İnsani kamilliyə aparan yol
Məlum olduğu kimi, həcc
islamın beş fərzindən biridir. İmkanlı şəxslərin
həccə getməsi vacibdir. Amma həccə ömürdə
bir dəfədən artıq getmək vacib deyil. Əgər
insanlar hər il həccə getmək istəyirlərsə,
bu onların öz işidir. İmkanı olmayanların həccə
getməsinə kömək etmək savabdır. İmam Əli
demişdir: "Allah bir bəndəni sevən zaman ibadət məhəbbətini
onun qəlbinə salar. Yaxşılıq etmək sənin
peşən olsun ki, bu, ən yaxşı əkin və ən
xeyir gətirən maldır". Deməli,
xeyirxahlığın, yaxşılığın özü
də ibadət deməkdir, Allah qarşısında bəndəlik
borcunu layiqincə yerinə yetirməkdir.
Mina düzündə
hörmətli Prezident İlham Əliyev tərəfindən zəvvarlara
gündə üç dəfə ehsan verildi. Yoxsa isti
xörəyin nə olduğunu az qala unutmuşduq. Bu ziyarətdə
ən çox savabı da elə ölkə
başçısı qazandı. Bu dəfə zəvvarlar
arasında Prezidentin özünün də səfər xərclərini
çəkdiyi insanlar vardı.
Bu il dünya müsəlmanlarının
3 milyona yaxını həcc ziyarətində oldu. Azərbaycandan
təxminən 3 minə yaxın zəvvar vardı. Təyyarə
və avtobuslarla Səudiyyə Ərəbistanına gələn
zəvvarların bir qismi Mədinədə, digər qismi isə
Ciddədə ilkin olaraq yerləşdilər. Sonra buradan Məkkəyə
istiqamət aldılar. Həmişəki kimi zəvvarların
sırasında buraya ilk dəfə gələnlər də
vardı, dəfələrlə bu müqəddəs yolun
yolçusu olmuş insanlar da. Həm Qafqaz Müsəlmanları
İdarəsinin, həm də özəl şirkətlərin
xətti ilə gələnlərin əksəriyyətinin bir
arzusu vardı: müqəddəs Kəbədə Allaha ibadət
etmək, dua oxumaq, saflaşmaq, paklaşmaq, vətənə
hacı kimi qayıtmaq. Amma zəvvarların
hamısını bu niyyət birləşdirirdi? Bu suala qəti
cavab vermək çətindir! Çünki müşahidələrimiz
bəzən müəmmalı fikirlərin astanasında
dayanırdı. Zəvvar kim olmalıdır? Bu sualın
cavabı o qədər də çətin deyil. Zəvvar
imkanlı olmaqdan əlavə, mütləq namaz
qılmağı, digər dini ayinləri yerinə yetirməyi
bacarmalıdır. Yəqin ki, məsələnin bu cür
qoyuluşu bəzilərinin xoşuna gəlməyəcək.
Təbii ki, müsəlman həccə getməlidir. Ancaq ziyarətlə
ticarəti qarışdırmaq olmaz. Çünki zəvvarlıqda
ticarət Allah yolunda olmalıdır. Həccə gələ
bilməyənlərə, bu səfərin həsrətini
çəkənlərə, o müqəddəs torpaqdan bir
iynə hədiyyəsi gətirmək də savab
sayılır. Amma təyyarədə yük davasına
çıxmaq, xoşagəlməz vəziyyət yaratmaq, səfər
yoldaşlarına mane olmaq zəvvarlıqla bir araya sığmır.
Yazmamaq olmur
Məkkə ziyarəti nə
qədər şərəfli, vacibdirsə, o qədər də
çətindir. Ziyarət zamanı dini ayinlərin
düzgün yerinə yetirilməsi insandan təkcə imkan tələb
etmir. Sən həm fiziki, həm də mənəvi cəhətdən
sağlam olmalısan. Doğrudur, fiziki cəhətdən xəstələrə,
şikəstlərə müəyyən mənada kömək
edən naiblər var. Yəni onların köməyi ilə (təbii
ki, onların zəhmətini də qiymətləndirməlisən)
həcc əməllərini yerinə yetirmək
mümkündür. Amma mənəvi cəhətdən
şikəst insana heç kim kömək edə bilmir. Ən
başlıcası, o özü bu köməyi istəmir.
