Azərbaycanla Türkiyə
strateji tərəfdaş, qardaş və dost ölkələrdir
Son illərdə Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi nailiyyətlər, dünya dövlətləri ilə əlaqələrinin genişləndirilməsi əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət xəttinin uğurla davam etdirildiyini təsdiqləyir. Respublikamızın qonşu ölkələrlə qarşılıqlı əlaqələrinin inkişafında Türkiyəyə daha çox önəm verilir.
Ölkəmizin Cənubi Qafqaz regionunda artan siyasi nüfuzu, hərbi qüdrəti və iqtisadi imkanları qardaş Türkiyə ilə əlaqələrin daha geniş miqyasda qurulmasına şərait yaradır. İkitərəfli münasibətlərin dərinləşdirilməsinin təzahürü kimi ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri istifadəyə verilmiş, Bakı-Tbilisi-Ərzurum qaz kəməri fəaliyyətə başlamış, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi istiqamətində razılaşmalar əldə edilmişdir. "Əsrin müqaviləsi", "Böyük İpək yolu", TRASEKA, TASİS layihələrinin həyata keçirilməsində, Türksoyun, Türk Yazarlar Birliyinin yaradılmasında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin 1999-cu ildə Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülməsi, Ankaranın Batıkənd məhəlləsindəki küçəyə ulu öndərin adının verilməsi dahi rəhbərimizin türk dünyasının birliyinə yönəlmiş siyasətinin Türkiyədə yüksək dəyərləndirildiyini nümayiş etdirmişdir.
Ötən illər ərzində Türkiyə ilə Azərbaycan arasında bütövlükdə 250-dən çox sənəd imzalanmasının, razılaşmaların nəticəsi olaraq bu gün regionda həyata keçirilən beynəlxalq miqyaslı layihələr ölkələrimiz arasındakı səmərəli və faydalı əməkdaşlığa dəlalət edir. Bölgədə gedən proseslər iki ölkənin yaxından iştirakı və birgə təşəbbüsləri ilə həyata keçirilir.
Dost ölkələrin əməkdaşlığı yalnız regional layihələrin həyata keçirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi ilə yekunlaşmır. Türkiyə ilə Azərbaycan beynəlxalq miqyasda da əməkdaşlıq edirlər. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində keçirilən səsvermə zamanı işğal olunmuş ərazilərdə yaranmış vəziyyətlə bağlı qətnamənin qəbul edilməsində Türkiyənin ölkəmizə dəstəyi və mövqeyi çox mühüm olmuşdur. Qardaş ölkə rəsmən bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsinin respublikamızın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun olaraq tezliklə həll edilməsində Azərbaycanın mövqeyini daim dəstəkləyəcək. Martın 14-də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin geniş iclasında 62-ci sessiyanın gündəliyində 20-ci bənd kimi duran "Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyət" məsələsinin müzakirəsi zamanı Türkiyə dünya ölkələrinin təmsilçilərini respublikamızın ərazi bütövlüyünü tanımağa, layihəni dəstəkləməyə çağırdı.
Respublikamızın 2009-2010-cu illər üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Türkiyənin üzvlüyünü dəstəkləməsi, eyni zamanda dost ölkənin Təhlükəsizlik Şurasında 2011-2012-ci illər üçün Azərbaycanın üzvlüyünü dəstəkləmək barədə razılaşmanın əldə edilməsi dünyanın nüfuzlu təşkilatları səviyyəsində davam etdirilən qarşılıqlı yardımın yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Beynəlxalq miqyasda gündən-günə genişlənən əməkdaşlıq İslam Konfransı Təşkilatı çərçivəsində uğurla davam etdirilir. Qardaş Türkiyə bu təşkilatın Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini pisləyən bəyanatının qəbul edilməsində mühüm rol oynamışdır.
Yeni əməkdaşlıq mərhələsi kimi xarakterizə olunan 2008-ci ildə Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələr üzrə genişləndirilməsi hökumət rəsmilərinin qarşılıqlı səfərləri ilə əlaqədar daha da dərinləşdi. Mayın 21-də Baş nazir Artur Rasizadənin Türkiyəyə işgüzar səfəri, bu ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla, Böyük Millət Məclisinin sədri Köksal Toptanla, Prezident Abdulla Güllə görüşündə iki ölkə arasındakı əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı aparılan fikir mübadiləsi əməkdaşlığın dərinləşdirilməsi imkanlarının geniş olduğunu göstərdi.
