Konstitusiya Məhkəməsi Plenumunun növbəti
iclası keçirilmişdir
F.Abdullayevin sədrliyi
ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti
açıq məhkəmə iclası keçirilmişdir.
İclasda "Şəhid adının əbədiləşdirilməsi
və şəhid ailələrinə edilən güzəştlər
haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin
şərh olunmasına dair konstitusiya işinə
baxılmışdır. Konstitusiya Məhkəməsinin
Plenumu iş üzrə hakim Ə.Sultanovun məruzəsini,
maraqlı subyektlərin qanuni nümayəndələrinin və
ekspertin çıxışlarını dinləyib, iş
materiallarını araşdıraraq qərar qəbul
etmişdir.
Qərarda deyilir ki,
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü
il 15 yanvar tarixli qərarı ilə təsdiq edilmiş
"Şəhid adının əbədiləşdirilməsi
və şəhid ailələrinə edilən güzəştlərin
tətbiqi qaydaları"nın 1.2.6-cı bəndinin, "o
cümlədən atəşkəs dövründə
döyüş bölgələrində yerləşən hərbi
hissələrdə və daxili işlər orqanlarında xidməti
vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən
açılan atəşlər nəticəsində, habelə
minaya düşərək həlak olan şəxslər"
müddəası təcrübədə qeyri-müəyyənliyə
səbəb olduğuna görə şəxsin şəhid
hesab olunması ilə bağlı hüquq münasibətlərinə
daha yüksək hüquqi qüvvəyə malik olan
"Şəhid adının əbədiləşdirilməsi
və şəhid ailələrinə edilən güzəştlər
haqqında" Azərbaycan Respublikasının 1993-cü il 3
sentyabr tarixli qanununun 1-ci maddəsi tətbiq edilməlidir.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli qərarı
ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi
və şəhid ailələrinə edilən güzəştlərin
tətbiqi qaydaları"nın 1.2.6-ci bəndinin "Şəhid
adının əbədiləşdirilməsi və şəhid
ailələrinə edilən güzəştlər
haqqında" Azərbaycan Respublikasının 1993-cü il 3
sentyabr tarixli qanununun tələblərinə müvafiq təkmilləşdirilməsi
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tövsiyə edilsin.
Qərar dərc
olunduğu gündən qüvvəyə minir, qətidir,
heç bir orqan və ya şəxs tərəfindən ləğv
edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə
bilməz.
AzərTAc
Azərbaycan.- 2009.- 9 yanvar.- S. 4.