Azərbaycanın xarici ticarət dövriyyəsi böyük sürətlə artır

 

Bütün sahələrdə olduğu kimi, iqtisadi sferada da uğurlu siyasətin davamı Azərbaycanın xarici ticarət yönümündə daha böyük müvəffəqiyyətlər əldə etməsilə nəticələnmişdir. Özəl biznesin inkişafı üçün yaradılan əlverişli şərait, istehsal münasibətlərində müsbət keyfiyyət dəyişiklikləri və bu qəbildən olan digər amillər ölkəmizin xarici ticarət dövriyyəsinin həcminin sürətlə artmasına səbəb olmuşdur. Bu isə öz növbəsində Azərbaycanın dünyaya iqtisadi inteqrasiyasının sürətlənməsində və xarici iqtisadi əməkdaşlığın daha da güclənməsində əsas amillərdən birinə çevrilmişdir. Prezident İlham Əliyev bununla bağlı demişdir: "Respublikanın sosial-iqtisadi vəziyyətini inkişaf etdirmək üçün biz xarici ölkələrlə və dünyanın bütün şirkətləri ilə sıx əməkdaşlıq etməyi, Azərbaycan ilə xarici ölkələr, şirkətlər arasında müştərək iş görməyi iqtisadiyyat sahəsində əsas istiqamətlərdən biri hesab edirik".

 

İxracat artır

 

Azərbaycanda yeni istehsal müəssisələrinin işə salınması, sahibkarlığın inkişafa dövlət qayğısı son nəticədə müasir tələblərə cavab verən texnologiyalar əsasında məhsul istehsalının həcmini çoxaltmışdır. Bütün bunlar indi Azərbaycanda rəqabətə davamlı məhsulların istehsal miqdarını artırmağa imkan verməklə yanaşı, onların dünya bazarında alıcılarının sayını da çoxaltmışdır. Bu səbəbdən ötən il Azərbaycanın xarici ticarət dövriyyəsində rekord sayıla biləcək səviyyədə artım qeydə alınmışdır. Əgər 2007-ci il ərzində xarici ticarət dövriyyəsi cəmi 11,8 milyard dollar olmuşdusa, ötən ilin 11 ayında bu göstərici 53,4 milyard dollar təşkil etmişdir. Həmin dövr ərzində Azərbaycandan xarici ölkələrə 47 milyard dollarlıq məhsul göndərilmiş, xaricdən isə Azərbaycana 6,4 milyard dollarlıq mal gətirilmişdir. Nəticədə hesabat dövrü ərzində xarici ticarətdə 40,4 milyard dollarlıq müsbət saldo yaranmışdır. Elə bunun nəticəsidir ki, 2008-ci ilin ilk 11 ayı ərzində ixracda artım 8 dəfədən çox olduğu halda, idxal edilən məhsulların həcmi cəmi 30 faizdən bir qədər artıq olmuşdur. Yəni Azərbaycan əsas etibarı ilə ixracatçı dövlət kimi çıxış etmiş və ötən ilin yanvar-noyabr ayları ərzində dünyanın 140 ölkəsi ilə ticarət əməliyyatları aparmışdır.

Xarici ticarət dövriyyəsində Azərbaycanın əsas tərəfdaşı kimi Avropa Birliyinə daxil olan ölkələr çıxış etmişlər. Təsadüfi deyil ki, ixrac-idxal əməliyyatlarının 55 faizə qədəri məhz bu təşkilatda birləşən ölkələrlə həyata keçirilmişdir. Hazırda xarici ticarət əməliyyatlarında Azərbaycanın əsas tərəfdaşları kimi İtaliya, ABŞ, İsrail, Hindistan, Fransa, Rusiya, İspaniya, Niderland, İndoneziya, Türkiyə, İngiltərə və Çili dövlətləri çıxış edir.

