Azərbaycanın beynəlxalq aləmdə
mövqeləri möhkəmlənir
Dövlətin ötən il xarici siyasət sahəsində
fəaliyyəti buna dəlalət edir
Yenicə yola
saldığımız 2008-ci il beynəlxalq münasibətlərdə
bir sıra mühüm hadisələrlə əlamətdar
olmuşdur. Bu hadisələrdə beynəlxalq hüququn
subyekti kimi Azərbaycan da iştirak etmiş və dövlətlərarası
əlaqələrin inkişafına öz töhfəsini
vermişdir. Eyni zamanda ötən il bir çox cəhətdən
beynəlxalq münasibətlər üçün sınaq
ili olmuşdur və bəri başdan qeyd etmək
lazımdır ki, Azərbaycan bu sınaqdan uğurla
çıxmışdır. Rəsmi Bakının yeritdiyi
real, praqmatik, tarazlı xarici siyasət beynəlxalq aləmdə
milli maraqların təmin olunmasını, xarici tərəfdaşlarla
qarşılıqlı əlaqələrin dərinləşlməsini,
dünya birliyinə inteqrasiyanın sürətlənməsini
və nəticə etibarilə dövlətin nüfuzunun
möhkəmlənməsini şərtləndirmişdir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli
ötən il də Azərbaycan Respublikasının yeritdiyi
xarici siyasətin prioritet istiqaməti olaraq qalmış, bu məsələ
daim diqqət mərkəzində saxlanmışdır. Dövlətin
suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq
birlik tərəfindən tanınmış sərhədlərinin
bərpası, Ermənistanın hərbi təcavüzü nəticəsində
yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimizin
əvvəlki yaşayış yerlərinə qaytarılması
naminə səylər davam etdirilmişdir. Münaqişəni
tənzimləmək üçün ATƏT-in Minsk qrupunun
vasitəçiliyi ilə aparılan danışıqlarda tərəqqiyə
nail olmaq üçün Azərbaycan öz tərəfindən
mümkün olan bütün siyasi-hüquqi vasitələrə
əl atmış, konstruktivlik nümayiş etdirmişdir. Lakin
təcavüzkar Ermənistanın və ona havadarlıq edən
qüvvələrin beynəlxalq hüququn hamı tərəfindən
qəbul olunmuş prinsip və normalarını qulaqardına
vurması, hərbi təcavüzün nəticələrini əbədiləşdirmək
cəhdləri nizamlama prosesini irəli aparmağa, regionda
çoxdan gözlənən sülhü və əmin-amanlığı
bərpa etməyə imkan verməmişdir.
Belə bir şəraitdə
Azərbaycan daim beynəlxalq hüquqa istinad edərək
prinsipial mövqeyində qaldığını, bu mövqeyin
sarsılmazlığını daim vurğulayır. Prezident
İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi,
Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq
birlik tərəfindən tanınmış sərhədlərinin
toxunulmazlığı müzakirə mövzusu ola bilməz:
"Biz öz ərazi bütövlüyümüzü
heç vaxt güzəştə getməyəcəyik. Azərbaycanın
ərazi bütövlüyü toxunulmazdır, Dağlıq
Qarabağa heç vaxt müstəqillik verilməyəcəkdir.
Azərbaycan rəhbərliyi və Azərbaycan xalqı
heç vaxt bununla razı olmayacaqdır. Biz
danışıqları bu istiqamətdə aparırıq.
Danışıqların əsas mahiyyəti ondan ibarətdir
ki, Azərbaycanın zəbt olunmuş bütün torpaqları
işğalçılardan azad edilsin, Azərbaycan vətəndaşları
- məcburi köçkünlər həmin torpaqlara
qayıtsınlar, o cümlədən də Dağlıq
Qarabağa qayıtsınlar. Bu bizim prinsipial mövqeyimizdir və
bu mövqedən bir addım da kənara
çıxmayacağıq".
Hazırkı beynəlxalq
şərait postsovet məkanında yaranmış
münaqişələri həll etmək üçün əlverişli
deyil. Böyük dövlətlər arasında geosiyasi
mübarizə davam edir ki, bu da həmin münaqişələrin
nizamlanması perspektivlərinə mənfi təsir göstərir.
