Qəzzə od içində

 

İsrail ordusunun ötən ayın 27-də Fələstinin Qəzzə bölməsinə qarşı başladığı hərbi əməliyyat davam edir. Bir həftəlik aviasiya bombardmanından sonra yanvarın 3-də axşam hərbi əməliyyat yerüstü mərhələyə keçmişdir. İsrail qoşunları hərbi aviasiyanın, hərbi dəniz qüvvələrinin və artilleriyanın dəstəyi ilə bölmənin ərazisinə daxil olaraq onu iki hissəyə bölmüşdür. Dünən israillilər Qəzzə şəhərini qismən mühasirəyə almışlar. Hazırda əsas döyüşlər ərazinin şimalında gedir. Öz növbəsində Fələstin silahlı dəstələri İsrail məskənlərini "Qəssam" və "Qrad" raketləri ilə atəşə tutur.

Qəzzəyə nəzarət edən İslam Müqavimət Hərəkatının - HƏMAS-ın formal olaraq İsraillə atəşkəs rejimindən çıxması rəsmi Təl-Əvivin hazırkı əməliyyatı başlaması üçün əsas olmuşdur. İsrail bu əməliyyatı keçirməklə qarşısına Qəzzədən İsrail ərazilərinin raket atəşinə tutulmasına birdəfəlik son qoymaq, ölkənin cənubunda təhlükəsizliyi təmin etmək məqsədi güddüyünü bəyan etmişdir. Başqa sözlə, İsrail HƏMAS-ı bir qüvvə kimi aradan götürmək və onun infrastrukturunu məhv etmək niyyətindədir.

 

Dinc sakinlər arasında

tələfat çoxdur

 

İsrail rəsmiləri qan axıdılmasının onların planlarına daxil olmadığını bildirsələr də, artıq 11-ci gündür davam edən hərbi əməliyyat nəticəsində Qəzzənin dinc sakinləri arasında tələfat artır. Dünənki məlumata görə, İsrail bombadmanı nəticəsində ölənlərin sayı 531 nəfərə çatmışdır. Təxminən 2500 nəfər yaralanmışdır. Müxtəlif mənbələrin məlumatına görə, həlak olanların 30 faizindən çoxu dinc sakinlərdir.

Fələstin həkimlərinin verdiyi məlumata görə, dünən İsrail hərbçiləri Qəzzə bölməsinin dənizkənarı hissəsində yerləşən əş-Şati qaçqın düşərgəsində bir evi atəşə tutmuşlar. Nəticədə bir ailədən 7 nəfər - ata, ana və beş uşaq həlak olmuşdur. Bundan bir neçə saat əvvəl isə Qəzzənin əks tərəfində aviasiya zərbəsi dörd fələstinlinin - ana və onun üç uşağının həyatına son qoymuşdur.

Qəzzənin şimal sərhədində yerləşən Beyt Hanun şəhərindən verilən məlumata görə, İsrail tankları həlak olmuş həkimi dəfn edən bir qrup yerli sakini atəşə tutmuşdur. Həlak olanlar və yaralananlar var.

Fələstin mətbuatı xəbər verir ki, Danimarkanın xarici işlər naziri Per Stiq Meller İsrailin apardığı hərbi əməliyyat ucbatından Qəzzə bölməsində "mülki əhalinin əziyyət çəkdiyini" bildirmişdir. Miller münaqişə edən tərəfləri "sülh prosesini sarsıdan zorakılıqdan dərhal əl çəkməyə" çağırmışdır.

 

Humanitar fəlakətin

astanasında

 

Davam edən hərbi əməliyyat Qəzzəni humanitar fəlakətlə üz-üzə qoymuşdur. Qəzzəni ətraf aləmlə birləşdirən nəzarət-buraxılış məntəqələri bağlandığından ərazi tam mühasirə vəziyyətinə düşmüşdür. Xəstəxanalarda dava-dərman çatışmır. Üstəlik, "təcili yardım" maşınları İsrail aviasiyasının hücumuna məruz qaldığından həkim briqadaları yaralılara vaxtında kömək göstərə bilmir.

