Əhalinin siyahıyaalınması ölkədə demoqrafik vəziyyətin necə olduğunu göstərəcək
Bir neçə aydan
sonra ölkəmizdə əhalinin siyahıyaalınması həyata
keçiriləcək. Ölkə Prezidenti İlham Əliyevin
7 iyun 2006-cı il tarixli fərmanına əsasən
siyahıyaalmaya hazırlıq və tədbirin keçirilməsi,
materialların işlənməsi, təhlil edilməsi və
nəticələrin yayılması Dövlət Statistika
Komitəsinə tapşırılıb. Həmin vaxtdan bəri
komitə siyahıyaalmanın metodoloji materiallarının
hazırlanması da daxil olmaqla nəzərdə tutulmuş
bütün tədbirlərin icrasını təmin edib. Hələ
2006-cı ildə komitədə əhalinin
siyahıyaalınması şöbəsi yaradılıb. Tədbirin
mütəşəkkil keçirilməsi məqsədilə
dövlət büdcəsində maliyyə vəsaiti
ayrılıb.
Ölkədə
demoqrafik vəziyyət, əhalinin sayı, tərkibi, yerləşməsi
və digər əlamətləri haqqında geniş məlumat
almaq üçüq Birləşmiş Millətlər Təşkilatının
tövsiyələrinə uyğun olaraq hər 10 ildən bir
keçirilən siyahıyaalma mühüm tədbirdir. Nazirlər
Kabineti 12 sentyabr 2006-cı il tarixli qərarla ölkə
Prezidentinin fərmanının icrasını təmin etmək
məqsədilə siyahıyaalmaya hazırlıq işlərinin
görülməsində ayrı-ayrı mərkəzi icra
hakimiyyəti orqanlarının, rayon, şəhər icra
hakimiyyətlərinin vəzifələrini, onların həyata
keçirilməsi müddətlərini müəyyən
edib.
Dövlət Statistika
Komitəsi aparatının rəhbəri Ziyad Abbasəliyev
hazırlıq işləri barədə daha ətraflı məlumat
verərək deyir:
- Tədbirin yüksək
səviyyədə keçirilməsində və əhalinin
siyahıyaalma ilə tam əhatə olunmasında mühüm
əhəmiyyət daşıyan kartoqrafiya
materiallarının hazırlanmasına dair təqvim
planları təsdiq edilib. 57 şəhər, 124 qəsəbə,
69 iri kənd olmaqla cəmi 250 yaşayış məntəqəsinin
sxematik planları və 58 rayonun xəritəsi hazırlanaraq
yerli statistika orqanlarına təhvil verilib. Siyahıyaalmanın
metodiki materiallarını, təşkilat planlarını, məlumatların
işlənməsi texnologiyasını yoxlamaq məqsədilə
keçən ilin aprel ayında Şamaxı rayonunda əhalinin
sınaq siyahıyaalınması keçirilib. Təcrübə
əldə etmələri üçün həmin tədbirdə
digər yerli statistika orqanlarının rəhbərləri də
iştirak ediblər.
Söhbət zamanı məlum
oldu ki, qarşıdakı siyahıyaalmanın sorğu vərəqəsinin
layihəsi evdə (ailədə) yaşayanların
siyahısından, ev təsərrüfatının (ailənin)
mənzil şəraitini əks etdirən 6 sualdan,
ayrı-ayrılıqda hər bir şəxsi səciyyələndirən
29 sualdan ibarətdir. Sorğu vərəqəsinin strukturu,
sualların yerləşmə prinsipi, qoyuluşu və ehtimal
olunan cavablar elə tərtib edilib ki, həm sorğunu aparan
siyahıyaalma işçiləri, həm də sorğu olunan
şəxslər üçün çətinlik
yaranmasın. Başqa sözlə desək, suallar və
cavablar bir-birini tamamlamaqla qısa, aydın və hər kəs
üçün anlaşılan olsun.
Nazirlər Kabineti
yanında əhalinin siyahıyaalınmasına yardım
komissiyasının üzvləri tərəfindən ümumi
metodologiya prinsiplərinə uyğun olmaqla irəli
sürülən hər bir təklif ciddi təhlil edilərək
proqram layihəsində nəzərə alınıb. Proqramın
tərkibində keçmiş siyahıyaalmaların, o
cümlədən əhalinin 1999-cu il
siyahıyaalınmasının və Şamaxıda
keçirilmiş sınaq siyahıyaalmanın təcrübəsi
əsas götürülüb. Proqrama (sorğu vərəqəsinə)
daxil edilməsi nəzərdə tutulan sualların layihəsi
baxılmaq, rəy, təklif və mülahizələri
öyrənmək üçün aidiyyəti dövlət
orqanlarına, elmi və ictimai təşkilatlara göndərilib.