Deyilən sözdən, məsləhətdən, örnəkdən
dərs almır, nümunə götürmür. Sidq-ürəklə
ibadət edənlər həcc əməllərinin çətinliyindən
bezmir. Çünki onlar bu yola çıxanda əvvəlcədən
hər şeyi götür-qoy edirlər. Bilirlər ki, Allah
yolunda ibadət etmək nə deməkdir. Bu çətin
sınaqdan üzüağ çıxmaq qalibiyyətdir. Həcc
əməllərinin çətinliyi insana ağırlıq
yox, rahatlıq, sakitlik gətirir. Sanki mənən
yüngülləşirsən, yorğunluq içində
qeyri-adi rahatlığa qovuşursan. Allah yolunda
ölümün özü də şərəfdir. İbadət
isə hər şeydən üstündür. Allaha üz
tutub onun qarşısında diz çökürsən,
yalvarıb günahlarının
bağışlanmasını istəyirsən, gələcək
günahlardan qorunmağı rica edirsən. Bu yolda
bütün əzablar gözəldir. Çünki hədisdə
deyildiyi kimi: ana balasını südlə
qidalandırdığı kimi, bu yolda da zəvvarlar əzab-əziyyətlə
yüklənməlidirlər. Amma bütün bunların
hamısı birbaşa ibadətlə bağlı
olmalıdır. İnsanın insana qəsdən zülm etməsi,
onu incitməsi böyük günahdır. Xüsusilə də
həcc yolunda zəvvarlara qayğı və diqqətlə
yanaşılmalı, onların bu şərəfli missiyada dəyanətli,
dözümlü, səbirli, iradəli olmasına
çalışılmalıdır.
Təəssüf ki, hələ
Bakıdan Səudiyyə Ərəbistanına yola düşməmişdən
öncə hava limanında ilk çətinliklə üzləşdik.
Müəyyən edilmiş vaxtda - günorta saat 15.00-da orada
olduq. Biletləri payladılar. Bir neçə saatdan sonra yola
düşəcəyimizi desələr də, bizi gözləmə
salonuna buraxmadılar. Nəhayət, axşam saat 22.00-da
bildirdilər ki, evə qayıdaq və gecə saat 2-də
yenidən hava limanına dönək. Yorğunluq, yollardakı
tıxaclar hələlik heç kəsin eyninə gəlmirdi.
Yəni belə hadisələrin olması təbii
sayılırdı. Gecə saat 2-də yenidən hava
limanına gəldik. Bildirdilər ki, bir daha evinizə
dönün, sübh tezdən saat 6.00-da gələrsiniz. Nə
isə... Bura xarici ölkə deyil ki?! Doğma vətənimizdir.
Döyməyə o qədər qapı, qalmağa o qədər
yer var ki... Nəhayət, deyilən vaxtda hava limanında olduq
və xoşbəxtlikdən, bir neçə saatdan sonra təyyarəmiz
havaya qalxdı. Yadımıza Zeynəb Xanlarovanın
oxuduğu məşhur mahnı düşdü:
"Dünyanın xoşbəxti bizik dünyada". Və nəhayət,
gözəl Mədinə!
Nisbətən normal otelə
düşdük. Dörd-dörd ikinəfərlik nömrələrdə
yerləşdik. Əlavə çarpayılar qoyulmuşdu. Səfər
pulu (təyyarə ilə) 3500 manat idi. Deyilənə görə,
bu məbləğə yalnız təyyarənin və otelin
qiymətləri daxil edilmişdi. Bu səbəbdən də zəvvarların
qidalanması ancaq öz hesablarına idi. Doğrudur, bu yolu bir
neçə dəfə gəlib-getmiş təcrübəli
zəvvarlar çox şeyi əvvəlcədən
dürüst hesablamışdılar. Xam zəvvarlar - bizlər
isə Allah ümidinə qalmışdıq. Hətta bu hesablama
o qədər düzgün aparılmışdı ki,
Bakıda bir neçə dəfə hava limanına ayaq
döysək də, o zəvvarları yalnız təyyarədə
gördük.
