Referendum üzrə təşəbbüs qrupları yaradılır və fəaliyyətə başlayır

 

Azərbaycan Konstitusiyasının qəbul edildiyi vaxtdan 13 il keçmişdir. Bu müddətdə ölkəmizdə çox böyük dəyişikliklər olmuş, siyasi-iqtisadi islahatlar aparılmışdır. Aparılan demokratik proseslər nəticəsində Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi artıq zərurətə çevrilmişdir. Konstitusiyada 29 maddəyə əlavə və dəyişikliklər nəzərdə tutulmuşdur. Bununla bağlı martın 18-də keçiriləcək referendum üzrə yerlərdə təşəbbüs qrupları yaradılır və fəaliyyətə başlayır.


         Ağstafa

 

Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi məqsədilə martın 18-də keçiriləcək referendumla əlaqədar "Yeni Azərbaycan" təşviqat qrupunun Ağstafa rayon şöbəsinin 35 nəfərdən ibarət qərargahı yaradılmışdır. Qərargahın nəzdində 20 nəfərdən ibarət təbliğat-təşviqat qrupunun üzvləri müəyyənləşdirilmişdir.

Təşviqat qrupunun Mərkəzi Seçki Komissiyasında qeydə alınması üçün 12 nəfər imza toplayan seçilmişdir.

İlkin təşəbbüs qrupunda təmsil olunmaq üçün 12 ərazi nümayəndəliyində yığıncaqlar keçirilmiş, təşəbbüs qruplarına adlar verilmiş və təmsil olunmaq üçün nümayəndələr seçilmişdir.

         Sabirabad

 

Dekabrın 26-da Milli Məclisin 2009-cu il martın 18-də "Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" qəbul etdiyi qərar Sabirabadda razılıqla qarşılanmışdır. Konstitusiyada nəzərdə tutulan dəyişiklikərin edilməsi zamanın tələblərindən irəli gəlir.

Referendum üzrə təşəbbüs qrupunun yaradılmasına ilin ilk günlərindən başlanılmışdır. Yanvar ayının 5-i, 6-sı, 7-də Sabirabadın 15 kəndində və rayon mərkəzində yığıncaqlar keçirilmişdir. Kəndlər üzrə 1509, şəhər üzrə isə 71 nəfərdən ibarət təşəbbüs qrupunun yaradılması qərara alınmışdır.

 

         Şəmkir

 

Referendum üzrə Şəmkir rayonunda da yığıncaqlar keçirilmişdir. Yanvarın 5-də Şəmkir şəhərində keçirilən yığıncaqda 70 nəfərdən ibarət "Səhər" təşviqat qrupu yaradılmışdır. "Tərəqqi-təşviqat" qrupunun yaradılması ilə bağlı yanvarın 6-7-də Kür, Çinarlı, Zəyəm və Dəllər qəsəbələrində, "Abad kənd" təşviqat qrupunun yaradılmaçsı ilə bağlı Zəyəm, Cırdaxan, Düyərli, Sabirkənd, Şiştəpə, Çənlibel, Dəllər Cəyir, Dəllər Cırdaxan, Keçili, Mahmudlu, Könüllü, Aşağı Seyfəli, Yuxarı Seyfəli, Yeni Göyçə və Yeni Həyat kəndlərində yığıncaqlar keçirilmişdir. Referendum üzrə təşəbbüs qruplarında təmsil olunmaq üçün nümayəndələr müəyyənləşdirilmişdir. Hər 10 nəfər təşəbbüsdən 1 nəfər nümayəndə seçilmişdir.

Referendumla bağlı keçirilən bütün yığıncaqlarda şəmkirlilər yüksək əhval-ruhiyyə ilə iştirak edərək Azərbaycan Respublikasının Konstitusiyasına qeyd olunan əlavə və dəyişiklikləri dəstəkləyəcəklərini bildirmişlər.

Referendumla əlaqədar dairə və seçki məntəqələri tam hazır vəziyyətə gətirilmiş, komissiyaların işləməsi üçün normal şərait yaradılmışdır.

         Mingəçevir

 

Ölkəmizin hər yerində olduğu kimi, energetiklər şəhəri Mingəçevirdə də ümumxalq səsverməsinə geniş hazırlıq görülür. Şəhər ictimaiyyəti referendumda mütəşəkkil iştirak etmək əzmində olduğunu indidən göstərmişdir. Təşviqat qrupunun yaradılması üçün şəhərdə ilkin təşəbbüsçülərin yığıncaqları fəallıq şəraitində keçirilir. Şəhərin 21-ci, 74-cü və 136-cı yaşayış məhəllələrində, "Tərəvəzçilik sovxozu"nda, İstilik Elektrik Stansiyasında "Sağ sahil" massivində yığıncaqlarda "Mingəçevir" təşəbbüs qrupunda təmsil olunmaq üçün 100 nəfər nümayəndə seçilmişdir.

Mingəçevirlilər bildirirlər ki, Konstitusiyaya əlavə və dəyişiliklər edilməsinə dair ümumxalq səsverməsində fəallıq göstərəcəklər. Çünki nəzərdə tutulan dəyişiliklər ölkəmizdə gedən demokratik proseslərə və xalqın mənafeyinə uyğundur.

"Azərbaycan"

         Qax

 

Konstitusiyaya ediləcək əlavələr və dəyişikliklərlə bağlı 2009-cu il martın 18-də rayonun 8 kəndində ümumxalq səsverməsinin keçirilməsi ilə əlaqədar ilkin təşəbbüs qrupları yaradılmışdır.
Keçirilmiş yığıncaqlarda ümumxalq səsverməsinin mahiyyəti izah olunmuş, Azərbaycan dövlətinin dövrün və zamanın tələbini, xalqın xeyrinə olan hər bir məsələni ümumxalq səsverməsi yolu ilə həyata keçirməyi bacardığı vurğulanmışdır.

Qeyd edək ki, referendumun yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə rayonda xüsusi qərargah yaradılmışdır. 112 saylı seçki dairəsinin tərkibinə daxil olan bütün seçki məntəqələrində ümumxalq səsverməsinə hazırlıqla bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.


         Xətai

 

Martın 18-də keçiriləcək referendum ilə bağlı yanvarın 8-də Xətai rayonunda icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə toplantı keçirilmişdir.
Yığıncaqda Konstitusiyaya nəzərdə tutulan 29 maddə üzrə əlavə və dəyişikliyin edilməsinin zəruriliyi vurğulanmışdır.

Bildirilmişdir ki, ölkədə aparılan siyasi, iqtisadi islahatlar, demokratik proseslər Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi zərurətini yaratmışdır.

Konstitusiyaya təklif olunan əlavələr və dəyişikliklərin çoxu insan hüquq və azadlıqlarının təminatını daha da möhkəmləndirməyə yönəlmişdir. Sonda qeyd olunmuşdur ki, rayonda referenduma hazırlıqla bağlı təşəbbüs qrupları yaradılmış, təbliğat-təşviqat işlərinə start verilmişdir.

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 9 yanvar.- S. 4.