Mərkəzi Seçki Komissiyasının
iclası keçirilmişdir
Mərkəzi Seçki Komissiyasının mətbuat
xidmətindən bildirmişlər
ki, əvvəlcə komissiyanın 2008-ci il 13 noyabr tarixli protokolu təsdiq edilmişdir.
Sonra MSK katibi Natiq Məmmədov
referendum üzrə təşəbbüs qruplarının təqdim
etdikləri imza vərəqələrində və digər sənədlərdə
olan məlumatların düzgünlüyünü yoxlamaq
üçün işçi qrupunun yaradılmasına dair məsələ
barədə məlumat vermişdir. Komissiya qərara
almışdır ki, imza vərəqələrində və
digər sənədlərdə olan məlumatların
düzgünlüyünü yoxlamaq məqsədi ilə Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə
Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası
Vergilər Nazirliyinin mütəxəssisləri
sırasından ekspertlərdən ibarət işçi qrupu
yaradılsın. Mərkəzi Seçki Komissiyasının
üzvü İlham Məmmədov işçi qrupunun rəhbəri
təyin edilmişdir.
MSK vətəndaşların
seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən)
və qərarlardan şikayətlərin
araşdırılması məqsədi ilə 9 nəfərdən
ibarət ekspert qrupunun yaradılması ilə bağlı da
qərar qəbul etmişdir.
Komissiyanın
iclasında bəzi normativ xarakterli aktların layihələri
təsdiq edilmişdir.
Mərkəzi Seçki Komissiyası 17 saylı Yasamal
üçüncü, 46 saylı Şirvan və 84 saylı
Füzuli seçki dairələri dairə seçki
komissiyalarının tərkibində dəyişiklik
etmişdir.
İclasda cari məsələlərə
də baxılmışdır.
Mərkəzi Seçki
Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin,
ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq
Fondun (ABŞ) təmsilçiləri və kütləvi
informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Azərbaycan.- 2009.- 9 yanvar.- S. 5.