Naxçıvan ikitərəfli əlaqələrdə xüsusi rol oynayır
Prezident İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanla Naxçıvan Muxtar Respublikasının Ali Məclisində iyunun 4-də keçirilmiş görüşü ölkələrimiz arasında dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini, eyni zamanda qardaş Türkiyənin Naxçıvanla ikitərəfli əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verdiyini sübut etdi. Naxçıvanda keçirilən görüşü bu müttəfiqliyi narahatlıqla qarşılayan ölkələrə ciddi siyasi mesaj kimi səciyyələndirənlər də vardı.
Muxtar respublikada iki dost dövlət rəsmilərinin bir araya gəlməsi həm də tarixi keçmişlə əlaqədar idi. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ilk dəfə Naxçıvanla Türkiyə arasında əlaqələr inkişaf etməyə başlamışdır. Ölkələrimiz arasında yeganə sərhəd yerinin qədim Azərbaycan torpağı Naxçıvana məxsus olması, Türkiyə Baş nazirinin səfəri zamanı muxtar respublikada "Duzdağ" Fizioterapiya Mərkəzinin açılışı Naxçıvanın böyük ticarət ortağı kimi qonşu ölkə ilə işbirliyini inkişaf etdirməsinin bariz nümunəsidir. Bunu iqtisadi əlaqələrdə qazanılan uğurlar da təsdiqləyir. Hələ 2007-ci ildə iqtisadi əlaqələr 33 faiz artaraq 40 milyon dollara çatmış, 2008-ci ildə bu göstərici daha da artmışdır.
Naxçıvanın iqtisadi inkişafını və imkanlarını nəzərə alaraq muxtar respublikanın Türkiyənin müvafiq vilayətləri ilə əlaqələrinin daha da genişləndirilməsi olduqca vacibdir. Muxtar respublikadakı böyük quruculuq və tikinti işlərində türk firmaları fəal iştirak edirlər. Burada ən çox iş görən də məhz Türkiyə şirkətləridir.
Birgə əməkdaşlığın
töhfəsi olan yeni
tarixi layihə
İyulun 24-də təməli qoyulmuş Bakı-Tbilisi-Qars dəmir yolu bütün sahələr üzrə dostluq, qardaşlıq əlaqələrinin daim gücləndiyinin, Azərbaycan-Türkiyə münasibətlərinin digər ölkələr üçün nümunə xarakteri daşımasının təzahürüdür. Enerji və nəqliyyat infrastrukturlarından birgə istifadə edilməsi yalnız iki ölkəyə deyil, regiona sabitlik və əmin-amanlıq bəxş etdi, Çox keçmədən digər dövlətlər, o cümlədən Mərkəzi Asiya ölkələri bu cür irimiqyaslı layihələrə qoşulmağa maraqlı olduqlarını bəyan etdilər. "Dəmir İpək yolu" adlandırılan bu layihə Avropadan Çinə qədər birbaşa əlaqəni təmin etməyə imkan verəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi ilə həm də Ermənistanın respublikamıza hərbi təcavüzü nəticəsində 1993-cü ildə Türkiyə ilə Orta Asiya arasında kəsilmiş dəmir yolu əlaqəsi yenidən bərpa olunacaq. Gələn il tamamlanması nəzərdə tutulan bu layihə iki qardaş ölkənin bir-birinə daha sıx bağlanmasına, uğurlarını birgə paylaşmasına, yüklərin müştərək daşınmasına imkan verəcək.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın avqustun 20-də respublikamıza işgüzar səfəri isə hər iki ölkə tərəfindən irəli sürülən və uğurla nəticələnən təşəbbüslərin davam etdiyini, əlaqələrin ən yüksək səviyyəyə çatdığını göstərdi. Dövlət başçısı İlham Əliyevin Türkiyənin Baş naziri ilə görüşündə tərəfdaş ölkələrin münasibətlərinin bütün aspektləri geniş şəkildə müzakirə edildi. Azərbaycan Prezidenti bəyan etdi ki, iki ölkə hökumətləri arasında enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi məsələləri bu gün diqqət mərkəzindədir.
Prezident İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Abdula Gülün sentyabrın 10-da keçirilmiş görüşü isə ölkələrimizin dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə sürətlə inkişafı, ikitərəfli əlaqələrin genişlənməsi, regional əməkdaşlığın möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçıları ikitərəfli münasibətlər, regional və beynəlxalq problemlər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirə apararaq gələcək əməkdaşlıq istiqamətlərini nəzərdən keçirdilər. Bu səfər dövlət başçılarının ölkələrimizin ikitərəfli münasibətlərinin bütün istiqamətlərini müzakirə etməyə, birgə fəaliyyət haqqında qərarların qəbuluna imkan verdi. Təkbətək görüşdən sonra bəyanatla çıxış edən prezidentlər iqtisadi və siyasi təşəbbüslərin bölgədə tərəfdaşlığın, eyni zamanda sabitliyin, sülhün bərqərar olunmasına xidmət etdiyini bildirdilər.
