməsi, həssas qruplardan olan uşaqlara dövlət qayğısının artırılması, uşaq baxımsızlığının, alverinin, onların əməyinin istismarının, uşaqlara qarşı zorakılığın qarşısının alınması və digər məsələlər bizim uşaq problemləri sahəsindəki fəaliyyətimizin əsasını təşkil edir. Valideyn himayəsindən məhrum olan uşaqların dövlət qayğısı ilə təmin edilməsi, qəyyumluq, himayə, yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi, həmçinin uşaq xəstəliklərinin profilaktikası, uşaqların şəxsiyyətinin hərtərəfli formalaşdırılmasının təmin edilməsi də həmişə diqqət məkəzimizdədir. Hazırda Azərbaycanda 2.800 000 mindən yuxarı uşaq var. 2008-ci ilin doqquz ayı ərzində 107 min 900 körpə dünyaya gəlmişdir. Son beş il ərzində ölkədə gündə orta hesabla 377 uşaq doğulur. 2008-ci ilin birinci rübü ərzində ölkədə 38 min körpə (orta hesabla gündə 417 körpə) dünyaya gəlmişdir. Onların 53 faizini oğlanlar, 46,6 faizini isə qızlar təşkil edir. Körpələrin 330-u əkiz, 8-i isə üçəm doğulmuşdur.

Biz BMT-nin Əhali Fondu ilə birgə hazırladığımız "Cənubi Qafqazda Gənclər üçün Reproduktiv Sağlamlıq Təşəbbüsü" adlı layihənin ikinci mərhələsi çərçivəsində 3 ay müddətində respublikanın 15 rayonunda əhalinin müxtəlif qrupları üçün təlimlər həyata keçirmişik. Komitə "Gənclərin Reproduktiv Sağlamlıq" layihəsi çərçivəsində "Nur" Uşaq və Gənclərin İctimai Birliyi ilə birgə yeniyetmələr üçün "Şənbə məktəbi" layihəsini həyata keçirmişdir. Layihədə iştirak edən 13-18 yaş arasında olan 50 nəfər məktəbli uşaq hüquqları, gənclərin reproduktiv hüquqları və sağlamlığı ilə bağlı təlimlərdə iştirak etmişlər. Komitə Avrasiya Hüquqşünaslar Assosiasiyası və Estoniya Respublikasının Q-Klub Uşaq Təşkilatı ilə birlikdə Avropa İttifaqının dəstəyi ilə "Müxtəliflikdə həmrəylik" adlı layihə həyata keçirmişdir. Həmin günlərdə Azərbaycanın milli-mənəvi irsini əks etdirən proqram çərçivəsində Estoniyadan gəlmiş 13-18 yaşlı 20 nəfər məktəbli azərbaycanlı ailələrində yerləşdirilmişlər. Bu il ərzində Bakının Şüvəlan qəsəbəsində və Goranboy rayonunda Uşaq və Ailələrə Dəstək mərkəzləri açılmışdır. Bu mərkəzlər ailələrdə yaranmış psixoloji problemlərin həllində, maarifləndirmə işlərində əhaliyə yardım göstərir. Azərbaycanda uşaqlara dövlət qayğısı möhkəmləndirilir. Son illərdə "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı", "Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında", Azərbaycan Respublikasında xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə dövlət proqramları və digər sənədlər uşaqların inkişafına xidmət edir. Hazırda ölkədə 1.658 məktəbəqədər, 4.555 ümumtəhsil , 60 orta ixtisas, 42 ali təhsil müəssisəsi, 589 uşaq poliklinikası və ambulatoriyası, 4 körpələr evi, 6 uşaq evi, 34 ümumi tipli internat evi, 15 uşaq sanatoriyası, 234 uşaq musiqi və incəsənət məktəbi, 8 uşaq teatrı, 103 uşaq kitabxanası, 9.308 idman müəssisəsi fəaliyyət göstərir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində son illər Azərbaycanın 62 bölgəsində 237 məktəb binası tikilmiş, 37 məktəb əsaslı təmir olunmuşdur.

Bakının Nizami, Nərimanov və Nəsimi rayonlarının orta məktəblərində uşaq hüquqları və onların qorunması, ünsiyyətin qurulması və tolerantlıq, zorakılıq mövzularında seminar-təlimlər təşkil olunmuşdur. Seminarlarda məktəb direktorları, müəllimlər, şagirdlər və valideynlər iştirak etmişlər. Uşaqlarla İş üzrə Respublika Koordinasiya Şurası çərçivəsində regionlarda vəziyyətin öyrənilməsi məqsədi ilə "Uşaq hüquqları və uşaq problemləri istiqamətində beynəlxalq sənədlər, Azərbaycan hökumətinin qəbul etdiyi qanunlar, dövlət proqramları və real vəziyyət" mövzusunda bir sıra rayonlarda uşaqlarla işləyən dövlət qurumlarının, QHT-lərin iştirakı ilə seminarlar təşkil olunmuşdur.

Bu ilin noyabr ayında Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Futuroloqlar Cəmiyyəti tərəfindən "Gələcək nəsillərlə üz-üzə" mövzusunda ümumrespublika inşa müsabiqəsi qalibləri mükafatlandırılmışlar.

Ölkəmiz uşaq hüquqları sahəsində bir çox beynəlxalq müqavilələrə qoşularaq bu sahədə müvafiq öhdəlikləri öz üzərinə götürmüşdür. Xalqımızın milli-mənəvi dəyərlərinə əsaslanan dövlət uşaq siyasəti çərçivəsində ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyənin səviyyəsinin yüksəldilməsi, uşaq yaradıcılığının dəstəklənməsi və digər sahələrdə dövlət proqramları qəbul edilmişdir.

Prezident İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli sərəncamı ilə 2009-cu il Azərbaycan Respublikasında "Uşaq ili" elan edilmişdir. Bu sərəncam dövlət qurumlarının və vətəndaş cəmiyyətinin diqqətinin bir daha uşaqlara və onların problemlərinə yönəlməsinə xidmət edir. Verilmiş yeni sərəncamla əlaqədar bizim komitə digər müvafiq dövlət qurumları ilə birlikdə bir sıra tədbirlər planı işləyib hazırlamağı nəzərdə tutmuşdur. Sözsüz ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi bizim öhdəmizə bununla bağlı böyük məsuliyyət düşür.

Biz çalışacağıq ki, həyata keçirdiyimiz tədbirlər, aparılan uğurlu islahatlar, hər sahədə qazandığımız nailiyyətlər uşaqların və ümumilikdə ailələrin vəziyyətinə müsbət təsir göstərsin. Bu isə xalqımızın sabahı olan övladlarımızın problemlərinin həllinə təkan verəcəkdir.

2009-cu il hər bir ailəyə firavanlıq, hər bir qadına səadət, hər bir körpəyə sevinc gətirsin!

 

 

Hicran HÜSEYNOVA,

Ailə, Qadın və Uşaq Problemləri

üzrə Dövlət Komitəsinin sədri,

siyasi elmlər doktoru, professor

 

Azərbaycan.-2009.-8 yanvar.-S.6.