İsrail Qəzzəni
bombardman edir
İsrail
qoşunlarının Qəzzə bölməsində hərbi
əməliyyatı davam edir. Ərazidə müxtəlif hədəflər
qurudan, havadan və dənizdən müntəzəm olaraq zərbələr
endirilir. Öz növbəsində Fələstin
partizanları İsrailin yaxınlıqdakı
yaşayış məntəqələrini "Qəssam"
və "Qrad" raketləri ilə atəşə tuturlar.
Tibbi mənbələrin verdiyi məlumata görə, əməliyyat
başlayandan bəri 680 fələstinli həlak olmuş, 3075
nəfər yaralanmışdır. Həlak olanların və
yaralananların təxminən yarısı uşaqlar və
qadınlardır.
Dünən İsrail
elan etmişdir ki, hər gün yerli vaxtla saat 13-dən 16-dək
atəşi dayandıracaq. Bu müddət ərzində Qəzzə
əhalisinin humanitar yardım almasına imkan veriləcək. Özü
də əhali yalnız hərbi əməliyyatdan əvvəl
aldığı həcmdə humanitar yardıma ümid edə
bilər.
Bu arada qanlı toqquşmalara son qoymaq üçün diplomatik səylər davam edir. Misir Prezidenti Hüsni
Mübarək Qəzzə
bölməsində atəşin
dayandırılması planı
təklif etmişdir.
Planın təfsilatı Misir
liderinin Fransa Prezidenti Nikola Sarkozi ilə birgə mətbuat konfransında açıqlanmışdır.
Təklif olunan sxemə görə, tərəflər
dərhal barışıq
elan edir və danışıqlara
başlayırlar. Danışıqların nəticəsi olaraq
uzunmüddətli saziş
imzalanır. Sazişə uyğun olaraq, Qəzzə bölməsinin
mühasirəsi qaldırılır.
Mübarəkin fikrincə, Fələstin
və İsrail nümayəndələri arasında
danışıqlar neytral
ərazidə - Misirdə
keçirilməlidir.
Öz növbəsində Sarkozi
məlumat vermişdir
ki, Misirin irəli sürdüyü
təklifin məqsədi
İsrailin Qəzzədə
hərbi əməliyyatını
dayandırmaqdır. O həmçinin
demişdir ki, yaxın vaxtlarda İsrail və Misir nümayəndələri
arasında keçiriləcək
görüşdə sərhədlərin
təhlükəsizliyi məsələsi
müzakirə olunacaq.
ABŞ-ın
dövlət katibi Kondoliza Rays və
Fələstin Muxtariyyətinin
başçısı Mahmud Abbas Misir Prezidentinin
təşəbbüsünü dəstəkləmişlər. Bununla belə, münaqişə
tərəfləri - İsrail
və HƏMAS hələlik
təklifə münasibət
bildirməmişlər. İsrailin
BMT-dəki daimi nümayəndəsi Qabriel
Şalev demişdir ki, rəsmi Təl-Əviv Misirin təklifinə "çox
ciddi" yanaşacaq.
Öz növbəsində HƏMAS-ın
nümayəndələri məsləhətləşmək
üçün Dəməşqə
uçmuşlar.
Eyni zamanda Qəzzə bölməsində yaranmış
vəziyyət BMT Təhlükəsizlik
Şurasında müzakirə
olunur. Lakin müzakirələrdə hələlik
irəliləyiş müşahidə
olunmur.
Azərbaycan.-2009.-8 yanvar.-S.7.