Qaranlığa düşən işıq

 

Ötən əsrdə Azərbaycanda baş verən repressiyalar təkcə ayrı-ayrı şəxsiyyətlərin ömrünə, həyatına, fəaliyyətinə son qoymadı. Həm də bu insanların tarixdə, ədəbiyyatda, mədəniyyətdə, dövlətçilikdə, istiqlalımızda oynadığı mühüm rolun, xidmətin üstündən qara xətt çəkildi. Sovet dönəmində millətimizin düşməni olanlar, ziyalılarımızın sürgünlərdə çürüməsinə, güllələnməsinə qərar verənlərin nəsli-nəcabəti haqqında geniş söhbətlər açıldı. Şaumyanlar, qriqoryanlar... daha kimlər barəsində şeirlər əzbərlədik, amma Azərbaycan uğrunda, azadlığımız yolunda fədakarlıq göstərmiş, milli savaşa qalxmış insanların taleyi tarixin qaranlıq künclərində gizlədildi. Çox hadisədən xəbərimiz olmadı. Hətta ömrünü, gününü mühacirətdə keçirən vətən fədailərinin, azadlıq aşiqlərinin harayları bizə yetişmədi.

Dövlət müstəqilliyimizi qazandıqdan sonra illər boyu açılmamış səhifələrin izi ilə arxivlərdə araşdırmalar aparan, tarixin bir çox qaranlıq məqamına güzgü tutan alimlərin, tədqiqatçıların zəhmət yoluna yaşıl işıq yandı. 2004-cü ildə Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı əsasında nəşr olunan kitabların siyahısına yaradıcılığı Azərbaycan oxucusuna geniş bəlli olmayan şəxsiyyətlərin kitabları da daxil edildi. Ədəbiyyatşünas alimlər Əziz Mirəhmədov və Vilayət Quliyevin tərtib etdikləri Əhməd bəy Ağaoğlunun "Seçilmiş əsərləri" 2007-ci ildə işıq üzü gördü. Əhməd bəy Ağaoğlu Azərbaycanın və Türkiyənin ictimai fikir tarixinə çoxcəhətli yaradıcılığı ilə və ensiklopedik biliyə malik şəxsiyyət kimi daxil olmuşdur. Əhməd bəy Ağaoğlu 1869-cu ildə Şuşada anadan olmuşdu. İstanbula mühacirət edənə qədər bütün mənbələrdə Əhməd bəy Ağayev kimi yazılmışdı. O, təxminən yarım əsr müddətində Azərbaycan, türk, rus, fars və fransız dillərində əsərlər yazmışdı.

Əhməd bəy Ağaoğlu bir neçə dəfə vətənə dönərək bilik və təcrübəsini doğma yurdunda həyata keçirmək istəsə də, buna təxminən on ildən sonra nail olur. O, 1918-ci ilin iyununda Nuru Paşanın siyasi müşaviri kimi Azərbaycana gəlib. O vaxt paytaxt müvəqqəti olaraq Gəncədə yerləşirdi. Bu arada o, "Türk sözü" adlı qəzet təsis edərək onun iki sayını çap etdirməyə imkan tapıb. 1918-ci ilin dekabrında isə Ə.Topçubaşovun rəhbərliyi ilə Paris Sülh konfransına göndərilən nümayəndə heyətinin tərkibinə qatılıb. Sonrakı həyatı isə daha gərgin olub. Bundan sonra bir sıra çətinliklərə, məhrumiyyətlərə, sürgünlərə məruz qalan Əhməd bəy Ağaoğlu vətənə qayıda bilmir. Vətəndən uzaqda da vətən üçün çalışan Əhməd bəy Ağaoğlu 1939-cu ildə vəfat etmişdir. Onun yolunu övladları ləyaqətlə davam etdirmişlər. Əsərləri ilk dəfə Azərbaycan oxucusuna təqdim olunan Əhməd bəy Ağaoğlunun bu kitabında həm məqalələri, müxtəlif konqreslərdə çıxışları, həm də bədii-fəlsəfi əsərləri toplanmışdır.

Tarixin qaranlıq məqamlarına inadlı və davamlı yaradıcılıqla işıq salmağa çalışan filologiya elmləri doktoru, professor Vilayət Quliyev 20 illik axtarış və tədqiqatlarının nəticəsi olaraq dörd sanballı kitabı 2008-ci ilin sonunda ictimaiyyətə təqdim etdi.

O, Əhməd bəy Ağaoğlunun ailəsində doğulmuş Səməd Ağaoğlunun əsərlərini çapa hazırlayaraq Azərbaycan oxucusuna çatdırdı: Səməd Ağaoğlu "Hekayələr, memuarlar". Bu, sadəcə Türkiyədə yaşayan Azərbaycan əsilli bir yazıçının bədii düşüncəsinin məhsulu deyildi. Müəllif Azərbaycan barəsində atasından eşitdiklərini öz duyğularından keçirərək qələmə almışdır.

