Azərbaycan Cənubi Qafqazda ən fəal xarici siyasət aparan ölkədir

 

Ötən beş ildə Azərbaycanın milli dövlətçilik maraqlarının qorunmasına, beynəlxalq aləmdə aparıcı mövqe tutan ölkələr və beynəlxalq təşkilatlarla münasibətlərin daha da inkişafına doğru istiqamətlənən xarici siyasət kursu uğurla davam etdirilmişdir. Prezident İlham Əliyev dünyada gedən mürəkkəb, ziddiyyətli proseslər fonunda respublikamızın müstəqilliyini və milli təhlükəsizliyini daha da möhkəmləndirmiş, fəal və çevik diplomatiya sayəsində ölkəmizin beynəlxalq aləmdə mövqeyini gücləndirmişdir. Xarici siyasət doktrinasının yeni dövrün tələblərinə uyğunlaşdırılması, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün nüfuzlu beynəlxalq qurumlarla faydalı əməkdaşlıq müsbət nəticələr vermişdir.

 

Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının beynəlxalq hüququn bütün prinsiplərinə ziddiyyət təşkil etməsi dünyanın nüfuzlu qurumlarının ali tribunalarından səsləndirilmişdir. Azərbaycanla münaqişədə olan Ermənistanın düşünülmüş fəaliyyəti nəticəsində beynəlxalq hüququn prinsipləri uzun illərdir pozulmaqdadır. Beynəlxalq hüquqa əsasən, səbəbindən asılı olmayaraq, ərazi bütövlüyü prinsipini pozaraq və ya istənilən bir xalqın iradəsinə zidd olaraq onun torpaqlarını ilhaq və ya işğal etmək təcavüzkarlıq əməli sayılır.

Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ və ona bitişik 7 rayonu işğal etməsi nəticəsində bir milyondan artıq azərbaycanlının hüquqları pozulmuş, onlar öz doğma torpaqlarından didərgin düşmüşlər. Bu hal beynəlxalq hüququn əsas insan hüquqlarına hörmət edilməsi prinsipinin pozulması ilə nəticələnmişdir. Bu prinsip beynəlxalq hüquqi təcrübədə özünün ilk rəsmi ifadəsini BMT Nizamnaməsində və İnsan Hüquqları Bəyannaməsində tapmışdır. Bəyannamədə insan hüquqları və azadlıqlarının bütün bəşəriyyət üçün əhəmiyyəti təsdiq edilir, insan hüquqları və əsas azadlıqlarına bütün dövlətlərin istisnasız olaraq əməl etməsi əsas şərt kimi qoyulur. Bəyannamədə qeyd edilir ki, dövlətlər və xalqlar arasında sülhün, ədalətin və qarşılıqlı anlaşmanın mühüm amili insan hüquqları və əsas azadlıqlarıdır ki, dövlətlər bunu yerinə yetirməyə borcludurlar. Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş torpaqlarımızdan qeyd-şərtsiz çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Avropa Şurasının, İslam Konfransı Təşkilatının qətnamələrində də Ermənistan təcavüzkar dövlət kimi tanınmışdır. Təəssüflər olsun ki, işğalçı dövlət beynəlxalq təşkilatların qərarlarına hörmət etməyərək təcavüzkar siyasətini davam etdirməkdədir.

Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ probleminin yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini mümkün sayır. Son illərdə Prezident İlham Əliyev münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində apardığı danışıqlarda rəsmi Bakının psixoloji-siyasi üstünlüyünü təmin etmişdir. Ölkənin iqtisadi cəhətdən qüdrətlənməsi, Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi problemin həlli ilə bağlı danışıqlarda rəsmi Bakının mövqelərinin güclənməsi ilə müşayiət olunur. Azərbaycanın iqtisadi, siyasi, hərbi potensialının ildən-ilə güclənməsi iqtisadi böhran məngənəsindən çıxa bilməyən Ermənistan rəhbərliyini münaqişənin "Praqa prosesi", yəni mərhələli həll əsasında həllinə razılıq verməsi ilə nəticələnmişdir.

