Ümumxalq səsverməsinin keçirilməsi ilə
əlaqədar prokurorluq orqanlarının vəzifələri
müəyyənləşdirilib
Yanvarın 8-də
Baş Prokurorluqda "Azərbaycan Respublikasının
Konstitusiyasına əlavələr və dəyişikliklər
edilməsi haqqında" Referendum Aktı layihəsinin müzakirəsi,
onun izahı və ümumxalq səsverməsinin keçirilməsi
ilə əlaqədar prokurorluq orqanlarının
qarşısında duran vəzifələrə həsr
olunmuş kollegiya iclası keçirilmişdir.
Baş Prokurorluğun mətbuat
xidmətindən bildirmişlər ki, kollegiya iclasında məruzə
ilə çıxış edən baş prokuror Zakir Qaralov
2008-ci hesabat ilinin bütövlükdə Azərbaycan
Respublikası və xalqımızın həyatında, o
cümlədən prokurorluq orqanları üçün bir
çox əlamətdar hadisələrlə zəngin
olduğunu qeyd etmişdir. Dövlətimizin
başçısı İlham Əliyevin rəhbərliyi
altında 2008-ci ildə Azərbaycan Respublikasının tərəqqisi
və sosial-iqtisadi inkişafı sahəsində möhtəşəm
nailiyyətlər əldə edildiyi, dövlətimizin
başçısının 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə
xalqımıza ünvanlanmış təbrikində bu barədə
ətraflı məlumat verildiyi xüsusi olaraq diqqətə
çatdırılmış, son beş ildə iqtisadi
inkişaf baxımından Azərbaycanın dünyada birinci
ölkə olması, Dünya Bankı tərəfindən
respublikamızın bir nömrəli islahatçı ölkə
elan edilməsi həyata keçirilən məqsədyönlü
iqtisadi islahatların uğurlu nəticəsi kimi dəyərləndirilmişdir.
2008-ci il oktyabrın 15-də
beynəlxalq standartlara uyğun olaraq tam demokratik şəraitdə
və şəffaf prosedurlar əsasında, beynəlxalq təşkilatların
və xarici ölkələrin çoxsaylı müşahidəçilərinin
ciddi nəzarəti altında keçirilmiş prezident
seçkilərində xalqın mütləq əksəriyyətinin
etimadını qazanan Heydər Əliyev siyasi kursunun ən
layiqli davamçısı İlham Əliyevin ikinci dəfə
Azərbaycan Respublikasının Prezidenti seçilməsi, bu
seçkilərin İlham Əliyevin rəhbərliyi
altında reallaşdırılan yeni məzmunlu müasir
dövlətçilik siyasətinin təntənəsi
olduğu bəyan edilmişdir.
Yola
saldığımız ötən ildə bir sıra dövlət
təsisatları kimi, Azərbaycan Prokurorluğunun da 90 illik yubileyinin
təntənəli şəkildə qeyd edilməsi, dövlət
səviyyəsində prokurorluğa göstərilən diqqət
və qayğının təzahürü olaraq, yubiley ərəfəsində
prokurorluq orqanları əməkdaşının böyük
bir qrupunun yüksək dövlət mükafatlarına və
ali xüsusi rütbələrə layiq görülməsi,
prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə
dair 2009-2011-ci illər üçün Dövlət
Proqramının təsdiq olunması prokurorluq əməkdaşları
üçün müstəsna əhəmiyyətli hadisə
olduğu vurğulanmışdır.
Baş prokuror Zakir Qaralov hesabat ilinin ən çox diqqət
çəkən mühüm siyasi hadisələrindən
biri kimi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən
2008-ci il dekabrın 26-da "Azərbaycan Respublikasının
Konstitusiyasına əlavələr və dəyişikliklər
edilməsinə dair ümumxalq səsverməsinin (referendumun)
keçirilməsi haqqında" Qərar qəbul edilməsini
yüksək qiymətləndirmişdir. Konstitusiyanın bir
çox normalarının təkmilləşdirilməsi, insan
və vətəndaş hüquq və
azadlıqlarının daha səmərəli müdafiə
olunması, Azərbaycan Respublikası vətəndaşlarının
layiqli həyat səviyyəsinin təmin edilməsi, ali
dövlət hakimiyyəti orqanlarının, habelə ədliyyə,
məhkəmə hakimiyyəti və yerli özünüidarə
orqanlarının inkişaf etdirilməsi məqsədi
daşıyan bu əlavə və dəyişikliklərin
çox mühüm siyasi əhəmiyyəti nəzərə
alınmaqla onun hərtərəfli öyrənilməsi və
əhali arasında izahının aparılması ilə əlaqədar
prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr
durduğu diqqətə çatdırılmışdır.
"Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələr və
dəyişikliklər edilməsi haqqında" Referendum
Aktı layihəsinin müzakirəsi, onun izahı və
ümumxalq səsverməsinin keçirilməsi ilə əlaqədar
prokurorluq orqanlarının vəzifələri barədə
baş prokurorun müavini Namiq Əsgərovun məlumatı əsasında
aparılan müzakirələr nəticəsində Referendum
Aktı layihəsinin prokurorluq işçiləri tərəfindən
öyrənilməsi və ictimaiyyət arasında izahı ilə
əlaqədar Tədbirlər Planı təsdiq olunmuşdur.
Kollegiya iclasında, eyni
zamanda Baş Prokurorluğun Təşkilat-Analitik İdarəsinin
rəisi Əzizağa Həsənovun məlumatı əsasında
Azərbaycan Respublikası Baş Prokurorluğunun 2008-ci ilin
ikinci yarısına dair iş planının icra vəziyyəti
və cari ilin birinci yarısına dair iş planı barədə
məsələ müzakirə olunmuşdur.
Baş prokuror Zakir
Qaralov Baş Prokurorluğun idarə və şöbələrinin
rəhbərlərinə, Respublika Hərbi, Naxçıvan
Muxtar Respublikası və bütün tabe prokurorlara 2009-cu ilin
birinci yarısına dair iş planının, habelə
prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsinə
dair Dövlət Proqramında nəzərdə tutulmuş
tapşırıqların icrasına dair Tədbirlər
Planının müəyyən edilmiş müddətlər
ərzində və yüksək keyfiyyətli icrasının
təmin edilməsi ilə əlaqədar konkret
tapşırıqlar vermişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 9 yanvar.- S. 4.