Daxil olan rəy və təkliflər nəzərə
alınmaqla hazırlanmış sorğu vərəqəsinin
layihəsi Dövlət Statistika Komitəsi yanında statistika
şurasının iclasında müzakirə olunaraq bəyənilib.
Onlar yenidən işlənərək əhalinin
siyahıyaalınmasına yardım komissiyasında təkrar
müzakirələrdən sonra proqram layihəsinin
axırıncı variantı 2008-ci ilin avqust ayında təsdiq
edilib. Sualların tərtibində mövcud təsnifatlardan
istifadə olunub. Əldə olunacaq nəticələrin beynəlxalq
metodologiyaya uyğun müqayisəliliyinin təmin edilməsinin
zəruriliyi və yerli şərait nəzərə
alınıb.
Bütün bunlardan əlavə,
şəhər yaşayış məntəqələrində
və əhalisinin sayı 5 min nəfərdən çox olan
iri kəndlərdə evlərin siyahılarının tərtib
edilməsi və daimi əhalinin yaşayış yeri üzrə
uçotunun dəqiqləşdirilməsi üzrə
hazırlıq işləri həyata keçirilib. Siyahılar
üzrə materiallar Dövlət Statistika Komitəsinə təqdim
edilib.
Z.Abbasəliyev
vurğuladı ki, siyahıyaalmanın uğurla keçirilməsi
hazırlıq tədbirlərindən çox
asılıdır. Bu sahədə ən vacib məsələlərdən
biri yaşayış məntəqələri üzrə
daimi əhalinin uçot və qeydiyyatının əvvəlcədən
dəqiqləşdirilməsi, şəhər yerlərində
ünvanların qaydaya salınmasıdır. Ünvanlar qaydaya
salınmadan, rayonların xəritələri və şəhər
yerlərinin sxematik planları hazırlanmadan siyahıyaalma
keçirmək mümkün deyil. Belə şəraitdə
tədbir keçirilsə də, əhalinin tam qeydiyyata
alınmasında qüsurlar olar.
Beləliklə, söhbət
zamanı hazırlıq dövründə ortaya çıxan
çətinliklər də bəlli oldu. Belə ki, 2008-ci il
iyunun 1-dək rayon, şəhər icra hakimiyyətləri
yaşayış məntəqələrinin adlarının və
onların inzibati sənədlərinin dəqiqləşdirilməsini,
ünvanların qaydaya salınması işini başa
çatdırmalı idilər. Yerli icra hakimiyyətlərinə
tapşırılmış həmin tədbirlərin olduqca
vacib məsələ olması nəzərə alınaraq
rayon, şəhər icra hakimiyyəti
başçılarına onların vaxtında həyata
keçirilməsinin zəruriliyi haqqında dəfələrlə
xatırlatma məktubları göndərilib. Ən ciddi
problem olan ünvanların qaydaya salınması ilə
bağlı Nazirlər Kabineti tərəfindən 2006-cı
ilin sentyabrında rayon, şəhər icra hakimiyyətlərinə
göstəriş verilməsinə baxmayaraq əksər yerlərdə
bu sahədə işlər zəif aparılıb. Dövlət
Statistika Komitəsi bütün şəhər və
rayonlarda ünvanların vəziyyətini öyrənmək məqsədilə
seçmə qaydada dəfələrlə araşdırmalar
apararaq mövcud çatışmazlıqlar, konkret
ünvanlar göstərilməklə vəziyyəti aidiyyəti
icra hakimiyyətlərinin nəzərinə
çatdırıb.
Ünvanlarla
bağlı ən ciddi problem Bakı, Sumqayıt, Gəncə
şəhərlərində və Abşeron rayonundadır. Bu
rayon və şəhərlərin, xüsusilə də
Bakının mərkəzində, eləcə də ətraf
qəsəbələrdə tikilmiş yeni binaların və
çoxsaylı fərdi evlərin ünvan göstəriciləri
vurulmur, yaxud onlara hüquqi ünvan verilmir. Bakının və
Abşeron rayonunun ətraf qəsəbələrində və
boş ərazilərdə tikilmiş minlərlə fərdi
evdə ölkənin ayrı-ayrı regionlarında qeydiyyatda
olan şəxslər məskunlaşıblar. Onların
siyahıyaalınmasında ciddi problemlərlə
qarşılaşmaq ehtimalı böyükdür.