Zəvvarların tərkibi
barədə danışmaq istəməzdik. Savadlısı
da ola bilər, dünyagörüşü zəif olan da,
tamamilə hər şeydən bixəbər də. Amma gərəkdir
ki, yola düşməmişdən əvvəl bütün zəvvarlar
bəzi məsələlərdən dəqiq agah edilib təlimat
alsınlar. Yola düşməzdən əvvəl
insanları çağırıb bir-iki əməli başa
salmaqla iş bitmir. Təyyarəyə adicə qeydiyyatdan
keçməkdən, minmək qaydasından tutmuş növbəyə
dayanmağadək hər şeyi dərindən anlatmaq,
başa salmaq lazım idi. Yəni ki: "Sən yad ölkədəsən.
Ora başqa yerlərdən yüzlərlə zəvvar gələcək.
Hər bir zəvvar öz ölkəsinin göstəricisidir.
Danışıq mədəniyyətinlə, rəftarınla
seçilməlisən. Yoldaşlarınla munis münasibətdə
olmalısan. Basabas salmamalısan, bir-birinə kömək
durmalısan". Bütün bunlar əvvəlcədən
deyilməlidir. Daha təyyarə limanında, avtobus
dayanacağında qrup rəhbərləri səsyayanla
qışqırmalı deyildilər ki, ay kişilər,
qadınlara yol verin, ay analar, ay bacılar, sıraya
düzülün və s. Bəlkə də bu iradlar çox
xırda görünür. Amma adam xəcalət çəkir.
Mədinə hava limanında polis qadın (təbii ki,
üzü örtülü, dini geyimdə) bizim zəvvarlardan
birini yoxlayarkən hacı xanımın onu necə zərblə
itələdiyinin şahidi oldum. Başa salmaq istəyəndə
də "aaz, sənə nə var" söylədi.
Qeydiyyatdan keçə bilməmək eyib deyil. Amma
yoldaşından öyrənmək mümkündür. Deyilən
düz sözü eşitməmək könteylikdir. Hər
bir kəs təkcə öz şəxsi gigiyenasına yox, həm
də ətrafa diqqətlə yanaşmalı, səliqə-sahmanı,
təmizliyi qorumalıdır. Belə səhvlər gələcəkdə,
yəqin ki, düzələcək.
Noyabrın 26-da Mədinəyə
endik (ayın 25-də gəlməliydik). Üç gündən
sonra isə Məkkəyə getdik. Həcc üçün gərəkli
olan bütün əməlləri yerinə yetirməyə
çalışdıq. Sevinirdik ki, dörd gün asudə
günümüz var. İndi də Məkkənin başqa
müqəddəs yerlərini gəzər, müəyyən
mənada bu məkanın bütün şərafətini
gözümüzə, könlümüzə doyunca
hopdurarıq. Gecəni səhərə qədər Kəbədə
ibadətdə olmuşduq. Ona görə də otelə
çatan kimi dincəlmək istəyirdik. Bizə zəng edib
dedilər ki, tez əşyalarınızı aşağı
endirin, Ciddəyə, oradan da Bakıya yola
düşürük. Əlbəttə,
arzularımızın yarımçıq qalmasına təəssüflənsək
də, vətən adı duyğularımıza başqa dad
qatdı. Ona görə də oteldən dörd gün tez
çıxarılmağımıza o qədər də əhəmiyyət
vermədik. Nəhayət, saat 12.00-da avtobus Ciddəyə yola
düşdü.
Ciddə aeroportu çox nəhəngdir.