 

Azərbaycandan ən çox məhsul alan ölkə İtaliyadır

 

2008-ci ilin yanvar-oktyabr ayları ərzində ölkəmizdən İtaliyaya 18,7 milyard dollara yaxın məhsul göndərilmişdir ki, bu da həmin dövr ərzində ümumi ixrac dövriyyəsinin 41 faizinə bərabərdir. Ötən il ərzində Azərbaycan ABŞ, İsrail kimi qabaqcıl ölkələrlə də xarici ticarətdə çox uğurlu əməkdaşlıq etmişdir. Məhz bu səbəbdən 2008-ci ildə Azərbaycan məhsullarının əsas alıcısı qismində İtaliyadan sonra növbəti yerlər ABŞ və İsrailə məxsusdur. Ümumilikdə, keçən ilin ilk 10 ayı ərzində Azərbaycanın ixrac etdiyi məhsulların 20 faizdən çoxu bu iki ölkə tərəfindən alınmış və bu zaman ticarət dövriyyəsinin həcmi 10 milyard dolları keçmişdir. Hindistan, Fransa, İspaniya kimi ölkələrə isə Azərbaycandan hesabat dövrü ərzində göndərilən məhsulların miqdarı 6 milyard dollara yaxın olmuşdur.

Bir maraqlı məqamı da qeyd edək ki, Azərbaycan xarici ölkələrə ən müxtəlif çeşiddə, təxminən 2000-nə yaxın adda məhsul ixrac etmişdir. Ümumiyyətlə isə, respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar göndərilmişdir. Ötən ilin ilk 10 ayı ərzində bu məhsulların ixracda xüsusi çəkisi 99,28 faizə çatmışdır. Bundan başqa Azərbaycan xarici ölkələrə alüminium və alüminium məmulatları, polimer materiallar və onlardan hazırlanan məmulatlar, eləcə də qara metallar, üzvi kimyəvi birləşmələrin satışını da həyata keçirmişdir. Xam neftin xarici ölkələrə satışı isə əsasən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən həyata keçirilmişdir. "QKSSS" MMC, "Azneftyağ" İstehsalat Birliyi və "Caspian Petrol-1" firması da xam neftin ixracında aparıcı rol oynamışlar.

 

İdxalatda birinci yeri Rusiya tutur

 

Belə ki, 2008-ci ilin noyabr ayına qədər Rusiyadan ölkəmizə 1,1 milyard dollardan artıq məhsul idxal olunub ki, bu da idxalatın təxminən 19 faizinə bərabərdir. Sonrakı yerləri isə Türkiyə, Ukrayna, Almaniya və Çin bölüşdürür. Bu ölkələrdən Azərbaycana gətirilən məhsulların ümumi həcmi 2 milyard dollardan artıq olmuşdur. MDB ölkələrindən Azərbaycana əsas etibarı ilə dənli bitkilər, quru nəqliyyat vasitələri, müxtəlif növ avadanlıqlar və mexaniki qurğular, qara metal və onlardan hazırlanmış məmulatlar idxal edilmişdir. Bunun əvəzində isə Azərbaycandan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar, qara metallardan məmulatlar, gəmilər, qayıqlar və digər üzən vasitələr, heyvan və ya bitki mənşəli piylər və yağlar, meyvə ixrac olunmuşdur.

MDB-dən kənar xarici dövlətlərdən Azərbaycana gətirilən məhsullar da çeşidinə görə fərqlənir. Ötən il ərzində Azərbaycana belə ölkələrdən əsasən müxtəlif avadanlıqlar və mexaniki qurğular, quru nəqliyyat vasitələri, elektrik maşınları və avadanlıqları, onların hissələri, qara metallardan məmulatlar, optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar, onların hissələri və ləvazimatları idxal edilmişdir.

 

Xarici ticarət dövriyyəsinin həcmi bu il daha da artacaq

 