Yeni əməkdaşlıq mərhələsinin
başlanğıcı
Türkiyə-Azərbaycan əməkdaşlığının genişləndirilməsi respublikamızda 2008-ci ilin ən böyük ictimai-siyasi hadisəsi olan prezident seçkilərindən sonra yeni mərhələyə qədəm qoydu. Prezident İlham Əliyevin növbəti seçkilərdə qələbəsindən sonra xarici ölkəyə ilk rəsmi səfərini məhz Türkiyəyə etməsi dost dövlətə verilən xüsusi önəmin göstəricisidir. Noyabrın 5-də bu ölkəyə rəsmi səfərə yola düşən Azərbaycan Prezidenti iki dövlət arasındakı əlaqələrin xalqlarımız, eyni zamanda regionda sülhün və sabitliyin təmin olunması baxımından böyük önəm daşıdığını bəyan etdi. Prezident İlham Əliyev bildirdi ki, siyasi müttəfiqliyin yüksək səviyyəyə qaldırılması, imzalanmış sənədlərin hüquqi bazası növbəti mərhələ üçün yeni imkanlar yaradır. Ticarət dövriyyəsinin sürətlənməsi, qoyulan sərmayələr ölkəmizin iqtisadi gücünü artırır. Türkiyə Böyük Millət Məclisində çıxış edən dövlət başçısı İlham Əliyev bu birliyin sabitləşdirici amil olduğunu bəyan etdi: "Prezident seçkilərindən sonra mən ilk rəsmi səfərimi Türkiyəyə edirəm. Bu, əlbəttə ki, təbii haldır. Ancaq bununla bərabər bizim münasibətlərimizin nə qədər yüksək səviyyədə olmasını göstərir. Həqiqətən Türkiyə-Azərbaycan münasibətləri dünyada bir örnəkdir. İnanmıram ki, dünyada belə səmimi, belə gözəl münasibətlər olan ölkələr tapılsın. Çox şadam ki Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə münasibətlər yüksələn xətlə inkişaf edir, davam edir". Səmimi dostluq münasibətlərinin daim inkişaf etdiyini vurğulayan Azərbaycanın dövlət başçısı əməkdaşlığın dərinləşməsinə önəm verildiyini söylədi.
Prezident İlham Əliyev Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə aradan qaldırılmasına yönələn addımlarının təqdir olunduğunu bildirdi. Dövlət başçısı Azərbaycanın Türkiyənin mövqeyini bəyəndiyini, dəstəklədiyini bəyan etdi, növbəti aylarda yeni siyasi addımların atılacağını söylədi: "Türkiyə dövlətinin Azərbaycanın üzləşdiyi ən böyük problem olan Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe birmənalı və dəyişməzdir. Qardaş ölkə beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyir". Türkiyənin Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması təşəbbüsünə ən güclü və ilk dəstəyin Azərbaycan tərəfindən verilməsi dost ölkələrin birgə təşəbbüsləri, istər siyasi, istərsə də iqtisadi, enerji, nəqliyyat sahələrində ortaq məxrəc təşkil etdiyini göstərir. Birgə təşəbbüslər hər iki dövlətin güclənməsinə, qarşılıqlı münasibətlərin yeni pilləyə qədəm qoymasına təkan verir.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin uğurlu fəaliyyəti həm də bölgədə sabitliyin möhkəmlənməsinə, əməkdaşlığın dərinləşməsinə xidmət göstərir, iqtisadi imkanları dərinləşdirir. Artıq regionda Şərq-Qərb enerji dəhlizi və enerji təhlükəsizliyi Türkiyə və Azərbaycanın iştirakı olmadan mümkün deyil. 2010-cu ildə fəaliyyətə başlayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti tarixi layihə olaraq Türkiyə və Azərbaycan ərazisindən keçməklə Avropanı Asiya ilə birləşdirəcək. Cənubi Qafqazda sabitlik və əməkdaşlıq təşəbbüsü ilə çıxış edən Türkiyə hazırda bölgədəki proseslərə daha ciddi şəkildə müdaxilə edir.
