Qlobal maliyyə böhranının Azərbaycana ciddi təsiri gözlənilmir
Müxtəlif beynəlxalq maliyyə
qurumlarının proqnozları da bunu birmənalı təsdiqləyir
Müasir qloballaşma
dövründə hər bir dövlətin milli təhlükəsizliyi
həm də iqtisadi sahədə qazanılan nailiyyətlərlə
ölçülür. İqtisadi cəhətdən
güclü olmayan dövlətin beynəlxalq miqyasda maraq və
mənafelərini, təhlükəsizliyini lazımi səviyyədə
qoruması da mümkün deyildir. Təcrübə göstərir
ki, dəqiq sosial-iqtisadi strategiya əsasında qarşıda
duran hədəfləri düzgün müəyyənləşdirən
siyasi liderlər həm də ümumilikdə ölkəsinin
iqtisadi təhlükəsizliyini təmin etməyə nail
olurlar. Hazırda bir çox dünya ölkələrində
özünü qabarıq göstərən qlobal maliyyə
böhranının Azərbaycana ciddi təsir göstərməməsi
respublikamızın yeritdiyi iqtisadi siyasətin
düzgünlüyünü, habelə ölkənin və
xalqın milli maraqlarına cavab verdiyini bir daha təsdiqləyir.
Azərbaycan Prezidenti
İlham Əliyev müasir dünyada iqtisadi inkişaf
potensialının hər bir dövlətin gücünü
müəyyən edən başlıca amil olduğunu
yaxşı bilir və hökumətin bütün səylərini
də məhz bu istiqamətdə səfərbər etməyə
çalışır. Ötən beş ildə iqtisadi sahədə
həlledici uğurların qazanılmasını təmin edən
dövlət başçısı 2008-ci ilin ortalarından
özünü qabarıq göstərməyə başlayan
qlobal maliyyə böhranının respublikamıza ciddi təsir
göstərməməsi üçün lazımi
tapşırıq və tövsiyələrini vermiş, bu
sahədə preventiv tədbirlərin görülməsini zəruri
saymışdır. 2008-ci ilin 9 ayı ərzində ölkədə
ümumi daxili məhsulun 15 faiz, adambaşına düşən
milli gəlirin 5800 ABŞ dolları təşkil etməsi, əhalinin
pul gəlirlərində 34 faiz, sənayedə 12, kənd təsərrüfatında
8 faiz artımın baş verməsi deyilənləri bir daha təsdiqləyir.
Nazirlər Kabinetinin
2008-ci ilin 9 aylıq sosial-iqtisadi yekunlarına həsr
olunmuş iclasında çıxış edən dövlət
başçısı İlham Əliyev Azərbaycanın
qlobal böhrana qarşı bütün zəruri tədbirləri
həyata keçirdiyini razılıqla
vurğulamışdır: "Biz
düşünülmüş siyasətlə və
yaradılan güclü iqtisadiyyatla özümüzü bu
böhranlı vəziyyətdən qoruyuruq. Nə Azərbaycan
dövləti, nə Azərbaycan iqtisadiyyatı, nə də
Azərbaycan vətəndaşı bu böhranı hiss edir.
Bu, böyük nailiyyətdir və bir daha onu göstərir
ki, bizim düşünülmüş iqtisadi siyasətimiz,
risklərə çox ehtiyatlı yanaşmağımız ən
düzgün siyasətdir. Əlbəttə, biz indi belə
yüksək sürətlə inkişaf etdiyimizə görə
dünya iqtisadiyyatına çox sürətlə inteqrasiya
edirik və bu inteqrasiya özünü bütün sahələrdə
göstərir. Azərbaycan dünya iqtisadiyyatının bir
parçasıdır. Ancaq buna baxmayaraq, biz öz siyasətimizi
elə aparmalıyıq və aparırıq ki, istənilən
iqtisadi, yaxud da siyasi böhran Azərbaycana təsir etməsin
və buna nail olmuşuq. Həm siyasi böhran, həm də
iqtisadi böhran - bütün dünyanı silkələyən
bu böhranlar Azərbaycana heç bir təsir göstərmədi,
biz ölkəmizi qorumuşuq və bundan sonra da
qoruyacağıq".
2009-ci ilin dövlət
büdcəsi də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
həyata keçirilən iqtisadi strategiyanın məntiqi nəticəsi
olmaqla, ölkə iqtisadiyyatının yeniləşməsini,
dinamik xarakter daşıyan sosial-iqtisadi inkişaf meyillərini,
geniş vüsət alan struktur dəyişikliklərini
özündə əks etdirir. Beynəlxalq Valyuta Fondunun
açıqlamalarına əsasən, 2009-cu ildə Azərbaycanda
ümumi iqtisadi artım 12 faiz təşkil edəcəkdir və
bu da MDB-də ən yüksək göstəricilərdən
sayılır. Bu rəqəm, eyni zamanda Azərbaycan
iqtisadiyyatının yeni keyfiyyət mərhələsinə
qədəm qoyduğunu göstərir. Respublikamızın
bir çox xarici dövlətlərlə, hətta inkişaf
etmiş qabaqcıl ölkələrlə müqayisədə
qlobal iqtisadi böhrana yaxşı
hazırlaşdığı nüfuzlu beynəlxalq qurumlar tərəfindən
də etiraf olunur. Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanda
səfərdə olan missiyasının rəhbəri, fondun
Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin
direktor müavini Valeriya Fikera ölkənin qlobal maliyyə
böhranı fonunda 2009-cu ili də arxayınlıqla başa
vuracağını və bu böhranın yarada biləcəyi
çətinliklərə hazır olduğunu bildirmişdir.