Eyni zamanda İsrail bombardmanı nəticəsində Qəzzənin ətraf aləmlə rabitə əlaqəsi kəsilmişdir. Fələstinin "Paltel" şirkəti bildirmişdir ki, Qəzzənin şanvari şəbəkələrinin 90 faizi sıradan çıxmışdır, həmçinin elektrik enerjisi tez-tez kəsildiyindən və texniklər təmir işləri apara bilmədiyindən bir çox stasionar xətlər işləmir. Şirkətin yalnız bir ehtiyat sistemi işləyir, qalanları isə döyüş əməliyyatlarının gedişində zərər çəkmişdir. "Paltel" həmçinin bildirmişdir ki, İsrail bombardmanı nəticəsində üç texnik həlak olmuş, bir neçəsi yaralanmışdır.

Humanitar təşkilatlar Qəzzədə infrastrukturun tamamilə dağılacağından və bölgənin sözün həqiqi mənasında fəlakətlə qarşılaşacağından ehtiyat edir. Doğrudur, İsrail əraziyə humanitar yardımla dolu maşınları buraxacağını, həmçinin yanacaq göndərəcəyini bildirmişdir. Amma hələlik bu vədlər yerinə yetirilmir. Qəzzə əhalisi aclıqla üz-üzədir.

 

İsrail atəşkəsi

qəbul etmir

 

Qəzzədə hərbi əməliyyatın başlaması müxtəlif reaksiyalara səbəb oldu. Dünyanın bir çox ölkələrində Fələstin torpaqlarında qan axıdılmasının dərhal dayandırılması tələbi ilə çoxsaylı kütləvi aksiyalar keçirildi. BMT Təhlükəsizlik Şurasının hərbi əməliyyatı dərhal dayandırmağa çağıran qətnamənin qəbul edilməsinə ABŞ imkan vermədi. Bununla yanaşı, İsrail hökumətindəki mənbələr bildirir ki, hətta belə bir qətnamənin qəbul edilməsi İsraili qoşunlarını geri çağırmağa məcbur edə bilməz və əməliyyat qarşıya qoyulmuş məqsədə çatılanadək davam edəcək. Eyni zamanda rəsmi Təl-Əviv münaqişə tərəfləri arasında vasitəçilik etmək və atəşi dayandırmaq üçün bir sıra ölkələrin, o cümlədən Rusiya və Türkiyənin təşəbbüslərini rədd etmişdir.

Üstəlik, Qərb dövlətləri yaranmış vəziyyətdə HƏMAS-ı ittiham edir. Fransa Prezidenti Nikola Sarkozi "fələstinlilərin çəkdiyi əziyyətdə" HƏMAS-ı günahlandırmışdır. Hazırda Avropa Birliyinə sədrlik edən Çexiyanın Baş naziri Mirek Topolyanek isə bildirmişdir ki, İsrailin keçirdiyi əməliyyat "daha çox müdafiə xarakteri daşıyır".

Müsəlman dövlətləri isə Qəzzədə baş verənlərə görə məsuliyyəti birmənalı olaraq İsrailin üzərinə qoyur. İsraillə diplomatik münasibətləri olan ərəb ölkələrində - İordaniya və Misirdə yəhudi dövləti ilə münasibətlərə yenidən baxmaq çağırışları səslənir. Hərbi əməliyyat başlayandan bəri atəşi dayandırmaq üçün səy göstərən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Qətərin "əl-Cəzirə" telekanalına müsahibəsində bildirmişdir ki, İsrail rəhbərliyi Qəzzə əhalisinin məhv edilməsinə görə məsuliyyət daşıyır. O həmçinin rəsmi Təl-Əvivi barışığı pozmaqda və Qəzzə bölməsini mühasirəyə almaqda ittiham etmişdir.

Bu arada regionda vəziyyəti nizama salmaq üçün səylər davam edir. Ötən həftə Avropa Birliyinin nümayəndə heyəti Qahirədə olmuşdur. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya, Misir, İordaniya Səudiyyə Ərəbistanına səfər etmiş, Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbasla görüşmüşdür. Dünən Fransa Prezidenti Nikola Sarkozi Yaxın Şərqə gəlmişdir. O, Misir rəhbərliyi ilə danışıqlar apardıqdan sonra İsrailə gedəcək. HƏMAS-ın nümayəndə heyəti Qahirədədir.

Öz növbəsində ABŞ atəşin dayandırılması şərtləri haqqında İsrail, Misir Fələstin rəhbərliyi ilə fəal danışıqlar aparır. İsrail hökumətindəki mənbələrin verdiyi məlumata görə, yeni müqavilənin HƏMAS-ı neytrallaşdıracağı onun regionda nüfuzunu minimuma endirəcəyi gözlənilir.

 

 

A.MEHDİYEV

 

Azərbaycan.-2009.-6 yanvar.-S.5.