Xüsusi çadırlarla əhatə olunmuş gözləmə
yerlərində hər bir ölkənin bayrağı
dalğalanırdı. Zəvvarlar məhz bu bayraqlardan öz
yerlərini tanıyır, rahatca həmin istiqamətə
gedirdilər. Türkiyənin bayrağını və orada
dincələn türkiyəli zəvvarları görəndə
nə qədər qürur hissi keçirdiksə, hava
limanında Azərbaycanın bayrağının olmaması və
bizim güclü müqavimətdən sonra, nəhayət,
Kamboca bayrağı altında dayanmağımız
hamımıza mənəvi əzab verirdi. Biletlər
paylandı. Məlum oldu ki, təyyarəmiz 15.30-da
qalxmalıdır.
Axşam düşdü,
şər qovuşdu, gecə yarı oldu. Hərə bir təyyarəyə
minib ölkəsinə getdi. Biz isə Ciddə hava
limanında metlaxın üstündə, dəmir oturacaqlarda
(bu da çatışmır) əyləşərək bəxtin
üzümüzə gülməsini - təyyarənin
Bakıdan qayıtmasını gözləyirdik. Oradan
paytaxtımıza zəng edirdik. Ciddədən Bakıya təyyarə
gəlibmi? Cavab: yarım saatdır enib, iki saat ərzində
qalxmalıdır. Bəli, üç saat yarım da yol. Geriyə
dönməyə yer yox, cibdə də pul! Bəzən deyirlər
ki, həcc yolunda əziyyət çəkərlər. Elədir.
Amma bu əsas vermir ki, insan insana qəsdən zülm versin, əziyyətə
salsın, əsəbləri ilə oynasın! Zəvvarların
arasındakı yaşlı insanların dözməyərək
quru yerdə - daş üzərində uzanmağını
görəndə hansı hisslər keçirdiyimizi ifadə
etmək çətindir. Bu iş qəflətən
alınmayıb ki, deyəsən tələsik olub. Nəyə
görə zəvvarları daşımaq üçün
yalnız bir təyyarə kirayə edilir? Harada məsuliyyətsiz
şirkət və onun da sınıq-salxaq təyyarəsi varsa,
Azərbaycan zəvvarlarına da o xidmət edir! Türkiyəyə,
Pakistana, İndoneziyaya və digər ölkələrə
uçan təyyarələrə baxanda ürəyimiz qan
ağlayırdı və onların bu səfər
üçün ödədikləri pulla maraqlananda lap dəhşətə
gəldik. Bizimlə müqayisədə az idi. 3500 manat pul
beş-on gün qaldığımız, heç bir xidmət
göstərməyən ucuz otellərin və
sınıq-salxaq təyyarənin qiymətidirmi? Min arzu, min
diləklə ziyarətə gəlmiş, hacılıq şərəfinə
yüksəlmiş azərbaycanlı zəvvarların Ciddə
hava limanında çəkdiklərini Allah heç kəsə
qismət etməsin.