Cari il ərzində isə Azərbaycanın xarici ticarət dövriyyəsində daha böyük artım gözlənilir. Bu, həm ixraca, həm də idxala aiddir. Digər tərəfdən, dünyanın bir çox ölkələri Azərbaycanla xarici ticarət dövriyyəsinin artmasına xüsusi maraq göstərir. Məsələn, Ukrayna Azərbaycandan neft-kimya məhsullarına, o cümlədən xam neftin nəqlinə xüsusi maraq göstərir. 2008-ci ildə isə Azərbaycanla Ukrayna arasında xarici ticarət dövriyyəsi 1 milyard dollara çatıb. Ukraynanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dmitri Bojok bununla bağlı qeyd edir: "Ukrayna Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci ildə ölkələrimiz arasında xarici ticarət dövriyyəsi 2007-ci illə müqayisədə 50 faiz artaraq 1 milyard dollara çatıb. Ölkələrimiz arasında strateji tərəfdaşlıq, azad ticarət zonası dövlət başçıları Viktor Yuşşenko və İlham Əliyevin dost münasibətlərilə möhkəmləndirilir. Onlar birbaşa iqtisadi əlaqələr üçün etibarlı zəmin yaradıblar". Onun sözlərinə görə, Ukrayna əhalinin və sənaye kompleksinin ehtiyaclarının ödənilməsi üçün müxtəlif malların ixracatçısı qismində Azərbaycan üçün böyük önəm daşıyır: "Ölkələrimiz arasında ümumi sərhəd olmasa da, Ukrayna son bir neçə il ərzində Azərbaycanda ən böyük məhsul ixracatçıları beşliyinə daxildir və ixrac daşımaları üzrə 3-4-cü yerləri (Almaniya ilə bərabər) tutur. Biz qarşımıza daha ambisiyalı məqsədlər - Ukraynaya neft-kimya məhsullarının, o cümlədən neft məhsulları və xam neftin nəqlinin bərpa edilməsini və onun miqdarını artırmağı qoymuşuq. Əgər göstərilən səylər arzuolunan nəticəni verərsə, 2009-cu ildə xarici ticarət dövriyyəsinin səviyyəsi 1,5 milyard dolları ötüb keçəcək".

Rusiya da Azərbaycanla qarşılıqlı ticarət dövriyyəsinin artmasına böyük maraq göstərən ölkələr sırasında yer alır. Ötən il ərzində iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 1,9 milyard dollara yaxın olub. Lakin həm Azərbaycan, həm də Rusiya bu göstəricinin çox aşağı olması qənaətindədir. Ümumiyyətlə Rusiya hələ keçən ildən Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmini 2 milyard dollara çatdırmaq arzusunda olduğunu bildirir. Rusiyanın Bakıdakı ticarət nümayəndəliyinin rəhbəri Yuri Şedrin də qeyd etmişdir ki, onun ölkəsi Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biridir. Azərbaycandan Rusiyaya daha çox maşınqayırma məhsulları, ərzaq və kənd təsərrüfatı məhsulları, ağac və sellüloz-kağız məmulatları, kimya məhsulları ixrac olunur.

Rusiyadan ölkəmizə isə daha çox minik avtomobili, yük maşını, ictimai nəqiliyyat vasitələri, xüsusi təyinatlı avtomobillər, traktorlar, metropoliten üçün vaqonlar gətirilir. Ümumilikdə, 2008-2009-cu illərdə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 1330 adda məhsul üzrə həyata keçirilib. Belə hesab olunur ki, Azərbaycan Rusiya regionları ilə əməkdaşlıq üçün böyük potensiala malikdir. Bu sırada ilk olaraq Ural regionuna, Sverdlovsk və Çelyabinsk vilayətlərinin, eləcədə Tatarıstanın adları çəkilir. Yuri Şedrin belə hesab edir ki, Azərbaycan və Rusiya 2009-cu ildə qarşılıqlı xarici ticarət dövriyyəsini 2008-ci illə müqayisədə 10 faiz artıra bilər.

MDB ölkələri arasında Belarus da Azərbaycanla xarici ticarətin artmasına xüsusi maraq göstərir. Ümumiyyətlə isə, Azərbaycan və Belarus ticarət dövriyyəsini ilbəil artırır. Belə ki, ötən ilin 9 ayı ərzində hər iki ölkə arasında ticarət dövriyyəsi 2007-ci ilin müvafiq dövrünə nisbətən 28 faiz çoxalıb. Bu dövriyyənin 90 faizini Belarusdan Azərbaycana ixrac edilən mallar - traktorlar, avtobuslar, liftlər, kənd təsərrüfatı məhsulları təşkil edir. Yaxın perspektivdə ticarət dövriyyəsinin həcmini 500 milyon dollara çatdırmaq planlaşdırılır. Ölkəmizin bu dövlətdəki səfiri Əli Nağıyev isə bildirib ki, Azərbaycan da öz növbəsində Belarusa göndərilən meyvə və tərəvəzin həcmini artırmağa, meyvə emalı üzrə müştərək müəssisələr yaratmağa, eləcə də Belarusa konyak və şərab ixrac etməyə hazırdır. Ticarət dövriyyəsinin təkcə hazır məhsullar hesabına yox, müştərək müəssisələrin fəaliyyəti hesabına artdığını deyən səfir iki ölkə arasında enerji sahəsində də əlaqələrin genişləndiyini nəzərə çarpdırıb.

