Azərbaycan Beynəlxalq Bankının Nyu-York nümayəndəliyi fəaliyyətə başladı

 

Azərbaycan Beynəlxalq Bankı (ABB) mətbuat xidmətinin yaydığı məlumata görə, bankın Nyu-York nümayəndəliyi yanvarın 2-dən rəsmi fəaliyyətə başlayıb.

Xatırladaq ki, 2008-ci il iyulun 31-də ABŞ Federal Ehtiyat Sisteminin Direktorlar Şurası ABB-nin Nyu-Yorkda nümayəndəlik açması ilə bağlı ərizəsinə müsbət cavab vermiş və beləliklə, ABB-nin sözügedən məsələ ilə əlaqədar 1 il əvvəl başladığı iş uğurla yekunlaşmışdır. Ötən il dekabrın 8-də isə ABB Nyu-York ştatının Bank Məsələləri üzrə Departamentindən müvafiq icazə sənədlərini almışdır ki, bu da ona rəsmi fəaliyyətə başlamağa imkan vermişdir.
Nyu-York nümayəndəliyi Bakıdakı baş ofislə ABŞ-dakı tərəfdaş maliyyə institutları arasında vasitəçilik edəcək, bankın ABŞ-dakı müştərilərinin maraqlarını qoruyacaq və bank xidmətləri göstərmək üçün yeni müştərilər cəlb edəcək, ABŞ-dan Azərbaycana investisiya cəlb etmək üçün fəaliyyət göstərəcək, həmçinin ABŞ və Azərbaycan iş adamlarının arasında işgüzar münasibətlərin qurulmasında iştirak edəcək.

Nümayəndəliyin başçısı Riçard L.Smit təyin olunub. O, əvvəllər ABŞ-ın iri banklarının birində menecer işləyib və Şərqi Avropa, eləcə də Mərkəzi Asiyada 10 illik iş təcrübəsinə malikdir. Nümayəndəlik Nyu-Yorkun işgüzar ərazisində - Manhettində yerləşir.
Məlumat üçün bildirək ki, bu, ABB-nin fəaliyyət göstərən 5-ci nümayəndəliyidir. Bankın London nümayəndəliyi 2002-ci, Frankfurt Mayn nümayəndəliyi isə 2005-ci ildən fəaliyyət göstərir. Bundan əlavə, ötən il Lüksemburqda və Birləşmiş Ərəb Əmirliklərində (Dubayda) nümayəndəlik açılıb.

Hazırda ABB Qətərin beynəlxalq maliyyə zonasında özünün törəmə bankını açmaq üçün hazırlıq işləri ilə məşğuldur. Razılıq lisenziyasının bu il verilmə ehtimalı çoxdur. Açılacaq bu törəmə bank ABB-nin 3-cü belə bankı olacaq. İlk törəmə bank Moskvada 2002-ci ildə fəaliyyətə başlayıb. İndi bu maliyyə institutunun Moskva, Sankt-Peterburq və Yekaterinburqda 12 ofisi və filialları var. 2-ci törəmə bankını isə ABB 2006-cı ilin noyabrında Gürcüstanda açıb.

 

 

Azərbaycan.- 2009.- 9 yanvar.- S. 6.