Sevgilərin ən ulusu - Vətən sevgisi

 

Tarix boyu bütün müharibələr insan qırğınlarına, fəlakətlərə, dağıntılara səbəb olmuş, şəhərlər, kəndlər xarabalığa dönmüş, analar oğulsuz, gəlinlər dul, körpələr gözüyaşlı qalmışlar. Müharibənin vurduğu yaralardan bağrı şan-şan olan torpağın ağrısını da insan çəkir. İnsan həm öz itkilərinə dözməli, həm ruhi sarsıntılarını aradan qaldırmalı, həm üstündə həyat qurduğu, ömür sürdüyü torpağın yaralarına məlhəm olub dağılan şəhərləri, kəndləri yenidən bərpa etməlidir.

Döyüşlər bitəndən, quruculuq-bərpa işləri başa çatandan sonra da müharibə insanın canında "gəzir", şüurunda, yuxularında, davranış yaşam tərzində vaxtaşırı "fırtınalar" qoparır.

Ötən əsrin doxsanıncı illərinin əvvəlindən başlamış Ermənistan-Azərbaycan müharibəsi nəticəsində xalqımız torpağımız böyük itkilər yaşamış, ancaq bununla belə, öz qəddini əyməmiş, 1994-cü ildə düşmənlə təmas xəttində Atəşkəs elan olunandan sonra öz dövlətçiliyini daha da gücləndirmiş, iqtisadı hərbi qüdrətini artıraraq dünya dövlətləri sırasında sayılıb-seçilən, özünəməxsus söz sahibi olan bir dövlət imicini qazana bilmişdir. Keçilən bu möhtəşəm yolda ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri, bənzərsiz fədakarlığı heç zaman unudulmayacaqdır. Bu gün onun şərəfli missiyasını Azərbaycan Prezidenti İlham Əliyev böyük uğurla davam etdirir. Cənab İlham Əliyevin komandanlığı altında Azərbaycan Silahlı Qüvvələri işğal altındakı torpaqlarımızı müharibə yolu ilə düşməndən azad etməyə qadirdir, bu faktla düşmən himayədarları da artıq hesablaşmaq zorundadırlar. Ancaq münaqişənin sülh yolu ilə həlli variantı hələlik tükənmədiyinə görə, Azərbaycan dövləti müharibə variantını ikinci planda saxlayır. Vaxtilə ulu öndər Heydər Əliyev uca kürsülərdən bildirmişdi, Prezident İlham Əliyev birmənalı şəkildə bəyan edib ki, Azərbaycan xalqının heç kimin torpağında gözü yoxdur, Azərbaycan dövləti çalışır ki, yenidən qanlar axmasın, münaqişə sülh yolu ilə həll olunsun, erməni işğalçıları torpaqlarımızdan çəkilib getsinlər. Bəli, sülhpərvər Azərbaycan xalqının, onun dövlətinin başçısının bugünkü mövqeyi belədir - sülh yolu ilə! İkinci varianta isə xalqımız da, ordumuz da hər an hazırdır.

Bu hazırlığın tərkib hissələrindən biri xalqın vətənpərvərlik hisslərinin yüksək olmasıdır. Prezident İlham Əliyev demişdir: "Əsas məsələ ölkəmizi daha da möhkəmləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, mövqelərimizi gücləndirmək Azərbaycanın qarşısında duran ən başlıca problemləri həll etmək, ərazi bütövlüyümüzü bərpa etməkdir. Bizim bütün fəaliyyətimiz, bütün səylərimiz bu məqsədə xidmət etməlidir. Həm ölkədə aparılan siyasi iqtisadi islahatlar, xarici siyasətimiz, ordu quruculuğumuz, həm Azərbaycanda vətənpərvərlik ruhunun güclənməsi bu məqsədə xidmət edir etməlidir".

Vətənpərvərlik ruhunu şərtləndirən amillərdən biri torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş vətən övladlarının adlarının əbədiləşdirilməsi, xatirələrinin həmişə ehtiramla yad edilməsidir. Vətənin şəhid qəhrəman övladlarının, onların keçdikləri şərəfli yolun gənc nəslə lazımınca tanıdılması vətənpərvər gənclərin yetişməsində vacib amillərdən biridir.

