Redaksiyada görüş

 

Dünən Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lyu Kvanq-çul redaksiyamızın qonağı olmuşdur.

Baş redaktor, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov qonağı salamlayaraq redaksiyanın fəaliyyəti haqqında ətraflı məlumat verdi, ötən il 90 yaşını qeyd etmiş "Azərbaycan"ın keçdiyi tarixi yola toxundu. O qeyd etdi ki, rəsmi dövlət qəzeti bu gün ölkədə və dünyada baş verən hadisələri operativ işıqlandırmaq, kütləvi informasiya vasitəsi kimi qarşısında duran vəzifələri uğurla həyata keçirmək üçün səylə çalışır.

Azərbaycan-Koreya əməkdaşlığının hazırkı səviyyəsini yüksək qiymətləndirən baş redaktor iki ölkənin arasında qarşılıqlı faydalı əlaqələrin keyfiyyətcə yeni mərhələyə daxil olmasında Prezident İlham Əliyevin 2007-ci ildə Koreya Respublikasına rəsmi səfərinin böyük əhəmiyyət kəsb etdiyini və mühüm nəticələrlə yadda qaldığını vurğuladı. Həmin səfər zamanı əldə edilmiş razılaşmalar və imzalanmış hökumətlərarası sənədlər ikitərəfli əlaqələrin sonrakı inkişafına təkan verdi, qarşılıqlı ticarət dövriyyəsinin artmasına gətirib çıxardı.

Səfir Lyu Kvanq-çul "Azərbaycan" qəzetinin fəaliyyəti barədə verilmiş məlumata görə təşəkkür etdi və səfirliyin redaksiya ilə əməkdaşlıqda maraqlı olduğunu söylədi. O, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa toxunaraq xarici iqtisadi əlaqələrdə Azərbaycanın Koreya Respublikası üçün böyük əhəmiyyətə malik olduğunu vurğuladı. Səfir sözünə davam edərək dedi ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Koreyanın biznes dairələri ölkəyə maraq göstərmiş və tezliklə qarşılıqlı faydalı əlaqələr qurmuşlar. Ötən müddət ərzində ikitərəfli əməkdaşlıq yüksələn xətlə inkişaf etmiş və indiki səviyyəyə gəlib çatmışdır. Təqdirəlayiq haldır ki, Azərbaycanda iş görmək istəyən, ölkənin inkişafına töhfə vermək niyyətində olan Koreya şirkətlərinin sayı ildən-ilə artır.

Diplomat qeyd etdi ki, bu gün Azərbaycanda işləyən Koreya şirkətləri yerli iqtisadiyyatın bir çox sahəsinə investisiya qoyur, öz fəaliyyətlərini daha da genişləndirirlər. Eyni zamanda iki ölkənin hökumət qurumları arasında təmaslar sıxlaşır, qarşılıqlı səfərlər intensivləşir. Bu da iki ölkənin xalqlarının mənafeyi naminə əməkdaşlığı dərinləşdirməyə imkan verir. Səfir Koreya kapitalının iştirakı ilə cari ildə həyata keçiriləcək birgə layihələrdən də söz açdı. O, xüsusilə ölkəmizdə gəmiqayırma müəssisəsinin inşası layihəsinin əhəmiyyətini vurğuladı.

Görüşdə məmnunluqla qeyd olundu ki, iki dost ölkə arasında əməkdaşlıq əlaqələri elm, təhsil, mədəniyyət və digər sahələri də əhatə edir. Bu da xalqlarımızın bir-birini yaxından tanımasına şərait yaradır.

Koreya Respublikasının səfiri ölkəmizdə gedən ictimai-siyasi proseslərlə, xüsusilə Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı qarşıdan gələn referenduma hazırlığın gedişi ilə maraqlandı. Diplomata bu barədə ətraflı məlumat verildi.

Söhbət zamanı digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı, redaksiya ilə diplomatik missiya arasında təmasları intensivləşdirməyin zəruriliyi qeyd edildi.

 

Azərbaycan.- 2009.- 9 yanvar.- S.4.