Ancaq bütün bunlar Azərbaycan diplomatiyasının, necə
deyərlər, əlini soyutmur. Azərbaycan dövləti
prinsipial mövqeyini müntəzəm olaraq bəyan edir,
münaqişənin beynəlxalq hüququn prinsip və
normaları çərçivəsindən kənarda həllinin
qeyri-mümkünlüyünü və belə bir nizamlama
variantının regionda sabitliyin bərqərar olunması
işinə zərər verəcəyini vurğulayır. Münaqişənin
tənzimlənməsi prosesində ATƏT-in Minsk qrupu vasitəçilik
etsə də, bu heç də problemin digər beynəlxalq və
regional təşkilatlarda müzakirəyə
çıxarılmasını istisna etmir. Azərbaycan diplomatiyası
beynəlxalq dairələrdə ardıcıl olaraq Ermənistanın
təcavüzkarlıq siyasətini ifşa edir, ölkəmizin
ədalətli mövqeyini nəzərə
çarpdırır, haqq işimizə dəstək verilməsinə,
rəsmi Yerevanın beynəlxalq hüququn prinsiplərinə
etinasızlığının pislənməsinə, təcavüzkara
təzyiqin artırılmasına çalışır.
Respublika Prezidenti
İlham Əliyev ikitərəfli və çoxtərəfli
görüşlərində, eləcə də
imzaladığı dövlətlərarası sənədlərdə
münaqişənin ərazi bütövlüyümüz
çərçivəsində həllinin vacibliyini həmişə
xüsusi olaraq qeyd edir.
Bu məqsədyönlü
iş bəhrəsini verir. Ötən ilin martında BMT
Baş Məclisi "Azərbaycanın işğal olunmuş
ərazilərində vəziyyət haqqında" qətnamə
qəbul etmişdir. Sənəddə münaqişənin Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həllinin vacibliyi və Ermənistan qoşunlarının
işğal altında olan torpaqlarımızdan dərhal
çıxarılmasının zəruriliyi göstərilir.
Qeyd etmək lazımdır ki, Ermənistan və ona
havadarlıq edən dövlətlər qətnamə layihəsinin
nəinki qəbul olunmasının, hətta müzakirəyə
çıxarılmasının qarşısını almaq
üçün hər vasitəyə əl atdılar,
ölkəmizə təzyiq göstərməyə cəhd
etdilər, amma Azərbaycan dövlətinin prinsipial mövqeyi
ilə üzləşdilər. Ən nüfuzlu beynəlxalq təşkilatda
- BMT-də belə bir sənədin qəbul edilməsi
dünya birliyinin ərazi bütövlüyümüzə dəstəyini
nümayiş etdirməklə yanaşı, dövlətimizin
qarşılaşdığı təzyiqləri dəf etmək,
hər cür vəziyyətdə milli maraqları qoruyub
saxlamaq iqtidarında olduğuna dəlalət edir.
Keçən ilin avqustunda baş vermiş
Rusiya-Gürcüstan silahlı münaqişəsi Cənubi
Qafqaz dövlətləri, o cümlədən Azərbaycan
üçün bir növ sınaq oldu və regionda müəyyən
geosiyasi dəyişikliklərə gətirib
çıxardı. Rəsmi Bakı avqust hadisələri
zamanı praqmatik mövqe nümayiş etdirdi, iki qonşu
dövlət arasında qarşıdurmanı dinc vasitələrlə
nizama salmağın vacibliyini bəyan etdi. Əlbəttə,
"beşgünlük müharibə" region dövləti
kimi Azərbaycana da təsirsiz ötüşmədi; ölkəmizin
xarici iqtisadi əlaqələrinə, xüsusilə,
karbohidrogen ehtiyatlarının ixracına müəyyən qədər
ziyan dəydi. Amma bütün bünlar keçici oldu,
çünki dövlət xarici aləmlə əməkdaşlıq
əlaqələrini etibarlı təməl üstündə
qurmuşdur ki, bu da narahat regionda hər zaman gözlənən
fors-major vəziyyətindən mümkün qədər az
itki ilə çıxmağa imkan verir.
