Milli Məclis Aparatında görüş

 

Yanvarın 8-də Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının bir qrup dinləyicisi ilə görüşdü. Tələbələri Milli Məclisdə görməkdən məmnunluq duyduğunu bildirən Səfa Mirzəyev parlamentin fəaliyyəti, qanun yaradıcılığı prosesi, Aparatın müvafiq şöbələrinin işi barədə onlara ətraflı məlumat verdi. Səfa Mirzəyev bildirdi ki, Milli Məclis dünyanın 73 ölkəsinin parlamenti ilə əməkdaşlıq edir. Qanunverici orqanlar arasındakı əməkdaşlıq ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsində və möhkəmlənməsində mühüm rol oynayır. Milli Məclisdə 11 daimi komissiya, 2 təşkilati komissiya fəaliyyət göstərir.

Dinləyicilərin diqqətinə çatdırıldı ki, Azərbaycan parlamenti Konstitusiyada nəzərdə tutulduğu kimi, qanunvericilik, təmsilçilik və nəzarət funksiyalarını həyata keçirir. Milli və dövlətçilik maraqlarına xidmət edən, Avropa standartlarına uyğun qanunların qəbulu ölkəmizin demokratik inkişafını sürətləndirir. Dövlət büdcəsinə nəzarət edən parlament hər il eyni zamanda hökumətin, ombudsmanın, bələdiyyələrlə iş mərkəzinin, insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun hesabatlarını dinləyir.

Səfa Mirzəyev Milli Məclisin dünyanın 7 nüfuzlu beynəlxalq təşkilatının fəal üzvü olduğunu bildirdi. Qeyd etdi ki, bu təşkilatlarda Azərbaycanın mövqelərinin müdafiə olunması və ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında deputatlarımız səmərəli fəaliyyət göstərirlər.

Görüşdə dünya maliyyə böhranı, martın 18-də konstitusiya islahatları ilə bağlı ölkəmizdə keçiriləcək referenduma hazırlıq məsələləri də müzakirə edildi. Səfa Mirzəyev dinləyiciləri maraqlandıran sualları cavablandırdı, gənc diplomatlara tövsiyələrini verdi.
         Görüşdə Milli Məclis Aparatının şöbə müdirləri iştirak edirdilər.

 

Azərbaycan.- 2009.- 9 yanvar.- S. 4.