Bəs qarşıdakı siyahıyaalma əvvəlkilərdən
nə ilə fərqlənəcək? Bu dəfə 1999-cu il
siyahıyaalmasından fərqli olaraq proqrama əhalinin coğrafi,
demoqrafik, etik-mədəni, sosial-iqtisadi əlamətlərini
və ev təsərrüfatlarının mənzil şəraitini
əks etdirən bir sıra əlavə suallar daxil edilib. Təhsil,
məşğulluq, işsizlik, yaşayış
üçün gəlir mənbəyini və digər əlamətləri
səciyyələndirən suallar genişləndirilərək
təkmilləşdirilib.
İndi hazırlıq
işləri demək olar ki, son mərhələyə qədəm
qoyur. Siyahıyaalma materiallarının ölkənin şəhər
və rayonlarından qəbul edilib işlənməsi,
saxlanması üçün nəzərdə tutulan
zalların təmiri, materialların işlənməsi məqsədilə
qəbul ediləcək işçilər üçün
lazım olan inventarların alınıb
quraşdırılması, sayıcı
çantalarının hazırlanması və rəflərin
yerləşdirilməsi işi başa
çatdırılıb. Siyahıyaalmanın şəhər
və rayonlar üzrə təşkilat planları
hazırlanıb müvafiq icra hakimiyyətlərinin
başçıları ilə razılaşdırılaraq təsdiq
edilib. Ölkə üzrə bütün yaşayış məntəqələrini
əhatə etməklə 540 siyahıyaalma məntəqəsi,
3780 təlimatçı, 19000-ə yaxın sayıcı məntəqəsi
yaradılıb. Ümumilikdə siyahıyaalmanın
keçirilməsi üçün 24000 nəfərdən
çox müvəqqəti işçi cəlb ediləcək.
Qarşıdakı
dövrdə siyahıyaalma işçilərinin seçilib
təsdiq olunmasını, təlimatlandırılmasını,
əhalinin siyahıya alınacağı sahə və ərazilərdə
sayıcıların ilkin gəzişlərinin keçirilməsini
təmin etmək, aprelin 13-dən isə siyahıyaalmanın
özünə start vermək planlaşdırılır.
Qeyd etmək
lazımdır ki, siyahıyaalma hər bir şəxsi fərdi
qaydada şifahi sorğulamaqla keçirilir. Bu zaman cavabları
təsdiqləyən heç bir sənəd tələb
olunmur. Azyaşlı uşaqlara və cavab vermək imkanı
məhdud olan müxtəlif qüsurlu şəxslərə
aid sorğu vərəqələri valideynlərin, yaxud
onları himayə edən insanların cavablarına əsasən
doldurulur.
Məcburi
köçkünlər məskunlaşıb
yaşadıqları ünvanda siyahıya alınacaqlar.
Sorğu vərəqələrinin göstəriciləri
elektron vasitələrlə işlənən zaman onların hər
biri daimi sakini olduğu (tərk etdiyi) rayonun, şəhərin,
kəndin və qəsəbənin əhalisinə daxil ediləcək.
Dövlət Statistika
Komitəsi aparatının rəhbəri sonda onu da bildirdi ki,
"Rəsmi statistika haqqında" qanuna uyğun olaraq fərdi
məlumatların qorunmasına zəmanət verilir. Sorğu vərəqəsinin
göstəriciləri kompüterlərə daxil edilərkən
şəxssizləşdirilir. Yalnız bundan sonra ümumiləşdirilmiş
yekun məlumatlardan ibarət siyahıyaalma məlumatları
istifadəçilərə təqdim olunur.
Göründüyü
kimi, siyahıyaalma ölkənin həyatında mühüm
bir tədbirdir və onun müvəffəqiyyətlə
keçirilməsində hər bir vətəndaşın
üzərinə böyük məsuliyyət
düşür. Ümidvarıq ki, ölkəmizin
bütün sakinləri evlərinə gələn
siyahıyaalma işçilərinin müraciətinə məsuliyyətlə
yanaşacaq, onların suallarını dolğun və əhatəli
şəkildə cavablandırmaqla öz vətəndaşlıq
borclarını yerinə yetirəcəklər.
Sadıqlı F.
Azərbaycan.- 2009.- 9 yanvar.- S. 6.