Azərbaycan və Türkiyə arasında qarşılıqlı əmtəə dövriyyəsinin miqdarının isə 2,5 milyard dollara qədər artırılması planlaşdırılır. Ötən il Azərbaycanda səfərdə olan Türkiyənin dövlət naziri Kurşad Tuzmən bildirib ki, Ankara ölkəmizlə iqtisadi, o cümlədən ticarət və investisiya əməkdaşlığının genişləndirilməsində maraqlıdır. Onun fikrincə, bu münasibətlərin inkişafı dünya iqtisadi böhranının nəticələrinin aradan qaldırılmasına imkan verər.

2008-ci ilin ilk 9 ayı ərzində isə ölkələr arasında qarşılıqlı əmtəə dövriyyəsi 1,142 milyard dollar təşkil edib. Bunun 552 milyon dolları Azərbaycanın, 590 milyon dolları isə Türkiyə idxalının payına düşür.

Azərbaycanın qonşu ölkələrindən Gürcüstan isə dövlətlərarası ticarət dövriyyəsinin miqdarının ən azı 1 milyard dollara çatdırılmasını istəyir. Son illər ərzində isə ölkələrimizin ticarət dövriyyəsinin həcmi 85 faiz artaraq 700 milyon dollara çatıb. Bu artım əsasən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji layihələrinin hesabına baş verib.

Ümumiyyətlə isə, Azərbaycanla ticarət əlaqələrinə malik ölkələrin demək olar ki, hamısı bu sahədə əməkdaşlığın mütəmadi olaraq genişlənməsinə ayrıca diqqət yetirir və işbirliyinin möhkəmlənməsinə çalışır. Azərbaycan da öz növbəsində iqtisadi maraqlarına uyğun şəkildə xarici ölkələrlə qarşılıqı əməkdaşlığın genişləndirilməsi istiqamətində əməli addımlar atmaqda davam edir.

Azərbaycanın xarici ticarət əlaqələri təkcə dövlət yox, həm də özəl biznesin hesabına inkişaf etməkdədir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ötən ilin 10 ayı ərzində xarici ticarətlə 11225 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 4045-i hüquqi, 7180-i isə fiziki şəxslərdir. Hesabat dövründə ixrac əməliyyatlarında dövlət sektorunun payı 16469897,1 min ABŞ dolları (35,81%), özəl sektorun 29387915,2 min ABŞ dolları (63,9%), fiziki şəxslərin payı isə 129240,3 min ABŞ dolları (0,29%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 1412797,1 min ABŞ dolları (23,95%), özəl sektorun payı 4188012,3 min ABŞ dolları (71,%), fiziki şəxslərin payı isə 297602,3 min ABŞ dolları (5,05%) olmuşdur.

 

Tranzit yükdaşımalarının

da həcmi artıb

 

2008-ci il ərzində xarici ticarət dövriyyəsi ilə yanaşı, Azərbaycan ərazisilə tranzit daşımalarının həcmində ciddi artım qeydə alınmışıdır. Təkcə keçən ilin noyabr ayına qədər tranzit olaraq Azərbaycan ərazisindən 5378,7 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İtaliya (2044,1 min ton), İsveçrə (1486,2 min ton), Gürcüstan (773,7 min ton), Tacikistan (271,4 min ton), Türkmənistan (193,1 min ton), İran (182,5 min ton), Türkiyə (160,5 min ton), Rusiya (147,3 min ton) və Qazaxıstan (37,1 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan ərazisindən daşınan tranzit yükün miqdarı 2007-ci ilin müvafiq dövrünə nisbətən 110,95 faiz olmuş və ya 530,9 min ton artmışdır.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.-2009.-10 yanvar.-S.1-3.