Referendumla bağlı təşəbbüs qrupları
yaradılmış, tədbirlər
planı hazırlanmışdır
Son beş ildə
Yardımlı rayonu böyük inkişaf yolu
keçmişdir. Bu müddət ərzində burada müasir
tələblərə cavab verən neçə-neçə
təhsil, səhiyyə, mədəniyyət ocaqları tikilib
istifadəyə verilmişdir. Rayon mərkəzində, uca
dağlar qoynunda salınmış Heydər Əliyev parkı
əhalinin sevimli istirahət mərkəzinə
çevrilmişdir. 2006-cı ildə istifadəyə verilən
körpələr evi - uşaq bağçası, yeni stadion,
xalça və tikiş sexi, ticarət mərkəzi camaatın
ürəyincə oldu, onlarda gələcəyə inamı
artırdı. Yaradılan yeni iş yerləri adamların məşğulluğuna,
yoxsulluğun azaldılmasına, sosial rifahın yüksəlməsinə
müsbət təsir göstərdi. 2007 - 2008-ci illərdə
də Yardımlıda çox işlər görüldü.
Yeni-yeni yaşayış evləri, inzibati binalar, turizm mərkəzləri
inşa olundu. Yardımlı qəsəbəsinə şəhər
statusu verildi. 53 kilomertlik Masallı - Yardımlı magistral
avtomobil yolunun, habelə Yardımlıya təbii qaz xəttinin
çəkilişi rayonun tarixində mühüm hadisəyə
çevrildi. Son 5 il ərzində Prezident cənab İlham Əliyev
2 dəfə rayona səfər etdi, əhali ilə
görüşlər keçirdi, adları çəkilən
obyektlərin açılış mərasimində
iştirak etdi, eyni zamanda rayonun inkişafı
üçün göstərişlərini verdi. Bunun nəticəsi
olaraq keçən il oktyabrın 15-də keçirilən
prezident seçkilərində rayon əhalisi ümummilli lider
Heydər Əliyev ideyalarının layiqli
davamçısı İlham Əliyevə səs verdi.
Rayonda martın 18-də
keçiriləcək referenduma hazırlığa da
yaxşı əhval-ruhiyyə ilə başlamışlar. Urakəran
kəndində keçirilən toplantıda
çıxış edənlər bildirmişlər ki,
ötən il dekabr ayının 26-da Milli Məclisin qəbul
etdiyi "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr
və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin
(referendumun) keçirilməsi haqqında" qərar müstəqillik
yolunda qətiyyətli addımlar atan və demokratik prinsiplər
əsasında inkişaf edən Azərbaycanda
Konstitusiyanın təkmilləşdirilməsi deməkdir.
Rayonun digər 8
yaşayış məntəqəsində də
yığıncaqlar keçirilmiş və 605 nəfəri
yeni yaradılan ilkin təşəbbüs qruplarına üzv
seçmişlər. Seçilmiş nümayəndələr
bu qənaətdədirlər ki, Konstitusiyaya əlavə və
dəyişikliklər Azərbaycan dövlətinin konstitusion əsaslarının
daha da möhkəmləndirilməsi, insan
hüquqlarının və azadlıqlarının daha
yaxşı qorunması, vətəndaşların layiqli həyat
səviyyəsinin təmin edilməsi, demokratiyanın gücləndirilməsi
və yerli özünüidarəetmənin inkişafı
baxımından zəruridir.
Seyran CAVADOV
Azərbaycan.-2009.-10 yanvar.-S.3.