Digər tərəfdən,
Azərbaycan regionda yaranmış yeni geosiyasi şəraitə,
xüsusilə, Rusiyanın separatçı Abxaziya və Cənubi
Osetiyanı tanımasına kifayət qədər təmkinli
və soyuqqanlı yanaşdı. Çünki aydındır
ki, istər Qərbin Kosovonun müstəqilliyini
tanıması, istərsə də Rusiyanın
Gürcüstanın separatçı bölgələrinə
münasibətdə analoji addım atması sosializm sistemi
dağıldıqdan sonra beynəlxalq güc mərkəzləri
arasında gedən geosiyasi mübarizənin nəticəsi
idi. Azərbaycan isə bu mübarizəyə hər hansı
şəkildə qatılmadığından narahatlıq
üçün əsas görmədi və dövlətin
xarici siyasət xəttində elə bir dəyişiklik
baş vermədi. Halbuki Ermənistan "beşgünlük
müharibə"dən sonra, nəhayət, istəyinə
nail olacağına - Dağlıq Qarabağı Azərbaycandan
birdəfəlik qoparacağına ümid edirdi. Amma tezliklə
bu ümidlər puç oldu. Rəsmi Bakı birmənalı
şəkildə bəyan etdi ki, Rusiya-Gürcüstan
qarşıdurmasının nəticələri Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi üçün
presedent ola bilməz. Bir müddət sonra eyni fikri Rusiya rəhbərliyi
də səsləndirdi. Üstəlik, Azərbaycan, Rusiya və
Ermənistan prezidentlərinin noyabrın 2-də Moskvada
görüşü zamanı imzalanmış bəyannamədə
münaqişənin beynəlxalq hüququn prinsip və
normaları və bu çərçivədə qəbul
olunmuş qərarlar və sənədlər əsasında tənzimlənməsinini
zəruriliyi vurğulanır. Başqa sözlə, rəsmi
Yerevanın regionda yaranmış yeni geosiyasi vəziyyətdən
faydalanmaq cəhdi nəticəsiz qaldı. Halbuki Ermənistan
tənzimləmə prosesində hansısa dəyişikliyə
nail olmaq, məsələn, Qarabağ
separatçılarını münaqişə tərəfi
kimi danışıqlar stolu arxasında oturtmaq və beləliklə,
danışıqları sonsuzluğadək uzatmaq istəyirdi.
Bu da baş tutmadı. Bütövlükdə isə avqust
hadisələri zamanı Azərbaycanın xarici siyasət xətti
növbəti dəfə praktikada özünü
doğrultdu.
Hazırda enerji təhlükəsizliyinin
təmin edilməsi dünya birliyinin diqqət mərkəzində
olan ən mühüm məsələlərdəndir. Bu
baxımdan, zəngin karbohidrogen ehtiyatlarına malik ölkə
kimi Azərbaycana dünya dövlətlərinin marağı
getdikcə artır. Milli müstəqilliyin bərpasından
sonra Avropaya inteqrasiya xətti götürmüş Azərbaycan
qitə iqtisadiyyatının enerji daşıyıcılarına
olan tələbatının ödənilməsinə öz
töhfəsini verir. 1994-cü ildə "Əsrin müqaviləsi"nin
imzalanması ilə başlamış strateji tərəfdaşlıq
artıq dönməz xarakter almışdır. Bir tərəfdən,
neft və qaz ixracı milli iqtisadiyyatın inkişafında
misilsiz rol oynayır, digər tərəfdən isə,
ölkənin beynəlxalq aləmdə mövqelərinin
möhkəmlənməsində vacib amil kimi
çıxış edir. Eyni zamanda, nəzərə almaq
lazımdır ki, energetika sahəsində Azərbaycan-Avropa əməkdaşlığının
bütün potensialı hələ tam işə düşməmişdir.
Enerji təchizatında Rusiyadan
asılılığını azaltmaq üçün yollar
axtaran Avropa Azərbaycanla əməkdaşlığa
xüsusi əhəmiyyət verir.
Ötən ilin noyabrında Bakıda keçirilmiş IV
Enerji Sammiti bunun əyani nümayişi oldu. 21 ölkənin,
o cümlədən Avropa Birliyinin üzvü olan 9 ölkənin
dövlət və hökumət
başçılarının, yüksək vəzifəli
nümayəndələrinin qatıldığı sammitdə
Xəzər dənizi hövzəsində hasil edilən neft və
qazın dünya və Avropa bazarlarına
çatdırılması yollarının şaxələndirilməsi
məsələsi əsas müzakirə mövzusu idi.
Forum Azərbaycanın
apardığı uğurlu enerji siyasətinin təntənəsi
oldu. Doğrudan da, cəmi 15 il əvvəl Xəzərdəki
neft-qaz yataqlarının dünyanın aparıcı şirkətlərinin
iştirakı ilə istismar edilməsi, karbohidrogen
ehtiyatlarının boru kəmərləri - Bakı-Supsa,
Bakı-Novorossiysk, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum
ilə Avropa və dünya bazarlarına nəqli xəyal kimi
görünürdü. Bütün bunlar artıq
reallıqdır. Vaxtilə çoxlarının şübhə
ilə yanaşdığı Xəzər-Qara dəniz-Aralıq
dənizi enerji dəhlizi bu gün gerçəklikdir.