Ümumi maraqlara söykənən
birgə diaspor fəaliyyəti
Türkiyə ilə Azərbaycan eyni zamanda xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının birgə fəaliyyəti üçün də praktiki işlər görür. Martın 27-də Berlində keçirilmiş Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Əlaqələndirmə Şurasının iclası Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin 2007-ci il martın 9-da Bakıda keçirilmiş I Forumunda qəbul olunmuş Bakı Bəyannaməsinə uyğun olaraq təşkil edilmişdi. Toplantı iştirakçıları diaspor təşkilatı fəallarının yaşadıqları ölkələrdə ictimai qurumlar, siyasi partiyalar, QHT-lər, mədəniyyət mərkəzləri və digər milli-dini icmalarla müasir dünyanın tələb etdiyi səviyyədə əməkdaşlığın vacib olduğunu vurğulayaraq Dünya Azərbaycan və Türk Diaspor Təşkilatlarının Əlaqələndirmə Şurasının 9 nəfərdən ibarət idarə heyətini formalaşdırdılar. İclasda qəbul edilmiş Berlin Bəyannaməsinə görə Əlaqələndirmə Şurası Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktının beynəlxalq birliyə çatdırılması üçün türkdilli xalqların diaspor təşkilatları tərəfindən daha qətiyyətli, ardıcıl, müasir təbliğat texnologiyaları əsasında tədbirlər görülməsini vacib hesab edir. Şuranın toplantısında 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törədilmiş soyqırımın 90 illiyi ilə əlaqədar bəyanat qəbul edildi.
Respublikamızda keçirilmiş Türkiyə-Azərbaycan diaspor təşkilatları rəhbərləri forumunun nəticələri Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Xaricdə yaşayan soydaşlarımızın vahid mövqedən çıxış etdiklərinə, birgə tədbirlər keçirdiklərinə toxunan dövlət başçısı bunun türk dünyası həqiqətlərinin yayılmasına töhfə verəcəyini bildirdi: "Əminəm ki, biz xaricdəki diaspor təşkilatlarının birgə fəaliyyəti nəticəsində ölkələrimiz xalqlarımız, xalqlarımızın tarixi, mədəni irsi, zəngin mədəniyyəti haqqında dünya birliyinə daha dolğun məlumatın çatdırılmasına nail olacağıq. Biz buna daha çox önəm veririk və mən çox şadam ki, birgə səylərimiz təkcə ikitərəfli müstəvidə deyil, eyni zamanda bütün dünyada özünü göstərir".
İki ölkə arasındakı əlaqələrin sürətli inkişafı hərbi sahədə də qabarıq nəzərə çarpır. Respublikamızda uğurla həyata keçirilən ordu quruculuğunda başlıca strateji tərəfdaş kimi Türkiyənin çıxış etməsi hərbi sahədə əməkdaşlığın daha da gücləndirilməsi üçün yeni üfüqlər açır. Dost ölkə Azərbaycanda ordu quruculuğu prosesinin NATO standartlarına uyğunlaşdırılmasında da əsas müttəfiqlərdən biri sayılır. Türkiyə Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Quru Qoşunlarına, Hərbi Hava Qüvvələrinə, Hava Hücumundan Müdafiə Qoşunlarına, Hərbi Dəniz Qüvvələrinə, Daxili Qoşunlara və Milli Qvardiyaya müxtəlif formalarda yardımların edilməsi, son on il ərzində bu yardımların miqdarının 175 milyon dolları ötməsi əməkdaşlığın yalnız siyasi, iqtisadi, sosial sahələrlə kifayətlənmədiyini göstərdi. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan zavodların modernləşdirilməsində də Türkiyə şirkətləri yaxından iştirak edirlər.
Dekabrın 22-dən 24-dək Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, ordu generalı Hasan İğsızın rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilmiş hərbi dialoq əməkdaşlığın gücləndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Hər iki tərəf üçün kifayət qədər faydalı olan müzakirələrdə hərbi əməkdaşlığın bundan sonra da geniş miqyasda davam etdirilməsi qərara alındı və bu istiqamətdə razılaşmalar əldə olundu.
2008-ci il Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı baxımından olduqca əhəmiyyəli dövr kimi səciyyələndirilir. Ötən ildə dost ölkələrin prezidentləri və baş nazirləri 10 görüş keçiriblər, qarşılıqlı ticarət dövriyyəsinin həcmi 1,5 milyard dollardan 2,5 milyard dollara qədər artmışdır. Transmilli neft-qaz layihələri uğurla inkişaf edir. Bu gün Türkiyə respublikamızın qeyri-neft sektoruna ən çox sərmayə qoyan ölkəyə çevrilib. Türkiyə ilə Azərbaycan arasındakı xarici ticarətin həcminin 2010-cu ilə qədər 3 milyard dollara qədər artacağı gözlənilir.
Bütün bunlar Türkiyə-Azərbaycan münasibətlərinin cari ildə də yüksək səviyyədə inkişaf edəcəyindən, qardaş ölkələrin bölgədə mövqelərinin daha da möhkəmlənəcəyindən, beynəlxalq aləmdə nüfuzlarının artacağından xəbər verir.
Anar RASİMOĞLU
Azərbaycan.-2009.-10
yanvar.-S.1-3.