Ədliyyə Nazirliyində
Referendum Aktının
layihəsi geniş müzakirə olunmuşdur
Azərbaycan
Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər
edilməsinə dair martın 18-də keçiriləcək
ümumxalq səsverməsi - referendumla bağlı ölkəmizdə
məqsədyönlü tədbirlər, o cümlədən
Referendum Aktının əhali arasında geniş
izahının təşkili və mahiyyətinin hər bir vətəndaşa
çatdırılması istiqamətində zəruri işlər
görülür.
Ədliyyə naziri Fikrət
Məmmədovun sədrliyi ilə keçirilmiş nazirliyin
kollegiya iclasında Referendum Aktının layihəsi ilə
bağlı məsələ müzakirə olunmuş, bununla əlaqədar
ədliyyə orqanlarının üzərinə mühüm
vəzifələr qoyulmuş, bu sahədə hüquqi maarifləndirmə,
təbliğat-izahat işinin gücləndirilməsinə
dair konkret tapşırıqlar verilmiş, silsilə tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Diqqətə
çatdırılmışdır ki, yanvarın 7-də Ədliyyə
Nazirliyində "Azərbaycan Respublikasının
Konstitusiyasına əlavələr və dəyişikliklər
edilməsi haqqında" Referendum Aktının mahiyyətinin
dərindən öyrənilməsi və onun hərtərəfli
təhlil edilməsi məqsədilə yığıncaq
keçirilmişdir.
Ədliyyə nazirinin
müavini Toğrul Musayev tədbiri açaraq, hər bir
ölkənin tarixində əsas Qanunda dəyişikliklər
edilməsinin mühüm hadisə olduğunu bildirmiş, Azərbaycan
Respublikası Milli Məclisinin Qərarı ilə ümumxalq
səsverməsinə çıxarılmış Referendum
Aktının ictimai-siyasi və hüquqi əhəmiyyətini
xüsusi qeyd etmişdir. Nazir müavini son illər ölkəmizdə
aparılan ardıcıl və məqsədyönlü siyasi,
iqtisadi islahatların, demokratik proseslərin, Azərbaycanın
Avropaya sıx inteqrasiyasının Konstitusiyaya dəyişikliklərin
edilməsinə zərurət yaratdığını
söyləmiş, nəzərdə tutulan əlavələr
və dəyişikliklərin tam mütərəqqi xarakter
daşımaqla ölkəmizdə insan hüquq və
azadlıqlarının daha səmərəli qorunmasına, vətəndaşların
həyat səviyyəsinin layiqli təmin edilməsinə,
demokratiyanın genişlənməsinə və
inkişafına xidmət etdiyini vurğulamışdır.
Tədbirdə Azərbaycan
Respublikası Milli Məclis Aparatının dövlət
quruculuğu üzrə qanunvericilik şöbəsinin
müdiri, hüquq elmləri doktoru Lətif Hüseynov
çıxış edərək, Konstitusiyaya təklif edilən
əlavələr və dəyişiklikləri, onları
doğuran səbəbləri hərtərəfli və elmi əsaslarla
şərh etmiş, Referendum Aktının mahiyyəti və
aktuallığı barədə ictimaiyyət arasında
hüquqi-təbliğat işinin aparılmasında Ədliyyə
Nazirliyinin təşəbbüsünü və fəal
iştirakını yüksək qiymətləndirmişdir.
Ətraflı fikir
mübadiləsi şəraitində keçən
görüşdə Referendum Aktına dair məsələlər
barədə geniş müzakirələr
aparılmış, həmin əlavələr və dəyişikliklər
müstəqil Azərbaycanın milli qanunvericiliyinin təkmilləşdirilməsi
istiqamətində zəruri addım kimi dəyərləndirilmiş,
bir sıra maraq kəsb edən suallara aydınlıq gətirilmişdir.
AzərTAc
Azərbaycan.-2009.-10 yanvar.-S.3.