BVF missiyasının
respublikamıza səfəri zamanı Azərbaycan hökuməti
ilə 2008-ci il ərzində iqtisadi proseslər, 2009-cu ilin
dövlət büdcəsi, habelə böhranın milli
iqtisadiyyata təsirinə dair qısamüddətli proqnozlar və
profilaktik tədbirlər müzakirə olunmuşdur. Fond hesab
edir ki, Azərbaycanın iqtisadi siyasəti qlobal böhrana
davam gətirəcək - respublika iqtisadiyyatı 2008-ci ilin 10
ayında çox güclü inkişaf sürəti ilə
yadda qalmışdır. Xarici təsirlər və neft
hasilatında baş verən texniki səbəblərə
görə avqust ayından müşahidə olunan ləngiməyə
baxmayaraq, neft sektorunun artım tempi 10 faiz civarında qiymətləndirilir.
Eyni zamanda qeyri-neft sektoruna maliyyə dəstəyi nəticəsində
tikintidə, xidmət sahələrində və kənd təsərrüfatında
15 faizlik artım olmuşdur. Bu da ölkənin beynəlxalq aləmdə
mövqeyinin və xarici aktivlərinin möhkəmlənməsinə
böyük təsir göstərmişdir.
Qlobal iqtisadi
böhranın respublikamıza ciddi təsir göstərməməsinin
səbəblərindən biri də ölkədə qeyri-neft
sektorunun, sahibkarlığın inkişafı istiqamətində
həyata keçirilən kompleks tədbirlərdir. Dövlət
başçısının ötən beş illik fəaliyyətində
iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin
azaldılması istiqamətində həyata keçirilən
tədbirlər ardıcıllığı, səmərəliyi
və sistemliliyi ilə diqqəti cəlb edir. Ölkə rəhbərliyinə
gəlişinin ilk günlərindən Azərbaycanda yerli və
xarici sahibkarların hamisinə çevrilmiş dövlət
rəhbərinin həyata keçirdiyi məqsədyönlü
siyasət hesabına Azərbaycanda real sektor yeni inkişaf
dönəminə qədəm qoymuş,
sahibkarlığın inkişafına diqqət daha da
artırılmışdır. Kiçik və orta
sahibkarlığın güzəştli kreditlərlə
maliyyələşdirilməsi, sahibkarların fəaliyyətinə
yersiz müdaxilələrin qarşısının alınması,
özəl sektorda inkişafa mane olan problemlərin həlli
istiqamətində mühüm addımlar
atılmışdır. Nəticədə bu gün özəl
sektorun ÜDM-dəki xüsusi çəkisi 84 faizə
yüksəlmişdir.
Ölkədə müstəqil iqtisadi siyasət yeridilməsi,
maliyyə təhlükəsizliyinin təmini baxımından
beynəlxalq fond birjalarında, qiymətli kağızlar
bazarında fəal iştirakdan çəkinmək qlobal
iqtisadi böhranın respublikamıza təsirlərini zəiflədən
əsas amillərdir. Azərbaycanın dünya maliyyə
institutlarına kapitalı, fond aktivləri və qiymətli
kağızları ilə fəal inteqrasiya etməməsi də
ölkəmizi qlobal böhrandan hifz edir. Bundan başqa
respublika iqtisadiyyatında müşahidə olunan dinamik
artımın fiktiv gəlirlərə, maliyyə
iqtisadiyyatına deyil, real əmtəəyə, istehsala əsaslanması
qlobal böhrana qarşı etibarlı sipər rolunu
oynayır.
Bir müddət əvvəl
respublikanın bəzi kommersiya bankları likvidlik problemi
üzündən istehlak və biznes kreditlərinin verilməsini
dayandırsa da, Milli Bankın həyata keçirdiyi preventiv tədbirlər
nəticəsində bu problem müsbət həllini
tapmışdır. Milli Bankın İdarə Heyətinin qərarı
ilə 2008-ci il dekabr ayının 1-dən etibarən
bankın uçot dərəcəsi 10 faizdən 8 faizə, həmçinin
faiz dəhlizinin yuxarı həddi 15 faizdən 13 faizədək
azaldılmışdır. Eyni zamanda bankların həm manat,
həm də xarici valyutada öhdəlikləri üzrə məcburi
ehtiyat normaları 9 faizdən 6 faizə endirilmişdir.
Uçot dərəcəsinin aşağı salınması
pul-kredit siyasətinin yumşaldılmasına istiqamətlənmiş
addım olmaqla, maliyyə böhranının respublikanın
bank sektoruna ciddi təsir göstərməsinin
qarşısını alır. Milli Bank kommersiya bankları
üçün maliyyə vəsaitlərinin
ucuzlaşdırılması, habelə ehtiyatların
azaldılması siyasətini irəli sürərək
likvidlik probleminin aradan qaldırılmasına
çalışır. Bank sistemində likvidlik səviyyəsinin
məqbul həddə saxlanması bankların kredit fəaliyyətinin
davamlığını təmin etməklə yanaşı,
qeyri-neft sektorunda iqtisadi artım dinamikasının
qorunmasında mühüm rol oynayır. Görülən tədbirlər
nəticəsində mərkəzləşdirilmiş kredit
bazarında da yenidən fəallaşma müşahidə
olunur.
Ümumilikdə respublikamızın uğurla həyata
keçirdiyi preventiv tədbirlər deməyə əsas verir
ki, qlobal maliyyə böhranının cari ildə Azərbaycana
ciddi təsirləri olmayacaqdır. Ötən illərdən
başlanmış qlobal layihələr 2009-cu ildə
uğurla davam etdiriləcək, sosial infrastruktur layihələrinin
həyata keçirilməsində hər hansı problem
yaranmayacaqdır.
Elmanoğlu S.
Azərbaycan.- 2009.- 9
yanvar.- S.1, 4.