Əhməd Cəfəroğlunun "Seçilmiş əsərləri". Filoloji irsimizin daha bir nümayəndəsinə bədii abidə ucaldan Vilayət Quliyev tanınmış türkoloq-alim, Azərbaycan əsilli ədəbiyyatşünas Əhməd Cəfəroğlunun zəngin elmi irsini oxuculara çatdırmaqla böyük fədakarlıq göstərmişdir. Kitabın elmi redaktoru Kamal Abdulla yazır: "Vilayət QuliyevE Əhməd Cəfəroğlunun 300-dən çox əsərinin içərisində məhz Azərbaycan tarixi, folkloru, ədəbiyyatı, ictimai-siyasi həyatı ilə bağlı məqalə və araşdırmalarına üstünlük vermişdir. Vilayət Quliyevin bu xeyirxah zəhməti həqiqətən alqışa layiqdir."

Vilayət Quliyevin çap etdirdiyi növbəti kitab isə Azərbaycan Gümhuriyyətinin qurucularından biri, daxili işlər naziri olmuş, 1921-ci ildə İstanbulda erməni terrorçusu Mişak Torlakyan tərəfindən qətlə yetirilmiş Behbud xan Cavanşir haqqındadır. "Behbud xan Cavanşirin məhkəmə prosesi" adlanan bu kitabda erməni terrorunun qurbanı olmuş vətən oğlunun üzləşdiyi haqsızlıqdan, eləcə də erməni millətçilərinin Azərbaycan və Anadoluda həyata keçirdikləri soyqırımından söhbət açılır.

Vilayət Quliyevin növbəti nəşri müəllif tərəfindən ingilis dilindən tərcümə edilmiş "Azərbaycan Paris Sülh konfransında" adlanır. Burada Azərbaycan Cümhuriyyətinin parlament sədri Ə.M.Topçubaşovun rəhbərliyi ilə 1919-1920-ci illərdə Paris Sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin fars, ingilis və fransız dillərində yaydığı mühüm siyasi, tarixi sənədlərdən biri verilmişdir. "Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh konfransından tələbləri həm Azərbaycan, həm də ingilis və fransız dillərində verilmişdir. Burada indiyə qədər bəlli olmayan bir sıra tarixi məsələlər oxucuya çatdırılır. Kitab tarixçilər, palitoloqlar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur. Kitabın üz qabığında Əlimərdan bəy Topçubaşovun həmin konfransdakı nitqindən bir cümlə diqqətə çatdırılır: "Azərbaycanın şimal sərhədləri Solak çayının Qara dənizə töküldüyü nöqtədən (Gürcüstan sərhədindən) başlanır. Sərhəd xətti çay boyunca Acar dağlarına qədər uzanır". Düşündürücü məqamdır. "Dənizdən-dənizə Ermənistan" yaratmaq xülyasına düşənlər tarixi həqiqətlərin üstünə necə pərdə çəkə bilir?!

Gərgin elmi axtarışların, vətəndaşlıq mövqeyinin bəhrəsi olan bu nəşrlərin Azərbaycan oxucusuna çatdırılması həqiqətən təqdirəlayiqdir. Nəfis şəkildə çap edilmiş bu qiymətli kitabların Azərbaycan Yazıçılar Birliyində təqdimat mərasimi də keçirildi. Çıxış edən ədəbiyyatşünas alim və qələm sahiblərindən Asif Rüstəmli, Arif Əmrahoğlu, Teymur Kərimli, Şamil Vəliyev, Rəşad Məcid, Çingiz Əlioğlu, Xeyrəddin Qoca və başqaları bildirdilər ki, Vilayət Quliyev həqiqətən çox böyük xeyirxah iş görərək məhz öz əsərlərini deyil, yaradıcılığı uzun müddət Azərbaycan oxucusuna bəlli olmayan belə dahi şəxsiyyətlərin kitablarını çap etdirmişdir. Vətəndaşlıq missiyasını ləyaqətlə yerinə yetirməyin bir yolu da tarixin qaranlıq künclərində itməkdə olanların tapılıb üzə çıxarılmasıdır. Bu mənada Vilayət Quliyevin çapa hazırladığı və böyük ürəklə müqəddimə yazdığı bu kitabların hər birinin Azərbaycan mədəniyyətində, ədəbiyyatında yeri olacaqdır. Bu kitablar həm də bir sıra həqiqətlərə güzgü tutmaq baxımından da dəyərlidir.

 

Xəlilzadə F.

 

Azərbaycan.- 2009.- 9 yanvar.- S.7.