Bu məsələyə son dövrlər abadlıq-quruculuq işləri sayəsində siması tamamilə dəyişmiş Ağsu rayonunda da ciddi fikir verilir. Ermənistan işğalçıları torpaqlarımıza təcavüz edəndə ağsulu gənclər silaha sarılaraq vətənin azadlığı uğrunda düşmənlə ölüm-dirim savaşına yollandılar. Onlardan 104 nəfəri şəhidlik zirvəsinə ucaldı, 2 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Göyçayın Qaraməryəm kəndi tərəfdən Ağsuya gələndə hər kəsin diqqəti rayon mərkəzinə çatmamış, yolun sol tərəfindəki möhtəşəm Şəhidlik Qəhrəmanlıq Parkına yönəlir. Az-az adam tapılar ki, burdan keçəndə maşının sürətini azaltmasın ya müqəddəs məkana baş çəkməsin.

Təsadüf elə gətirdi ki, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə parkda görüşdük. Söhbət əsnasında bildirdi ki, Şəhidlik Qəhrəmanlıq Parkı 1 hektar sahəni əhatə edir. Qara mərmərlə işlənmiş möhtəşəm abidə-kompleks işıqlanma sayəsində gecələr çox ecazkar görünür. Parkda əkilmiş 300-ə qədər bəzək ağacı ümumi ovqatı tamamlamaqda yardımçı rolunu oynayır.

Parkdakı abidə-kompleks üç guşədən ibarətdir: 1941-45-ci illərdə alman faşizminə qarşı müharibədə həlak olan, 20 Yanvar qırğınında Ermənistan-Azərbaycan müharibəsində şəhidlik zirvəsinə ucalan ağsuluların xatirəsinə həsr olunmuş guşələr.

Komplekslərin girişində ulu öndər Heydər Əliyevin cəbhə bölgəsində - döyüşçülər arasındakı böyük foto-lövhə qara mərmər üzərindəki əzəməti ilə diqqəti çəkir. İç divarlardakı əbədi məşəl divar boyu sıralanmış şəhid fotolarının qəhrəmanlıq ovqatınıı bir az da artırır. Ənvər müəllim qeyd etdi ki, əlamətdar günlər, tədbirlər buranı ziyarətlə başlayır. Bura hər bir ağsulunun and yeri, qürur yeridir. Rayonda görülən abadlıq-quruculuq, yenidənqurma işləri bu parkla, bu komplekslə daha möhtəşəm görünür.

Biz orada olanda rayon kommunal təsərrüfatı departamentinin işçiləri səliqə- sahmanla məşğul idilər. Bir mənzərə diqqətimizi xüsusilə çəkdi. Ağbirçək ana bir əlindəki dəsmalla şəhid şəklinin tozunu alır, bir əli ilə yaşlı gözlərini silirdi. İlk baxışdan fikirləşdim ki, bu şəkillərə, bu şəkillərdən boylanan qəhrəman vətən övladlarına baxanda kövrəlməmək mümkün deyil.

Yaxınlaşıb həmin şəkilə baxdıq: Zamanov Aqil Əbil oğlu. 18.XII. 1971-01.VII.1993. Ana sualımızı gözləmədi, oğlumdu, dedi. Bəli, Ağsu rayon kommunal təsərrüfatı departamentində çalışan bu şəhid anası - Həcər Zamanova yoldaşları hər gün bu parkda təmizlik işləri ilə məşğul olur, qara mərmərlər üzərindəki şəkillərin tozunu alır, hər gün qəlbləri yağı düşmənə qarşı nifrətlə dolur. Həcər Zamanovanın şəkildən boylanan oğlu Aqillə söhbəti şəkilə söylədiyi pıçıltılarıyla başa çatır. Bir az toxtayandan sonra bizə dedi ki, bu oğulların hər biri mənim balamdır.

Ağsu rayonundakı Şəhidlik Qəhrəmanlıq Parkı barədə bəlkə hansısa digər statistik rəqəmlərdən sairədən yazmaq olardı. Ancaq birmənalı şəkildə demək olar ki, bu parkın salınması, bu kompleksin yaradılması torpaqlarının bir qismi işğal altında olan məmləkətin gənclərinin vətənpərvərlik ruhunun artmasında misilsiz rol oynayır. Qoy belə parklara, belə komplekslərə gənclərimizin, hər birimizin yolu tez-tez düşsün.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.-2009.-8 yanvar.-S.6.