Səhər saat 6.00-da
yüklərin qeydiyyatı başladı. Sərnişinlər
isə günorta saat 12.00-dan sonra qeydiyyatdan keçərək,
nəhayət ki, gözləmə salonuna daxil oldular. Bu
"şərəf"ə nail olana qədər
bütün terminalları dolaşmalı oldular. Hərəsinin
də qarşısında saatlarla dayandıqdan sonra dedilər
ki, o biri terminala keçin. Yuxusuz, yorğun, xəstələnmiş
insanların o yana-bu yana qaçışı, bəzən də
əsəbi halda deyinməsi aldığımız mənəvi
qidaya bir acılıq qatırdı. Nə idi bu insanların
günahı? Niyə bu şərafəti, gözəlliyi
onların burunlarından gətirirdilər? Quranı əzbər
bilənlər, namaz qılanlar, ağzı dualı insanlar bu
cür münasibət müqabilində nə edəcəklərini
bilmirdilər. Təki təyyarə gələydi... Qəfildən
xəbər gəldi ki, təyyarənin yük qapısı
xarab olub və bu sözləri sonradan Bakıda keçirilən
mətbuat konfransında da eşitdik. Qardaşım, bunun zəvvara
nə dəxli var? Əgər bir təyyarə aramsız o
başa-bu başa qanadlanırsa, onun işçiləri dincəlməli,
yatmalı, rahatlıq tapmalı, sonra havaya
qalxmalıdırlar. Onlar da bizim kimi Azərbaycan zəvvarı
deyil ki, "durun, oturun" çağırışına
dərhal əməl etsinlər. Təyyarənin təkəri
də xarab olar, qanadı da sınar. Amma hər il həcc ziyarətindən
sonra zəvvarların şikayətləri eşidilir. Bəyəm
bu işi nizamla yoluna qoymaq olmaz? Heç bir cəhətdən
Azərbaycanla müqayisəyə gələ bilməyən
ölkələr var ki, onların nümayəndələrinin
qarşılanmasına, aparılmasına, səliqə-sahmanlarına,
eyni rəngli çantalarına, paltarlarına, hər yerdə
dalğalanan bayraqlarına, havaya qanadlanan təyyarələrinə
baxanda xəcalət çəkirdik. Məkkədə
üç oteldə guya dövlət
bayrağımızın şəkli vurulmuşdu. Amma
bayrağın rənglərinin seçilməsinə
düzgün əməl edilməmişdi. Mavi rəngin yerini
tünd göy tutmuşdu. Hətta bəzi yerlərdə rəng
qaraya çalırdı. Hər bir çətinlikdən
çıxış yolu var. Hər şey əvvəlcədən
ölçülüb-biçilməlidir. Hər bir səhvi
zəvvarın boynuna atmaq yaramaz. Allah hər şeyi
görür axı...
Hələ Səudiyyə Ərəbistanına
yola düşməmişdən əvvəl televiziyada
yayımlanan bir müsahibəyə qulaq asanda bu cümlə
diqqətimizi çəkmişdi: "Ərəfatda zəvvarlara
yemək veriləcək. Özlərini yaxşı aparsalar, gələn
il də veriləcək". Yuxarıda qeyd edildiyi kimi, istər
Ərəfatda, istər Minada zəvvarlara verilən ehsanın
xərcini Azərbaycan dövlətinin başçısı
çəkmişdi. Bunun başqalarına dəxli yoxdur. Bir də
mənim bu il etdiyim səhvin gələn il həccə gedən
hansısa zəvvara nə dəxli var? Hər kəs
özünə cavabdehdir. İndi də eşidirik ki, guya təyyarənin
yubanmasına səbəb zəvvarların yükünün
çox olması və bunun da nəticəsində yük
qapısının sıradan çıxmasıdır. Bizdən
öncə təyyarə bir dəfə Bakıya
uçmuşdu. Oradan da boş qayıtmışdı. Bəs
qapı harada sındı? Həm də yüklər xüsusi
qablarda təyyarəyə yerləşdirilir. Yer olmasa, ora
artıq yük vurmaq qeyri-mümkündür.
Çox istərdik ki, hər
il həcc ziyarətində baş verən bu qeyri-insani
münasibətə son qoyulsun! Bunun yolu çox asandır.
Normal aviasiya şirkətləri çoxdur. Müqavilə
bağlayanda elə təyyarə seçilməlidir ki, həm
çox sərnişin tutsun, həm də günün tələblərinə
cavab versin. Daha "Danabaş kəndinin əhvalatları"ndakı
Məmmədhəsən əminin ziyarət arzusu müasir
şəraitdə təkrarlanmasın.
Bir də təkcə müqəddəs
səfərə çıxanlar yox, səfəri təşkil
edənlər də mənən kamilləşirlər!
Flora XƏLİLZADƏ
Bakı-Mədinə-Məkkə-Ciddə-Bakı
Azərbaycan.-2009.-8 yanvar.-S.7.