2007-ci il noyabrın 29-da Madriddə ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş görüş münaqişənin sülh yolu ilə həlli imkanlarının tükənmədiyini təsdiq etdi. 2008-ci il noyabrın 2-də Rusiya Prezidentinin təşəbbüsü ilə Moskvada Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüş və imzalanmış bəyannamənin də mühüm əhəmiyyəti olmuşdur. Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin siyasi vasitələrlə həlli perspektivlərini müzakirə edərək regionda sabitliyin və təhlükəsizliyin bərqərar edilməsinə kömək edəcəklərini bəyan etmişlər. Sənəd Azərbaycan və Ermənistanın dövlət başçılarının danışıqlarda birbaşa təmasını nəzərdə tutur. Bu, bir daha münaqişə tərəfləri kimi yalnız Azərbaycan və Ermənistanı təsdiqləmiş olur.

Dağlıq Qarabağın separatçı rejiminin danışıqlar prosesində iştirak etmək arzusu bununla da puça çıxmış oldu. Moskva Bəyannaməsi rəsmi Bakının mövqeyini özündə tam əks etdirməklə ölkəmizin növbəti diplomatik uğuru kimi qiymətləndirilə bilər. Sənəddə göstərilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə davam etdiriləcək. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa təbrikində bildirmişdir: "Bütün dünya ictimaiyyəti Azərbaycanı dəstəkləyir və mən şübhə etmirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaqdır. Bunun başqa yolu yoxdur. Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt Dağlıq Qarabağa müstəqillik verməyəcəkdir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və biz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün bütün səyləri göstərəcəyik. Həm siyasi, həm diplomatik və lazım gələrsə, hərbi üsullardan da istifadə etmək olar. Bu haqq bizdə var. Beynəlxalq hüquq bunu təmin edir".

2008-ci ildə də ordu quruculuğu sahəsində bütün zəruri tədbirlər həyata keçirilmişdir. Hərbi xərclərimiz 2 milyard dollara çatıb və 2009-cu ildə bu rəqəm daha da artacaqdır. Ölkə rəhbərliyi ordunun döyüş hazırlığının yüksəldilməsi, peşəkar hərbçilərin hazırlanması, hərbi hissələrdə nizam-intizamın möhkəmləndirilməsi, təlimin düzgün qurulması istiqamətində işləri daha da gücləndirir.

Azərbaycan iqtisadiyyatının ildən-ilə güclənməsi, dövlət büdcəsinin artması digər sahələr kimi, hərbi təhlükəsizliklə bağlı görülən işlərə daha çox maliyyə vəsaitlərinin ayrılmasını şərtləndirir. Hərbi xərclərin artması ordu quruculuğu prosesini daha da sürətləndirmiş və bunu Azərbaycan ordusunun bütün birləşmələrinin timsalında görmək mümkündür. Dövlət büdcəsində orduya ayrılan vəsaitin artımı hərbi qulluqçuların - generalların, baş və kiçik zabitlərin, gizirlərin, miçmanların, çavuşların, əsgərlərin, matrosların, müddətdən artıq hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi, mənzil şəraitlərinin yaxşılaşdırılması, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi ölkənin müdafiə sisteminin gücləndirilməsi deməkdir.

Cənubi Qafqazın ən qüdrətli ordusu olan Azərbaycan hərbi yolla da torpaqlarını işğaldan azad etməyə hazırdır. Lakin sülh danışıqlarının aparılması üçün imkanlar hələ tükənməyib. Azərbaycan rəhbərliyi bütün mümkün imkanlardan istifadə edərək münaqişənin ölkəmizin maraqlarına uyğun həll edilməsi üçün səylərini artırır. Bu istiqamətdə aparılan uğurlu xarici siyasət müsbət nəticə verməlidir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.-2009.-10 yanvar.-S.1-5.