Beləliklə, Xəzər
hövzəsi regionunda beynəlxalq əməkdaşlığın
möhkəm təməli qoyulmuşdur. İndi Azərbaycan
dünya iqtisadiyyatını neftlə təmin etməklə
yanaşı, Türkiyə, Gürcüstan və
Yunanıstana təbii qaz satır. Amma Xəzər hövzəsində
beynəlxalq tərəfdaşlıq bununla məhdudlaşmır.
Hələ istifadə olunmamış imkanlar çoxdur və
mövcud potensialı tam hərəkətə gətirib
dövlətlərarası əməkdaşlığı
genişləndirmək üçün yeni-yeni layihələr
müzakirəyə çıxarılır. Bakı Enerji
Sammiti bu cəhətdən mühüm hadisə oldu. Söhbət
Xəzərin karbohidrogen ehtiyatlarının nəqlinin yeni
marşrutundan - Xəzər-Qara dəniz-Baltik marşrutundan
gedir. Sammit iştirakçıları yeni enerji tranziti məkanının
yaradılması təşəbbüsünü
alqışlayaraq bu işin davam etdirilməsinin vacibliyini
vurğuladılar. Sözügedən təşəbbüs çərçivəsində
"Sumatya" beynəlxalq boru kəməri müəssisəsinin
təşkilati strukturunun yaradılması və
Odessa-Brodı-Plotsk-Qdansk neft kəmərinin istismarı
üçün görülən əməli tədbirlərdən
məmnunluq ifadə edildi. Bakıda keçirilmiş zirvə
görüşünün iştirakçıları həmçinin
Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının nəqli
ilə bağlı digər layihələrin (Türkiyə-Yunanıstan-İtaliya
interkonnektoru, Nabukko və s.) həyata keçirilməsi
üçün səylərini əlaqələndirmək
barədə razılığa gəldilər.
Göründüyü
kimi, reallaşdırılması nəzərdə tutulan layihələr
həm region, həm də bütövlükdə Avropa
üçün həyati əhəmiyyət kəsb edir. Avrasiya
məkanında beynəlxalq əməkdaşlığı
keyfiyyətcə yeni səviyyəyə qaldıracaq
bütün bu layihələrin yeganə mənbəyi isə
Xəzər dənizi, daha doğrusu, Azərbaycandır. Dövlətimizin
səyi ilə yaradılmış karbohidrogen
ehtiyatlarının nəqli şəbəkəsi Xəzər
hövzəsinin digər ölkələrinin də
marağına səbəb olur. Artıq xeyli müddətdir
ki, Bakı-Tbilisi-Ceyhan boru kəmərindən Qazaxıstan
nefti də axır. Həm də Qazaxıstan bu kəmərlə
ixrac etdiyi neftin həcmini artırmaq niyyətindədir. Gələcəkdə
başqa bir Xəzəryanı ölkənin - Türkmənistanın
da Cənubi Qafqazdan Avropaya doğru uzanan neft və qaz kəmərlərindən
istifadə edəcəyi ehtimal olunur. Yeri gəlmişkən,
Bakı Enerji Sammitində Türkmənistan nümayəndəsi
də iştirak etmiş və ölkəsinin çoxşaxəli
nəql marşrutlarının yaradılmasında maraqlı
olduğunu bildirmişdir.
Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində mühüm rol oynayan Azərbaycanın
beynəlxalq aləmdə çəkisi və nüfuzu da
artır. Ölkəmiz nəinki yerləşdiyi regionda, həm
də Avrasiyada aparıcı mövqelərə
çıxır.
Yola
saldığımız il həmçinin Azərbaycanla
yaxın və uzaq xarici ölkələr arasında
qarşılıqlı faydalı əməkdaşlığın
genişlənməsi ilə səciyyəvi olmuşdur. Dost və
qardaş ölkələrlə əlaqələrin dərinləşdirilməsinə
xüsusi diqqət yetirilmişdir. Eyni zamanda, regional və beynəlxalq
təşkilatlarla əlaqələr yüksələn xətlə
inkişaf etmişdir. Xüsusilə, Avropa və Avratlantika məkanına
inteqrasiya istiqamətində səylər intensivləşdirilmişdir.
Eyni zamanda, Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin
möhkəmləndirilməsinə öz töhfəsini
vermişdir.
Mehdiyev A.
Azərbaycan.- 2009.- 9 yanvar.- S. 1, 5.